21-ci əsrdə baş, qulaq kəsən “kişilər” - PROBLEM
Gövhər Baxşəliyeva: “Bu cür namus, qeyrət çəkənlərə təklif edərdim ki…”
22 Oktyabr 2013 16:49 ProblemGülnar Nəzərova: "Azərbaycanda qadınlar zorakılığın, demək olar, bütün formaları ilə rastlaşırlar"
Məişət zorakılığı günümüzün ən aktual və səngimək bilməyən problemidir. Mütəxəssislər problemin çözümünün müxtəlif yollarını irəli sürsələr də, hələ ki, bu sahədə ciddi nəticədən danışmaq mümkün deyil. Öldürmək adi hala çevrilib. Döymək, yersiz qısqanclıq, qadınları ən adi hüquqlarından belə məhrum etmək azalmaq əvəzinə daha da artır. Bu hal Azərbaycan ictimaiyyətini daim narahat edir.
Mətbuatda tez-tez hansısa kənddə ərin arvadını öldürdüyünü eşidirik. Digər kənddə başını kəsir. Ata qızını baltalayır, qardaş bacını bıcaqlayır. Və bu məişət zorakılığı əsasən qadınlara qarşı törədilir. Bəs nə vaxtacan bu belə olacaq? Nə vaxta kimi bizim bəzi kişilər orta əsrlər psixologiyası ilə yaşacaqlar? Kişilərə indi XXI əsr olduğu başa salınmalıdır. Millət vəkili, professor Gövhər Baxşəliyeva bu fikirdədir: "Bu cür psixologiya ilə yaşamaq doğru deyil. Qısqandım durub bunun başını kəsim. Qızdır, istədiyim yerə baxmadı, bıçaqlayım. Kökündən yolverilməz məsələdir. Bu məsələdə bir qədər müasirləşmək lazımdır. Yoldaşının xəyanətkar olduğunu iddia edirsənsə, ayrıl getsin. Daha başını niyə kəsirsən?" Kişilərin qadınların üzərinə əxlaqsızlıq damğası vurub öldürməsinə gəlincə isə, millət vəkili bildirdi ki, həqiqətdə çox zaman əxlaqsızlıq məsələsi olmur. Onun fikrincə, çox zaman sadəcə qısqanclıq kişilərdə xəstəlik dərəcəsində olur: "Tutaq ki, lap əxlaqsızlıq var. Əxlaqsızlığa görə, XXI əsrdə tutub insanın qulağınımı kəsərlər? Qardaş, bacın mentalitetinə uyğun olmayan hərəkət edibsə, imtina et o bacıdan. Amma durub bacının başını kəsənlərə, bu cür namus-qeyrət çəkənlərə təklif edərdim ki, gedib Qarabağda ermənilərlə torpaq uğrunda öz qeyrət və namuslarını göstərsinlər. Yoxsa özündən daha zəif məxluqun üstünə düşüb onu tələf etmək orta əsr vəhşiliyidir. Mən hesab edirəm ki, bu cür halların qarşısını almaq üçün maarifləndirmə lazımdır. Bu barədə Milli Məclisdə də demişəm".
Gövhər Baxşəliyeva hesab edir ki, insanlar müasir zamana öyrəşməlidirlər: "Mən demirəm ki, əxlaqsızlığa öyrənsinlər. Amma sivil yaşayış qaydalarına vərdiş etmək lazımdır. Nə qədər olar belə hadisələr? Bu yaxınlarda mənim yaşadığım evin yaxınlığında keçmiş ər həbsxanadan çıxıb gəlib keçmiş arvadını, iki uşaq anasını küçədə öldürdü. Sənin nə haqqın var bunu öldürməyə? Onun tutduran bu qadın olmayıb. Sadəcə belə insanlarda qısqanclıq xəstəliyə çevrilir. Belələrini vaxtında yaxınları psixiatrın yanına aparıb müalicə etdirməlidirlər. Bu cür insanlar qadını qaralayır, bütün fikri qadını izləmək olur. Hətta boşansa belə, hesab edir ki, bu qadın onun mülkiyyətidir. Mülkiyyətçi psixologiyasından əl çəkmək lazımdır. Bu qadın sənin malın deyil. Həyətdəki heyvan deyil ki, istədiyin vaxtı sığallayıb, istədiyin vaxt başını kəsəsən".
Millət vəkili bildirdi ki, cinayət olduqdan sonra dövlət səviyyəsində onsuz da məsuliyyətə cəlb olunurlar. Amma bundan əvvəl bu cür cinayətlərin qarşısını almaq üçün maarifləndirmənin aparılmasına böyük ehtiyac var.
Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin doktorantı Gülnar Nəzərova məişət zorakılığının ailənin status, iqtisadi və fiziki cəhətdən zəif üzvlərinə qarşı törədildiyini bildirdi. Bu qisimdə çıxış edənlər əsasən qadınlar, uşaqlar və ahıllar olur. Lakin istər dünyada (hər 3 qadından biri), istər ölkəmizdə statistikaya baxdıqda ən çox zorakılığa məruz qalanlar qadınlardır. Zorakılığa aid xəbərlərin əksəriyyəti isə qadınlarla bağlı olur. Qadınların demək olar hüquqsuz olduğu cəmiyyətlərdə isə bu məsələ daha qlobal xarakter alır. Onun sözlərinə görə, Azərbaycanda qadınlar zorakılığın, demək olar, bütün formaları ilə rastlaşırlar: "Hər gün mətbuatda qadınların ölümcül döyülməsi və öldürülməsi ilə bağlı xəbərlərlə qarşılaşırıq. Zorakılığa əsasən sosial-iqtisadi və bioloji amillər təsir göstərir. Qeyd etməliyəm ki, iqtisadi amillərin rolu burada daha böyükdür. Kişilər çalışır ki, iqtisadi statusu öz əllərində saxlasınlar. İqisadi status isə gələcəkdə zorakılıq vasitəsi kimi istifadə edilir. Belə ki, mülk sahibi kişilər olur, qadınlar bir çox hallarda işləmirlər və məişət işləri ilə məşğul olurlar, işləsələr də əsas maddi təminatçı qismində kişilər çıxış edir. Iqtisadi baxımdan kişidən asılı olan qadın isə susmağa üstünlük verir. Qadın təhsilsizdirsə və üstəlik övladı da varsa məsələ daha da qəlizləşir. Bu zaman zorakılığa dözərək yaşamağa göz yumur. Çünki qadın bilir ki, boşandığı təqdirdə onu daha böyük problemlər gözləyir: valideynlər qəbul etmir, iş tapa bilmir, qalacaq yeri olmur və s. Belə olan halda isə zorakılıq qadın üçün "çıxış yolu" olur".
Ekspert bildirdi ki, təcrübə qadının kişi ilə bərabər və üstün iqtisadi mövqeyə malik olduqda qadının nəinki zorakılığa daha az məruz qaldığını, hətta demək olar həmin ailələrdə gender bərabərliyinin təmin edildiyini göstərir. Lakin bu məsələdə qadınların hüquqları barədə məlumatsızlığı da onların daim zorakılıq qurbanına çevrilməsinə gətirib-çıxarır: "Bir təcrübəni nümunə kimi gətirmək istərdim: bu yaxınlarda çox ağır şəkildə zorakılığa məruz qalan qadına hüquqlarını izah etdim. Məlum oldu ki, qadın mütəmadi olaraq ağır şəkildə döyülür və hara, kimə müraciət edəcəyini bilmir. Bütün hüquqları izah olunduqdan sonra qadın hüquq-mühafizə orqanına müraciət etdi. Düzdür, bu prosesdən bir müddət sonra ailə bərpa olundu. Amma həmin qadının hüququ uğrunda mübarizəsi onu zorakılıqdan müdafiə edə bildi. Nəticədə, bu yaxınlarda apardığımız monitorinq göstərdi ki, ailədə həmin gündən zorakılıq müşaiyət olunmayıb".
Ekspertin fikrincə, digər bir vacib məqam ondan ibarətdir ki, qadınlar da zorakılığa bir çox hallarda bəraət qazandırırlar: "Bunu məişət zorakılığı ilə bağlı apardığımız tədqiqat da göstərdi. Belə ki, tədqiqatın nəticəsində bəlli oldu ki, qadınlar səbəbdən asılı olaraq kişilərin onlara qarşı zorakılığına bəraət qazandırırlar. Həmin tədqiqatda məlum oldu ki, qadınların bir çoxu nəinki öz hüquqlarını bilmir, hətta, zorakılığı sadəcə fiziki zorakılıq səviyyəsində başa düşürlər. Bir çox qadınlar isə zorakılığa məruz qalsalar da bunu nə zorakılıq kimi qiymətləndirir, nə də zorakılığa məruz qaldıqlarını etiraf edirlər. Amma nəzərə almalıyıq ki, zorakılıq psixoloji, cinsi, fiziki, iqtisadi və təqib formasında ola bilər. Tədqiqat zamanı o da aydın oldu ki, qadınlar qadın hüquqlarını müdafiə edən heç bir təşkilatı tanımır".
Gülnar Nəzərova bildirdi ki, 2010-cu ildə "Məişət Zorakılığının Qarşısının Alınması" haqqında Azərbaycan Respublikasının Qanununun qəbul olunması zorakılıqla mübarizə istiqamətində olduqca uğurlu addımlardan biri oldu. Lakin ekspertin rəhbərlik etdiyi qurumun tədqiqatları göstərib ki, nəinki vətəndaşlar, hətta ekspertlərin bir qismi Qanundan xəbərsizdirlər. Bu isə yardım və maarifləndirmə prosesini sual altında qoyur..
"Bütün bunlar o demək deyil ki, qadınlar zorakılığa məruz qalmağa razıdırlar, sadəcə qadınlar cəmiyyətdəki gördükləri modelə uyğun davranmağa çalışır və qadınların çoxu hüquqlarından xəbərsizdir. Qadın hüquqlarını müdafiə edən təşkilatlar həm təşkilat daxilində, həm də müxtəlif hədəf qrupları arasında maarifləndirmə tədbirləri həyata keçirir. Lakin hər yeni tədqiqat göstərir ki, insanların əksəriyyəti hüquqlarından məlumatsızdırlar. Deməli, bu prosesin effektli olması üçün kütləvi hal almalıdır. Hesab edirəm ki, maarifləndirmə tədbirlərində mətbuat, xüsusilə televiziya, internet bu baxımdan daha effektivdir.
Düzdür, bir çoxları düşünə bilər ki, bu cür tədbirlər ailələrin dağılmasına gətirib çıxarır və bu cür nüdaxilə düzgün deyil. Amma nəzərə almalıyıq ki, heç bir səbəb birinin digəri üzərində zorakılığına əsas vermir və zorakılığın ən son nəticəsi isə ölüm olur. Bu cür maarifləndirmə tədbirlərinin məqsədi ailələri dağıtmaq deyil, zorakılığın qarşısını almaqdır. Ailələr müəyyən problem yaşadıqda mütəxəssislərə (təbii ki, peşəkar mütəxəssislərə) müraciət etməli və problemi daha sivil yolla həll etməyə çalışmalıdır".
Aygün