Türkiyənin sabiq XİN rəhbəri: “Suriyada vəziyyət düzgün qiymətləndirilmədi”
10 Mart 2016 16:14 Siyasət"Suriya bütün dünya üçün bir sınaqdır. Hesab edirəm ki, Suriyadakı vəziyyət yetərincə qiymətləndirlməyib". Bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin 4-cü Qlobal Bakı Forumunda "Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru" mövzusunda paneldə deyib. O bildirib ki, Şimali Afrikadan, yəni Misir, Tunis və digər ölkələrdə baş verən hadisələrdən sonra Suriya rəhbərinin də hakimiyyətdən gedəcəyi düşünülürdü. Amma vəziyyət düzgün qiymətləndirilmədi. Çünki Əsədin güclü ordusu var idi, digər tərəfdən İran və Rusiyann təsiri nəzərə alınmadı. Sabiq XİN rəhbəri əlavə edib ki, Suriya çox unikal bir ölkədir, burda bütün Şərq dəyərləri mövcud olub, müxtəlif millətlər, dinlərin nümayəndələri birgə yaşayıb. H.Çətin əlavə edib ki, Dağlıq Qarabağ daxil olmaqla heç bir münaqişə həll edilməyib, belə olan halda isə onları dondurulmuş münaqişəyə çevrirlər. "Beynəlxalq güclər arasında vəhdət yoxdu. Orta Asiyada, Suriyada İran və Rusiyanın rolunu necə nəzərə almamaq olar. Bu məsələ əməkdaşlıqla həllini tapa bilərdi", deyən siyasətçi hesab edir ki, Rusiya və İran Əsədi inandıra bilərdi ki, o, lider ola bilməz. H.Çətin Türkiyədə üç milyona yaxın qaçqının olduğunu, onların 200 mininin uşaq olduğunu vurğulayıb: "Qaçqın problemi çox ciddi bir problemdir, bu, bir insan faciəsidir. Bütün dünya bu məsələnin həllinə öz töhfəsini verməlidir".