Sənətdə texnologiya: yaradıcılıq bitir, yoxsa yeni başlayır?
16:30 SosialSənət-bəşəriyyətin ən qədim ifadə vasitələrindən biridir. Düşünürəm ki, sənət sadəcə estetik zövq yaratmaq üçün deyil, insanın daxili aləmini görünən hala gətirən bir körpüdür. İnsan danışa bilmədiyi yerdə çəkib, yaza bilmədiyi yerdə hiss etdirib. Bəzən bir rəsm, bir musiqi parçası və ya bir səhnə insanın içində gizlətdiyi bütün duyğuları sözsüz şəkildə ortaya qoya bilir. Amma bu anlayış heç vaxt dəyişməz qalmayıb. Hər dövr öz sənətini yaradıb, öz dilini formalaşdırıb. Bir vaxtlar yalnız kətan və boya ilə qurulan dünya, sonradan kamera ilə, daha sonra isə rəqəmsal platformalarla genişləndi. Məncə, sənət həmişə zamanla ayaqlaşmağı bacarıb. Bu gün isə həmin dəyişimin ən maraqlı və bəlkə də ən mübahisəli mərhələsindəyik. Süni intellekt artıq təkcə texniki sahələrdə deyil, sənətin özündə də görünməyə başlayıb. Rəsmlər çəkir, musiqilər yaradır, mətnlər yazır. İlk baxışda bu, bir az narahatedici görünür. Düşünürəm ki, insanı düşündürən əsas məsələ budur: əgər sənəti artıq maşınlar da yarada bilirsə, bəs insanın rolu nə olacaq? Məncə, burada əsas məsələ "kim yaradır?" sualından çox, "necə və niyə yaradır?" sualındadır. Çünki sənət yalnız nəticə deyil. O, bir hissin, bir təcrübənin, bəzən isə bir ağrının məhsuludur. Süni intellekt isə hiss etmir, yaşamır, yalnız öyrəndiyini təkrarlayır və yeni kombinasiya yaradır. Bu isə sənətin ruhu ilə bağlı sualları daha da aktuallaşdırır. Amma burada başqa bir sual ortaya çıxır: hər kəs yarada bilirsə, bəs həqiqi sənət necə seçiləcək? Düşünürəm ki, məhz bu nöqtədə insan faktoru yenidən ön plana çıxır. Çünki texnologiya imkan yaradır, amma dəyər yaradan yenə də insandır. "Sənətdə texnologiya: yaradıcılıq bitir, yoxsa yeni başlayır?" sualı da məhz bu ziddiyyətin içindən doğur. Məncə, yaradıcılıq nə yoxa çıxır, nə də eyni qalır. O, sadəcə yeni bir mərhələyə keçir. Bu mərhələdə isə əsas məsələ texnologiyanın sənəti əvəz etməsi yox, onunla necə birlikdə mövcud olmasıdır. Elə bu suallar ətrafında daha ətraflı ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov ilə söhbət etdik: "Ümumilikdə müasir dövrdə sənətin istiqamətini necə qiymətləndirirsiniz? Sizcə, sənət bu gün daha çox dəyişir, yoxsa sadəcə forma dəyişərək eyni mahiyyəti qoruyur? Müasir dövrdə incəsənətin istiqamətini qiymətləndirərkən ilk növbədə onu qeyd etmək lazımdır ki, incəsənət heç vaxt sabit və dəyişməz sahə olmayıb. Tarixin bütün mərhələlərində cəmiyyətin düşüncə tərzi, həyat şəraiti və texniki imkanları dəyişdikcə incəsənətin ifadə vasitələri də yenilənib. Bu baxımdan bugünkü incəsənət də əvvəlki dövrlərin təbii davamı kimi qəbul edilməlidir. Sadəcə, müasir dövrdə dəyişikliklərin tempi daha sürətlidir. Bu gün incəsənətdə baş verən əsas dəyişiklik daha çox forma və təqdimat üsulu ilə bağlıdır. Əgər əvvəlki dövrlərdə təsviri sənət və memarlıq əsas bədii istiqamətlər hesab olunurdusa, bu gün texnologiyanın inkişafı yeni ifadə imkanları yaradıb. Tamaşaçı ilə əsər arasındakı münasibət də müəyyən qədər dəyişib. Əvvəllər tamaşaçı daha çox müşahidəçi rolunda çıxış edirdisə, indi o, bəzən əsərin yaratdığı mühitin bir hissəsinə çevrilir. Lakin bütün bu dəyişikliklərə baxmayaraq incəsənətin mahiyyəti dəyişmir. Çünki incəsənətin mərkəzində yenə də insan dayanır-onun hissləri, düşüncələri, yaddaşı və mənəvi dünyası. Sadəcə, bunların ifadə forması zamanın tələbinə uyğun şəkildə yenilənir. Başqa sözlə desək, incəsənət öz əsas məzmununu qoruyaraq yeni formalar qazanır. Texnologiyanın inkişafı sənət anlayışına necə təsir edib? Texnologiyanın inkişafı incəsənət anlayışına ciddi təsir göstərib və bu təsir həm yaradıcı prosesdə, həm də incəsənətin təqdimat formasında özünü göstərir. Əvvəllər rəssam əsasən ənənəvi üsullarla işləyirdisə, bu gün müxtəlif texniki vasitələr incəsənətə yeni ifadə yolları qazandırıb. Bu dəyişiklik ilk növbədə incəsənətin sərhədlərini genişləndirib. Artıq təsviri sənət yalnız tablo və ya heykəllə məhdudlaşmır. İşıq, səs, hərəkət və məkan da bədii ifadənin bir hissəsinə çevrilə bilir. Texnologiya incəsənət əsərlərinin yayılmasına da böyük təsir göstərib. Əvvəllər bir əsəri yalnız muzey və ya sərgidə görmək mümkün idisə, bu gün müxtəlif platformalar vasitəsilə incəsənət nümunələri daha geniş auditoriyaya çatır. Lakin bu prosesin müəyyən mənfi tərəfləri də var. Bəzən texniki imkanların çoxluğu məzmunu ikinci plana keçirir və forma daha çox diqqət çəkir. Halbuki incəsənətin əsas gücü onun düşündürmək və insanın daxili aləminə təsir etmək qabiliyyətindədir. Buna görə də əsas məsələ yeniliklə bədii dərinlik arasında tarazlığın qorunmasıdır. Bu gün "sənət əsəri" anlayışı dəyişirmi? Texnologiya ilə yaradılan işləri ənənəvi sənətlə eyni müstəvidə dəyərləndirmək olarmı? Bu gün "sənət əsəri" anlayışının müəyyən qədər dəyişdiyini demək mümkündür. Əvvəllər sənət əsəri daha çox ənənəvi yaradıcılıq formaları çərçivəsində qəbul edilirdisə, müasir dövrdə bu anlayış daha geniş məna daşıyır. Artıq yalnız material və texnika deyil, ideya və tamaşaçı ilə qurulan münasibət də mühüm hesab olunur. Texnologiyanın inkişafı ilə yaranan əsərlər incəsənətə yeni ifadə imkanları gətirib. Bununla yanaşı, burada əsas məsələ istifadə olunan vasitə deyil, əsərin bədii dəyəri və düşüncə yüküdür. Əgər bir əsər insanı düşündürür, emosional təsir yaradır və müəyyən fikir ifadə edirsə, onun hansı texniki vasitə ilə hazırlanması ikinci dərəcəli məsələdir. Bununla belə, ənənəvi incəsənətlə texnologiya əsaslı yaradıcılıq arasında müəyyən fərqlər qalır. Ənənəvi incəsənətdə müəllifin yaradıcılıq işi və materialla birbaşa təması daha aydın hiss olunur. Texnologiya ilə yaradılan nümunələrdə isə bəzən texniki imkan ön plana keçir. Buna görə də belə əsərləri qiymətləndirərkən əsas diqqət onların bədii və mənəvi təsir gücünə yönəlməlidir. Sizcə, gələcəkdə texnologiya sənətdə əsas istiqamətə çevriləcək, yoxsa insan faktoru və klassik yanaşma yenə də üstün qalacaq? Tamaşaçı baxışı bu prosesdə necə dəyişir? Məncə, gələcəkdə texnologiyanın incəsənətdə rolu daha da güclənəcək. Çünki dövrün inkişafı və gündəlik həyatın texniki vasitələrlə sıx bağlı olması incəsənətə də birbaşa təsir edir. Yeni imkanlar rəssamlar üçün daha fərqli ifadə yolları açır. Lakin hesab etmirəm ki, texnologiya insan amilini və klassik yanaşmanı tamamilə arxa plana keçirəcək. Çünki incəsənətin əsasında yenə də insan düşüncəsi, hissi və yaradıcı baxışı dayanır. Texnologiya yalnız vasitədir, onu mənalandıran isə rəssamın özüdür. Klassik incəsənətə marağın tam itəcəyini də düşünmürəm. Əksinə, cəmiyyət sürətlə dəyişdikcə insanlar bəzən ənənəyə və klassik estetikaya daha çox ehtiyac duyurlar. İncəsənətin növlərindən asılı olmayaraq yaradılan bütün bədii nümunələr gələcəkdə də öz dəyərini qoruyacaq. Bunu da qeyd edim ki, milli ənənəyə sadiqliklə yanaşı yeni yaradıcılıq meyllərinə - müasirliyə münasibət birmənalı şəkildə müsbət olmalıdır. Bu prosesdə tamaşaçı baxışı da dəyişir. Müasir tamaşaçı artıq yalnız əsərin zahiri görünüşünə deyil, onun arxasında duran fikir və mənaya da diqqət yetirir. Bu isə incəsənəti daha çox düşüncə və müzakirə sahəsinə çevirir. Nəticə etibarilə hesab edirəm ki, gələcəyin incəsənəti texnologiya ilə insan yaradıcılığının qarşılıqlı əlaqəsi əsasında inkişaf edəcək. Lakin incəsənətin əsas mahiyyəti- insanın daxili dünyasını ifadə etmək missiyası dəyişməyəcək.
Zeynəb Mustafazadə