Nə vaxtsa ölünün qıdığı gələcəkmi? - AKTUAL

Tıxacda qalmış sürücüdən məntiqli açıqlama gəldi...

Filipində təbii fəlakət baş verib, yüzlərlə insan ölüb, minlərlə insan evsiz-eşiksiz qaldı. Vyetnamda təbii fəlakət baş verib, bəzi şəhərlərdə suyun hündürlüyü bir metrə çatıb. Sözsüz ki, nəqliyyatın hərəkəti mümkünsüzdür. Amma Allaha şükür, bizdə havalar hələ ki, normaldır. Nə yağış var, nə də qar. Amma yollarımız keçilməzdir. 3-4 milyonluq şəhərdə tıxaclar həyatı artıq iflicə çevirib. Bakı-Sumqayıt yolu hər gün tıxacdır. Həm səhərlər, həm də axşamlar. Yalnız bu yol deyil, bütün yollar bu vəziyyətdədir.

Bakı gündən-günə gözəlləşir, abadlaşır öz yerində. Paralel olaraq gündən-günə  abadlaşan şəhərdə  sadə insanların yaşaması çətinləşir. İctimai nəqliyyatdakı sıxlıq, işə yubanmamaq üçün metro qatarları, avtobus qapılarına pərçimlənərək tələsdiyi yerlərə gedən əhalinin bu vəziyyəti şəhərin abadlaşması ilə paralel olaraq daha da çətinləşir. İnsanların yaşadığı ərazidə rahatlığı ən  önəmli məsələlərdəndir. Vəziyyət o həddə çatır ki, 5 dəqiqəlik yola yarım saat vaxt sərf etməli olursan. Əgər indi bu vəziyyət insanların yalnız zamanını alırsa, bir müddət sonra əsəblərini, sağlamlığını necə apardığını ortaya qoyacaq. Bu azmış kimi hər gün piyadaların vurulması, müxtəlif avtomobil qəzalarının olması da vahimə yaradır. Bu gözəl şəhərdə yaşamaq heç də asan başa gəlmir.

***

Dövlət Şəhərsalma və Arxeologiya Komitəsinin şöbə müdiri Cahangir Qocayevin fikrincə, istənilən şəhərdə təhlükəli, kriminogen vəziyyət yaranırsa, ora yaşamaq üçün gərəksiz olur. Şəhərdə insanın yaşamında mühüm elementlərdən biri də onların nəqliyyat təminatıdır. Ekspertin fikrincə,  nəqliyyat təminatı bütün şəhərlərdə, yaşayış məskənlərində şəhərlərin qan damarları kimi qiymətləndirilir. İnsan orqanizmində damarların əhəmiyyəti nə qədərdirsə, şəhərlərdə nəqliyyat o qədər vacibdir: "Nəqliyyat problemi, infrastrukturu elə məsələsidir ki, əgər başqa problemləri onu çoxaltmaqla həll etmək olursa, nəqliyyatda bəzən çoxluq problemlərə səbəb olur. Çoxluğun da öz həddi var. Bu çoxluq həddini  keçəndə, şəhərsalma prinsiplərinə əməl olunmadan reallaşdırılanda çox ciddi problemlərə gətirib çıxara bilir. Əgər nəqliyyatın çoxluğunun yaratdığı problemlərdən biri fiziki çətinlikdirsə, digər ciddi problem onun yaratdığı ekoloji problemdir".

Səhər səs-küy, axşam səs-küy

Bu gün yenə "üçünçü mikrorayon dairəsi" deyilən yerdə  5 dəqiqəlik bir dönmə üçün avtobusun içində yarım saat oturmalı oldum. Bir tərəfdən sərnişinlər sürücünün üstünə hücum çəkmişdi. Sürücü də onlardan geri qalmırdı: "Ay canım, düşün də. Yol bağlıdır, onsuz da getməyəcəyəm. Sərnişinlər də inadcıl idi. "A kişi, sənə  nə var düşmürük. Oturmuşuq da özümüzçün. Ağırlıq eləmirik ki..." Bayırda isə tıxacda qalan maşınların verdiyi siqnallardan qulaq batır. Hamı eyni cürdür bu məkanda. Tıxacda qalan sürücü də, sərnişin də. Onsuz da getməyə yol yoxdur, amma niyə siqnal verdikləri də məlum deyil. Bu səs-küy azmış kimi digər tərəfdən çox yüksəkdən bir "Şalaxo" səsi gəlməyə başladı. Əməlli-başlı dəlixanaya çevrildi. Kimi bu vəziyyətə gülür, kimi əsəbləşir, amma həqiqət odur ki, bütün bunlar yenə gəlib bizim sağlamlığımızda dayanır. Ekologiya yalnız çirkli atıqlarla kirlənmir. Səs-küy amili də var. Necə ki, yolda gedəndə ətrafımızdakı zibilləri külək üzümüzə çırpır, eləcə də Bakının səs-küyü insanın əsəblərinə zərbə vurur. C.Qocayev nəqliyyatın yaratdığı problemlərdən birinin də səs-küy problemi olduğunu deyir: "Səs-küy problemi və atmosferin çirklənməsi daha çox daxili yanma mühərriki olan nəqliyyatların hesabına baş verir. Tarixən belə olub. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri elektrik enerjisindən istifadə edən nəqliyyat vasitələri-trolleybus, tramvaylar olub. Çox təəssüf edirəm ki, bəzən tramvayın da səs-küy yaratdığını əsas götürüb tramvay xəttlərini də yollardan götürdük. Amma əslində dünyada bu təcrübə var ki, dəmir yolu relslərini onların səsi çıxmadan düzəltmək mümkündür. Tramvayın dayanıqlı nəqliyyat vasitəsi kimi çox böyük tarixi var. Digər problem məsələ isə dayanıqlı nəqliyyat vasitəsi olan elekrik qatarlarının hərəkətinin məhdudlaşdırılmasıdır: "Bizim cəmiyyətin inkişafında müəyyən bir zaman kəsiyi əmələ gəldi ki, hər kəs öz hayına qaldı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində soydaşlarımız qaçqın və məcburu köçkün vəziyyətinə çevrildi. Bu da istər-istəməz Bakıda hər kəsin öz başına qalması sindromunu yaratdı. Hərənin bir qohum-əqrabası gəldi və plan məsələsi bir kənarda qaldı. Bizim bir çox səlahiyyət sahiblərimiz isə bu sindromdan öz xeyirləri üçün istifadə etdilər. Nəticədə sonradan düzəldilməsi problemə çevrilən vəziyyət yarandı".

C.Qocayev bildirdi ki, Böyük Bakının Regional İnkişaf Planını işləyən zaman yalnız Bakının deyil, Sumqayıt və Xırdalan şəhərlərinin də resurs imkanları əsas götürülüb. Bəlli olub ki, Bakının mərkəzi hissəsi ekoloji cəhətdən son dərəcə çirklənmiş bir ərazidir. Bunun bir səbəbi şəhərin mədənlərin ağuşunda yerləşməsidirsə, bir səbəbi də köhnə texnologiya ilə işləyən müəssisələrin şəhərin mərkəzində yerləşməsidir.  Bu çirklənməyə daha bir zərbə isə nəqliyyatın sıxlığından dəyir.

C.Qocayev bildirdi ki, Bakı tarixən formalaşan bir şəhər olduğu üçün bəzi yerlərdə yolları genişləndirmək mümkün deyil. Məsələn, Zivərbəy Əhmədbəyov küçəsində yolu genişləndirmək mümkün deyil. Yaxud da Füzuli küçəsini bundan sonra həll etmək mümkün deyil. Amma bunun da çarəsi var.

İstismar mədəniyyəti

Ekspert düşünür ki, biz cəmiyyətdə istismar mədəniyyətinin yüksəldilməsinə nail olmalıyıq.  İçtimai nəqliyyat vasitəsinin özündə istismar mədəniyyəti yüksəldilməlidir. İkincisi isə sürücülər formalaşmalıdır. Sürücü bilməlidir ki, piyadanın getdiyi yerdə maşın saxlamaq olmaz: "Deyək ki, kimsə bir zənbil bazarlıq etmək üçün şəhərin mərkəzində "Hummer"lə gəzir. Mən o adamların heç birini mədəni səviyyəsini yüksək hesab edə bilmərəm.   Nəqliyyat vasitəsi insanın ehtiyacını ödəməyə yönəlməlidir. Yoxsa ay mənim maşınım böyükdür, mənim maşınım bahadır. Nömrəsi filandır və s. Bununla cəmiyyət nəqliyyatdan özünütəbliğ kimi istifadə etməməlidir".

Təbii ki, bu sahədə hələ bizim mədəniyyətə, ondan öncə normal nəqliyyatın tənzimlənməsinə çox ehtiyacımız var. 

Amma bütün bunlar yalnız ekspertlərin hələ ki sadəcə fikirləridir. Bu gün Bakının nəqliyyatla bağlı vəziyyətinə baxanda bunun yaxın zamanda düzələcəyinə inanmaq çətindir. Yenə yadıma tıxacda qaldığım avtobus sürücüsü düşdü. Bütün sərnişinlər inadı yerə qoyub düşsə də, iki qadın "minmişik ki, yarımçıq düşək?" deyib inadı sonuna kimi davam etdirincə, sürücü də onlardan "intiqam" almaq üçün avtobusu kəssə yola sürüb getdi. Bunu görən iki qadının səs-küyü avtobusu başına götürdü. Nəhayət, başqa çarələri olmadığını görüb avtobusdan düşdülər. Sürücünü təhdid edə-edə. "Qaynar xəttə" şikayət edəcəyik. Zəhmət çəkin yolu açdırın və s. Sürücü də onların arxasınca "qanmazlar"- sözünü işlətməkdən çəkinmədi. "Şikayət edəcəyik. Gedin edin. Elə bilirlər ki, ölünün qıdığı gələcək"-deyib avtobusa sürət verdi.

Işə gəlincə eşitdim ki, sahibkarlar Tarif Şurasına avtobusda gedişhaqlarının qaldırılması üçün məktublar göndəriblər. Əla fikirdir. Avtobusların təmizliyinə fikir vermə, sürücülərin dəli belə olsa sənlik deyil, axşam düşəndə kim harda qalır-qalsın, sizin sürücülər istədikləri kimi dayanacaqlara daxil olmadan geri dönə bilsin. Sərnişini təhqir etsin. Bir sözlə, sərnişinin deyil, sahibkarın çaldığı hava ilə oynasın.

Aygün        

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31