Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Tarixən Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə bir əsrdə 4 dəfə azərbaycanlıların öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu, 700 min nəfərədək azərbaycanlı öz doğma yurdunda məcburi köçkünə çevrildi. Beləliklə, hazırda Azərbaycanda 1 milyon 200 min nəfərə yaxın qaçqın və məcburi köçkün statusu almaq niyyətində olan şəxs vardır. Artıq 27 ildən çoxdur ki ermənilər tarixi Azərbaycan ərazilərini işğal altında saxlayır. Heç bir hüquqi əsası olmadan Azərbaycan torpaqlarına iddialı olan işğalçı dövlət hələ də bu niyyətindən əl çəkmir. Tarixən tərəkəmə millət kimi başqa ölkələrin ərazisində məskunlaşan ermənilər tayfa halında məskunlaşdıqları ərazilərdə daim torpaq iddiasında olub. Məhz bunun nəticəsidir ki, ermənilər bu vaxta qədər bir neçə ölkənmin ərazisindən elə torpaq iddiasına görə qovulub. Sonda isə bu tayfa Çar Rusiyasının köməkliyi ilə Azərbaycan ərazilərinə köçürülüb. Azərbaycan torpağında məskunlaşan ermənilər zaman keçdikcə hiyləgərliklə Azərbaycan ərazisini dolayısı yollarla ələ keçirməyə başlayıb. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunu işğal edib.

Azərbaycan həqiqətləri beynəlxalq qurumlarda

Dağlıq Qarabağ probleminin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün beynəlxalq aləmdə aparılan təbliğat işi böyük önəm kəsb edir. Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağı öz tərkibinə birləşdirmək istəyən ermənilərin dünyada apardıqları təbliğat əleyhimizə yönələrək saxta faktlar əsasında guya Qarabağın erməni torpağı olmasını iddia edir. Təəssüflər olsun ki, ermənilər yalan üzərində qurulan iddiaları dünyada geniş yayılmaqdadır. Lakin müstəqillik əldə etdikdən sonra Azərbaycanın təbliğat sahəsində gördüyü işlər bu istiqamətdə mühüm irəliləyişlərin olduğunu təsdiqləyir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif dövlət başçıları ilə keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq şəkildə Dağlıq Qarabağ probleminə toxunaraq onu ölkəmizin bir nömrəli problemi adlandırırdı. Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edildi. Prezident İlham Əliyev də uzun illərdir ki, beynəlxalq hüquq normalarından çıxış edərək Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırır. Buna rəğmən dövlətin müxtəlif strukturları da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirir. Bu sahədə görülən işlərin miqyası günü-gündən artır və müsbət nəticələr ortaya çıxır. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir və atılan addımlar öz səmərəli töhfələrini verir. Ölkə başçısı xarici dövlətlərə səfərləri zamanı keçirdiyi görüşlərdə, nüfuzlu beynəlxalq qurumların tribunalarından etdiyi çıxışlarında , eləcə də Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ probleminin yaranma səbəbləri və onun aradan qaldırılması yollarını dəfələrlə şərh edib. 2016-cı il fevralın 13-də Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi: İstiləşmə hələ də davam edirmi?" mövzusunda keçirilən panel-müzakirədə qeyd edib ki, Azərbaycan tərəfi Ermənistanı işğala görə günahlandırır: "Bunu təkcə biz etmirik. Bunu ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Biz Ermənistan xalqını yox, Ermənistan hökumətini yalnız azərbaycanlı olduqlarına görə günahsız insanların erməni vandalları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımına görə günahlandırırıq və bu soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınır. Biz Ermənistanı öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünlərimizin iztirabına görə günahlandırırıq. Onların 40 mini Dağlıq Qarabağdandır, 750 mini Azərbaycanın digər işğal olunmuş rayonlarındandır, 200 mini isə Ermənistandan qovulmuşdur və etnik təmizləməyə məruz qalmışdır. Regionda sülhə nail olmaq üçün birinci şərt Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir". Dövlət başçısı əlavə edib ki, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması üçün torpaqların işğaldan azad edilməsi prosesinə başlanılmalıdır: "Etimadın artırılması üçün ən yaxşı yol torpaqların işğaldan azad olunmasına başlamaqdır. Çünki təkcə tarixən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ yox, 7 ətraf rayon da tamamilə məhv edilib. Ermənistan status-kvonun dəyişilməz olaraq qalmasını istəyir. Biz isə status-kvonu dəyişmək istəyirik. Beləliklə, birinci addım torpaqların işğaldan azad edilməsidir, sonra isə biz əməkdaşlığa başlayacağıq".

Ermənilərin etnik təmizləmə siyasəti ifşa olunur

Qeyd edək ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara dəstək olan Heydər Əliyev Fondu bu işdə böyük nailiyyətlərə imza atıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış "Azərbaycan" internet portalıında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Heydər Əliyev Fondu bununla yanaşı hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarının fotoşəkillərini sərgiləyir, mətbuatda soyqırım haqqında yazılar dərc etdirir. Xocalı soyqırımına həsr olunmuş mərasimlər 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayevo və başqa şəhərlərdə həyata keçirilir. Son vaxtlar Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, Moskva və Los-Ancelesdə də bu istiqamətdə tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası bütün xocalılıların səsini dünya ictimaiyyətinə çatdırır. Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş "Xocalıya ədalət!" kampaniyası 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb.
   Qeyd edək ki, müstəqilliyimizin ilk illərində Azərbaycan güclü erməni diasporunun informasiya blokadasından əziyyət çəkirdi. Zaman keçdikcə isə bu sahədə aparılan dövlət siyasəti də öz bəhrəsini verdi. Ötən müddət ərzində dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edəcək xeyli işlər görülüb. Bu gün dövlətimiz və diasporalarımızın birgə işi sayəsində Azərbaycan gerçəklərinin dünyada tanıdılması istiqamətində uğurlu tədbirlər keçirilməkdədir. Azərbaycan diasporu Daqlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində cəsarətli addımlar atmaqdadır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlər çərçivəsində qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri layihələr də diqqət çəkən məqamlardandır. Belə ki, Azərbaycan dövlətinin QHT-lərə dəstək verəcəyi prioritet istiqamətləri önündə Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması durur. Bu günə qədər dövlət tərəfindən Qarabağ müharibəsinə həsr olunmuş yüzlərlə layihələr maliyyələşdirilib. Bu layihələr çərçivəsində bir sıra xarici ölkələrdə təşkil olunan tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin başına gətirilən faciələr müxtəlif formalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Erməni vəhşilərinin törətdiyi dəhşətli faciələri əks etdirən fotolar, kitablar, broşürlər, bukletlər, filmlər tədbirlərdə nümayiş etdirilərək, bu haqda nümayəndələrimiz tərəfindən ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılır. Həmçinin, bir çox beynəlxalq tədbirdə QHT nümayəndələrinin iştirakı təmin olunub.
Azərbaycanın ədalətli mövqeyi müdafiə olunur
Azərbaycan beynəlxalq təşkilatlarda öz mövqeyini müdafiə etmək üçün də aktiv fəaliyyət göstərir. Məhz görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan qətnamə qəbul edərək Xocalı soyqırımını tanıyıb. Öz növbəsində, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı hər il artmaqdadır. Artıq ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb. Bu günlərdə Avropa Şurası Parlament Assambleyası "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı sənəd qəbul edilib. Əfsuslar ki, bu sənədlər hələ də münaqişənin həllində lazımi təsirini göstərə bilməyib.
  Etiraf edilməlidir ki, Azərbaycanın syasi və iqtisadi qüdrəti gündən-günə artır, işğalçı Ermənistan isə getdikcə zəifləyir. Ancaq yaddan çıxarmaq olmaz ki, qarşılarına "Böyük Ermənistan" yaratmaq məqsədi qoymuş erməni diasporu hələ də güclüdür. Odur ki, Ermənistanın ölkəmizə qarşı apardığı ideoloji müharibənin qarşısında Azərbaycanı dünyaya tanıtmaq istiqamətində hər kəs öz imkanlarından istifadə etməlidir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addıma, Azərbaycanın ədalətli mövqeyinin dünyada tanınmasına dəstək versin və ərazilərimizin işğaldan azad edilməsi uğrunda mübarizədə öz köməyini göstərsin.


Alim Hüseynli

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanmışdır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00