Azərbaycan etibarlı tərəfdaş imici qazanıb

“Cənub” Qaz Dəhlizi ölkəmizin əhəmiyyətini daha da artırır

"Cənub" Qaz Dəhlizi ilə bağlı anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımından deyil, eyni zamanda strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir. Bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzunmüddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımından əhəmiyyətlidir". Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Bu isə, dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artırılması baxımından ciddi maliyyə mənbəsinin yaranması deməkdir. Onun sözlərinə görə, "Şahdəniz" yatağının ikinci fazasının mavi qazının Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcək: " Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması eyni zamanda Hasilatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli çəkildə aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrünün uzun müddətli qaz dövrü ilə əvəzlənməsinə səbəb olacaq". Ekspert əlavə edib ki, Azərbaycan bu anlaşma ilə eyni zamanda müstəqilliyinin daimi təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı: "Sirr deyil ki, "Cənub" Qaz Dəhlizinin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici rol oynayıb. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi. Praktik olaraq, ölkəmiz Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Birliyin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq "Cənub" qaz dəhlizində Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki töhfə verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı eyni zamanda Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər". V.Bayramlının qənaətinə görə, bu qərarla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə vermiş oldu. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq: "Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Abşeron" yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək". Bundan başqa, Azərbaycan üçün TAP eyni zamanda rentabeliyi təmin edilmış layihədir. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir. Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, TAP layihəsi vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb. Bu da Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, birmənalı şəkildə bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də Bosniya və Hersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır". Ekspert bildirir ki, Azərbaycan qazını istədiyi qiymətə bazara çıxara biləcək: "Xatırladım ki, Prezident İlham Əliyev də ölkəmizin mavi yanacaq strategiyasında yalnız Azərbaycanın maraqlarına uyğun olan qiymətlə qazın xarici bazarlara çıxarılmasına üstünlük veriləcəyini bəyan etmişdi. Bu baxımdan, Azərbaycan TAP layihəsinə qoşulmaqla, praktiki olaraq bu hədəfə çata bildi. Ən nəhayət, TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bu, Avropa bazarına ilk daxilolma sayılacaq. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək". V.Bayramov qeyd edir ki, Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas investor olmaqla yanaşı TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək: "Bu isə təbii ki, Azərbaycan Dövlət Neft Şirkəti üçün yeni sərmayə imkanları və eləcə də yeni bazar deməkdır. Təbii ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timasılında Azərbaycan daxil olunan vəsaitlərin həcmini artıracaq. Həhayət, TAP boru xəttinin çəkilməsi onun Azərbaycan daxil olmaqla keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək. Bununla yanaşı, digər iştirakçı ölkələrin də məşğulluq sferası bu layihədən faydalana biləcək. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni iş yerinin açılması gözlənilir. Bütövlükdə, təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə "Abşeron" yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr ola Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırki imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00