“Beynəlxalq əməkdaşlığa böyük ehtiyacımız var”

Rauf Zeyni: “İctimai iştirakçılıq haqqında” qanun bizə əsas verir ki, bütün dövlət qurumlarında İctimai Şuralar yaradılsın”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrantlardan bəzi QHT-lərin səmərəli istifadə etmədiyi barədə zaman-zaman müxtəlif fikirlər səslənir. Hətta belə təşkilatlara qarşı müəyyən ölçü götürülməsi təşəbbüsləri də irəli sürülür. Bəs görəsən Dövlət Dəstəyi Şurasının ayırdığı qrantlardan səmərəli istifadə etməyən QHT-lər barədə hansı addımlar atıla bilər? Ümumiyyətlə, QHT-lərin qrantlardan necə istifadə etməsi barədə monitorinqlər aparılırmı? Bu və ya digər məsələlərlə bağlı ölkədə ən geniş ictimai koalisiya kimi tanınan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ilə söhbətləşdik.

-Rauf bəy, Azərbaycan Respubılikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı qrantlardan foruma daxil olan QHT-lər nə dərəcədə səmərəli istifadə edir? Ümumiyyətlə, bununla bağlı daxili monitorinq aparırsınızmı?

-Forum heç vaxt belə bir monitorinq aparmayıb.  Ancaq biz ictimai rəyi öyrənir və fikirlərimizi illik hesabatlar vasitəsilə bildiririk. Sadəcə Dövlət Dəstəyi Şurası ayırdığı layihələrin bəzilərinin minitorinqini forumun ofisində həyata keçirirdi ki, QHT-lər layihənin icrasını nə dərəcədə səmərəli həyata keçirirlər. Eyni zamanda biz KİV-lər vasitəsilə təşkilatların həyata keçirdiyi layihələr, tədbirlərlə bağlı məlumatlı oluruq. Ancaq xüsusi bir araşdırma qrupumuz yoxdur. Çünki bunun üçün hansısa bir qrup müəyyən edilməli, vəsait olmalıdır. Həmin vəsaitimiz isə yoxdur. Könüllü şəkildə bu prosesi araşdıran ekspertlərdən biri də mənəm. Azərbaycanda bəzi qeyri-hökumət təşkilatlarını çıxmaq şərtilə böyük əksəriyyət təşkilatlar bu layihələrdən, qrantlardan bəhrələnir, onu normal icra edirlər. Ancaq onu da diqqətə çatdırım ki, Dövlət Dəstəyi Şurasının hesabatlarında bəzi QHT-lərin layihələrinin icrasından narahat olduqları, hesabatlarını vaxtında təqdim etmədikləri ifadə edilmişdi. Düşünürəm ki, bu da normaldır. Əgər 500-dən artıq QHT layihə icra edirsə, təbii ki, onların içərisində məsuliyyətlisi və ya məsuliyyətsizi də olacaq.

-Fəaliyyəti səmərəli olan QHT-lər sırasında forumun üzvü olan təşkilatlar da var?

-Forumdakı təşkilatların əksəriyyəti təcrübəli olduğundan Dövlət Dəstəyi Şurasının qrantından səmərəli istifadə edir və həyata keçirdikləri layihələrin hesabatını zamanında müvafiq qurumlara təqdim edirlər. Əgər bizim üzvümüz olan təşkilatlardan hansısa səmərəsiz fəaliyyət göstərsəydi, yəqin ki, bizə müraciət olardı və biz də adekvat ölçü götürərdik. Düzdür, biz hansısa təşkilatın daxili işlərinə qarışmırıq, ancaq ona hansısa formada xəbərdarlıq edə bilərik. Onu da qeyd edim ki, Milli QHT Forumunun daxilində fəaliyyətini müxtəlif səbəblərdən dayandırmış, hazırda heç bir fəaliyyət göstərməyən təşkilalar var. Hesab edirəm ki, həmin təşkilatlarla bağlı da müəyyən qərar qəbul etməliyik.

-Həmin təşkilatlar forumdan çıxarılacaq?

-Əgər hansısa təşkilat fəaliyyətsizdirsə, 5 il müddətində forumun ofisi ilə heç bir əlaqə yaradılmayıbsa həmin təşkilatların forumda qalmasını məqbul hesab etmirik. Təbii ki, ilk növbədə bunun səbəbi araşdırılmalıdır. Ola bilər ki, hansısa təşkilatın sədri dünyasını dəyişib, yaxud ölkəni tərk edib. Əgər heç bir üzrlü səbəb olmadan təşkilat fəaliyyət göstərmirsə onların forumda qalmasını dəstəkləmir və heç bir əhəmiyyətini görmürük. Belə təşkilatların forumdan çıxarılması məsələsi gündəmdədir.

-Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində belə bir İctimai Şura yaradıldı. Sonradan digər nazirliklərdə də anoloji tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.

-Hazırda bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

-Bu istiqamətdə danışıqlar aparıldı və bir çox nazirliklərdən, Vergilər, İqtisadi İnkişaf Nazirliyindən müsbət cavab aldıq. Aparılan danışıqlar  sözügedən qanunun qəbul edilməsi ərəfəsinə düşdü və ona görə də bundan sonra qanun çərçivəsində həmin nazirliklərdə ictimai şuralar qurulacaq. "İctimai iştirakçılıq haqqında" qanun və onun qüvvəyə minməsi bizə əsas verir ki, bundan sonra qanundan irəli gələrək bütün dövlət qurumlarında İctimai Şuralar yaradılsın. Həmin İctimai Şuralarda da məhz bizim QHT-lər təmsil olunacaq.

-Hazırda Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvlərinin sayı nə qədərdir və cari ilin altı ayı ərzində foruma neçə təşkilat üzv qəbul edilib?

-Hazırda Milli Qeyri-Hökumət Təşkilatları Forumunun 648 üzv təşkilatı var. Artıq bir aydan çoxdur ki, forum olaraq yeni ofisə köçmüşük və yeni ofisə köçdükdən sonra 3 təşkilat foruma üzv qəbul edilib. Ümumiyyətlə isə il ərzində Milli QHT Forumuna 20-30 təşkilat üzv olur. 2008-ci ildə forumun yeddinci qurultayı zamanı üzvlərimizin sayı 471 idisə, bu gün onların sayı 648-ə çatıb. 2008-ci ildən bu vaxta qədər 207 qeyri-hökumət təşkilatı foruma üzv qəbul edilib. Əslində bir çox amillərə görə bu say azalmalı idi. Bu amillər də ondan ibarətdir ki, Milli QHT Forumu qrant verən təşkilat deyil, yalnız informasiya, texniki və ictimai dəstək verir. Ancaq buna baxmayaraq yenə də ayrı-ayrı təşkilatların foruma axını var. Bu da onu göstərir ki, çoxlu QHT-lər yaranır. Bəzi təşkilatlar foruma ona görə üzv olurlar ki, onlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək üçün Milli QHT Forumunun dəstəyinə ehtiyac duyurlar. Eyni zamanda onlar 600-dən artıq bir ictimai koalisiyaya üzv olmaqla böyük bir ictimai dəstək qazanırlar. Həmin təşkilatlar üzazvümüz olan QHT-lərin Bakıdakı ofisləri, həmçinin Regional Resurs və Təlim Mərkəzlərində pulsuz tədbirlər keçirə bilir, regionlardakı tədbirləri zamanı bizim dəstəyimizi qazanırlar. Paralel olaraq bizim təcrübəmizdən, beynəlxalq əlaqələrimizdən istifadə edə bilirlər. Onu da qeyd etmək yerinə düşər ki, bəzi təcrübəli təşkilatlar da bu gün foruma üzv tutur və onun üzvünə çevrilirlər. Çünki onlar da ən böyük ictimai koalisiyadan kənarda qalmaq istəmirlər. Çünki burada həm də hər bir üzvün, şəxsin hüquqlarından söhbət gedir. Onlar bizə üzv olmaqla forumun bu və ya digər seçkili qurumuna seçilmək hüququ qazanırlar. Əgər onlar foruma üzv olmasalar, qurultayda yalnız qonaq qismində iştirak edə bilərlər. Ancaq həmin təşkilatlar Milli QHT Forumunun üzvü olmaqla mandat əldə edir, qurultayda forumun prezidenti, İdarə Heyəti və MNTK-sına namizədliklərini irəli sürürlər. Ona görə də hesab edirəm ki, bundan sonra da forumun üzvlərinin sayı dinamik olaraq artacaq.

-Beynəlxalq əməkdaşlıq istiqamətində hansı yeniliklər gözlənilir?

-Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunan təşkilatlarla, eləcə də Litva, Estoniya, Fillandiya, Macarıstan, Rumıniya, Fransa, Almaniya, Yunanıstanın müvafiq təşkilatları ilə əməkdaşlığı genişləndirmək istəyirik. Həmin təşkilatlarla ikitərəfli müqavilələrin imzalanması nəzərdə tutulur. Bizim beynəlxalq əməkdaşlığa böyük ehtiyacımız var və imkan olduqca beynəlxalq əməkdaşlığı inkişaf etdirməliyik. Xüsusilə, Çexiyada olan QHT-lərlə daha sıx əməkdaşlıq etmək istəyirik. Çünki onlar Avropanın demək olar ki, inkişaf etmiş, şəbəkələşmiş, geniş təcrübəsi olan təşkilatlarıdır. Məlumat üçün qeyd edim ki, yaxın vaxtlarda bu istiqamətdə Gürcüstan, Estoniya, Latviya, Litva və Fillandiyaya səfərlər, görüşlərimiz planlaşdırılır. Həmin ölkələrin təşkilatları ilə də əməkdaşlıq memorandumunun imzalanması nəzərdə tutulur.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31