Azərbaycan beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir
Sevinc Fətəliyeva: “Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin prioriteti ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da yüksəlməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir”
1 Mart 2016 13:42 SiyasətÖtən ilin son aylarında dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində Azərbaycanın maliyyə və bank sektorunda müəyyən problemlər yaşansa da, hökumətin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan qısa vaxt ərzində vəziyyəti yoluna qoya bildi. Əksər ölkələrdən fərqli olaraq Azərbaycan yaranmış təhlükəli situasiyanı ciddi zərər görmədən aradan qaldırdı. Heç şübhəsiz ki, bunu da şərtləndirən amil dövlətin həyata keçirdiyi uğurlu iqtisadi siyasət idi. Baxmayaraq ki, neft qiymətlərindən ciddi zərər görən ölkələr də antiböhran tədbirləri həyata keçirdi, etiraf etmək lazımdır ki, həmin tədbirlər heç də Azərbaycanda olduğu qədər səmərəli və effektli alınmadı.
Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyir ki, bunun başlıca səbəblərindən biri Azərbaycanın özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından məharətlə istifadə etməsidir. Millət vəkili bildirib ki, hazırda ölkəmiz beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir: "Etiraf etmək lazımdır ki, dünya ölkələrini bürümüş qlobal maliyyə iqtisadi böhran, enerji daşıyıcılarının kəskin ucuzlaşması heç bir ölkədən yan keçməyib. Baş verən həmin proseslərin nəticəsində yaranmış problemlərin getdikcə dərinləşməsi 2015-ci ildə özünü daha qabarıq şəkildə göstərdi. Müxtəlif regionlarda iqtisadi böhranla yanaşı siyası və hərbi böhranın da müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirdi. Ancaq digər regionlardan fərqli olaraq Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial iqtisadi siyasət ölkəmizi mənfi tendensiyalardan uzaqlaşdırdı. Çünki bu siyasət ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanıb. Bu siyasətin prioritetini isə sosial istiqamət təşkil edir. Dünyada baş verən maliyyə böhranı, həmçinin iqtisadi tənəzzülün Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün zəruri önləyici addımların atılması özünü əmək haqqlarının, pensiyaların, təqaüdlərin artırılmasında göstərdi". Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin prioriteti ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da yüksəlməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir: "Biz qlobal maliyyə-iqtisadi böhranın dərinləşdiyi məqamlarda da bunun şahidi olduq. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında, bundan bir qədər sonra isə iqtisadi və sosial məsələlərə həsr olunmuş müşavirədə mövcud vəziyyətdən çıxış yolları müzakirə olunmuş və bu istiqamətdə ciddi addımların atılacağı bildirilmişdi. Əsas məqsəd isə Azərbaycan vətəndaşının sosial rifah halını yüksəltmək, işsizlik, yoxsulluğu aradan qaldırmaq olmuşdu". Sevinc Fətəliyeva bildirib ki, son illər ərzində regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq lazımdır. Onun sözlərinə görə, regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: "Həmçinin respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməklə ölkədə böyük uğurlar əldə edilib. Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Bu gün Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, dövlət müstəqilliyi və xalqın təhlükəsizliyinin möhkəmlənməsi, müasir dövlət, müasir milli iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəiib. Hazırda bu istiqamətdə ölkədə kifayət qədər uğurlu addımlar atılır. Onu da qeyd etmək lazımdır ki, atılan bu və ya digər müsbətyönlü addımların nəticələri də artıq özünü göstərməkdədir".
Süleyman İsmayılbəyli