Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər
İlham Əliyev: "Yalnız işğal dayandırıldığı halda bölgədə bütün dövlətlərin inkişafı ola bilər"
10 Mart 2016 15:06 SiyasətMartın 10-da Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda lV Qlobal Bakı Forumu öz işinə başlayıb. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir. Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Azərbaycan prezidenti İlham Əliyev forumun qonaqlarını salamlayaraq təbrik edib. Bildirib ki, Qlobal Bakı Forumu yaxşı ənənəyə çevrilir və Forumda müzakirə ediləcək məsələlər bizim hamımız, bütün bəşəriyyət üçün çox vacibdir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd edib ki, Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir. Dövlət başçısı deyib ki, bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq: "Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram. Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq". Prezident əlavə edib ki, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. O, bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: "Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq". Prezidentin sözlərinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: "Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir". Dövlət başçısı bəyan edib ki, Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapdığı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq: "Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir". Prezident İlham Əliyev bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir: "Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. 21-ci əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir. Torpaqlarımız işğaldan azad ediləndə Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər. BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir. İşğal olunmuş ərazilərdə məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyası da regiona etdiyi hər iki səfərində bunu təsdiq edib. Bu gün Yaxış Şərqdə də tarixi abidələrin dağıdılmasını müşahidə edirik. Ancaq bundan əvvəl Azərbaycanın tarixi abidələri dağıdılıb, zamanında bunun qarşısı alınmayıb". Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisi 8 milyon nəfər olanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Həmin dövrdə Azərbaycan iqtisadiyyatı tənəzzüldə idi. Biz dövlətimizi qurduq, ölkəni sərmayələr üçün açıq elan etdik. Bu gün siyasi və iqtisadi islahatları davam etdiririk. Azərbaycanda siyasi, iqtisadi, dini azadlıqlar, ifadə azadlığı təmin edilib. Əhalinin 70 faizi internet istifadəçisidir".
***
Qlobal Bakı Forumunda həmçinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların mesajları çatdırılıb. Böyük Britaniyanın baş naziri Devid Kemeron müraciətində bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb. O qeyd edib ki, forum əməkdaşlıq sahəsində gözəl bir platforma yaradır: "Forumun işinə uğurlar arzulayıram". Daha sonra Kanadanın baş naziri Justin Trudonun videomesajı nümayiş etdirilib. O, beynəlxalq əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb: "Ümid edirəm ki, ruhlandırıcı şəkildə irəliyə doğru inkişaf edə biləcəyik". UNESCO baş katibi İrina Bokova videomesajında qeyd edib ki, bəşəriyyətin ümumi dəyərləri inkişaf etdirilməlidir. "Çox şadam ki, bu cür önəmdi Forumda iştirak edirəm. Dost Azərbaycana, Bakıya gəlmək həmişə xoşdur. Azərbaycanda əməkdaşlıq və dostluq üçün geniş imkanlar var". Bu fikirləri isə IV Qlobal Bakı Forumun açılışında çıxış edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib. G. Marqvelaşvili bildirib ki, Gürcüstan müxtəlif işğalçı addımlardan əziyyət çəkib, indi də çəkir: "Rusiya ərzimizin 20 faizini işğal edib, əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır, Əfqanıstanda sülhyaratma missiyasında iştırak edir". Prezident qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə böyük enerji və nəqliyyat layihələri həyata keçirir: "Bu təhlükəsizlik layihələri daha çox dostların qazanılmasına gətirib çıxaracaq. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu daha çox dost əldə etməyə səbəb olacaq. Gürcüstan dünya okeanına çıxışı olmayan 14 ölkəyə bu imkandan bəhrələnmək imkanı yaradır. Biz eyni layihələri Çindən, ABŞ-dan olan dostlarımızla həyata keçirməyə çalışırıq. Bizim mili maraqlarımıza təcavüz etmək olmaz. Düşünürəm ki, bu Forumda yeni imkanların tapılması üçün mühüm fikirlər səslənəcək". Gürcüstan prezidenti onu da qeyd edib ki, Cənubi Qafqaz Şərqlə Avropanın əməkdaşlığı üçün mühüm körpü rolu oynayır.
***
Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa çıxışında deyib ki, Nizami Gəncəvi əsərlərində humanist ideyaları təbliğ edib. Ancaq bu gün telekanallardakı reportajlarda insanlara qarşı zorakılığı, qaçqınlara, qadınlara qarşı seksual zorakılıqları görürük. O bildirib ki, insanlar öz cahilliklərindən təbiətə qarşı vəhşiliyə yol verirlər: "Məsələn, Afrikada, Çində hansısa heyvanları ziyanlı saydıqlarına, yaxud buynuzlarının faydalı olduğuna inandıqları üçün öldürürlər". Vayra Vike-Freiberqanın sözlərinə görə, forumda ideyalar mübadiləsi həyata keçirilir: "Xalqlarımıza fayda verən məsələləri müzakirə edərək qiymətləndirməliyik. Burada hazırda hakimiyyətdə olan şəxslər, eyni zamanda gənc liderlər var. Gənc liderlər təcrübəli şəxslərlə fikir mübadiləsi həyata keçirməlidirlər. Çünki sabahın uğurları sizdən asılıdır. Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik. Bunun üçün müxtəlif nöqteyi-nəzərləri bir araya gətirməliyik. Bunun üçün bir-birimizi həvəsləndirməliyik". Albaniya prezidenti Bujar Nişani isə bildirib ki, forumun mövzuları düzgün və məqamında seçilib: "Çoxqütblü dünya barədə müzakirələrin aparılacağını öyrənəndə "soyuq müharibə" başa çatdıqdan sonra baş verən dəyişiklikləri xatırladım. Yeni dəyişiklik və çağırışlar da böyük əhəmiyyət kəsb edir. 25 il ərzində dünya sürətlə dəyişilib. Azadlıq, kibertexnologiyaların inkişafı, təbii sərvətlərin istismar edilməsinin əlaqələndirilməsi, sərbəst bazar münasibətlərinin yaradılması və digər aspektlər əvvəllər bəşəriyyətə məlum olmayan bir inkişafa səbəb olub. Bir sıra dövlətlər sürətdə inkişaf edərək raqəbətədavamlı dövlətlərə çevriliblər, güclü ölkələr olublar. Amma digər dövlətlər də var ki, vəziyyət fərqlidir". B. Nişani qeyd edib ki, "soyuq müharibə"nin başa çatmasından sonra sərhədlər daha çox virtual xarakter daşımaqdadır: "Dinlə əlaqələndirilməyə çalışılan, ancaq dinlə əlaqəsi olmayan radikalizm meylləri artıb. Bu mənzərə belə təəssürat yaradır ki, optimist olmağa əsas yoxdur. Bu çağırış və təhdidlərin öhdəsindən gəlmək üçün kompleks tədbirlər görmək lazımdır. Müxtəlif regional və beynəlxalq təşkilatlar bu çağırışlara uyğunlaşmalıdır. Dünya dəyişib, çoxqütblü konfiqurasiyaya keçib. Ancaq bu qütblər nə dərəcədə planetin gələcəyi üçün müştərək məsuliyyət daşımağa hazırdırlar? Bu gün dünyanın daha çox dialoq və əməkdaşlığa ehtiyacı var. Ona görə də belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirirəm ". "Biz dünyanın bölüşdürülməsi ilə bağlı faktiki yeni Yalta konfransı ərəfəsindəyik, dünya buna imkan verməməlidir". Bu fikirləri isə Bolqarıstan prezidenti Rosen Plevneliyev səsləndirib. Əlavə edib ki, müharibə etmək asandır, sülh əldə etmək isə çətindir: "Güclü dövlətlər asan şəkildə nizamı poza bilər. Sərhədləri pozmaq yox, rifaha nail olmaq lazımdır. Azad, tolerant cəmiyyətlər yaradılmalıdır. Dünyada millətçiliyin artdığını nəzərə alsaq, Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub. İqtisadi və siyasi əməkdaşlıq zəruriyyətdir. Bu gün sərhədlərimizdə xaos, dondurulmuş münaqişələri görürük. Cinayətkar mütəşəkkil qruplar milyardlar qazanır. Miqrantlar daha yaxşı həyat səviyyəsi axtarışındadırlar. Sərhədləri təhlükəsiz saxlamaq üçün insan haqları müdafiə olunmalıdır. Balkan ölkələrini sabitlik və rifahın, dinlərin və cəmiyyətlərin tolerantlığı üçün ön cəbhəsi sayıram". R. Plevneliyev bildirib ki, diplomatiya, danışıqlar, sərhədlərin bölünməzliyi əsas götürülməlidir: "2016-cı ildə biz daha qeyri-sabit dünya nizamına doğru gedirik. Diplomatiya və prinsiplər əsasında rifah dünyasının yaradılmasına çalışmalıyıq. Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq, əməkdaşlıq əsas götürülməlidir. Nizami Gəncəvi deyib ki, biliklər vasitəsi qapıların açıq qalmasını təmin etmək olacaq. Biz liderlərimizi öz biliklərimizlə dəstəkləməliyik".
lV Qlobal Bakı Forumu çərçivəsində "Dünyanın bu günü və bizim sabah üçün hansı ehtiyaclarımız var?" mövzusunda sessiya keçirilib. Sessiyada çıxış edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, ölkəsi Rusiya kimi böyük qonşusunun işğalı ilə üzləşib. O qeyd edib ki, Gürcüstanın müttəfiqləri regionda olan vəziyyəti ciddi şəkildə təhlil etmirlər: "Bu, bizi narahat edir. Gürcüstan dostlarının sayını artırmağa çalışır. Biz bütün qonşularımıza rasional mesajlar verməyə çalışırıq. Regionda qeyri-sabitlik heç bir ölkəyə, o cümlədən Rusiyaya xeyir gətirməyəcək. Çətin də olsa, prosesin müsbət istiqamətdə gedəcəyinə inanırıq". Monteneqro prezidenti Filip Vujanoviç forumun yüksək səviyyədə təşkili üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: "Nizami Gəncəvinin humanist mesajları bütün zamanlar üçün aktualdır. Əsrlər boyunca dindən sui-istifadə edilib. Bütün dinlər insanları mərhəmətə çağırır. Ona görə də tolerantlığın inkişaf etdirilməsi vacibdir". Makedoniya prezidenti George İvanov deyib ki, bu gün sosial şəbəkələr və digər innovasiyalar inkişaf edir: "Beynəlxalq təşkilatların tək sənədlər qəbul etməsi ilə problemlərin qarşısını almaq olmaz. Cahillik radikallığa yol açır. Biz bir-birimizi daha çox tanımağa çalışmalıyıq. Balkanlar, Orta Şərq və Qafqazda baş verən münaqişələrə baxsaq, bunu Bermud üçbucağı adlandırmaq olar". Makedoniya prezidenti qeyd edib ki, insanların şüurunda sülh yaratmaq lazımdır. "Albaniyada da bir zamanlar diktatura mövcud idi, ölkəni Şimali Koreya ilə müqayisə etmək olardı. Ancaq son 25 ildə Albaniyada böyük dəyişikliklər baş verib". Bunu isə IV Qlobal Bakı Forumunda paneldə çıxışı zamanı Albaniya prezidenti Bujar Nişani söyləyib. B. Nişani bildirib ki, Albaniya hazırda NATO üzvüdür, Balkanlarda nüfuzlu bir ölkədir: "Bu Forum əməkdaşlıq və dostluğu təbliğ edir. Balkan regionu ölkələrinin müştərək layihələrdə iştirakı çox önəmlidir. İnsanlar görə bilərlər ki, qısa müddətdə bir ölkə necə düzgün inkişaf yolu seçə bilər". Albaniya prezidenti qeyd edib ki, NATO üzvü kimi ölkəsi beynəlxalq sülhyaratma missiyalarında iştirak edib: "Biz əlimizdən gələni edirik ki, Avropa İttifaqına inteqrasiya olunaq. Ölkədə islahatlar həyata keçirilir. Albaniyada müxtəlif dini icmalar var. Bu icmalar əsrlərdir ki, birgə yaşayırlar. Bir məqamı qeyd edim. İkinci Dünya Müharibəsi zamanı yəhudilər çox əziyyət çəkiblər. Albaniya yeganə ölkədir ki, İkinci Dünya Müharibəsindən sonra orada yəhudilərin sayı iki dəfə artıb. Çünki əhali, müxtəlif icmalar yəhudilərə qucaq açmışdı". B. Nişani dünyadakı münaqişələrin həlli yollarını birgə axtarmağın zəruri olduğunu vurğulayıb.IV Qlobal forum çərçivəsində "Dünya dövlətləri bu gün: gələcəkdə daha çox gərgin məsələlərlə mübarizə aparmaq üçün nəyə ehtiyac var" adlı panel müzakirəsində çıxışı zamanı İsrailin keçmiş baş naziri Ehud Barak qeyd edib ki, münaqişələrin həlli sevgi macərasının yox, daha çox ağrılı nikahın pozulmasına oxşayır. O, bildirib ki, timsahı yedizdirməklə, onun iştahası azalmayacaq: "Dünyada bəzi pis adamlar düzəlmək istəmirlər. İŞİD, "Boko haram" dəyişməyəcək, güzəştə getməyəcək. Onları məhv etmək lazımdır. Əgər ümumi şəkildə hamı tərəfindən qəbul olunmuş bir hökumət və ya güc olmasa, bu münaqişə həll olunmayacaq. Fələstinlilər heç zaman İsrailin nəzarəti ilə razılaşmayacaq. Prosesə başlamaq üçün siyasi güc olmalıdır". Norveçin keçmiş baş naziri Harlem Brundtland isə çıxışı zamanı bəyan edib ki, get-gedə dünyada daha çox ölkələr öz səslərini qaldıra bilir. O qeyd edib ki, insanlar dünyanın inkişafı ilə bağlı fikirlərini səsləndirə bilirlər: "Bu prosesə Şərq, Qərb, yoxsul, varlı, bir sözlə hər kəs qatılıb. Hamı bilir ki, bu ümumi məsuliyyətdir. Bu gün yaşayan nəsillər reallıqla qarşılaşmalıdır. Başa düşməlidirlər ki, gələcək bizim qarşımıza hansı məsuliyyət qoyur. Hər bir ölkə özünə görə məsuliyyət daşıyır. İndiki dünya birgə tədbir görməlidir. İndiki reallıq bizə imkan verir ki, çoxlarının inanmadığı tədbirləri görə bilək".
Azərbaycanda reallaşan IV Qlobal Forumda iştirak edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Peter Semnebi deyib ki, Bakıda keçirilən Qlobal Forumun çox vacib əhəmiyyəti var. O bildirib ki, tarixi təcrübəsi zəngin olan, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycanda bu forumun keçirilməsi ölkə üçün üstünlükdür: "Forumun miqyası və iştirakçıların sayı müsbət təəssürat yaradır. Bu tip müzakirələr təkcə Azərbaycan deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bu tip forumlar insanları həmişə bir araya gətirməyə kömək edir". P. Semnebi qeyd edib ki, regional münaqişələr narahatlıq doğurur: "Ümid etmək istərdim ki, irəliyə doğru addımlar atılar". İsrailin keçmiş baş naziri Ehud Barak isə jurnalistlərə deyib ki, bu qədər lideri bir araya toplamaq multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır: "Azərbaycan hər il irəliyə doğru daha böyük addımlar atır. Tədbir iştirakçıları ölkənizdəki inkişafı yüksək qiymətləndirirlər. Azərbaycan tam tolerant ölkədir. Həmçinin, biri istisna olmaqla, qonşuları ilə balanslı münasibət saxlayır. Bu, bir daha onu göstərir ki, bütün qonşu ölkələrin sülh və əməkdaşlıq münasibətlərində olması üçün böyük səylər göstərilməlidir". E. Barak Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışıb: "Azərbaycan açıq güclü şəkildə tolerant cəmiyyətdir. Azərbaycan bir tərəfdən açıq ölkədir, digər tərəfdən qonşuları ilə balanslı yaxşı münasibətlər saxlayır. Birindən başqa. Bu ona böyük misaldır ki, regional ölkələr güclü səylər göstərməlidirlər ki, bütün qonşuları ilə sülh və əməkdaşlıq içərisində yaşasınlar. Mən ədalətli və vicdanlı həlli dəstəkləyirəm". Türkiyənin Mərmərə Vəqfinin başqanı, doktor Akkan Süver deyib ki, 2016-cı ilin Azərbaycan tərəfindən multikulturalizm ili elan edilməsi və prezident İlham Əliyevin bu xəttin sənaye, iqtisadiyyat, ticarət qədər önəmli olduğunu bildirməsi Azərbaycanın sahib olduğu yüksək dəyəri ortaya qoyur: "Bu gün Azərbaycan təkcə türk dünyasında, Avropada deyil, qlobal miqyasda qəbul edilən bir dövlətdir. Bunun ən önəmli göstəricisi multikultiralizmə verdiyi dəyərdir. Prezidentin açılış nitqi və indiyə qədər natiqlərin qeyd etdikləri onu göstərir ki, Azərbaycan etibarlı ölkədır". A. Süverin sözlərinə görə, Azərbaycanın yüksək etibarını Bakı forumunda çoxlu prezidentin, dövlət adamlarının, sabiq prezident və hökumət başçılarının, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bir araya gəlməsi sübut edir. Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib ki, Donbas Avropada qeyri-stabilliyin mərkəzidir. Avropanın zamanında və cəsarətli addımlar atması çox vacibdir. V. Yuşşenko bildirib ki, yerli çağırışlara dərhal reaksiya verilməsi problemlərin qlobal xarakter almasının önləyir: "Təəssüf ki, Dağlıq Qarabağ, Gürcüstan, Moldova, təbii ki, həm də Ukrayna məsələsindən lazımınca dərs çıxarılmayıb. Biz anlayırıq ki, bu münaqişələrin hamısınln arxasında Rusiya dayanır. Biz bilirik ki, Avropanın destabilizasiyasında Rusiya faktoru var".
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq."Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcəklər, habelə video-müraciətlər nümayiş etdiriləcək. Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq. Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər. lV Qlobal Bakı Forumunda dünyada iqtisadi, siyasi və humanitar proseslər, qlobal təhlükəsizlik, etnik, dini və siyasi zəmində baş verən münaqişələr, insan hüquqları, gənclər, miqrasiya, multikulturalizm, inteqrasiya və digər mühüm məsələlər müzakirə ediləcək, mövcud problemlərin həlli yolları araşdırılacaq. Qeyd edək ki, "Çoxqütblü dünyaya doğru" mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilmişdir) mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.
Alim