KİV-də yayılan intihar xəbərlərinin doğurduğu fəsadlar - AKTUAL
“Bu cür informasiyalar intihara meylli insanlara təsir edir”
25 Sentyabr 2013 14:45 ProblemMüxtəlif xəbər saytlarında, internet portallarında, eləcə də evlərin ən çox qonağı olan televiziyalarda intiharlarla bağlı kifayət qədər xəbərlər yer alır. İntihar xəbərləri təcavüzlə bağlı informasiyalarla yarışır. Hər iki növ məlumatlar insanların şüurunda mənfi təsir buraxır. Bu gün təcavüz yox, intihar xəbərlərinin mənfi təsirlərini araşdırmağa çalışacağıq. Payızın gəlişi ilə insanların psixoloji vəziyyətində onsuz da dəyişikliklər baş verir. Əlavə olaraq bir də bu cür xəbərlərin duz-istiot olması vəziyyəti daha da dramatikləşdirir. Mətbuatda gedən məlumatlara görə, şimal qonşumuz Rusiya intiharlarla bağlı xəbərlərin sayını azaltmaq fikrindədir. Bizdə də isə hələ ki, bu barədə danışmaq hələ tezdir. Çünki xəbər yayanlarımız bu cür məlumatların sayını nəinki azaltmaq, üstəlik bir qədər də obrazlı şəkildə verməklə məşğuldurlar. Bəs, görəsən həqiqətən bu cür xəbər və görüntülər insan psixologiyasına təsir edirmi?
Mütəxəssislər bu barədə nə fikiriləşir? Psixoloq Asəf Kərimov KİV-lərdə -internet səhifələrində bu cür xəbərlərin verilməsinin intihar hallarına təsir etməsinin təsdiq olunduğunu bildirdi. İlk növbədə KİV-lərdə bu davranış formasının tez-tez nümunə gətirilməsi, məqsədli şəkildə olmasa da, informasiyanın şüuraltına yerləşməsinə səbəb olur: "Uşaqlar və yeniyetmələr televiziyalara heç bir nəzarət olmadan baxırlar. Eyni zamanda, internetdə də nəzarətsizlik var. Nəticədə bir davranış nümunəsi kimi bu faktların çox görülməsi, oxunması artıq bir davranış nümunəsi kimi yeniyetmələrin beynində iz salır, onları təşviq edir. Digər bir tərəfdən intiharla bağlı təkcə xəbərləri yox, eyni zamanda hərəkəti təbliğ edən müəyyən qruplar var. Xüsusilə, yeniyetməlik dövründə özlərini aktuallaşdırmaq istəyində olan gənclər yaratdıqları qruplarda rok və bu qəbildən olan musiqi dinləməyə üstünluk verirlər. Bu cür musiqi formaları daha çox insanın mənfi emosiyalarını əks etdirir. Yeniyetmələr bu yola özlərini təqdim etməyə, cəmiyyətin diqqətini cəlb etməyə çalışırlar".
Psixoloq bildirdi ki, hansısa bir şəxsin bu cür xəbərlərə meylinin olması da intihara gətirib çıxara bilər. İnternet vasitəsilə materiallar yalnız xəbər şəklində yox, hərəkətlər, fotolar formasında da var. İntihar sözünü yazmaqla tək googl-da nə qədər şəkillər tapmaq olur.
İntihar meyilləri bütün insanlarda olur
İntihar meyillik bütün insanlarda olur. Psixoloq bildirdi ki, intihar düşünən insan əvvəlcə hazırlıq mərhələsini yaşayır. Bununla bağlı bədii ədəbiyyat oxuyur. Fotoşəkilləri və filmləri izləyirlər. Onlar valideynləri və ya digər insanlarla bu problemlərini həll etməkdənsə, internetdə ünsiyyətə üstünlük verirlər: "Adətən belə yeniyetmələr internetdə xüsusi adlar və s. ilə bir-birilərini çox tez tapırlar. "Həyatdan bezənlər", "tənha adamlar və yaxud "qara paltarlı adamlar" adı altında bir-birilərini tapırlar. Adətən onların ünsiyyətində həyatın pis, zalım olması ilə bağlı fikirlər, "məni heç kim sevmir, bütün insanları görən gözüm yoxdur" formasında cümlələr olur. Xüsusilə də dəyərləri, mentaliteti, qadın və kişi, oğlan və qız münasibətlərini, gender problemlərini ortaya qoyan fikirlər səslənir və tənqid olunur. Və bu cür insanlar öz davranışları ilə bir-birini güzgü kimi əks etdirirlər. Ölümü və yaxud intiharı özləri üçün daha romantik cümlələrlə təsvir edirlər. "Kaş ki, indiki zamanda ölü olsaydım, o zaman mənim arxamca ağlayanların kim olduğunu, yaxşı və pis dostun kim olduğunu bilərdim, kimi statuslarla ünsiyyət yaradırlar. Bu yolla bir-birilərinə stimul verirlər və intihar meyilləri olan insan bu statsuları oxuduqda onlarda bu hərəkətlərə meyl daha da güclənir.
İntihar meyilli insanlara yardım olmalıdır
İntihara meyl edən insanlara yardım vacibdir. Psixoloqun sözlərinə görə, Azərbaycanda bu sahədə onlayn yardım forması azdır və belə yardımların şəbəkəsini genişləndirmək lazımdır. Eləcə də bu cür adamların yanında olanlar da bu insanlarla ünsiyyət qurmağa, söhbət eləməyə vaxt ayırmalıdırlar: "Əvvəlcə problemin qaynaqlanma səbəbi tapılmalıdır. Xüsusilə, yeniyetmləik dövründə qarşılıqsız sevgi ilə bağlı bu hallar daha çox olur. Dostlarla ünsiyyətdə çətinlik yarandığında, normal qrupdan ayrılıb risk qrupuna qoşulduqda, böyüklər tərəfindən eşidilmədiklərini düşündükdə bu hallar yarana bilir. Yardım məsələsinə gəlincə, bununla bağlı konkret işlər görülməlidir. Dövlətin idarəçiliyində olan televiziyalar bu barədə ciddi verilişlər, söhbətlər verməlidirlər. Eyni zamanda internetdə də psixoloji yardımlar həyata keçirmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı var, Təhsil Nazirliyinin saytı var. Bu qurumlar rəsmlikdən bir qədər irəli keçib bu məsələlərlə bağlı psixoloji yardım bölməsi yarada bilərlər. Təhsil Nazirliyi məktəb psixoloqları arasında sosial şəbəkələrdə bir qrup yarada bilər. Əslində buna böyük bir vəsait də tələb olunmur. Gənclər və İdman Nazirliyinin tərkibində yardımçı saytın yaradılması mümkündür. Əvvəl mütəxəssis yoxluğundan şikayət etmək olardı. İndi bu problem də yoxdur. Və yaşlı nəsildən fərqli olaraq gənc nəsildən olan mütəxəssislər xarici ökələrdə təcrübələrə gedirlər və özlərini təkmilləşdirirlər. Sadəcə olaraq bu məsələni nəzarətdə saxlayan bir dövlət qurumuna ehtiyac var".
A.Kərimovun fikrincə, Səhiyyə Nazirliyi özü bu işlərə nəzarət etməli, "Psixi sağlamlıq haqqında qanun"un təşkilində bu hissələr mütləq nəzərə alınmalıdır. Bu tədbirləri həyat keçirməklə internetdə intihara meyl yaradan təbliğatın qarşısını almaq mümkündür.
Yaydan payıza keçid və intihar
Hazırda payız fəslinə keçid dövrünü yaşadığımızı vurğulayan psixoloq bu cür keçid dövrlərində intihara meyilliliyin daha da gücləndiyini bildirdi. Eyni hal yaz aylarında, xüsusilə aprel-may aylarında da özünü göstərir. Bəs nə etməli? A.Kərimov bildirdi ki, bunları nəzərə almaq və həmin vaxtlarda daha gərgin, xüsusi bir iş rejiminə keçmək mümkündür. Tutqun havanın insanın əhval-ruhiyyəsinə təsir göstərdiyini deyən psixoloq bu cür havalarda yaranan gərginliyi aradan qaldırmaq üçün ünsiyyətin qurulmasını təsirli vasitə hesab edir: "Ən azından ünsiyyət zamanı insanlar öz problemlərini bir-biri ilə bölüşürlər. İndi isə bizdə problem ondadır ki, insanlar get-gedə fərdiləşir və kollektiv mübahisələr və söhbətlər getdikcə azalmaqdadır. On görə də insanlar fikirlərini bölüşə bildikləri, onları yaxşı tanıyan insanlarla ünsiyət qurmağa çalışmalıdırlar. Yaxşı olar ki, hətta tutqun havada belə evdə çox oturmasınlar və özləri üçün kiçik yığıncaqlar, tədbirlər təşkil etsinlər. Konsertlərə getmək, açıq havada, şəhər qırağında gəzmək olar. Depressiya vəziyyətini azaladan formalardan biri də heyvanlarla ünsyyətdir. Ev heyvanları-quşlar, pişiklər, balıqlarla məşğul olmaq insanın əhvalını yüksəldə bilir. Eyni zamanda insan öz həyat tərzini və iş mühitini müəyyən dərəcədə dəyişməyi bacarmalıdır. Yaradıcılıqla məşğul olmaq olar. Yaradıcılıq mənfi enerjini götürür. Xüsusilə, rəqs də faydalıdır. Musiqi dinlədikə qəmli musiqi olmamasına fikir vermək lazımdır. Ən əsası birmənalı olaraq evdə qapanmaqdan uzaqlaşmaq lazımdır".
İnsan cəmiyyəti formalaşdığı andan etibarən cəmiyyətin sosial bəlası olan intiharlar da mövcud olub. Sosial Qayğı və Tədqiqatlar Mərkəzinin rəhbəri Gülnar Nəzərova bu fikirdədir.
Bu səbəbdən də müxtəlif alimlər intiharlarla bağlı araşdırmalar aparıblar: "Onlardan biri olan görkəmli sosioloq E. Dürkheymin araşdırmalarına qədər tək Qərbdə deyil, bütün dünyada intiharın səbəbi hər zaman intihar edən şəxsin səhhətində və psixoloji durumunda görülürdü, lakin Dürkheym müəyyən etdi ki, intiharın səbəbi fərdin özündən çox onun yaşadığı ətraf mühitdə axtarılmalıdır. O, müəyyən qrup insanların (qadınlar, cavanlar,varlı şəxslər) digərlərindən (kişilərdən, qocalardan, imkansızlardan) daha az hallarda intihara əl atdığını bildirdi. İntiharların statistikası cəmiyyətin xüsusiyyəti ilə birbaşa əlaqədardır. İntiharlar bir sıra səbəblərin (fiziki, əqli, iqtisadi problemlər, alkoqol və narkotik vasitələrdən istifadə, ailələrin dağılması, zorakılıq, günahkarlıq hissi və s.) təsiri ilə baş verir".
Mütəxəssisin sözlərinə görə, intiharları bir neçə şəkildə qruplaşdırmaq olar.
1.Cəmiyyətdə qəbul edilən normalara hədsiz riayət edən şəxslərin intihar etməsi altruistik intihar adlanır;
2.İnsanların bağlı olduğu hansısa dəyərlər öz qüvvəsini itirdikdə baş verən intihar eqoist intihar adlanır;
3.İnsanların vərdiş etdikləri üstünlüklərdən məhrum olması ilə ortaya çıxan intiharlar anomik intiharlardır;
4.Şəxsin həyatı, dəyərləri və s. digərləri tərəfindən hədsiz nəzarət altında olduqda baş verən intiharlar fatalistik intihar adlanır.
İnsanların çıxış yolu hesab etdiyi bu yol bəzən məqsədli, planlaşdırılmış şəkildə, bəzən isə ani psixoloji gərginliyin təsiri ilə baş verir.
Müsahibim bildirdi ki, texnologiyaların inkişafı intiharlarla da bağlı informasiyaların sürətli və kütləvi şəkildə axınına gətirib çıxardı: "Azərbaycanda son dövrlərdə intihar xəbərləri KİV-də daha çox yer almaqdadır. Bu məlumatlar insanların diqqətini cəlb etdiyi üçün KİV bu problemi işıqlandırmaqda daha çox maraqlı olur. Lakin bu problemin işıqlandırılması heç də həmişə insanların bu poblemdən "dərs alması" ilə nəticələnmir. İntihara meyilli şəxslər intiharla bağlı mütəmadi informasiyalarla qarşılaşdıqda həm bu məsələdə tək olmadıqlarını düşünürlər, həm də özləri üçün konkret intihar formasını müəyyən edirlər. Bu cür məlumatların bolluğu nəinki intihara meyilli şəxslər, həm də ən sadə problemlə qarşılaşan şəxsləri də intihara sövq edə bilər. Təbii ki, intiharın növləri, intiharın daha ağrısız formaları və s. bu kimi informasiyaların əlçatarlılığı insanların intihar barədə fikirlərinin qətiləşməsinə gətirib çıxarır".
Aygün