Bir ailənin, yoxsa cəmiyyətin acı dramı?.. - AKTUAL
1 Oktyabr 2013 18:10 ProblemKeçən gün bir əczaxanada mənə qəribə gələn bir mənzərə ilə rastlaşdım. 60-70 yaş aralığında olan ərlə-arvad dərman alırdılar. Yanlarında iki balaca nəvələri də vardı. Nisbətən böyük yaşda olan qız nəvə əczaxanada əlinə bir qədər broşür yığmışdı. Bu hərəkət babanı qəzəbləndirdi. Elə "çəmkirdi" ki, uşaq əlindəkiləri yerə səpələdi. 3-4 yaşlarında olan oğlan nəvə bacısına kömək etmək istədi. Bu dəfə üz-gözündən "mərhəmət" yağan baba "yeri rədd ol burdan, buna bax" deyə balaca nəvəni də azacıq təkanla kənara itələdi. Balaca uşaq orda durduğum müddətcə başını önünə əydiyi kimi qaldı. Uşağı sanki elektrik vurdu. Quruyub qaldı. Ətraf insanlarla dolu idi və çox güman ki, babasının bu hərəkətindən sonra başını qaldırıb adamların üzünə baxmağa utandı. Amma görünüşündən əvvəllər nəsə yaxşı bir vəzifədə işlədiyi yağan baba bu uşaq qədər belə düşünmədi. Bəlkə də nəvəsini əlinin altında işləyən işçiləri ilə qarışıq salıb, axı qışqırmağı öyrənib. Ağsaqqal kişinin öz nəvəsinə qarşı bu hərəkəti içimdə bir qəzəb yaratdı. Bu yaşa gəlsə də, insan hələ balaca bir uşaqla necə davranacağını bilmir. Onu yaraladığının, əminəm ki, bir ömür boyu yaddından çıxmayacaq bir hərəkətə yol verdiyinin fərqində belə deyildi.
Bu düşüncələr fikrimdən təmizlənməmiş ana-ataları arasında münaqişə yarandığından taleləri qaranlıq qalan üçəmlər barəsində oxudum. İstər-istəməz insanın ağlından keçir. "Azərbaycan ailəsi örnək ailədir. Böyüyün-kiçiyin yerini biləndir. Möhkəm ailə sağlam cəmiyyətin əsasıdr". Bu kimi saysız deyimlər var. Bəs nə oldu? Yaşlı insan hələ uşaqla davrana bilmir. Bu halda gəncini necə başa salmaq olar ki, uşağın nəinki həyatı, taleyi, onların ən incə, bizə adi görünən hissləri ilə belə oynamaq olmaz. Amma biz rahatıq. Hərə öz işində. Müqəddəs hissləri ehtirasımıza deyəsən lap çoxdan qurban vermişik. Söhbət qadın-kişi ehtirasından yox, mənəmlik ehtirasından gedir. Sabiq məmur hələ də əski qafadan çıxa bilməyib, üçəmlərin qohum-əqrabası hələ öz dediklərini yeritməyib. Uşaqdır da nə olacaq ki, axı onlar qanmırlar. Görəsən doğrudanmı heç nə anlamırlar...
Avqust ayının əvvəllərində Bakı şəhərində dünyaya gələn üçəmlərin üstündə xoşagəlməz söhbətlər davam edir. O körpələr ki, tale onları bir-birini anlamaq istəməyən bir ailədə dünyaya gətirib. Təbiidir ki, mətbuat mövzunu nə qədər işıqlandırmağa çalışsa da, tərəflərin nəyisə saxlaması, doğrunu söyləməməsi məsələsi də var. İndi üçəmləri dünyaya gətirən Xəyalə anasının evində yaşayır.
Xəyalə Hüseynova Milli.Az-a zəng edərək əri tərəfindən hədələndiyini deyib: "Dünəndən Ramin yatmağa qoymur. SMS-lər yazır ki, evlənirəm, elçi gedirlər mənə. Mən səni 8 milyon içərisində biabır edəcəm. Qardaşlarımı təhqir etdi. Deyir ki, qardaşların sənin kimi pozğunu evində saxlayır. Məni başqaları ilə gəzməkdə ittiham edir. Deyir ki, indi kimlə yatırsan? Gecə isə qardaşlarımı görüşə çağırıb. İmkan vermir uşaqlarımı saxlayım".
Uşaqların atası Ramin Hüseynov isə xanımının danışdıqlarını yalan adlandırıb. Onun sözlərinə görə, bütün münaqişə uşaqlara ad qoymaqdan başlayıb:
"Qaynım demişdi ki, uşaqlardan birinin adını özü qoyacaq, razılaşmışdım. Sonra isə uşaqların hamısına özləri ad qoydu. Balamın birinə anamın adını qoyasıydım. Dedilər ki, anamın adı yaxşı deyil. Mənim ata kimi hüququm yoxdu uşaqlarıma ad qoyam?"
Üçəm atası övladlarını və həyat yoldaşını atmadığına da inandırmaq istəyib: "Axı onları evdən qovmamışam. Xəyalə mənə dedi ki, xəstəxanadan sonra 40 gün anamgildə qalacam. Razılaşdım, lakin uşaqlar olandan sonra evimə qayıtmaq istəmədi, ayrıca ev tələb etdi. Xəstə anam var, qardaşım var. Ayrıca evi hardan alım? Evə gedirəm ev üstümə gəlir. Mən də istəyirəm ki, uşaqlarım və ailəm yanımda olsun. İt kimi işləyib uşaqlarımı saxlayım. Amma gəlmirlər, bu dəqiqə Xəyalə gəlsə, gedib gətirərəm. Çalışıram ki, uşaqlarımı saxlayım, yoldaşım yaxşı qadındır. Dünən dedim ki, Xəyalə, mənə fikrini qəti de, işimi bilim. Mən də tək yaşayası deyiləm ki?! Rəhmətə gedən atamı təhqir edir. Bu məsələyə qardaşları qarışdı. Ona görə də görüşə çağırdım. İndi də dövlətdən ev, pul tələb edirlər. Bu dəqiqə zəng etsin desin ki, apar məni, aparmasam, kişi deyiləm. Əks halda onlara bir qəpik də pul verən deyiləm".
Yoldaşı Xəyalənin əvvəl nişanlısı tərəfindən qaçırıldığından, ondan hamilə qalmasından da danışıb: "Xəyalə əvvəl nişanlı olub. Nişanlısı onu qaçırıb, sonra Xəyalə ondan hamilə olub. Xəyalə dərman ataraq uşağı məhv edib. Sonra isə buna görə uşağı olmurdu. Mən qaynanama dedim ki, Şərqiyyə xala, sənin qızını gəlin paltarı ilə aparacam, amma mənim işlərimə qarışma. Əvvəl qarışmırdı, mehriban olurdu. Müalicə etdirdim, uşaqlarımız oldu, bundan sonra qaynanam tam dəyişdi.
Uşaq həsrətilə yanıram. İlk nikahımdan olan bir uşağım başqa qapıda, onsuz da, ağlayır. Niyə bu uşaqlarım da ağlamalıdır? Uşaqların nə günahı var? Günah Xəyalə ilə mənimdi. Dilənəcəm, 3 yerdə işləyəcəm, amma balalarımı dolandıracam. Atayam, ürəyim dəmir deyil. İstəyirəm evimdən uşaq səsi gəlsin".
Bu insanların-ailə demək olarsa, ailənin həyat dramını oxuyanda istər-istəməz ailə məsuliyyətinin nə demək olduğunu dərk etməyən insanların yaratdığı dəhşətlə üz-üzə qalırsan. Ortada beş canlının taleyindən söhbət gedir. İndi üçəmləri dünyaya gətirən xanım bundan əvvəl bir övladını hələ dünya işığına göz açmamış tələf edib. Ata da bir uşağını gözüyaşlı qoyduğunu etiraf edir. Allah bu insanlara bəlkə də günahlarını yumaları üçün növbəti bir sınaq verib. Üç övlad birdən. Elə ailələr var ki, bir övlad sahibi ola bilmək üçün illərlə xəstəxana qapılarında qalır. Bu gün övladının gələcəyini, ailə olmağın xoşbəxtliyini düşünmək əvəzinə bu cür havadan-sudan söhbətlərlə ailəsini dağıdan insanlar çoxdur. Söhbət yalnız Xəyalə və ya Ramindən getmir. Onların timsalında bu gün ölkədə kifayət qədər bu cür ailələr var ki, öz məsuliyyətlərini dərk etməyən insanlar ucbatından uşaqlar ortada qalır. Ana bir söz deyir, ata başqa bir söz. Nənə və yaxud baba öz dediyini yeritmək istəyir. Ortada uşaq yaddan çıxır. Dili yoxdur deyə, səssiz hesab olunur. Mənəmlik duyğusu hər hissdən önə çıxır. Ailə məfhumu yaddan çıxır. Çox qəribə vəziyyət yaranıb. İndi Azərbaycan ailəsində seriallara baxan, ordakı həyatı yaşamaq arzusunda olanlar həddən artıq çoxdur. Sosial problemlərin girdabında boğulan bir ailə serial qəhrəmanın həyatı ilə öz həyatını eyniləşdirmək istəyir. Xanımlar adətən serial yolunu tutub. Bəs kişilər nə edir? Sosial şəbəkə xəstəliyi ilə "can verir". Bir neçə uşaq atası yaşda olan birinin hətta ictimai nəqliyyatda belə facebook vasitəsilə kiminləsə yazışdığının şahidi olursan. Azərbaycan ailəsinin çox böyük bir qismi indi bu vəziyyətdədir. Ailənin qayğısı, məsuliyyəti unudulub. Bütün günü serialda və ya sosial şəbəkədə erotik səhnələr izləyən, çılpaq qız şəkillərini bəyənən ailə başçıları uşaqlarına hansı gələcəyi təmin edəcək? Bəlkə bu insanlar, ayrı-ayrı fərdlər məsuliyyətlərini dərk etmir, bir ailənin dağılmasdına səbəb olur. Amma hökumət bu işə bir əncam çəkməlidir. Xəyalə və Ramin kimilərinin ailəsi bir-iki hansısa paket yardım yox, araşdırma, təhlil tələb edir. Onların ortada travma ilə buraxdıqları övladlar Azərbaycan üçün də təhlükədir. Sağlam mühitdə böyüməyən bu cür insanların qarşısında gələcəkdə kim duracaq? Hanı ailə tərbiyəsi, hanı "bəzilərinin" haqqında iyrənə-iyrənə danışdığı ailə dəyərləri, milli mentalitet? Axı özümüzü müasir hesab edib imtina etdiyimiz milli mentalitet hər millətin ruh halını əks etdirir. Sözdən imtina edə bilərik. Bəs ruhumuzdan? Uçuruma yuvarlanan bu ailələlərin ətrafa yaydığı qol-qanaddan sabah hər birimizə ziyan gələcək. Azərbaycan ailəsi adla deyilib, hanı bəz topdağıtmaz ailələr?
Hökümət bu sahədə proqram hazırlamalı və işlək qanunlar olmalıdır ki, ailə quran hər bir gənc sabah atacağı addıma görə cavab verəcəyini dərk etsin. Biri uşağını atır, başqa biri arvadının başını kəsir, biri nişanlısını maşının altına itələyir, sonra da hamı özünü haqlı hesab edir. Qanunlar olmalıdır, gerçəkdən kimin haqlı, kimin haqsız olduğunu ortaya qoya biləcək qanunlar, milli dəyərlər, Allaha inam məsələsi gündəmə gətirilməlidir. İnsanlar ailəsinin şəxsi mülkü olmadığını anlamalıdır.
Son söz əvəzi. Milli dəyərlərimizi, mentalitet sözünü, Azərbaycan ailəsinin geridəqalmışlığlını yazılarında təhqir etməyə çalışan bir insanın şəxsi həyatı haqqında o qədər iyrənç sözlər duydum... Bu yazıqda günah yoxmuş, aşıq gördüyünü çağırar. Mentalitet, dəyər dediyimiz bu nəsnə Allahın millət olaraq bizə bəxş etdiyi ruh halıdır. Kim istəyirsə, ruhunu çıxara bilər. Əgər quru cəsədinin kiməsə lazım olduğunu düşünürsə...
Aygün