Hərbi parad vətəndaşların gözü ilə

"İstəyirəm qardaşım arzusuna çatsın və hərbi pilot olsun"

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirildi. 

240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu paradda, Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndələr iştirak etdi. 

Yüksək səviyyəli Azərbaycan ordusunun gücünü, silahlı qüvvələrimizin nələrə qadir olduğunu bütün dünya izlədi və yaxud xəbər tutdu.

Düşmən əmin oldu ki, yüksək texnika ilə təchiz olunan Azərbaycan ordusu düşmənin istənilən strateji hədəflərini məhv etməyə qadirdir. 

7-dən 77-yə hər bir azərbaycanlının qürurla, ülvi vətənpərvərlik hissi ilə izlədiyi hərbi parad, hər kəsdə eyni duyğuları oyatsa da fərqli fikirlərə yol açdı. Paytaxt sakinləri və paradı izləmək üçün Azərbaycanın digər şəhər və bölgələrindən gələn əhali qürurverici müxtəlif fikirlər səsləndirdi:

Veteran babasının əlindən tutaraq bacısı ilə birlikdə paradı izləməyə gələn 6 yaşlı Fərid hərbi təyyarələrin mürəkkəb avioşoularını izlədikdən sonra pilot olmaq qərarına gəlib. Əlində üç rəngli bayrağımızı tutan kiçik Fərid deyir ki, "Bu təyyarələr atamın mənə aldığı, dostlarımla birlikdə oynadığım kiçik təyyarələrə bənzəmir. Mən o təyyarələri əlimlə uçurduram. Lakin istəyirəm ki, böyüdüyüm zaman əsgər olum və bu hərbi təyyarələri idarə etməyi bacarım. Ondan sonra babam yenə bacımla birlikdə belə bir parada  məni hərbi pilot kimi izləməyə gələr".

Kiçik nəvəsinin böyük ürəyi ilə fəxr edən veteran Əhməd dayı gülümsəyərək söhbət etməyə başladı ki, paradın olacağını bildiyim gündən nəvələrimlə birlikdə izləməyə gəlməyi planlaşdırırdım. Çünki istər mənim nəvələrim istərsə də bütün azərbaycanlı uşaqlar Azərbaycanın, bu torpağın gələcəyidir. Onları vətənpərvərlik hissi ilə böyütmək bizim ən böyük borcumuzdur. Azad, demokratik respublikamızda ordumuzun gücünü, qüdrətini nəvələrimlə birlikdə izləmək məni ikiqat duyğulandırdı. 

Babasının və qardaşının sözlərinə diqqətlə qulaq asan mələk üzlü, kiçik Aydan söylədi ki, "İstəyirəm qardaşım arzusuna çatsın və hərbi pilot olsun o zaman məndə fəxrlə onun səmada necə uçmasına şahid olaram". 

Ətrafında olan heç kimə əhəmiyyət vermədən paradı çılğınlıqla izləyən, gözlərində sanki izləyici baxışları deyil nizamda dayanan əsgər baxışları olan gəncə rastladıq.

Əli adlı gənc oğlandan xəbər tutduq ki,  hərbi xidmətdən yeni qaydıb və paradı izlədikdən sonra nə qədər darıxdığının fərqinə vararaq yenidən o sıralara geri dönmək istəyir. "Vətənə xidmət hərbi xidmət başa çatdıqdan sonra bitmir. Sən hər zaman torpağının keşiyində dayanmalısan. Nümayiş olunan müxtəlif növ ən yeni silah və texnikalarla onsuzda gücümüzə bələd olan düşmənə nələrə qadir ola biləcəyimizi bir daha göstərdik. Bizim həyacan, tərif olunmaz hisslərlə izlədiyimiz bu paradı izlərkən cəsarətsiz və qorxaq düşmənin hansı hisslər keçirdiyini bilmək elə də çətin məsələ deyil". 

20 ildir İsveçdə yaşayan və 1 həftədir şəhərimizin qonağı olan deməyə haqqımız yoxdur çünki heç bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq öz vətənində qonaq sayılmır. Elə Aynur xanım özüdə özünü qətiyyən qonaq hesab etmir. "Vətəndən qürbətdə yaşasam da, nə özümə nə də, övladlarıma azərbaycanlı olduğumuzu unutdurmamışam. Vətəndə olduğum sayılı müddət də gəlişimin belə bir vaxta rast gəlməsi məni çox sevindirdi. Harada yaşamasından asılı olmayaraq ürəyində vətən sevgisi olan istənilən insanın bu nümayişi izləyərkən gözlərinin dolmaması, həyacan, qürur hissi keçirməməsi mümkün deyil. İsveçə qayıdarkən bu hərbi paradı fəxrlə oradakı qonşularıma və yoldaşlarımı da izlədəcəyəm".

Paradı izləyənlər arasında Şəki şəhərindən Bakıya nümayişi izləmək üçün gələn ailəyə rast gəldik. 45 yaşlı ailə başçısı Anar bəy bildirdi ki, "Belə bir nümayişi qaçırmaq olmazdı. Nümayiş bütün dünyaya göstərir ki, Azərbaycan ordusu texnika baxımından əziyyət çəkmir. Hər şey sıradan başlayır. Ordumuzda sıra hazırlığı ideal səviyyədədir. Təkcə kişilərin deyil, qadınlarımızında parad da iştirak etməsi, Azərbaycan qadının da gücünü, nizamını göstərir". 

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan bir qrup qız və oğlanlara rastladıq. Məlum oldu ki, bu gənclər qardaş Türkiyədə yaşayaraq Azərbaycanda təhsil alan türk gəncləridir. Gənclər söhbət ərzində bildirdilər ki, doğrudur parad da türk pilotlarını daha da böyük fəxrlə izləyirik lakin bunun elədə böyük əhəmiyyəti yoxdur. Ümumilikdə Azərbaycan ordusunun gücünü görmək, bu gücə ortaq olmaq olmaq bizim üçün qürur mənbəyidir. Sizin gücünüz bizim gücümüz, bizim uğurumuz sizin uğrunuzdur. Havanın nə qədər isti olmasına baxmayaraq nümayiş o qədər gözəldir ki, sona qədər izləmədən heç bir yerə getmək fikirimiz yoxdur".

Son olaraq 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılan, dayaq nöqtəmiz, qürur mənbəyimiz olan silahlı qüvvələrimizə 100 il dən də çox şanlı tarix arzulayırıq. 

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31