Azərbaycan Avropa ilə strateji əməkdaşlıq və tərəfdaşlıq fazasına daxil olur
29 Fevral 2016 16:21 Siyasət"Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan üçün ən vacib tərəfi ondan ibarətdir ki, bunun sayəsində rəsmi Bakı Avropa ilə strateji əməkdaşlıq və tərəfdaşlıq fazasına daxil olur. Həmçinin biznes imkanları genişlənir, ölkəyə maddi vəsait gəlir". Bu fikirləri "OLAYLAR"-a siyasi ekspert Arzu Nağıyev "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətindən danışarkən səsləndirib. Bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi, xüsusilə Azərbaycanın köməyi ilə Avropa özünü enerji təhlükəsizliyini həll etməklə, Rusiyanın siyasi təsir vasitələrindən birindən azad olacaq: "Məlumdur ki, Avropa uzun müddət enerji ehtiyacını Rusiya vasitəsilə ödəyirdi və oradan idxal olunan qazı istifadə edirdi. Ancaq bu proses o qədər asan baş vermirdi. Müxtəlif maneələr, siyasi ambisiyalardan doğan faktlar nəticəsində bir sıra gərginliklər yaranırdı. İqtisadi çətinliklər məhz siyasi rıcaqlar vasitəsilə Rusiya tərəfindən Avropa üçün müxtəlif təsirlərə çevirilirdi. Bunun pik həddi isə 2009-cu ildə Rusiyanın "Qazprom" şirkəti ilə tranzit ölkə olan Ukrayna arasında qiymətlərlə bağlı mübahisədən sonra yarandı. Belə olanda Avropa artıq alternativ marşrutlar aramağa başladı. Marşrutlar müxtəlif cür seçilsə də, əsas yol "Cənub Qaz Dəhlizi" kimi nəzərdə tutuldu". Arzu Nağıyev bildirib ki, bu dəhliz "Şahdəniz"də hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur və layihədə əsasən Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstan iştirak edir: "Eyni zamanda bu dəhlizə Türkmənistan və Qazaxıstan, habelə İran, İraq və Fars körfəzi ölkələrinin digər potensial istehsalçılar da daxil ola bilər".