“Sözü üzə şax deməyim başıma çox oyunlar gətirib”

Oqtay Rza: “Müəllif gərək həyatda öz qəhrəmanları səviyyəsində görünsün”

Şair Oqtay Rza redaksiyamızın qonağı oldu. Yaradıcı insanlara məxsus səmimi və maraqlı söhbət etdi. Ömrünün 80-ci ilinə qədəm qoyan şair gülərüzlüyü ilə qarşısındakı həmsöhbətinə  rahat şərait yaradır. Canlı söhbəti ilə danışdıqlarını insanın gözü qarşısında canlandıra bilir. Söhbətimizdən belə başa düşdüm ki, hörmətli şairimiz yaşlı ədəbiyyat isanları ilə gənclərin arasına sədd hörənlərdən yox, hər iki tərəfi yaxşı anlayanlardandır...

Qısa olaraq şair haqqında

Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) 1934-cü il oktyabr ayının 10-da (sənəddə noyabrın 2, əslində isə oktyabrın 10-da) Salyan rayonunun Qalalı kəndində anadan olub.  1948-ci ildə Arbatan kənd yeddillik məktəbini, 1951-ci ildə Salyan şəhərindəki Nizami adına orta məktəbi bitirib. 1951-1956-cı illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alıb. Respublikanın  Əməkdar müəllimidir, Bakı Sovetinin deputatı seçilib. "Bir may" adlı ilk şeirini yedillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirib. Həmin vaxtdan poetik yaradıcılıqla məşğul olur, bədii tərcümələr də edir. Dünya  xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur. Dərslik, vəsait və tədris proqramlarının, 24  kitabın müəllifidir. Əsərləri xarici mətbuatda dərc edilib. Beynəlxalq Rəsul Rza, M.Müşfiq, "Araz" və "Qızıl qələm" mükafatı laureatıdır. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

-Oqtay müəllim, ixtisasca geoloqsunuz. Həm də gözəl şairsiniz. Əvvəlcə hansına həvəs yaranmışdı sizdə?

-İlk dəfə 5-ci sinifdə "1 may" şeirim "Sosializm yolu" qəzetində çıxmışdı. Sonra  şeirlərimi göndərdim "Azərbaycan pioneri", "Azərbaycan Gəncləri" nəşrlərinə. 1951-ci ildə məni Bakıya, Gənc Yazıçıların müşavirəsinə göndərdilər. Gəldim gördüm ki, Rəyasətdə Səməd Vurğun, Mirzə İbrahim və başqaları əyləşib. O vaxtkı gənc şeir yazanların sonra hamısı professor, ədəbiyyaçı oldular. İxtisasıma gəlincə isə, 10-cu sinifdə oxuyanda ali məktəblərə qəbul üçün Bakıdan Salyana bir təşviqat briqadası gəldi.  Azərbaycan Sənaye İnstitutuna (indiki ADNA) qəbul etmək üçün uşaqlar seçilirdi. Biz sinifdə 5 nəfər əlaçı idik.   Sinif rəhbərimiz Ağaməmməd müəllim dedi ki, Altay, Valeh, Kamal ADNA-ya, Oqtay ədəbiyyata. Bir az rişxəndsayağı bu sözü deyəndə dedim ki, mən də bunlar kimi əlaçıyam. Niyə məni bunlardan  ayırır? Təşviqatçılar, xüsusilə, geoloqlar haqqında elə maraqlı danışdılar ki, gözümün qarşısında gözəl mənzərələr canlandı. Fikirləşdim ki, təbiətin qoynunda olmaq mənə daha da ilham verər. Geologiya-minerologiya mənə çoxlu mövzular verib. Gəldim, ADNA-ya daxil oldum fərqlənmə diplomu ilə oxudum. 50 əlaçımız var idi. Onlardan iki nəfərə "Stalin" təqaüdü verdilər. Onlardan biri mən oldum. Mənə şeir yazdığıma görə verirdilər. 

-Həm şairlik, həm müəllimliklə məşğul olursunuz. Şair kimi tanınmaq asan oldumu?

-Taleyim şeirlə bağlı olub. Bibiheybət neftdə işlədim, neftçıxarma ustası oldum.  Akademiyanın aspiranturasında oxudum, müdafiə etdim, amma 1966-cı ildən müəllim kimi işləyirəm. Atam müəllim olub. Atam Pedaqoji Universiteti bitirib, amma mən orada müəllim oldum. Bu günə kimi orada işləyirəm. Amma ədəbiyyatdan ayrılmamışam. İctimai yerlərdə mənə şair deyəndə istəmirəm, deyirəm ki, sadəcə Oqtay Rza deyin. Bu gün ölkədə yazanlar hamısı şair olub. Meyar itib-batıb.  Zəif və ya güclünün kim olduğu bilinmir. Bir də görürsən ki, kiminsə bir ildə beş kitabı çıxır.
Sovet dövründə mənim ilk kitabım 36 yaşında çıxdı. Kitab çıxandan sonra çalışdım və 5 ildən sonra ikinci kitabım çap olundu. Birinci kitabım "Torpağı dinləyirəm", ikinci "Ürəyimi oxuyun" oldu. İkinci kitabın redaktoru M.Araz oldu. Ön sözü isə Nəriman Həsənzadə yazdı. O zaman Yazıçılar Birliyinə üzv deyildim. Birliyə üzv 1981-ci ildə qəbul edildim.

-Yazıçılar Birliyinə üzv olmaq çətin idi?

-O vaxtlar Yazıçılar Birliyinə üzv qəbul olunmaq çox çətin idi. İki ildən bir 8-10 nəfər qəbul edirdilər. İndi sayı 2000 minə çatıb. Elə üzvlər var ki, öləndən sonra nekroloq çıxır görürsən ki, belə bir yazıçı var imiş... Anargil 5 il bundan əvvəl mənə Beynəlxalq Rəsul Rza Mükafatı verdilər. 1971-ci ildə televiziyada "Fəhlə" proqramının aparıcısı oldum. 4 il o verilişin aparıcısı oldum. O vaxtkı "Qızıl qələm" mükafatını verdilər. Müxtəlif mükafatlar almışam. Bədii kitablarımın sayı 20-yə çatıb. Dərs kitabları, proqramlar da çap etmişəm ki, hamısı bir yerdə otuzdan çoxdur.

-Oqtay müəllim, gənc şairlərdən bəyəndikləriniz varmı?

-Çoxdurlar... Yaxşı yazan gənc şairlər var. Onu deyim ki, orta, yaşlı, gənc nəsl arasında milli xislətimizlə bağlı qısqanclıq, paxıllığa doğru gedən hallar da var. Bəyənməmək... Təzə yazan özünü çox qüvvətli hesab edir. Yaşlını köhnə sayır. Amma yol göstərən ağsaqqal şairlərimiz olub. Mənə Məmməd Rahim, Osman Sarıvəlli məsləhət verib.  Gənclik köhnələri az oxuyur. Seriallara çox baxırlar. Texnoloji yeniliklərlə çox məşğul olurlar. Modernizmə meyl çox güclüdür. Klassik şeir növünə maraq azdır. Heca vəzinində yazanlar çoxdur. Qoşmanı seçirlər və orada da sanki əvvəlcədən qafiyələrin cədvəlini düzəldirlər, sonra da misraları düzəldib şeir əmələ gətirirlər.
Mən özüm çoxlu sənədli şeirlər yazıram. Bir rübaimdə qeyd eləmişəm ki: "əlini sıxdığım neçə əziz dost, şeir kitabımda diridir indi". Mənim "Adlı-ünvanlı misralar" adı altında 3 hissəli kitabım çıxıb. O şeirlər Nizamidən, Mövlanədən, Füzulidən tutmuş bu gün tanınmayan qələm dostuma, şəhidlərə fəhləyə, körpəyə şeirlər yazmışam. Yaşadığım evdə uzaqdan görünən işığa baxıb iki ay bundan əvvəl yazdığım şeiri sizin üçün oxumaq istəyirəm.

Sübhədək ətrafa nur yayır,
İçir şüasını çöl-bayır,
Ümüd çırağıtək parlayır,
Uzaqda görünən tək işıq.

Sağ dağın ətəyi, sol arandır
Duyğumu, gücümü artıran,
Günəşə borcunu qaytaran
Uzaqda görünən tək işıq.

Xəyalım narahat gəmidir
Ürəyim sıxılmış mərmidir,
Sonuncu magikan kimidr
Uzaqda görünən tək işıq.

Ovcumda gəzdirib közü mən
Üzə şax deyənəm sözü mən
Ay ellər, özüməm-özüməm
Uzaqda görünən tək işıq.

-Sözü üzə şax demək xasiyyətim başıma çox oyunlar gətirib. Hardasa adımı siliblər və s. Çılğınlığım hələ uşaqlıqdan var. Xasiyyətdir tərgitmək mümkün deyil. Mən deyirəm ki, müəlliflər gərək həyatda öz qəhrəmanlarının səviyyəsində görünsünlər. Bizdə isə indi 100 şairin 80-ni mən-mən dediyi bədii qəhrəmanların hərəkətlərindən qat-qat aşağıdadır.

-Tərcümələr də edirsiniz. İndiki tərcümələrin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

-Tərcümələrim çoxdur. Vaxtilə Aleksandr Blokdan, Moskva, Ukrayna şairlərindən çoxlu tərcümələr etmişəm. Uşaqlıqda özümlə böyük lüğət gəzdirərdim. İndiki tərcümələrdən, xüsusilə xarici dildən tərcümələr xoşuma gəlir. İngilis, fransız, almancadan birbaşa olanlar. Amma axır vaxtlar bəzi şair yoldaşlar rus şairlərini tərcümə edib, dərc etdirirlər. Hansı rus şairi işğalda bizi müdafiə edib? Heç biri...

Redaksiyamızın adından gözəl şairmizə bundan sonrakı həyatında, yeni yaşında can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar diləyirik.

Aygün İbrahim

  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31