Yasxana açan verilişlərin cəmiyyətə gətirdikləri - AKTUAL
Professor Nizami Cəfərov və ekspert Gülnar Nəzərovanın fikirləri üst-üstə düşdü...
26 Sentyabr 2013 18:23 ProblemƏtrafımda olan insanların 90 faizindən də çoxu Azərbaycan kanallarına baxmadıqlarını bildirirlər. Amma nədənsə kanallarda yayımlanan bütün verilişlərdən hamının məlumatı olur. Bu vəziyyəti analiz edəndə müxtəlif fikirlər ortaya çıxa bilir. Verilişlər haqqında sosial şəbəkələrdən məlumat almaq olar və s. Demək ki, hər bir ailədə bəyənmədiyimiz bu cür verilişlərin ən azı bir tamaşaçısı olur ki, həmin insanın sayəsində ətrafındakı insanlar məcbur qalıb ya onun dilindən, ya da onunla bərabər verilişə baxdığından yerli "məhsullardan" yararlanır. Nəticədə istər-istəməz yayımlanan verilişlər öz keyfiyyəti və keyfiyyətsizliyi ilə bütün insanlarda öz təsirini qoyur. Bəs necə təsir buraxır bizim verilişlər? İnsanları mərhəmətə çağıran, yaxınlarına sevgi göstərməyin vacibliyini aşılayan verilişlərə nəzər salanda görürük ki, bu tipli proqramlar tamaşaçıda daha çox vahimə, həyəcan və stres yaradır. İnsani duyğuları oyatmaq əvəzinə, intiqama səsləyir və ya bir insan faciəsi varsa ortada, o qədər zəif təqdim olunur ki, tamaşaçıda mərhəmət əvəzinə, gülüş yaradır. Mütəxəssislər bu cür verilişlərin günümüzün reallığı olduğunu və onlardan qaçmağın mümkün olmadığını bildirdi.
***
Professor Nizami Cəfərovun fikrincə, insanlar bu cür verilişlərə öz dərdlərini danışmaq üçün gedirlər. Bütün insanları bir yerə yığmaq və eyni qəlibə salmaq fikrinə qarşı çıxan Nizami Cəfərov bildirdi ki, bu cür proqramlar da qaçılmazdır: "Biri oğlunu itirib, biri qızını itirir. Başqa birinin cavanlıqda ağlı başında olmayıb, sonradan ağıllanıb". Bu cür şeylərin dünyanın hər yerində olduğunu deyən professor verilişlərin keyfiyyət məsələsinə də toxundu : "İzləyəndə o verilişlərin səviyyəsinin aşağı olduğunu görürəm. Amma bu verilişlərin də özünə görə tamaşaçısı var. Aparıcılar, o verilişləri təşkil edənlər səviyyəni qaldırmaq üçün də çalışmalıdırlar. Mənə xoş gəlməyən odur ki, aparıcılar da bəzən özlərini o səviyyəyə endirirlər və məlum olur ki, insanın sadəcə həyatı buymuş. Bilmədiyi səviyyədə ailə qursun, sonra uşaqlar yaransın, uşaqlar hərə bir yana getsin. Sonra uşaqları axtarsınlar və ya uşaq ata-ananı axtarsın. Bu hadisələr dünyanın reallığıdır. Amma bu cür hadisələr peşəkar adamlar tərəfindən təhlil olunmalıdr. Hadisələrin nə üçün bu cür cərəyan etdiyi ortaya qoyulmalıdır. Bu reallıq televiziyaya, hansısa təhlil obyektinə çıxırsa, təhlil səviyyəsində də olmalıdır. Yəni təhlil ortada olan həyatdan daha səviyyəli olmalıdır. Bu cür verilişlərdən narazılığım məhz bu aparılan müzakirə və təhlillərin kifayət qədər səviyyəsiz olması ilə bağlıdır".
Həyatın özünü gətirən televiziyalar
Televiziyalar tamaşaçı axtarır və hər hansı akademik səviyyədə söhbət gedərsə, ona heç kim baxmayacaq. Buna görə də televiziyalar həyatın özünü axtarır və həyatın özünü gətirir. N.Cəfərov belə deyir. Və professor bizim televiziyaların həyatın özünü gətirmək qabiliyyətini alqışlayır. N.Cəfərovun fikrincə, televiziyalara adətən olduğu məqama çətinliklə gələn insanları işə götürürlər ki, onlar da həyatı bilirlər. Amma peşəkar olmadıqlarına görə səviyyə aşağı düşür: "Ən böyük problemimiz də odur ki, bizdə televiziya tənqidi, televiziyanın özünün özünü dərk etməsi problemi var. Televiziya öncə özünü dərk etməli və cəmiyyəti qaldırmalıdır. TV-lərin bütün heyəti istənilən qədər səviyyəli deyil. Tam cəmiyyətə əsaslanmalıyıq ki, səviyyə oradan yaransın. Dünya təcrübəsi. İndi hər bir azərbaycanlı ABŞ-dan danışır. Açıq informasiya sistemi, açıq əlaqələr sistemidir. İnsanlar hər şeydən xəbər tutur. Bizim televiziyalarda verilən verilişin nəticəsi olmalıdır. Amma bizim bu tipli verilişlərdə nəticə olmur, sadəcə ağlaşma olur".
N.Cəfərov hesab edir ki, əgər bu dünyada görülən işin nəsə xeyirxah məqsədi varsa, o iş qalacaq. Yoxsa "bu dünya zəlildir" fikrinin üzərində qurulan, bunu təbliğ edən işin gələcəyi yoxdur.
Sosial Qayğı və Tədqiqatlar Mərkəzinin rəhbəri Gülnar Nəzərovanın sözlərinə görə, dünyanın bir çox ölkələrində müxtəlif sosial problemlərə həsr olunmuş kifayət qədər uğurlu TV layihələri həyata keçirilir ki, bu təqdirəlayiq haldır. Çünki sosial müdafiəyə ehtiyacı olan, yaxınlarını itirən, himayəyə ehtiyacı olan şəxslərin problemlərini daha geniş auditoriyaya, hətta tək ölkədaxili deyil, dünyaya çatdırmaq baxımından televiziyadan üstün vasitə ola bilməz. Ekspert düşünür ki, bu ehtiyaclara baxmayaraq bu məsələnin gündəmə gətirilməsi həmişə heç də eyni nəticə vermir : "Eyni problem, eyni hədəf qrupu, eyni təqdimetmə vasitəsi... Lakin birinin fəaliyyəti real və uğurlu, digərinin fəaliyyəti isə insanların olan ümidlərinin itirilməsi ilə nəticələnir.
Məlum məsələdir ki, ölkədə sosial qayğıya ehtiyacı olan kifayət qədər şəxs var və onların problemlərinin həlli bəzən sadəcə formal olaraq həyata keçirilir. Bu baxımdan mövcud problemlər yenidən gündəmdə qalır. Problemlərini bu vasitələrlə həll edə bilməyən sadə vətəndaşlar ümid yerini televiziyalarda görürlər. Lakin televiziyalar insanların problemlərini həll etmək yerinə daha çox yüksək reytinq əldə etmək barəsində düşünürlər. Bu isə təbii ki, müxtəlif fəsadlara gətirib çıxarır. Belə ki, problemlər qalır bir kənarda, aparıcılar mövcud problemin ətrafında qalmaqal yaratmağın yollarını axtarırlar. Bu proses çox "uğurlu" alınır. Reytinqlərdə üst sıraları əldə edən televiziya və layihənin təşkilatçıları bundan istədiklərini, yəni kifayət qədər gəlir əldə edir. Bu gəlir və "uğurlar" televiziyanı bu tərz qalmaqallı, lakin məzlum insanlardan istifadə etməklə proqramların hazırlanmasına sövq edir. Bununla da televiziyalar getdikcə daha müxtəlif problemlər və hədəf qrupu axtarışına çıxırlar. Əslində ölkədə kifayət qədər problemli məsələlər var ki, bunları həqiqətən televiziya vasitəsilə həll etmək mümkündür. Hansısa şəxslərin ailəsi ilə bir araya gətirilməsi, kimlərinsə çox uzaqda olub tapa bilmədiyi şəxslərlə əlaqəsinin qurulması, çətin həyat şəraitində yaşayan insanların problemlərini gündəmə gətirməklə onlara yardım etmək və s. saysız problemin adını qeyd etmək olar. Düzdür, bizim televiziyarda da oxşar problemlər gündəmə gətirilir. Lakin real nəticə heç də eynən bizim gördüklərimiz olmur. Illərlə eyni telekanala böyük bir ümidlə üz tutan şəxslər sadəcə o verilişlərin istifadə etdiyi bir vasitə olur. Bir-iki həll olunması mümkün problemlə bağlı yardım göstərilir və ya həll olunurmuş adı verilərək məsələ bağlanır. Əllərində yaxınlarının şəkilləri ilə illərlə televiziyaya üz tutan çarəsiz insanlar isə, heç xəbərləri də olmur ki, bir şounun qurbanına çevriliblər. Bəzən isə münaqişəli məsələlər gündəmə daşınır. Bunların içərisində zorakılığa məruz qalmış şəxslər, mülk məsələləri və s. göstərmək mümkündür ki, bu tərz məsələlər çox vaxt həllini tapmadığı kimi, üstəlik həmin şəxslərin həyatı üçün təhlükəyə çevrilir". G.Nəzərova bildirdi ki, televiziya bu cür insanların təhlükəsizliyinə, gələcəkdə də bu məsələdə dəstək olacağına efir vasitəsilə vəd versə də bu vəd sözdən irəli getmir. Nəticədə, həmin şəxslərin münaqişələri sadə yolla həll olunacaqdısa, artıq daha çıxılmaz bir hal alır: " Göründüyü kimi bu tərz məsələlər həm böyük kütləni ardınca aparır, həm də problemli şəxsləri cəlb edir. Bununla da böyük bir kütlənin hisslərindən sui-istifadə edilir.
Bəzən isə məsələdən agah olan şəxslər bu mövzuda proqramlardan elə öz reklamları məqsədilə yararlanır. Beləliklə, fərqli bir mövzuda yaranan proqramlar fərqli hədəf qruplarının məqsədlərinin reallaşmasına gətirib çıxarır.
Bunun səbəbi nədən qaynaqlanır? Təbii ki, hər bir sahədə peşəkarlar fəaliyyət göstərməlidir. Məqsəd reytinq, gəlir əldə etməyə deyil, problemin həllinə yönəlməli, düzgün strategiya seçilməlidir. Lakin digər sahələrdə olduğu kimi bu sahədə də yaxın gələcəkdə problemin həllində müsbət dəyişiklik olacağını hesab etmirəm".
Aygün
P.S. Mövzunu davam etdirəcəyik.