İntihara aparan yol - PROBLEM

Cehiz problemi ölüm üçün səbəb ola bilərmi?

Son vaxtlar Azərbaycanda intihar hallarının sayının artması müşahidə olunur. Özü də bu intiharlar müxtəlif yaş kateqoriyalarını əhatə etməklə yanaşı, müxtəlif səbəblərdən baş verir. Gənclər, xüsusən də qızlar arasında, eləcə də orduda qeydə alınan intihar halları cəmiyyətdə ciddi narahatçılığın yaranmasına səbəb olub. Demək olar ki, hər həftə, hər ay ölkədə intihar halların baş verməsi barədə məlumat verilir, gənc oğlan və qızlar, hətta məktəb yaşlı uşaqlar heç bir ciddi səbəb olmadan intihara əl atırlar. Sosial şəbəkələrdə sevgilisindən ayrılan, orta məktəbi aşağı qiymətlə bitirən, ali məktəbə daxil ola bilməyən, ən nəhayət nişanlısından ayrılan və cehiz ala bilməyən gənclər olduqca asanlıqla intihar edirlər. Ölkədə intihar hallarının sayının artması bu məsələ ətrafında ciddi düşünməyə əsas verir. Yəni, intihar hallarının statistik göstəricinin özü deməyə əsas verir ki, ölkədə intihar hallarının qarşısının alınması istiqamətində ciddi profilaktik tədbirlərin görülməsinə ehtiyac var. Məlumdur ki, intihar halları bir neçə səbəbdən baş verir və həmin səbəblərin aradan qaldırılması elə də ciddi problem hesab olunmur. Sadəcə, məsələyə yanaşma tərzinin dəyişməsi və profilaktik tədbirlərin güclənməsinə ehtiyac var ki, intiharların sayının azaldılması mümkün olsun. Rəsmi statistik məlumatlardan bəlli olur ki, intihar edənlər sırasında müxtəlif kateqoriyadan olan insanlar mövcuddur. Yəni azyaşlı uşaqlardan tutmuş 70 yaşına qədər insanlar məqsədli şəkildə özlərinə qəsd edirlər. Adətən azyaşlılar üzləşdikləri uğursuzluqlara, yaşlılar isə düçar olduqları xəstəliklərin ağrılarına tab gətirə bilmədiklərinə görə intihara əl atırlar. Elə ailə-məişət zəminində də intihar edənlərin sayı az deyil. Göründüyü kimi baş verən intihar halları müxtəlif səbəblər ucbatından reallaşır. Maraqlı məqam ondan ibarətdir ki, son zamanlar Azərbaycanda baş verən əksər intihar hallarının səbəbi gizli saxlanır. Hüquqşünas Mirzə Manafov qeyd edir ki, bu məsələdə həm hüquq-mühafizə orqanları, həm də valideynlər maraqlıdır. Valideynlər ailə-məişət zəminində baş verən intihar hallarının ictimailəşməsini istəmədiyindən hüquq-mühafizə orqanları da hadisəni rahatlıqla qapaya bilirlər. Elə bu səbəbdən də  baş verən intihar faktının əksəriyyətinin səbəbi ictimaiyyətə bəlli olmur. Məlumat üçün qeyd edək ki, dünyada hər gün orta hesabla 1000 insan intihar edərək həyatına son verir. Bütün dünyada 42 saniyədə bir insan həyatına son qoymaq üçün intihara cəhd edir, hər 17 dəqiqədən bir insan intihar səbəbindən həyatını itirir. Əgər beynəlxalq statistikada intihar cəhdləri kişilər arasında daha çox müşahidə olunursa, Azərbaycanda qadınlar öndə dayanır. Belə ki, beynəlxalq aləmdə 15-19 yaş arasında oğlanlarda tamamlanmış intihar faizi qızlardan daha çoxdur. Aparılan tədqiqatlarda intihar nəticəsində həyatını itirən şəxsləri 63%-inin kişilər, 37%-inin qadınlar olduğu müəyyən edilib. M.Manafov deyir ki, tədqiqatlara əsasən 15-24 yaş qrupunda ümumi ölüm səbəbləri arasında üçüncü sırada intihar durur. Onu da qeyd edir ki, insan şüuru yerindəykən bədbəxtçilik nəticəsində özünü öldürmə intihar hesab olunur. Yəni, ölüm faktında bilərəkdən özünəqəsd varsa, bioloji ölüm yox, intihar adlanır: "İntihar hadısəsi müxtəlif səbəblərdən baş verir ki, onun da kökündə sosial-psixoloji amillər dayanır. İntihar şəxsin hissi, psixi və ya sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması kimi qiymətləndirilir. İntiharın səbəbləri kimi daha çox aşağı sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf, immiqrasiya, psixi pozuntular, şiddətə meyllilik və düşünmə pozuntuları göstərilir. Həmçinin depressiyada yetkin insanlarda olduğu kimi gənclərdə də vacib risk faktoru olduğu göstərilir. Son illərdə uşaqların ölümü ilə bağlı aparılmış tədqiqatlar uşaqların ölümün həqiqi mənasını qavraya bilməməsi də intihar cəhdi üçün risk faktoru ola biləcəyi irəli sürüıür".
Ekspertin qənaətinə görə, depressiya xəstələrinin 15%-i intihara cəhd nəticəsində həyatlarını itirirlər. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri həll etmə bacarığının aşağı olması, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi olduğu təsdiqlənib. Öz gücünə uyğun olmayan məqsədlər qoymaq, müvəffəqiyyət qazana bilmədiyində tənqidə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər uşaq və gəncləri intihar cəhdlərinə yönəltməkdədir". Onun sözlərinə görə, intihar hallarının qarşısının alınmasında profilaktik tədbirlərdən vacib valideyn məsuliyyətidir: "Nəzərə almaq lazımdır ki, intihar qarşısı alına biləcək ölüm səbəbidir. Yəni, burada insan faktoru əsas rol oynayır. Bu qərarın qəbul edilməsinə səbəb olan amillər çox müxtəlif olduğundan sadəcə məsələyə həsaas yanaşma tələb olunur. Valideynlər tərəfindən problemlərin vaxtında araşdırıb ortaya çıxarılması baş verən intihar hallarının yarısının qarşısının alınması deməkdir. Bu baxımdan valideynlər uşaqlara qarşı diqqəti artırmalı, məktəblərdə psixoloqların sayının çoxaldılması gənclər arasında intihar hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31