“Cənub Qaz Dəhlizi” şirkətinin istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanıb

"Şahdəniz 2", "Cənub Qaz Boru Kəməri", Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin maliyyələşdirilməsi məqsədiylə "Cənub Qaz Dəhlizi" Şirkəti tərəfindən buraxılacaq istiqrazların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün hazırlıqlara başlanmışdır. Bu barədə Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanəti verilmiş istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilmişdir. "Lazard Freres SAS" şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi, "Cənub Qaz Dəhlizi" Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyətin 2016-cı il 10-16 mart tarixlərində dünyanın əsas maliyyə mərkəzləri olan London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşləri nəzərdə tutulur. Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31