Qızların təhsildən yayınm halları artır - DEPUTAT
13:03 Sosial"2025-ci ildə orta məktəb təhsil alan qızlar və oğlanlar arasında olan disbalans var. Yəni qız uşaqları daha az təhsil alır. Statistikaya əsasən, əsasən 9-cu sinifdən sonra 11-ci sinfə keçid dövründə qız uşaqları təhsildən uzaqlaşdırılır. Burada valideynlərin müxtəlif səbəblərlə belə addımlar atdığı görünür. Bu məsələnin ciddi şəkildə nəzərə alınması vacibdir və xüsusilə təhsil, o cümlədən peşə təhsili istiqamətində maarifləndirmə işləri gücləndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Elnarə Akimova deyib. Deputat bildirib ki, gender bərabərliyi ölkədə sosial siyasətin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlətin humanist mahiyyətinin, cəmiyyətin demokratik düşüncəsinin və inkişaf fəlsəfəsinin mühüm göstəricisidir: "Azərbaycan tarixən qadına böyük dəyər verən, onu ailənin, cəmiyyətin və dövlətin dayağı hesab edən ölkə olub və bunun ən parlaq nümunələrindən biri Azərbaycan Xalq Cümhuriyyətidir. Gender anlayışına yanaşma Azərbaycan dövlətçilik düşüncəsini formalaşdıran ziyalıların prinsiplərinə uyğun olmalıdır".
Deputat çıxışında Əhməd Ağaoğlunun qızlarının təhsili ilə bağlı fikirlərini xatırladaraq bildirib ki, Azərbaycan qadını tarixən ictimai fəallıq və azadlıq uğrunda mübarizədə ön sırada olub: "XX əsrin əvvəllərində Azərbaycan mətbuatında qadın azadlığı və gender problemləri geniş şəkildə müzakirə edilirdi. Azərbaycan qadını hər zaman Avropa ilə həmahəng ritmdə yaşayıb.
Prezident İlham Əliyevin kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdışla bağlı fikirləri yeni dövrün çağırışıdır. Rayon və kəndlərdə təhsilə diqqət artırılmalı, sosial dəstək gücləndirilməli və gənclərin bölgələrdə işləməsi üçün daha cəlbedici şərait yaradılmalıdır. Gender bərabərliyi siyasəti nəticəsində Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, təhsildə, səhiyyədə, elmdə və sahibkarlıqda fəal iştirak edir. Güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, insan hüquqlarına münasibət, qadına verilən dəyər və sosial ədalətlə ölçülür".