Mingəçevirdə yüzlərlə ailə türmə həyatı yaşayır - PROBLEM

Təbriz küçəsi 5 metrlik hasarla mühasirəyə alınıb, postlar qurulub

Azərbaycanın ən səliqəli və ən gözəgəlimli şəhərlərindən biri, bəlkə də birincisi olan Mingəçevir qədimdən öz sakit ab-havası ilə tanınıb. Amma, son vaxtlar bu şəhər də kimlərinsə hədəfinə çevrilib. Redaksiyamıza müraciət edən şəhər sakinləri Mingəçevirdə son vaxtlar bir bəla ilə rastlaşdıqlarını deyir. Sakinlərin şikayətində göstərilib ki, şəhərin ən böyük küçələrindən olan Təbriz küçəsinin sakinləri mühasirəyə alınıb. Bu küçənin bir hissəsində vəziyyət o həddə çatıb ki, hətta sakinlər də "qəfəs"də saxlanılır. Bəli, bu həqiqətən də belədir. Şəhərin Təbriz küçəsində zəbt olunmayan yalnız avtomobil yolu qalıb ki, bu da Mingəçevir-Gəncə yoludur. Yolun kənarlarından əhalinin yaşadığı ərazi təxminən 1000 hektara yaxın zəbt olunub.  Məsələ ilə bağlı hadisə yerində olarkən bunun şahidi olduq. Təbriz küçəsinin kənarından başlanan hasarlanma Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasının (DRES) bəndinə qədər davam edir. Hasar 5 metr hündürlüyündədir. Bu hündür qala divarlarını xatırladan hasar Kür çayının sağ sahilini tam olaraq əhatələyib. Sakinlər isə həmin hasarın içərisində qalıb. Həmin ərazidə hasarlanma hazırki vaxta qədər davam edir. Sakinlərin dediyinə görə, ərazidə hasarlanma əməliyyatı təxminən bir ay əvvəl başlanıb və bu günə qədər də davam edir. Hasarın tikintisində şəhər sakinlərindən bir nəfər də olsa çalışmır. Səbəb isə ərazinin nə məqsədlə zəbt olunmasının şəhər əhalisindən gizli saxlanılmasıdır. Yəni, Mingəçevir sakinləri, ərazidə blokadaya alınan ailələrin bu hasarın nəyə görə çəkildiyini bilməsi yasaqdır. Bu barədə heç kimə məlumat verilmir, əraziyə məsələ ilə maraqlanmağa gələn sakinlər hədələnərək geri qaytarılır.

Təbriz küçəsinin sakinlərinə küçəyə çıxmaq qadağası

Hündür hasar Kür çayının sağ sahilində uzun müddətdir ki yaşayan yüzlərlə ailəni Kür çayına həsrət qoyub. Ailələrin Kür çayının sağ sahilinə çıxışı tam olaraq bağlanıb. Və bu yoldan istifadə onlara konkret qadağan edilib. Təxminən 2-3 kilometr uzunluğu olan hasarda cəmi iki yerdə 1 metr hündürlüyü və 50 santimetr enində kiçik giriş-çıxış qoyulub ki, burdan da sakinlər heç cür istifadə edə bilmir. Bu da sakinləri həmin əraziyə çıxmaq fikrindən daşındırmaq üçün atılan addımdır. Yəni həmin ərazidən yalnız bir nəfər ikiqat əyiləndən sonra hasarın o biri tərəfinə keçə bilər. Bu keçidlərdən istifadə edən sakinlər də bir neçə dəfə həmin keçiddən əziyyətlə keçəndən sonra məcburiyyət qarşısında yollarını dəyişməli olurlar və şəhərlə əlaqəni kəsməmək üçün alternativ palçıq yoldan istifadə etməyə üstünlük verirlər. Bu da həmin ərazini hasarlayan naməlum şəxsin ən böyük arzusuna çatması deməkdir. Yəni, əhalini Kür çayından təcrid etmək.

Sakinlər hədə-qorxu ilə susdurulub

Sakinlər deyirlər ki, ərazi qəfil hasarlanmağa başlananda burada məskunlaşan ailələr etiraz ediblər. Amma, etirazın heç bir nəticəsi olmayıb. Sakinlər əraziyə gələn şəxslər tərəfindən susdurulub: "Birinci bizə dedilər ki, ərazi abadlaşdırılır. Amma sonradan məlum oldu ki, abadlaşdırmaq yox, hasarlanır. Əvvəl deyirdilər ki, yol kənarını abadlaşdırmaq üçün yarımçıq hasar çəkirik. Amma, bir də xəbər tutduq ki, bura başdan-başa 5 metrlik hasarlanır. Bizə hədə-qorxu  gəldilər ki, heç kim etiraz etməsin, bəs kim şikayət etsə həbs olunacaq. Kimdən soruşuruq ki, niyə bizi hasara alırsınız, heç kim dillənmir. Amma, işçilər öz işlərindədirlər. Soldan Mingəçevir DRES-ə qədər 2 kilometrdən artıq məsafədir. Həmin ərazini başdan-başa hasara alıb bizi Kür çayına həsrət qoydular. Heç olmasa səhərlər Kürün təmiz havasını alırdıq. O havaya da möhtac etdilər. Bilmirik kimə şikayət edək".

Ailələr ev dustağına çevrilib

Sakinlər deyirlər ki, nəinki böyüklər, artıq ailələrdəki azyaşlılar da ev dustağına çevrilib. Uşaqları nə küçəyə buraxa bilirlər, nə də təhlükəsiz yaşaya: "Uşaqlarımız da özümüz kimi ev dustağı olub. Heç kim uşağı nəzarətsiz buraxa bilmir. Evin yanı ilə, hətta həyətlərdən ağır tonlu yük maşınları, daş, çınqıl, qum daşıyır. Elə vaxt olur ki, gətirib daşı qapımızın ağzına tökürlər, küçəyə çıxışımızı da bağlayırlar. Elə ailələr var ki, onların həyətlərinin yeganə çıxışı həmin bu əraziyədir. Hazırda onlarla ailə evinə getməyə yol tapmır. Bu nə biabırçılıqdı, bilmirik. Məqsədləri bizi çürütməkdisə, desinlər, biz də bilək. Belə özbaşınalıq olmaz axı. Allahın yolundan da təcrid olmuşuq. Biz indi Mingəçevirə getmək üçün palçıq küçələrlə hərəkət etməliyik, nə varkı hansısa məmur hasar çəkib, yer zəbt edəcək. Buna nə deyərlər? Axı biz də azərbaycanlıyıq, Azərbaycan vətəndaşlarıyıq. Biz düşmən deyilik ki, qarşımıza sədd çəkirlər, hasarlayırlar. Mühasirədə olanlar bizim çəkdiklərimizi bəlkə də çəkməyiblər. Belə yaşamaq olmaz axı. Mərkəzdə yaşamırıq ki, desinlər ki, mərkəz kasıblar üçün deyil, şəhərin kənarında min bir zülmlə ev tikib ailəmizi saxlayırıq, ona da imkan vermirlər". 

Cəzaçəkmə müəssisəsində hasar 3 metr, Mingəçevirdə 5 metr

Sakinlər yaşadıqları əraziyə qəribə ad da veriblər-cəza zonası. Bəli, deyirlər ki, onlar artıq cəzaçəkmə müəssisəsinin şəraitində yaşayırlar: "Cəzaçəkmə müəssisəsinin ərazisi də belə olmur. Bakıda və digər bölgələrdə cəzaçəkmə müəssisələrinin hasarları 3 metrdən artıq deyil. Amma, bunlar bizi 5 metrdən hündür hasarın içərisində saxlayırlar. Bu hasarın bir tikanlı məftili çatmır, o da olsa, əsl həbsxanaya oxşayar. Belə yaşayış olmaz. Kimə deyirik, hansı aidiyyəti qurumlara müraciət edirik, deyirlər, "bizlik deyil". "xəbərimiz yoxdu",  "biz tikmirik" və sair. Hamı standart cavab verir. Bir nəfər demir ki, bəli xəbərim var, filan məqsədə görə hasarlanır. Qalmışıq iki yol arasında. Bir çarəmiz var, burdan köçmək. Ona da ki imkanımız yoxdur. Köçək hara gedək, dərdimizi kimə deyək, bilmirik. Onsuz da Kür çayının sahili başdan-başa zəbt olunub. Heç olmasa yaşadığımız yerə dəyməyəydilər. Mingəçevir DRES-dən Mingəçevir Elektrik Şəbəkəsinə qədər ərazini birdən-birə hasarlamaq nəyə lazım idi? Burda bir məqsəd var, bizi mühasirəyə almaq, zülm vermək. Başqa bir adı yoxdur. Əgər hansısa bir dövlət əhəmiyyətli obyekt  tikilsəydi, biz də razı olardıq, bizi köçürərdilər, dövlət ehtiyacı üçün nə istəyirlər tikərdilər. Onda biz də azadlığa çıxardıq. Daha bu cür həbsxana şəraiti yaşatmazdılar".

10 gündür tikinti dayandırılıb, amma hasarlar sökülmür

Sakinlər deyirlər ki, bir müddət əvvəl məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər olunub. Müraciətdən sonra tikinti işləri dayandırılsa da, hasarlar olduğu kimi qalıb: "Təxminən 10 gün əvvəl bir neçə naməlum şəxs əraziyə gəlib tikinti aparanlara işi dayandırmaq tapşırığı verdi. Bundan sonra tikinti dayandı, Amma, heç bir faydası yoxdur. Tikinti aparılıb, sadəcə suvaq saxlanılıb. Hasar yerindədir. Bir də hasar Mingəçevir DRES-in bəndinə qədər olmalı idi, iki yüz metr qalmış saxladılar. 10 gün var ki, işləmirlər. Amma, hər gün işçilər gəlir, ərazidə qurulan mühafizə postlarında axşama qədər gözləyib gedirlər. Məqsəd nədir, bilinmir. Tikintini davam etdirməyə cavab gözləyirlərmi, yoxsa hasarları sökmək, bunu bilə bilmirik. Amma, bir iş var ki, əgər sökülməli olsaydı, indiyə qədər sökərdilər. Yəqin ki, tikintini davam etdirmək istəyirlər. Çünki tikinti dayanandan sonra işçilər heç biri sakinlərlə salamlaşmır da. Yəqin ki, onlara da bu barədə göstəriş verilib ki, ərazidə görülən işdən heç kim məlumatlı olmasın".

"Ata-baba yurdumuzda mühasirədə yaşayırıq"

Şikayətçilər deyirlər ki, bir müddət əvvəl tikinti aparan şəxslərə nəzarət edən bir qrup sakinlərə hasarlanmanın səbəbini deyib. Amma, sonradan məlum olub ki, bu da səbəb deyil, bəhanədir. Sakinlərə məlumat veriblər ki, guya hasarlanmanın səbəbi Kürün sağ sahilinin mühafizəsi məqsədi ilə edilir ki, burada yaşayan ailələr Kür çayının sağ sahilinə zibil və digər çirkli əşyalar atırlar, bu məqsədlə də hasarlar çəkilir ki, Kür çayının sağ sahili abadlaşdırılsın və sakinlərin buranı zibilləməsinə imkan verilməsin. Amma, ərazidəki hasarlanmadan görünür ki, bu heç də Kürün mühafizəsi deyil, sadəcə ərazinin zəbt edilməsidir. Çünki, Kür çayının mühafizəsi üçün sahildəki mənzillərin hamısı hasara alınmalıdır, əgər bu məqsədlə tikinti aparılsaydı. Amma, hazırki, durum belədir ki, Kür çayının sahilindəki fərdi yaşayış evləri və restoranlara toxunulmayıb. Sadəcə həmin sahildən 50-70 metr kənardan hasarlanma başlanıb. Yəni küçənin ortası ilə gedən avtomobil yolunun sol hissəsi. Sağ tərəfdəki evlər və kafe-restoranlar açıqlıqda qalıb. Elə buna görə də sakinlər mühasirəyə alınmalarından narahatdılar: " Əgər onlar deyən kimidirsə, yolun sağ tərəfi, Kür çayının düz sahilindəki evlər və restoranlar niya hasara alınmayıb? Demək bu Kürün mühafizəsi məqsədi daşımayır. Əslində Kür çayına ən çox çirkab axıdan həmin evlər və restoranlardır. Restoran və kafelərin birinin bir gündə Kürə axıtdığı çirkabı bizim evlər bəlkə də bir aya axıtmır. Amma, onlar açıqda qalıb, biz mühasirədə. Bu da onu deməyə əsas verir ki, ərazi hansısa məmur tərəfindən zəbt edilib, işğal olunub. Azərbaycanın 20 faizini ermənilər işğal edib, Mingəçeviri də hansısa bir məmur və ya özbaşına imkanlı şəxs. Yenə heç olmasa Qarabağı bilirik ki, ermənilər işğal edib. Heç buranı kimin zəbt etdiyi də bilinmir. Qalmışıq havada. Necə olacaq, bizə nə deyəcəklər, heç kim bilmir. Bu yaşayış deyil. Öz doğma torpağında, dədə-baba yurdunda rahat yaşaya bilməyəsən, mühasirəyə alınasan, bundan biabırçı vəziyyət yoxdur".

Samir Əli

Bakı-Mingəçevir-Bakı  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31