Sahib Kərimovun evi sökülüb, ailəsi küçələrə atılıb - PROBLEM
19 Fevral 2014 15:53 ProblemAzərbaycanda məhkəmə sistemində bəzi hakimlər hələ də birtərəfli qərarlar çıxarmaqla vətəndaşları narazı salır. Ölkənin məhkəmə sistemində islahatlar aparılmasına, vəzifəsindən sui-istifadə edən hakimlər barədə cəza tədbirləri görülməsinə baxmayaraq, bəzi hakimlər yenə müəyyən maraqları naminə bu cür özbaşınalıqlara yol verməkdə davam edir. Bu da sonda Azərbaycan vətəndaşının hüquqlarının kobud pozulmasına, insanlarda məhkəmə hakimiyyətinə inamsızlıq yaranmasına səbəb olur. Ailəsini min bir zülmlə dolandırmağa cəhd edən vətəndaşın hüququnun hakimlər tərəfindən kobud pozulması həmin vətəndaşlarda ruh düşkünlüyü yaratmasına gətirib çıxarır.
Bu cür hadisələrdən biri də Şəmkir şəhərində baş verib. Redaksiyamıza müraciət edən Şəmkir şəhəri, S. Vurğun küçəsi 246 saylı mənzilin sahibi Sahib Kərimov da bu cür özbaşınalığın qurbanına çevrildiyini iddia edir. Sahib Kərimov iddia edir ki, onun qanuni evi Şəmkir rayon məhkəməsinin hakimi tərəfindən əlindən alınıb və ailəsi ilə birlikdə hazırda küçələrdə yaşayır. Səbəb isə məhkəmənin sədri və hakimi Qafil Baxşıyevin bir sahibkarla əlbir olmasıdır. Hakim və sahibkar "sövdələşməsi" bir ailəni evsiz qoyub. Əvəzində isə mənzil sahibinə heç bir təzminat ödənilməyib.
Şikayətçinin dediyinə görə, hadisə belə olub. Sahib Kərimov adıçəkilən ünvanda 1997-ci ildə qanuni sənədləşmə yolu ilə ev alıb. Ev lazımi qaydada sənədləşdirilib və ailə həmin mənzilə köçürülüb. Bir müddət həmin mənzildə yaşayandan sonra Kərimovlar ailəsi Rusiyaya köçməli olub və bu zaman mənzil boş qalıb. Uzun illər Rusiyada yaşayan ailənin qohumları həmin müddətdə evə baxıb və müəyyən mənada qoruyublar. Ev alınandan sonra mənzilin Sahib Kərimova məxsus olması barədə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Şəmkir Ərazi İdarəsi tərəfindən 18 saylı qövlət qeydiyyat vəsiqəsi də verilib və mənzilin qanuni yolla Sahib Kərimova məxsusluğu təsdiqlənib. Amma, 2010-cu ildə ailə yenidən Azərbaycana qayıdıb və gördükləri mənzərədən dəhşətə gəliblər. Sahib Kərimov deyir ki, ailəsi ilə birlikdə evinə gələndə görüblər ki, həmin ev yerində yoxdu. Sahib Kərinmovun evinin yerində Fəzail Quliyev adlı şəxs "Morul" şadlıq sarayı inşa etdirib və ev darmadağın edilib. Qonşular bildiriblər ki, Fəzail Quliyev ərazini tam olaraq almaq istəsə də, qonşular evlərini tərk etməyib və qanuni mənzillərini satmaq istəməyib. Əlacı kəsilən sahibkar bu vaxt xəbər tutub ki, həmin ərazidə Sahib Kərimova məxsus mənzil boşdur və həmin mənzildə bir neçə ildir ki yaşayan yoxdur. Fürsətdən istifadə edən sahibkar Sahib Kərimovun mənzilinin sökülməsinə heç kimin etiraz etməyəcəyini zənn edib evi həyətyanı sahəsi ilə birlikdə dağıdıb və şadlıq evinin ərazisinə əlavə edib. Mənzili və həyətyanı sahəni zəbt edən sahibkar bu barədə ev sahibinə məlumat da verməyib. Əksinə, o hamının gözü qarşısında Sahib Kərimovun evini ağır texnikalarla söküb yerini düzləyib. Həmin evin yerində isə "Morul" şadlıq sarayını inşa etdirib.
"Morul" şadlıq sarayı İcra Hakimiyyətindən xəbərsiz tikilib?
Sahib Kərimov deyir ki, məsələdən xəbər tutan kimi bu barədə dərhal Şəmkir rayon İcra Hakimiyyətinə, rayonun Memarlıq və Şəhərsalma şöbəsinə müraciət edib, pozulmuş hüququnun bərpasını istəyib. Maraqlısı odur ki, Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Şə hərsalma və Memarlıq Şöbəsinin müdiri Ramiz Rəhimov bildirib ki, məsələdən xəbərsizdir və şadlıq evinin inşası üçün onlar heç bir icazə verməyib. Maraqlı məqam odur ki, şəhərin memarlıq və şəhərsalma şöbəsinin məlumatı və icazəsi olmadan şadlıq evini necə inşa ediblər? Belə çıxır ki, "Morul" şadlıq sarayı inşa olunarkən rayonun bütün aidiyyəti məmurlarının gözü bağlanıb. Nəinki Şəmkirdə, Azərbaycanın istənilən ərazisində vətəndaş hətta qanuni həyətyanısında hansısa bir kiçik tikili inşa etmək istəyəndə aidiyyəti qurumlar dərhal həmin əraziyə gəlib tikintini saxlayır və tikinti sahibində inşa üçün icazə sənədini tələb edir. Amma, Şəmkir kimi bir rayonun ərazisində iri obyekt inşa olunur, Şəmkir rayon İcra Hakimiyyətinin bu tikintinin harada və necə aparılmasından xəbəri olmur? Düşündürücü və qaranlıq məqamlarla dolu olan bir sualdır və mənə elə gəlir ki Şəmkir rayon İcra Hakimiyyətinin rəhbər işçiləri və aidiyyəti əməkdaşları bu barədə düşünüb əsaslandırılmış cavab verməlidir.
Sahib Kərimov məsələ ilə bağlı həmin şadlıq sarayının sahibi olan Fəzail Quliyevi tapıb və evinin hansı əsasla söküldüyünü sahibkardan soruşub. Sahibkar isə onu təhqir edərək ərazidən uzaqlaşmasını tələb edib. Sahibkar bildirib ki, həmin evi Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Memarlıq və Şəhərsalma şöbəsinin əməkdaşları ağır texnikalarla dağıdıb, ərazini isə ona satıblar. Sahib Kərimov bununla bağlı Respublika Prokurorluğuna müraciət edib. Müraciətdən sonra Şəmkir rayon İcra Hakimiyyətinin məsul əməkdaşları zərərçəkmişə baş çəkib və evin həqiqətən də uçurulduğunu təstiqləyiblər. Onlar bildiriblər ki, bunun üçün Sahib Kərimov şadlıq evinin sahibini məhkəməyə versin, pozulmuş hüquqlarını və dəymiş ziyanı bərpa etsin. Zərərçəkmiş də bu məqsədlə Şəmkir rayon Məhkəməsinə müraciət edib. Məhkəməyə təqdim olunan iddia ərizəsində cavabdeh Fəzail Quliyev göstərilib və onun dəymiş ziyana görə 60 min manat ödənməsi tələb kimi qoyulub. Amma, necə deyərlər, sən saydığını say, gör məhkəmə nə sayır.
Məhkəmə araşdırma aparmadan ailəni küçəyə atıb
Şəmkir rayon Məhkəməsi iddianı qəbul etsə də, yalançı şahidlərin ifadələrini nəzərə alıb iddianı rədd edib. Belə ki, Sahib Kərimovun redaksiyamıza təqdim etdiyi qətnamədə biabırçı əsaslar gətirilib. Məlum olub ki, məhkəmə hakimi heç bir araşdırma aparmadan yalnız şahid ifadəsi ilə qərar çıxarıb. İddiada göstərilir ki, guya evi heç kim sökməyib, evi ildırım vurub dağıdıb, yerində qalan daş topalarını sahibkar fədakarlıqla təmizləyib. Guya ki, ev köhnəlib, ildırım vurub dağıdıb, ərazi bir müddət zibilliyə çevrilib. Bundan sonra isə sahibkar Fəzail Quliyev "xeyriyyəçilik" edib həmin zibilliyi öz şşəxsi vəsaiti hesabına təmizləyib hasarlayıb.
Mənzilin həqiqətən də ağır texnika ilə dağıdılmasını rayonun memarlıq və şəhərsalma şöbəsinin əməkdaşları təsdiqləsə də, məhkəmə aidiyyəti qurumlardan heç birinin nümayəndəsini dəvət etmədən qətnasmə çıxarıb. Qətnamədə isə zərərçəkənin iddiası rədd edilib, "Morul" şadlıq evinin sahibi qanuni mülk sahibi kimi təqdim edilib. Qətnaməyə əsasən, hakim belə qənaətə gəlib ki, Sahib Kərimovun ailəsi qanuni evinə heç bir iddia edə bilməz və ailə elə küçələrdə gecələməlidir. Çünki, burda "Morul" şadlıq sarayı inşa olunub.
Hakimin qətnaməsindəki biabırçı savadsızlıq
Qətnamənin hazırlanmasından hakimin savadsızlığı açıq-aşkar ortaya çıxır. AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN çıxarılan qətnamə olduqca gülünc haldadır. Qətnamədəki bir neçə cümlənin yazılışı və quruluşundan hiss olunur ki, bu qətnaməni qəbul edən şəxsin savadından danışmağın özü qəbahətdir. Qətnamədəki bir neçə cümləni olduğu kimi təqdim edirəm. "...Sahib Kərimov Rusiyaya köçdükdən sonra mənzil baxımsız qalaraq daha da köhnəlmiş və yağışlı, ildırımlı bir gündə çökmüşdür. Həmin daş yığnağı sonradan zibilliyə çevrilib....Heç kəs yaşamadığı dövrdə yağışlı və ildırımlı bir gecədə köhnə olan həmin mənzilin krışası çökmüş....Zir-zibilini təmizləyib yerində hamam və naves inşa etmişdir".
Məncə, bu cümlələri Azərbaycan Respublikası adından çıxardığı qətnaməyə daxil edən məhkəmə hakimindən başqa nə ədalət prinsipi, nə də hüquqşunaslıq səviyyəsi ummağa dəyməz. Azərbaycan Respublikası adından qərar və qətnamələr çıxaran və Şəmkir rayon Məhkəməsinə sədrlik edən Qafil Baxşıyev barəsində əlavə şərhə ehtiyac varmı? Uzun illər müəyyən yollarla hakim və məhkəmə sədri işləyən bu şəxs hələ də Azərbaycan dilini bilmir. Bu şəxs hələ də dərk etmir ki, Azərbaycan dilində "krışa" və "naves" sözləri yoxdur və bu sözləri Azərbaycan Respublikası adından çıxarılan qətnaməyə daxil etmək cinayətdir. Azərbaycan vətəndaşının hüquq prinsiplərinin rəsmi səviyyədə qorunmasının həvalə olunduğu bu şəxsin çıxardığı qətnaməyə "krışa" və "naves" sözləri salması bu şəxsin savadının hansı səviyyədə olmasını açıq-aşkar ortaya qoyur. Məncə bu cür hakimlər barədə Məhkəmə Hüquq Şurası araşdırma aparmalı və lazımi qərarlar qəbul etməlidir. Bu cür savadla hakim işləyən şəxsin çıxardığı qərarda isə ədalət prinsipindən danışmaq yersizdir.
Samir Əli