Rəngsiz dünya və ya intihar - AKTUAL
Azad İsazadə: “Təəssüf ki, bizdə intiharlar araşdırılmır”
7 Yanvar 2014 15:45 ProblemAraşdırmalara görə dünyada hər gün təxminən min insan intihar edir. İntihar edənlərin arasında kişilər daha çoxdur. Kişilər qadınlardan 2-7 qat daha çox intihar edirlər. Bütün dünyada 42 saniyədə bir insan həyatına son vermək üçün intihar cəhdi edir, 17 dəqiqədən bir də bir adam intihar səbəbilə həyatını itirir. İntihar xüsusilə gənclər arasında ciddi problemdir. ABŞ-da aparılan araşdırmaya görə 15-24 yaş qrupunda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutur. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Yeni il daxil olandan 11, 20 yaşlı gənc və yeniyetmənin intihar xəbərləri gəldi. Q
eyd edək ki, 2012-ci ildə Azərbaycanda 482 intihar hadisəsi qeydə alınıb. İntihar edənlərdən 320-si kişi, 105-i qadın olub. Onlardan 34-ü isə məktəbli və yeniyetmə olub. 2011-ci ildə isə ölümlə nəticələnən 414 intihar olub. Artım açıq-aşkar göz önündədir. Psixoloq Azad İsazadədən ilk növbədə intihara sürükləyən səbəblərlə bağlı soruşduq. Psixoloq intiharlara sürükləyən səbəblərin yaş, cins qrupları və o cümlədən regionlar baxımından fərqləndiyini bildirdi. Ən riskli qrup yeniyetmələr sayılır. Orada səbəblər daha romantik məsələlər, imtahan problemi, böyüklər üçün bəlkə ciddi görünməyən, amma o yaş üçün çox ciddi problem kimi qəbul olunur: "Təəssüflə qeyd etmək lazımdır ki, bu qrupun içində də cavanlaşma, yaş sərhəddinin getdikcə enməsi özünü göstərir. Faktiki nəinki yeniyetmə, uşaqların intihar hallarına da rast gələ bilirik. Yeniyetməlik mərhələsində insan maksimalist olur, hər şey onlar üçün iki ya ağ, ya da qara rəngdə olur. Orta tonlar olmadığından hansısa uğursuzluq yeniyetmə və ya gənc üçün böyük problem olur və intihara əl atırlar. Hər il yayda abituriyentlərin arasında iki-üç, 5 intihar halı və ya cəhdi qeydə alınır. Bu yaşda insanlar üçün instituta qəbul olunmamaq həyatın bitməsi kimi qəbul olunur". Azad İsazadə bildirdi ki, ikinci risk qrupuna 45-60 yaş arası daxildir ki, bu yaşda daha çox kişilər intihar edir. Səbəb sosial, maddi, karyera məsələsi, biznes problemləri və s. ola bilər: "Kənd yerlərinin intiharları da şəhərdəki intihar səbəblərindən fərqlənir. Bəlkə də ən əsas problem odur ki, bizdə intiharlar mərkəzləşdirilmiş formada analiz olunmur. Səbəblər, formalar dəqiqləşdirilimir. Bəzən intiharlara iqlim problem də təsir edə bilər. Bunlar dəqiqləşdirlimir".
Niyə kişilər daha çox intihar edir?
Statistika da göstərir ki, kişilər qadınlardan daha çox intihar edir. Bəs nə üçün kişilər? Psixoloq bildirdi ki, kişilər sosial statusa, işsiz qalmağa, maddi problemlərə daha həssasdırlar. Xanımlar evdə də məşğuliyyət tapa bilir: "Maaş almayanda da xanımın hansısa işi var. Buna görə də özünü lazımsız hiss etmir. Kişi isə işini itirəndə və ya az əmək haqqı alanda, ailəni dolandıra bilməyəndə çıxış yolu axtarmağa başlayır və bəzən də depressiv halda olanda ən yaxşı çıxış yolunu intiharda görür".
İntiharların sayını necə azaltmaq olar?
İntiharların sayını azaltmaq olar, amma bunun üçün ciddi işlər həyata keçirilməlidir. Psixoloq ən riskli qrup yeniyetmə və gənclər olduğu üçün bu sahədə məktəb psixoloqlarının, ailənin olduqca böyük rol oynadığını bildirdi : "İntihar fikri bir gün ərzində formalaşmır. Bəzən bu firkin beyində formalaşma müddəti aylarla olur. Abituriyenti yenə də misal kimi götürsək, görərik ki, o il ərzində hazırlaşır, amma paralel beynində bir müdafiə mexanizmi də yaranır. Birdən mən qəbul olunmasam, yaşamayacam. Bunu valideynlər, müəllimlər və ya qohumlar vaxtında hiss edib həyəcan siqnalı verməlidirlər". A.İsazadə bildirdi ki, intiharların sayını azaltmaq üçün ilk növbədə intiharları araşdırmaq, öyrənmək lazımdır. Hansısa bir mərkəzləşdirilmiş məkan olmalıdır ki, bütün məlumatlar toplansın. Həmin mərkəz o biri qurumlar üçün təlim keçməlidir. Məsləhətlər verməlidir: "Müəllimə bir cür, polis əməkdaşına başqa təlimlər lazımdır. Hansı risk qrupunda hansı tədbirlərin görülməsi ilə bağlı məsləhətlər verilməlidir. Təəssüf ki, bizdə ümumiyyətlə intiharlarla məşğul olan cavabdeh qurum yoxdur. Ancaq polislər bununla məşğul olur, onlar da daha çox hüquqi işlərlə. Amma psixoloji və sosioloji araşdırmalar aparılmır".
Aygün