İnsanlar niyə intihar edirlər?
Bu yolu seçənlərin əksəriyyəti ölmək istəmir
30 Noyabr 2015 12:50 ProblemHər bir insanın həyatında ümudsiz anlar olur. İnsanların böyük bir qismi həyatlarının bəlli bir dönəmində fikrən intihar etmək düşüncəsində olurlar. Şübhəsiz ki, insanları intihara sövq edən daxilindəki ümidsizlikdir. Ümidsizliklə intihar arasında rabitə necə olur? Necə olur ki, çətin situasiyada insan intihar etmək haqqında düşünür, bu əlaqə nədən yaranıb? Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bildirib ki, intiharın baş vermə səbələri müxtəlif faktorlarla bağlıdır: "Nitsşenin məşhur bir deyimi var; "Nə ki, bizi öldürmür, o bizi möhkəmləndirir." Gerçəkdən insanı insan kimi formalaşdıran həll etdiyi problemlər olur. Hər hansı bir problemi həll edərkən biz nəyə qadir olduğumuzu dərk edirik. Zatən həyat bir savaşdı. Daim savaşırıq; özümüzlə, xəyali, yaxud real tərəf müqabilləri ilə. Günlərin bir günü yoruluruq, davam edə bilmirik, dayanmaq da istəmirik. Beynimizə müxtəlif fikirlər gəlir. Ölümmü? Qalımmı? Bu suala verilən cavab sonrakı həyatımız üçün mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, hər bir insanı həyata bağlayan hansısa bir məqamlar var (ailə, sevdikləri və s.). Bu bağlar nə qədər möhkəm olarsa, insanda həyat eşqi də bir o qədər yüksək olacaq. Çalışmaq lazımdır ki, o bağlar toxunulmaz qalsın.Sirli qalsın, müqəddəs qalsın. Yetər ki, adiləşməsin. Adiləşmə sonda ölümü də ağuşuna alır". Onun bildirdiyinə görə, intiharın baş vermə səbəbi aşağıdakı faktorlarla müəyyən edilir; Genetik, bioloj,social, psixoloji. Nəzərə almaq lazımdır ki, intihar edənlərin bir qismi də psixiatrik problemlərdən əziyyət çəkirlər. Həmin problemlərə isə aşağıdakılar daxil edilir; Depressiya, şizofreniya, spirtli içkilərdən istifadə, narkotik maddələrdən asılılıq, şəxsiyyət pozuntusu. Xüsusən depressiyada olan şəxslərə zamanında psixoloji dəstəyin göstərilməsi vacibdir. Çünki intihar edənlərin böyük bir qismi depressiya vəziyyətində olurlar. Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı həyəcan təbili çalıb. Ancaq son zamanlar biz daha çox psixoloji faktorlardan dolayı intihar edən insanlarla rastlaşırıq. Səbəb də müxtəlidir. Öncə onu qeyd edək ki, hər bir insanın özünün yaşam modeli var. İnsan həyatına da o modeldən baxır. Xırda bir təsir insanın həyat nizamını pozur, onu tarazlıqdan çıxarır. Nəticədə bir qism insanlar müvazinəti yenidən bərpa edə bilmirlər, əvvəlki həyatlarını bərpa edə bilmirlər, ümidsizləşirlər. Nəticədə intihar baş verir. Ona görə də insan beynində intihardan başqa alternativlər hər zaman olmalıdır. Alternativ düşüncə bizə hadisələrə fərqli prizmadan baxmağa yardımçı olur: "Təəssüf ki, insanların əksəriyyəti bu istiqamətdə mühafizəkardılar. Dəyişmək istəmirlər! İstənilən dəyişiklik isə onlara təhlükəli görünür. Belə bir söz var; "Allah heç bir insana çəkə bilməyəcəyi yükü vermir". Əslində bu cümlə özündə böyük bir hikməti daşıyır. Dönüb arxaya baxsaq, hər birimizin çətin anlarımız, ən azından o an üçün çətin görünən dövrlərimiz oldu. Həyat sürətlə axır, hər şey dəyişir. Özümüzdən başqa hər şeyə yatırım edirik. Maşın, ev, telefon, geyim və s. Sual olunur; "Özümüzü inkişaf etdirməyə nə qədər həvəsliyik?! Özümüzə yatırım edirikmi?!" Düşünürəm özümüzə yatırım etsək, dünyagörüşümüzü inkişaf etdirsək, intihar halı da azalacaq. Həyata daha pozitiv istiqamətdə baxa bilərik. İnsan bütün situasiyalarda həyatını mənalandırmağı bacarmalıdır. Əks halda intihar qaçılmaz olacaq. "Dərd varsa, dərman da var". "Allah bir qapını bağlayanda, başqa bir qapını açır" , - deyib böyüklərimiz. Əgər bu fikirləri həyatımıza tətbiq edə bilsək, yaşamımız da bir o qədər asan olacaq. Bütün hallarda yaşamaq gözəldir. Bir dəqiqə artıq yaşamağa möhtac olan insanlar var. Onları gözümüz önündə canlandıraq. Çarəsiz deyilsini, çarə sizsiniz". Həkim-psixiatr Orxan Fərəcli isə bildirib ki, intiharlar üçün qapalı və ya açıq məkan seçilməsinə baxmayaraq, həyata qəsd etmə ciddi qəbul olunan hadisədir. Psixiatrın sözlərinə görə, intihar hər hansı bir insanın şəxsi iradəsiylə öz bioloji varlığına son qoymasıdır. Sübut olunmuş bir haldır ki, intihar edənlərin 70-80 faizi heç də ölmək istəmirlər. Yəni intihar bir növ kömək istəmək və bu cür metodun çıxış yolu kimi qəbul edilməsindən irəli gəlir: "Təsadüfi deyil ki, bütün intiharlarda mütləq şəkildə əvvəlcədən bir siqnal olur. Ətrafdakı insanlara "bezdim həyatdan", "gedəcəm, rahat olacaqsız" və sair bu kimi alt mesajlar verərək bildirirlər ki, mənə kömək edin, çıxılmaz vəziyyətdəyəm. Bütün intihar hadisələrində də ətrafın diqqətini çəkmə məqamına rast gəlinir. İntihar metodu olaraq isə kişilər, adətən intihar zamanı daha qəddar üsullara əl atdığı halda, qadınlar əsasən, romantik və "zərif intihar"a üstünlük verirlər. Məsələn, araşdırsanız məlum olacaq ki, körpüdə intihar edənlər kişilərdir. Odlu silahlarla intihar daha çox kişilərin seçiminə daxildir. Məkan olaraq kütlənin çox olduğu və nəzarətin az olduğu yerin seçilməsi də intihar üçün xarakterikdir. Yəni rahat bir şəkildə, o yerə yaxınlaşıb intihar etdiyini elan etmək və özünə diqqət yaratmaq asan olur. Qız qalası daha romantik ab-havalı məkan olduğundan qadınlar intihar üçün bu yeri daha çox seçirlər. Bu məkanın tarixi kökünə baxsaq, Qız qalasında ilk intihar edən xanım olub. Kişilər arasında isə "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüyə çıxmaq dəb halını alıb. Son dövrlər nəzarət artdığından Qız qalasında intihara cəhdlərin sayı azalıb. Bu hallara az təsadüf olunur. Əslində nə Qız qalasına, nə də körpüyə çıxan insanlar əksər hallarda ölmək istəmirlər. İntiharı psixoloji vəziyyətindən asılı olaraq, hər kəs edə bilər, lakin bəzi kateqoriya insanlar var ki, onlar xüsusilə risk qrupuna daxildir". Həkim-psixiatr hesab edir ki, bu baxımdan körpülərə də nəzarətin təşkili vacibdir: "Avropa ölkələrində bütün körpülərin mühafizəsi təşkil olunur. Yəni bu, sırf intiharla əlaqəli olmasa da, təhlükəsizlik baxımından körpülər mühafizə edilir. Bu hadisələrin intensivləşməsi bizdə də körpülərdə təhlükəsizliyin təminatı üçün mühafizənin təşkilini zəruri edir".
Alim