ADR Hərəkatı hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara dəstək verməyə hazırdır

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınının 2 həftə bundan əvvəl təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"nə baxılması barədə müraciətə cavab məktubu göndərib. Məktubda deyilir ki, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı" İctimai Birliyi tərəfindən hazırlanmış "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi" adlı sənəd layihəsinə baxılıb: "Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqdır. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk". "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən ADR Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, bir müddət Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtsiadiyyatında, sosial sferada baş verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: "Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"nı hazırladıq və kömək məqəsdi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik". Qubad İbadoğlu prezidentin iqtisadi islahatalara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildiririb: "Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid
edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək. Bir daha bəyan etmək istəyirəm ki, ADR Hərəkatı öz mütəxəssisləri ilə birlikdə Azərbaycan cəmiyyətinin maraqları nəzərə alınmaqla hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara, konkret olaraq "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"nın tətbiqinə bundan sonra da dəstək verməyə hazırdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00