Azərbaycanın Avropa və Qərb üçün əhəmiyyəti artır
Ölkəmiz bütün parametrlər üzrə dünyanın diqqətini özünə cəlb edir
1 Mart 2016 14:44 SiyasətBu günlərdə bütün Avropanın diqqti yenə də Bakıya yönəlmişdi. Belə ki, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilirdi. Məlumat üçün qeyd edək ki, Məşvərət Şurasının birinci toplantısı da bir il bundan əvvəl Bakıda keçirilmişdi. İclasda ötən bir il ərzində əldə edilən nailiyyətlər, qarşıda diran vəzifələr müzakirə edilib. Əksər ekspertlər belə qənaətdədirlər ki, ötən bir il ərzində sözügedən layihənin həyata keçirilməsi istiqamətində uğurlu addımlar atılıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bu qənaətdədir. O, bildirib ki, ilk növbədə TANAP layihəsinin təməli qoyulub: " Azərbaycanla Türkiyəni birləşdirəcək boru xəttinin tikintisi qısa müddətdə başa çatacaq. Bu boru xəttinin qısa zamanda tikintisində əvvəl daha çox rəsmi Bakı maraqlı idi. Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra Ankara da Bakı kimi TANAP layihəsini qısa zamanda yekunlaşdırmaq istəyir. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıya son səfərində TANAP-ın tikintisini vaxtından əvvəl yekunlaşdırmağa çalışacaqlarını dedi". Politoloq deyir ki, bir il ərzində "Cənub Qaz Dəhlizi" layihəsini əhatə edən dövlətlər arasında əlaqələndirmə işləri və məsləhətləşmələr genişlənib: "Məsələ burasındadır ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edir və hər 3 dövlət boru xətti çalışmalarını sürətlə davam etdirirlər. TANAP-ın davamı olan Trans-Adriatik (TAP) layihəsi ətrafındakı müzakirələr isə bir qədər ləng edir. Bu da TAP layihəsində iştirak edən dövlətlərinin sayının çox olması və bürokratik əngəllərin varlığı ilə bağlıdır. Məsələn, "TAP ekoloji duruma zərər vura bilərmi" sualı ətrafında bəzi Avropa dövlətlərində müzakirələr uzanır. Bu müzakirələr uzanmasın deyə TAP layihəsində iştirak edən dövlətlərin hökumətlərinin səylərini birləşdirilməsi vacibdir. Bakı toplantısının bir əhəmiyyəti də məhz bu birləşdirici funksiya daşımasıdır. Eyni zamanda bir il ərzində "Cənub Qaz Dəhlizi" layihəsinə Avropa İttifaqının dəstəyi artıb. Beynəlxalq maliyyə təşkilatları boru xəttinin tikintisinə kredit ayırmağı planlaşdırırlar. Müqayisə üçün deyək ki, beynəlxalq maliyyə təşkilatları NABUCCO layihəsinə kredit ayırmaqdan imtina etmişdilər. Çünki, NABUCCO daha böyük həcmdə qaz ixracatını nəzərdə tutduğundan boru xəttinin tikintisinə daha çox maliyyə vəsaiti lazım idi. TAP layihəsi isə NABUCCO qədər böyük hədəfi yoxdur və hələ ki, konkret olaraq yalnız Azərbaycan qazının Avropaya ixracatını nəzərdə tutur. Həmçinin, rəsmi Bakı Kremlin TAP-a qarşı hər hansı təzyiqinin qarşısını alıb. Kreml NABUCCO-nun əleyhinə idi. Çünki bu boru xətti ilə Türkmənistan qazı da ixrac olunmalı, Xəzərin dibi ilə boru xətti tikilməli idi. Rusiya Avropa İttifaqının bu planlarının əleyhinə çıxırdı. NABUCCO-dan fərqli olaraq Moskva TAP layihəsinin əleyhinə çıxış etmir. Çünki söhbət yalnız Azərbaycan qazının Avropaya daşınmasından gedir ki, Kreml bu ixracatın həcminin az olacağını və bunun Rusiya maraqlarına təhlükə yaratmayacağını düşünür.
Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası imkan verdi ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin hazırki durumu da qiymətləndirilsin. Əgər keçənilki toplantıda Avropa İttifaqını ancaq Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç təmsil edirdisə, bu dəfə Bakıya Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də gəlmişdi. Bu Brüsselin Azərbaycanla enerji əməkdaşlığına verdiyi önəmdən irəli gəlir. Digər tərəfdən Azərbaycanın xarici ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan rəsmi Bakı da Brüssellə təmaslarını genişləndirməyə çalışır". Politoloq deyir ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakı üçün vacib açıqlamalar səsləndirib: "Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəklədiyini deyən Mogerini "status-kvo"nun qəbuledilməz adlandırdı: "Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. Avropa İttifaqı sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq ki, hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. Avropa İttifaqı sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik".
Mogerini bir tərəfdən "Dağlıq Qarabağın müstəqilliyini tanımırıq" deməklə rəsmi Bakıya dəstək vermiş olur, digər tərəfdən "münaqişənin hərbi yolla həllinin əleyhinəyik" deməklə Azərbaycan hakimiyyətinə torpaqları güc yoluyla alınması fikrindən daşındırmaq istəyir". Elxan Şahinoğlu bildirib ki, 2015-ci ilin fevral atyında olduğu kimi builki Məşvərət Şurasında da ABŞ-ı Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi: " İlham Əliyev Dövlət Departamentinin nümayəndəsi ilə ayrıca da görüşdü. TAP layihəsinin reallaşması Avropa İttifaqı qədər ABŞ-ın da maraqlarına cavab verir. Vaşinqton Avropanın Rusiyanın enerji asılılığından azaldılmasını istəyir. Bunun yollarından biri də Azərbaycan qazının Avropaya çatdırılmasıdır. Vaşinqton ikinci mərhələdə Türkmənistan qazının da Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılmasına çalışacaq. Ancaq bu gələcətyin işidir. Hələliksə amerikalı diplomatlar Azərbaycan qazının Avropaya çatdırılması üçün Avropa paytaxtlarında lobbi fəaliyyətlərini genişləndiriblər. Elə məhz bu faktorun özü Azərbaycanla ABŞ arasındakı münasibətlərin genişləndirilməsini, dialoqu zəruri edir. İlham Əliyevin martın sonlarında Vaşinqtona keçiriləcək nüvə təhlükəsizliyi konfransına dəvət edilməsi də ABŞ-ın Cənubi Qafqazda Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir".
Kamal