“Təəssüf ki, indiyə qədər Akademiyada bu institut yoxdur...”

İslam Mustafayev: “Əgər tədqiqatların nəticələrinin nəşri uyğun qurumlar tərəfindən məhdudlaşdırılırsa, problem yaranır...”

Müsahibimiz AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayevdir.

-İslam müəllim,  son 5 ildə elmdə aparılan islahatlar haqqında  Sizinlə bir neçə dəfə müsahibə etmişik. Ötən vaxt  ərzində elmdə bir çox dəyişikliklər baş verib.  İslahatlar necə gedir, onların istiqaməti və sürəti haqqında nə deyə bilərsiniz?

-Doğrudan da müstəqilliyin ilk illərində baş verən durğunluqdan sonra son 5-6 ildə elmin inkişafı sahəsində ciddi addımlar atılıb. İnstitutların binaları təmir edilib, tədqiqatlar üçün texniki potensial ciddi şəkildə inkişaf etdirilib. Maliyyə baxımından elmin dəstəklənməsi üçün ölkə prezidenti yanında "Elmin inkişafı Fondu", Dövlət Neft Şirkətinin "Elm fondu" yaradılıb, alimlərimizin beynəlxalq miqyaslı qrant layihələrində iştirakı geniş vüsət alıb.  Amma alimlərimizin maaşının aşağı olması hələ də onların potensialından səmərəli istifadə etməyə imkan vermir.

-Elmin idarə olunması sahəsində həyata keçirilən islahatlar haqqında nə deyə bilərsiniz?

- Elmin idarə olunması sahəsində "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramının qəbul edilməsi təbii ki, irəliyə doğru ciddi addımdır və bu sahədə siyasəti müəyyənləşdirir. İnstitusional baxımdan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində elmin idarə olunması üçün daha fərqli və çevik bir sistem yaradılıb. Bu quruluş elmi tədqiqatların ölkənin əsas sosial-iqtisadi inkişafı istiqamətlərinə  yönəldilməsinə imkan yaradır. Bir neçə yeni İnstitut yaradılıb.
   
-Yeri gəlmişkən, elmi fəaliyyətin qiymətləndirilməsində məqalələrin sayı, nəşrin nüfuzu, istinadların sayı, tətbiqi və s. kimi  meyarların istifadə olunması mübahisələr doğurur. Bu məsələyə münasibətiniz necədir?
    
-Elmi fəaliyyətin qiymətləndirilməsi üçün yeni meyarlar, xüsusilə nəticələrin fundamentallığı və yeniliyinin təsdiqini, istehsalatla bağlılığını, onların təbliğini də əxz edən  meyarların daxil edilməsi obyektivliliyi artırır. Son zamanlar bu məsələ çoxlu mübahisələr yaradır. Əvvəla doğrudan da bu meyarların hər biri qiymətləndirmədə istifadə oluna bilər. Amma bu meyarların heç biri mütləq deyil. Təəssüf ki, çox vaxt məqalənin sayı alimlərin öz şəxsi yaradıcılığı  ilə deyil, tutduğu vəzifə ilə müəyyənləşir ki, bu məsələ də fərqli qiymətləndirilməlidir. Bir də çox hallarda eyni nəticələr bir neçə məqalədə müxtəlif dillərdə və ya nəşrlərdə dərc oluna bilir ki, bu da əsərlərin sayının süni surətdə artırılmasına gətirir. İstinadların sayına gəlincə, onu deyim ki, əvvəla bilmək lazımdır ki, bu istinadlarda nə qeyd olunur, bəlkə elmi nəticə tənqid olunur. Digər tərəfdən bir var ki, istinad edərək yazılsın ki, "..... tədqiqatlar aparılıb..", bir də var ki, istinad olunsun ki, "...filan nəzəriyyə irəli sürülüb", .. "effekt müşahidə olunub", "..model təklif olunub" və s. Bu tip istinadların dəyəri qiymətləndirmədə çox fərqli olmalıdır.  Elmi işin xarakterindən asılı olaraq  ona istinadların olmasını tələb etmək düzgün deyil. Fərz edək, tədqiqat  Azərbaycan ərazisində hər hansı bir təbiət abidəsinə və ya endemik  növə həsr olunub. Bu tipli işlərə hər hansı bir xarici alimin istinad etməsi, təbii ki,  az ehtimallıdır. Əgər tədqiqatların nəticələrinin nəşri uyğun qurumlar tərəfindən məhdudlaşdırılırsa bu da alimin fəaliyyətinin qiymətləndirilməsində sayın və  ya istinadın meyar kimi qəbul edilməsində problem yaradır.  Məsələn, mənim çalışdığım radiasiya sahəsində sovet dövründə məqalələrin xaricdə nəşr olunmasına ya qadağa qoyulurdu, ya da məhdudlaşdırılırdı.  Mənim bir dostum populyar bir jurnalda fizikanın dünyada çoxdan qəbul edilmiş fundamental bir qanununun pozulmasından bəhs edən bir məqalə yazmışdı və bu qanunun "pozulmasını" elə məqalənin adında göstərmişdi. Bu məqaləyə yüzlərlə istinadlar olunmuşdu. Təbii ki, zaman hər şeyi yerinə qoydu. Mənim fikrimcə qiymətləndirmənin bir meyarı kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan elmi məqalələrdə fikirlərin orijinallığı, dəyəri və ölkəmiz üçün əhəmiyyəti istifadə olunmalıdır. Təbii ki, bu meyar da çoxlu suallar doğura bilər.
 
-Akademiyaya seçkilərin başa çatmasından az vaxt ötüb. Nəticələr birmənalı qarşılanmır, mətbuatda tənqidi yazılar gedir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəla seçki varsa, onun nəticələrindən narazılıq həmişə olacaq. Mən bir neçə beynəlxalq təşkilatda layihələrin seçimi üzrə müsabiqə komissiyasının üzvü olmuşam.  Bu müsabiqələrdə bəzən bir yerə 10-15 layihə təqdim olunur və bunlardan biri qalib gəlir, qalanı isə bir qayda olaraq   seçimin ədalətli olmamasından şikayət edir. İş ondadır ki, elmdə yaxın keçmişdə baş verən durğunluq dövrü elə bir vəziyyət yaradıb ki, MEA-nın üzvlüyünə namizədlər heç də  biri-birindən kəskin surətdə fərqlənmirdilər. Seçilənlər arasında olduğumdan bəlkə mənim fikrim bir qədər subyektiv xarakter daşıyacaq. Kimya bölməsi üzrə müxbir üzv seçilən 6 nəfərdən 5-ni mən 30-40 ildir tanıyıram, aspirant dövründən indiyədək yaradıcılıqlarını izləyirəm, işlərini oxuyuram. Hesab edirəm ki, bu seçilənlərdən  heç birinə etiraz ola bilməz. İnsafən bu bölmədən seçilənlər haqqında hələlik tənqidi yazılara rast gəlməmişəm. Amma bizim yerimizə başqa 6 nəfəri də seçmək və bu seçimi də əsaslandırmaq olardı. Ona görə də gələcək üçün Akademiyada elmi fəaliyyəti qiymətləndirmə meyarları işlənilməlidir və bu meyarlar əsasında, necə deyərlər hətta kompüter proqramları vasitəsilə seçim aparmaq olar. Ən azından nüfuzlu elmi nəşrlərdə məqalələr və ona müsbət münasibət bildirilən istinadlar, kadr hazırlığı, Beynəlxalq layihələrdə iştirak, tətbiqlər, tədqiqatların  elmin inkişafı üzrə  Milli Strategiyaya uyğun olması  və s. meyarlar mənim fikrimcə kompleks şəkildə qiymətləndirmədə istifadə oluna bilər.

-Elmin inkişafı Strategiyasında və Dövlət Proqramında nəzərdə tutulmuş elmi prioritetlər ölkənin sosial-iqtisadi inkişafına nə dərəcədə uyğundur və elmin idarəçiliyi sahəsində aparılan islahatlar nə dərəcədə bu prioritetlərə cavab verir?

-Əvvəla bu bəllidir ki, ölkəmizin sosial-iqtisadi inkişafının maliyyə təminatının əsas hissəsi neft-qaz sənayesinin üzərinə düşür və sizin dediyiniz dövlət sənədlərində neft -qazın geologiyası, istehsalı, emalı,  ekologiyası və digər məsələlər öz əksini layiqincə tapıb. Ölkə iqtisadiyyatının neft-qaz sənayesindən asılılığının azaldılması proseslərinin elmi əsasları, habelə ölkənin tarixi, ədəbiyyatı və mədəniyyətinin inkişafı da bu prioritetlərə daxildir. Akademiyanın strukturunda bu prioritetlərin hər birinə aid institutlar fəaliyyət göstərir və bu institutların potensialı yüksəldilməkdədir. Strategiyada, Dövlət Proqramında və sizin adını çəkmədiyiniz "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasında ən çox yer ayrılan məsələ ətraf mühitin qorunması, təbii resursların davamlı istifadəsi, iqlim dəyişmələrinin təsirinin tədqiqidir. Təəssüflə qeyd etmək lazımdır ki, indiyə qədər Akademiyada bu məsələləri tədqiq edən institut yoxdur. Qeyd etmək lazımdır ki, ayrı-ayrı institutlarda  bu problemin müxtəlif tərəfləri tədqiq olunur, amma bunların bir təşkilatda əlaqəli şəkildə tədqiq olunması mühüm əhəmiyyət təşkil edir.

-İki il əvvəl sizinlə müsahibədə demişdiniz ki, Azərbaycanda İqlim dəyişmələri İnstitutunun yaradılmasına ehtiyac var, bu məsələ ilə bağlı fikriniz dəyişibmi?

-Qeyd edim ki, qlobal iqlim dəyişmələri bütün dünyada ciddi surətdə tədqiq olunur.  Etibarlı proqnozlara görə iqlimin istiləşməsi, quraqlıq, sellər, daşqınlar, yer sürüşməsi və s kimi fəsadların artması bütün yer kürəsində qaçılmazdır. Azərbaycan ərazisində biz artıq bu fəsadların şahidi oluruq. Hər il sellərdən, quraqlıqdan, dolu yağışlarından və s. səbəblərdən vətəndaşlarımıza milyonlarla manat ziyan dəyir və bu ziyan ilbəil artır. Təkcə 2010-cu ilin daşqınlarından yaranan fəsadlardan vətəndaşlara dəyən ziyanın kompensasiyası üçün dövlət büdcəsindən  300 mln manat xərclənib. Təbiətə dəyən ziyan isə milyardlarla manatla ölçülür. Bu proseslər tədqiq olunmalı, etibarlı proqnozlar hazırlanmalı, adaptasiya və yumşaldıcı tədbirlərin elmi əsasları işlənilməli, əvvəlcədən xəbərdarlıq sistemləri yaradılmalıdır. Bunun üçün isə xüsusi qurumun olması vacibdir. Qeyd   edim ki, Elmin inkişafı Strategiyasına və Dövlət Proqramına bu istiqamət prioritet kimi  daxil edilib.

-İslam müəllim, Sizin çalışdığınız Radiasiya Problemləri İnstitutunun əhəmiyyəti ölkə Prezidentinin "Milli Nüvə tədqiqatları Mərkəzinin " yaradılması haqqında sərəncamı ilə əlaqədar olaraq  daha da artıb. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

-Milli Nüvə tədqiqatları Mərkəzinin yaradılması Azərbaycan  elmində yeni mərhələ olacaq. Bunun üçün son 40 ildə ölkədə böyük potensial yaradılıb. Bu mərkəzdə nüvə reaktorunun  olması bizim hamımızdan məsələyə ciddi yanaşma tələb edir. Gələcəkdə mərkəzin səmərəli fəaliyyətinin və radiasiya təhlükəsizliyinin   təmin olunması üçün indi gecikmədən ciddi işlər aparılmalıdır. Qeyd edim ki, keçən əsrin 70-ci illərində ölkəmizdə Atom Elektrik Stansiyasının planlaşdırılan inşası ilə bağlı olaraq 10-a qədər mütəxəssis Moskvaya, Obninskə və Dubnaya oxumağa göndərilmişdi. Sonradan reaktorun tikilməsinin təxirə salınması ilə bağlı olaraq bu mütəxəssislər Radiasiya Problemləri İnstitutunda, BDU-da və digər təşkilatlarda çalışmağa başladılar. MEA-nın Fizika İnstitutunda da bu sahədə böyük potensial vardır. Amma atom reaktorun istismarı üzrə operatorlor yoxdur. Bu kadrların hazırlanması ən mühüm məsələlərdəndir. Reaktor üçün yerin seçilməsi də mühümdür. Bütün bu məsələlər milli  və Beynəlxalq ekspertlərin cəlb olunması ilə ətraflı müzakirə olunmalıdır. Mənim fikrimcə toplanmış potensial nəzərə alınmaqla MEA-nın mövqeyi və rolu bu müzakirələrdə həlledici olmalıdır.   

-Bu gün dünyada alimlərin birgə fəaliyyətinin yüksək nəticələr verməsinin şahidi oluruq. Azərbaycanda alimlərin bir arada fəaliyyəti üçün hansı maneələr var və birgə əməyi ortaya qoymaq üçün nələr etmək lazımdır?

-Indi elmdə olan kəşflərin çoxu multidissiplinar sahələrdə olur. Son 100 ildə Kimyəvi fizika, Riyazi fizika, Bioloji fizika, Geofizika,Fiziki kimya və s. multidissiplinar sahələrdə çalışan elm adamlarının birgə fəaliyyətindən  daha çox yeni elmi nəticələr alınıb. Son illər Azərbaycan Milli Elmlər Akademiyasında bu sahədə bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Fikrimizcə elmin maliyyələşdirilməsinin layihə Proqramları üzrə həyata keçiruilməsində belə Layihələrə üstünlük verilsə  daha yaxşı olar.

-Azərbaycandan beyin axını problemi müstəqilliyin ilk illərindən başlayıb və bu gün də davam edir. AMEA prezidenti də öz açıqlamasında bu gün dünyada kifayət qədər azərbaycanlı alimin çalışdığını deyib. Sizcə, həmin alimləri vətənə qaytarmaq üçün sadəcə maddi təminat yetərlidirmi?

-Beyin axını məncə o qədər də pis göstərici deyil. Əgər bizim alimlərimiz qabaqcıl ölkələrə gedərək orada özlərinə yer tuta bilirsə bu bizim elmimizin yaxşı göstəricisidir. Bu cür axın həmişə olub və buna heç də təəsüflənmək lazım deyil. Amma burada yetişmiş yüksək ixtisaslı kadr maliyyə durumu ilə bağlı xaricə gedib orada öz səviyyəsindən aşağı olan fəaliyyətlə məşğul olursa bu o qədər də yaxşı deyildir. Son illər çoxlu sayda alimlərimiz ölkəmizə dönməyə başlayıblar. Çalışmaq lazımdır ki, xaricə getmiş alimlərimiz ölkəmizlə əlaqəni üzməsinlər və birgə tədqiqatlarda, kadr hazırlığında  iştirak etsinlər. Burada işləmək üçün şərait və maddi təminat yaxşılaşdıqca alimlərimiz ölkəmizlə daha sıx əlaqədə işləyə biləcəklər.

-Alimlərin əmək haqqının azlığı məsələsi hər zaman olduğu kimi aktual olaraq qalır. "Alimlər nə iş görür ki, artıq maaş da alsınlar" fikirləri ilə bağlı nə deyə bilərsiniz?

-Bəli, bu aktual məsələdir. Elmi tədqiqatlar sadəcə olaraq nə sənaye , nə də əkin-biçin işidir ki, bir neçə ildə onu qaldırmaq mümkün olsun. Sovetlər Birliyinin dağılmasından sonra 15-20 ilə  qədər tənəzzüldə olan elmin inkişaf etdirilərək normal səviyyəyə çatdırılması üçün bir az uzun vaxt lazım olur. Son fikirlə heç cür razılaşmaq olmaz. İndi Azərbaycanda həyatına elmə həsr etmiş adamlar, 20-30 il bundan öncə olduğu kimi məhsuldar çalışırlar, nəticələr də  bütün dünya elmi tərəfindən qəbul olunur. Təbii ki, qabaqcıl səviyyəyə çıxmaq üçün daha səmərəli tədbirlər görülməli, o cümlədən maaşların artırılması haqqında qərarlar qəbul olunmalıdır.

Aygün İbrahim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31