Qadın alverinin qarşısı niyə alınmır? - AKTUAL PROBLEM
Vəziyyət acınacaqlıdır
31 Mart 2014 17:15 ProblemAzərbaycanda insan alverinə qarşı gündəlik tədbirlər keçirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi məşğul olur və demək olar ki, hər gün insan alveri ilə bağlı faktlar aşkarlayır. İnsan alverinin ən çirkin hissəsindən biri də qadın alveridir. Bu çirkin biznes Azərbaycanda, ümumiyyətlə, bütün dünyada geniş yayılıb. Ölkələrdə insan alverçisi kimi fəaliyyət göstərən şəxslər çirkin niyyətlərini həyata keçirib gəlir əldə etmək üçün qadınları aldadaraq xarici ölkələrə aparır, onları cinsi istismara məruz qoyur, imkanlı xaricilərə satır və bu yolla pul qazanırlar. Pul qazanmağın "asan yolunu" seçən bu peşə sahibləri heç bir maneə olmadan öz işlərini davam etdirirlər. Azərbaycanda dəhşətli dərəcədə yayılmış qadın alveri vəziyyəti acınacaqlı vəziyyətə gətirib çıxarıb. Tanınmış hüquq müdafiəçisi, vəkil Namizəd Səfərov da insan alverinin kökünün kəsilməməsinin səbəblərini açıqlayır. Onun sözlərinə görə, insan alverı cinayəti Azərbaycan Respublikasının qanunvericiliyınə 2005-ci ildə daxil edilib: "Başqa sözlə, cəmiyyətdə yeni hadisədir. Yeni ictimai münasibətlərin formalaşması, xarici ölkələrə gediş-gəlişin sadələşdirilməsi, iqtisadi və sosial problemlərin yeni təzahürlərinin meydana çıxması bu cinayəti törədən səbəblər kimi göstərilə bilər. İnsan alveri cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsində nəzərdə tutulur. Səxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri kimi müəyyənləşdirilir. Həmin qanun normasının 144-1.2 hissəsi ilə insan alverinin ağırlaşdırıcı halları müəyyən edilir. Bu hallar çoxdur və hər birini sadalamağa ehtiyac yoxdur".
Namizəd Səfərov deyir ki, hal-hazırda cinayət qanunvericiliyində cinayət kimi müəyyən edilən bir formada bu əməl qanunvericiliyə əslində beynəlxalq təşkilatların tələbi ilə daxil edilmişdir: "Və hesab edirəm ki, bu düzgün deyil. Qanunvericiliyə əlavələr ictimai münasibətlərin nizama salınması zəruriliyindən doğmalıdır. Əslində bizim ölkədə belə bir cinayət yoxdur. Mənim fikrimcə, bu, cinayət qondarma cinayətdir.
Qadınm alverilə biznes quranlar
İnsan alveri cinayəti Azərbaycan Respublikası CM-nin 144-1 ci maddəsi ilə belə xarakterizə olunur: "...Şəxsin alqı-satqısı və ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, insan alveri kimi qiymətləndirilir". Göründüyü kimi söhbət şəxsin alqı-satqısı və sahibiyi ilə əlaqədar bağlanmış konkret əqddən gedir. Zərərçəkən qismində isə burada əsasən cinsi istismara məruz qalan qadınlar tanınırlar. Bizdə isə bu cinayətin gurultulu adından istifadə edən bəziləri bu əməlin araşdırılmasını və istintaqını özləri üçün gəlir mənbəyinə cevirmişlər. Ümumiyyətlə hal-hazırda cəmiyyəti çalxalamış bu ictimai hadisə geniş müzakirə olunmalı və bu özbaşınalığın qarşısı alınmalıdır. Əslində bu cinayət kimi xarakterizə olunan hadisənin bəlanın çiçəklənməsində hər şeydən əvvəl bu hadi səni gəlir mənbəyinə çevirənlər maraqlıdırlar. Yəni, yuxarıda dediyim kimi, bu cinayəti biznes sahəsinə çevirənlər var. Elə dediyiniz kafe, bar və restoranların da əksəriyyəti də onlara məxsusdur".
Namizəd Səfərov iddia edir ki, Azərbaycanda qanunla müəyyən edilmiş formada qadın alveri mövcud deyil. Bu sadəcə qadınların cinsi istismarıdır: "Yəni, faktiki baş verənlər, əslində qadınların fahişəliyə cəlb olunmasıdı".
Cəzalar sərt olsa da, qadın alverinin sayı artır
Hüquq müdafiəçisinin dediyinə görə, bu cinayətin ictimai təhlükəliliyi onunla bağlıdır ki, bu cinayət daxili qanunvericiliklə yanaşı, beynəlxalq hüquq normalarına da qəsd edir: "Bu cinayətin törədilməsi bizim milli qanunvericiliklə qədağan olunan qul əməyinin, insan alverinin yayilmasına , insanın digər mühüm azadlıqlarının pozulmasına, insanın alqı-satqı obyektinə çevrilməsinə səbəb olur. Son zamanlar bu cinayət hadisəsinin artıb çoxaldığı göz qabağındadır. Bu çinayətə görə qanunvericiliklə əslində ağır cəza tədbirləri müəyyən olunsa da, azalma tendensiyası müşahidə olunmur. Baxmayaraq ki, ağırlaşdırıcı hallarda bu cinayətin törədilməsinə görə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasə müəyyən olunub". Namizəd Səfərov bildirir ki, statistikaya görə bu cinayətin qurbanlarının böyük əksəriyyətinin qadınların olduğu nəzəri cəlb etdiyi kimi, cinayəti törədən subyektlərin də əksəriyyətinin qadınlar olduğu məlum olur. Yəni, bu işdə qadınlar daha "fəaldır". Azərbycanda qadınların bu çirkin işə cəlb edilməsi bu çirkin biznesin daha da inkişaf etməsilə nəticələnir: "İlk baxışda dövlət tərəfindən bu cinayətin qarşısının alınması, dinamikasının azaldılması istiqamətində addımlar atilir. Təkcə onu deyd etmək kifayətdir ki, Daxili İşlər Nazirliyi sistemində bu cinayətlə bilavasitə mübarizə aparan struktur da yaradılıb. Lakin bu mübarizənin əldə etdiyi nailiyyətlər öyünməyə əsas vermir. Belə ki, cinayət faktları daim atrmaqdadır".
Maddi çətinlik qadınları fahişəliyə sövq edir?
Namizəd Səfərov insan alverinin baş verməsinin, yaranmasının da səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bu cinayətlərin törənməsinin başlıca səbəblərindən biri, cəmiyyətdəki iqtisadi vəziyyətin tam normal olmaması, iş yerlərinin o qədər də çox olmaması və maddi çətinliklərdir: "Heç şübhə yoxdur ki, əksər hallarda qadınlar heç də öz iradələri ziddinə deyil, qəribə də olsa könüllü surətdə bu cinayətin qurbanlarına çevrilirlər. Həyat və məişət qayğıları, maddi çətinliklər, ailəsini dolandırmaq üçün maddi imkanın olmaması qadınlara bu cinayətin qurbanlarına başqa sözlə, bəzi dələduz və işbazların əlində asan alətə çevirir.
Hesab edirəm ki, bu cinayətin qarşısinin alınması, onu törədən səbəblərin aradan qaldırılması cəmiyyətin başlıca vəzifələrindən olmalıdır. Dövlət səviyyəsində proqramlar qəbul olunmalı, gənc qadınlar üçün ardıcıl iş yerləri, gəlir mənbələri yaradılmalıdır. İnsanı könüllü sürətdə alətə çevrilmək məcburiyyətindən yalnız iqtisadi müstəqilliyi xilas edə bilər".
Qadın alverinin yayılmasına kimlər şərait yaradır?
Hüquq müdafiəçisi Azərbaycanda insan alverinə qarşı hüquq-mühafizə orqanlarının mübarizə aparması faktına da münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanın özündə, yəni ölkə daxilində qadınları fahişəliyə, cinsi istismara cəlb etmə, təşkil etmə, bir biznes sahəsinə çevirmə, bundan qazanc əldə etmə faktları kifayət qədərdir. Bu, biznes sahəsinə çevrilməklə kimlər tərəfindənsə himayə edildiyi də şübhəsizdir. Lakin belə faktlar və bu cinayətlər təəssüf ki, insan alveri kimi qiymətləndirilmir və söhbət gedən cinayətin təsiri altına düşmür: "Bu cinayətin tərkibinin yaranması üçün xarici əlaqə və faktor zəruridir. Başqa sözlə insan alveri cinayətinin qurbanı bir qayda olaraq xaricə aparılan şəxs hesab olunur".
Samir