Bakı Nəqliyyat Agentliyinin qanunsuz cərimələrinə görə kim məsuliyyət daşıyır?

Prezident İlham Əliyevin Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi ( BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyinə verilib. Agentliyin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilib. Dövlət başçısının məlum fərmanından sonra ən cox müzakirə olunan məsələ paytaxtda parklanma məsələsinin necə tənzimlənəcəyi və dayanma-durma qaydalarını pozanlara cərimələrin hansı qurum tərəfindən yazılacağı ilə bağlı oldu. Ekspertlər dərhal qeyd etdilər ki, BNA-nın BŞİH-nin tabeliyinə verilməsindən sonra müsbətə doğru hər hansı dəyişikliyin  olacağını gözləməyə dəyməz. Səbəb isə ondan ibarətdir ki, idarəetmədə təkmilləşdirmədə təkcə hansısa qurumun statusunun dəyişdirilməsi, yaxud səlahiyyətlərin artırılması kifayət etmir, bunun üçün mövcud hüquqi bazanın da uyğunlaşdırılmasına ehtiyac var. Başqa sözlə, paytaxtın nəqliyyat infrastukturunun qurulması və qaydaların pozulmasına görə sanksiyaların tətbiq edilməsinin eyni quruma həvalə edilməsi heç də müsbət nəticə vəd etmir. Xatırladaq ki, indiyədək parklanmanın BŞİH-də olmasının effekt verməməsi fövqündə yenidən əlavə səlahiyyətlərin bu quruma ötürülməsindən səmərəli nə isə gözləməyə dəyməz. Ona görə ki,  parklanma BŞİH-də olduğu dövrdə də, Bakı Nəqliyyat Agentliyinin kamera vasitəsilə dayanma-durma qaydalarının pozulmasına görə cərimə yazılması zamanı da çoxsaylı qanunsuzluqlara yol verilib. Təkcə bu iki fakt ölkədə nə qədər vəsaitlərin qanunsuz mənimsənilməsinə dəlalət edir. Başqa sözlə, Bakı Nəqliyyat Agentliyinin kamera vasitəsilə yazdığı cərimələrin mütləq əksəriyyəti dövlət büdcəsinə deyil, qanundan üstün olan şəxslərin cibinə axır. Maraqlı məqam ondan ibarətdir ki, statusunda vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək vəzifəsi dayanan qurumun bilərəkdən baş verən qanunsuzluğa göz yumması heç cür başa düşülən deyil. Çox təəssüf ki, illərlədir sürücülər dayanma-durma qaydalarını pozduqlarına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən kamera vasitəsilə cərimə olunur, qurum rəhbəri bu halın qanunsuz olduğunu bilə-bilə susur. Bakı Nəqliyyat Agentliyinin (BNA) kameraları tərəfindən cərimələnən sürücülər kütləvi şəkildə narazılıq edir. Onların bir qismi məhkəmələrə üz tutsa da, bəzi hakimlər BNA-nın xeyrinə qərar çıxarır. Lakin artıq qanunun aliliyi ön plana çıxıb, nəhayət sürücülərdən vəsaitin qanunsuz mənimsəmə faktının üstü vəkil Kamran Məhərrəmov tərəfindən açılıb. Belə ki, vəkilə BNA-nın kamerası vasitəsilə dayanma-durma qaydalarını pozduğuna görə cərimə yazılıb. Vəkil məhkəməyə müraciət edərək kamera ilə xətanı aşkar edib və cərimə edilmənin qanunsuz olduğunu sübut edib. Bundan sonra məhkəmə cəriməni ləğv edib.

Hakim çıxardığı qərarda göstərib ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində, bu məcəllənin digər maddələri üzrə inzibati xəta hadisələrinin  aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəinki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə, hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilər. Eyni zamanda hakim qərarda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanı əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırıldığına görə sürücü barəsində yazılmış cərimə qanunidir. Bakı Apellyasiya Məhkəməsinin qərarında isə qeyd olunur ki, vətəndaşın Bakı Nəqliyyat Agentliyinin 20.12.2021-ci il tarixli, BNA seriyalı, 19575 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi üçün şikayəti əsaslıdır. Belə ki, sürücü tərəfindən törədilməsi ehtimal edilən, İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilib. Lakin İXM-in 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmayıb, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməyib. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərardan, iş materiallarında olan izahatlardan, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilib. Həmin inzibati xətalar bilavasitə aşkar edilməyib, yəni qərar qəbul edib və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməyib. Məhkəmə qeyd edir ki, belə olan halda, sürücünün əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir.

İndi belə bir sual ortaya çıxır, illərlədir ki, BNA kamera vasitəsilə dayanma-durma qaydalarını pozduğuna görə sürücüləri cərimə edir. İndi isə məlum olur ki, kamera vasitəsilə dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin yazılması qanunsuzdur. Təsəvvür etmək elə də çətin deyil ki, ötən illər ərzində nə qədər sürücü BNA tərəfindən qanunsuz olaraq cərimələnib. Üstəlik həmin cərimələrin hara yönəldiyi, kimlərin sərəncamına ötürüldüyü də qaranlıq olaraq qalır. Mütəxəssilərin qənaətinə görə, cərimə inzibati məsuliyyət olduğundan, onu tətbiq etmək səlahiyyəti də yol polisində olmalıdır. Çünki, yol polisi hansı hallarda, hansı saatlarda dayanma-durmaya görə cərimə yazılmasını daha düzgün tətbiq edir. Əks halda insanlara iş yerində, yaşadığı binanın həyətində avtomobili saxladığına görə cərimə tətbiq olunacaq. Nəzərə almaq lazımdır ki, paytaxt Bakıda avtomobillərin parklanması üçün alternativ yerlərin sayı olduqca azdır. BNA-nın praktikasında isə  gecə saat 12:00-da küçə boş olanda belə dayanma-durmaya görə sürücünü cərimələmək praltikası var.

Hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, son vaxtlar Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhəri ərazisində  parklanma, habelə dayanma və durma qaydalarının pozulmasına görə  qanunsuz  tərtib edilən elektron protokollar  və tətbiq edilən cərimələrdən şikayətlər artmaqdadır. Şikayətlərlə bağlı müəyyən araşdırma o qənaəti ortaya çıxarır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məzmunda və mahiyyətdə elektron protokolların tərtibi və cərimələrin tətbiqi hazırda qüvvədə olan inzibati qanunvericiliyə ziddir: "Əvvəla qeyd edim ki,  Azərbaycan Respublikası Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli  Fərmanı ilə  Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması BNA-ya həvalə edilib. Sözügedən Fərman qanuni qüvvəyə mindiyindən Fərmanın icrası üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq dəyişikliklərin edilməsini zərurətə çevirib. Ancaq ki, İXM-nə hələ də müvafiq dəyişikliklər edilməyib. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi ilə müəyyən edilib. Həmin maddənin (İXM) tələbində əvvəla belə bir səlahiyyətin Bakı Nəqliyyat Agentliyinə aid olmadığı ilə yanaşı İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində elektron qaydada qeydə alınan xətaların siyahısında dayanma-durma və parkinqə görə elektron protokol tərtib edilməsi nəzərdə tutulmayıb. Ancaq  Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev açıqlamasında bildirib ki, "BNA tərəfindən İXM-nin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6-cı maddələri üzrə aparılır". Sözsüz ki, hazırda qüvvədə olan qanunvericiliyə görə  Bakı Nəqliyyat Agentliyinin parklanma, habelə dayanma və durma qaydalarının pozulmasına görə tərtib etdiyi elektron protokollar qanunsuzdur və BNA-nin verdiyi açıqlamaya görə göstərdiyi əsaslar hüquqdan sui -istifadədir və hətta səlahiyyətini aşmaqdır. Ona görə də BNA-nin hansı maddəni, normativ aktları əsas gətirməsindən asılı olmayaraq onun, yəni BNA-nin  parklanma, habelə dayanma və durma qaydalarının pozulmasına görə elektron protokolların tərtib etməyə, cərimələr kəsməyə hüquq və səlahiyyəti yoxdur. Odur ki, həmin protokollar qanunsuzdur və məhkəmə qaydasında ləğv edilə bilər. Bəzi hallarda BNA-nin əməkdaşları  Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli  Fərmanını əsas gətirərək qanunsuz əməllərini gizlətməyə çalışır. Qeyd etdiyim kimi, həmin Fərmanın icrası üçün mütləq İXM-də dəyişilklər edilməlidir və bundan sonra onun icra mexanizmi və tətbiqi qaydası qanuni formasını almış olar. Digər tərəfdən qanunların irarxiyasına görə İXM-nin hüquqi gücü Fərmanın hüquqi gücündən daha üstündür, yəni bu halda da BNA İXM-nin tələblərinə əməl etməlidir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31