“Biz Azərbaycan dilini təcrid etmirik” - Nizami Cəfərov

“Əsas məqsəd dilimizin, xüsusən də mətbuatın dilinin inkişafı üçün potensialı tapmaqdır”

Prezident İlham Əliyev cari ilin may ayının 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması ilə bağlı Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar İşçi Qrup yaradılıb. Keçən müddət ərzində İşçi Qrup tərəfindən Dövlət Proqramı hazırlanıb və onun son variantının ilkin müzakirəsi olub. İşçi Qrupun üzvü, professor Nizami Cəfərov "Azadinform"a  Dövlət Proqramının əhəmiyyəti və detallarını açıqlayıb.
- Nizami müəllim, Dövlət Proqramında hansı məsələlər öz əksini tapıb? Ümumiyyətlə, proqramın dilçiliyin inkişafı, dilimizin yad təsirlərdən qorunması və digər bu kimi məsələlərin həllində hansı köməyi olacaq?

- Layihə üzərində yaxşı iş getdi. Bu məsələ ilə əlaqədar olan bütün qurumlarla, mütəxəsislərlə məsləhətləşmələr aparıldı. Demək olar ki, bizim bügünkü dilçilik təfəkkürümüzün bütün imkanlarından istifadə olunub Dövlət Proqramı layihəsi hazırlandı. Mətn demək olar ki, bütövlükdə hazırdır, amma bundan sonrda da mütəxəssislərə göndərilməlidir. Hesab edirəm ki, əsas məsələlər əhatə olunub. Qloballaşma şəraitində dilimizin inkişafına kömək edə biləcək hansı nöqtələr varsa, o da hərəkətə gətirilib və layihədə əks etdirilib. Burada həm nitq mədəniyyəti, dilimizin müxtəlif üslublar sahəsində inkişaf etdirilməsi, mətbuat, radio-televiziya dili ilə bağlı, terminologiya, tərcümə ilə əlaqədar, reklam dili ilə bağlı çoxsaylı təkliflər var. Bu təkliflər həm dili inkişaf etdirmək, həm də ədəbi dilin normalarını qorumaq istiqmətində olan təkliflərdir. Azərbaycan dilinə digər dillərdən söz keçməsi ilə bağlı məsələlər əhatə olunub.  Layihədə AMEA Dilçilik İnstitutuna xüsusi bir mövqe qazandırılır ki, bir sıra elmi, nəzəri məsələlərə istənilən vaxt izahat verilsin, düzgün istiqamət göstərilə bilsin.
- Dövlət Proqramı bütövlükdə yeni təkliflərlə əhatə olunub?
- Proqramda hər şey öz əksini tapıb. Düzdür, birdən-birə heç bir inqilabi iş görməyə ehtiyac yoxdur, çünki neçə illərdir ki, dilimizin inkişafı sahəsində böyük işlər görülüb və davam edir. Ancaq yeni şəraitdə, müasirləşən, qloballaşan dünyada istər-istəməz yeni yanaşmalara ehtiyac olur. Dilimizə müxtəlif təsirlər olur. Türk dünyası ilə əlaqələr genişlənib. İstər-istəməz türk dillərinin də qarşlıqlı əlaqəsi olur. Dünyanın inkişaf etmiş beynəlxalq dilləri var və onlarla bizim dilimizin münasibətərinə müəyyən aydınlıqlar gətirilməlidir. Ümumilikdə, həm vaxtilə müəyyənləşən prinsiplərə istinad olunur, həm də yeni yollar təklif edilir. Xüsusilə küçə reklamlarına nəzarətin gücləndirilməsi, həm də Azərbaycan dilində reklamların daha geniş verilməsi və onların səviyyəli şəkildə, normalara, estetik qaydalara uyğun verilməsi məsələsi təklif olunur.
- Dövlət Proqramında televiziyalarda bədii şuraların fəaliyyət göstərməsi təklif olunub...
- Belə bir təklif olub ki, televiziyalarda bədii şuralar yaradılsın. Daha dəqiq desək, bədii şuralar yox, dilə nəzarət edən qurumlar olsun. Hesab edirəm ki, təklif kifayət qədər prinsipial qoyulub. Əsas o deyil ki, hər hansı bir qurum yaradılsın, əsas odur ki, mətbuatın, televiziya, radiomuzun dilində çoxlu qüsur var və onların aradan qaldırılmasına ehtiyac duyulur. Deyək ki, kim hansısa anlaşılan və anlaşılmayan sözü istəyirsə onu işlədir. Yerində və yersiz sözlər işlədilir. Bu da istər-istəməz dilə dağıdıcı təzyiq əmələ gətirir. Əlaqələrin belə inkişaf etdiyi bir şəraitdə biz Azərbaycan dilini təcrid etmirik. Təbii ki, yeni sözlər də gələcək, amma bununla yanaşı həmin sözlərin gəlişinə müəyyən nəzarət olmalıdır. Bəs niyə ona daha çox fikir verilir? Çünki bu gün ən çox inkişaf edən, ən çox işlənən və ictimai olan dil publisistik dildir. Yəni bədii və elmi dildən daha çox publisistik dil  başqa dillərlə əlaqədə olur. Ona görə də bu sahəyə nəzarət lazımdır, ancaq bu, təcrid etmək, inkişafın qarşısını almaq, əlaqələri məhdudlaşdırmaqla olmaz. Bütün dünyada bu proseslər gedir, hər bir xalq və dövlət çalışır ki, onun dili təmiz olsun.
- Nizami müəllim, belə başa düşdüm ki, bədii şuralar, yaxud qurumlar əvvəlkindən fərqlənəcək. Deyək ki, sovet dövründəki bədii şuraların fəaliyyəti geniş idi, burada həmçinin hər özünə müğənni, yaxud peşəkar deyən şəxs efirə buraxılmırdı...
- Sovet dövründəki bədii şura hər şeyə baxırdı. Burada geyimdən başlamış oxumağa, deyilən sözün ideologiyasına qədər hər şeyə baxılırdı. Ancaq burada bu məzmunlu şuradan söhbət getmir. Bizim radio və televiziyaların çoxu özəldir. Yəni təklif və tövsiyələr verilir ki, belə bir qurum yaradılsın. Bu, Mətbuat Şurası, Milli Televiziya və Radio Şurasının xətti ilə ola bilər. Əslində, onlar özləri bu işdə maraqlı olmalıdırlar. Yəni özləri çalşmalıdırlar ki, qüsurlu nitqli aparıcılar efirdə olmasın. Təbii ki, bu, bir tərəfdən televiziya və radionun imici üçün nöqsandır, digər tərəfdən isə axı bu bizim ana dilimizdir. Biz də görürük bəzən aparıcı sözü yerində işlətmir. Həmçinin bəzən mətbuatda səslənir ki, bu bədii şuralar və nəzarət orqanlarına ehtiyac yoxdur. Tutaq ki, ehtiyac olmasın, amma elə bir mexanizm olsun ki, bu məsələlər yaxşılığa doğru dəyişsin. Deyək ki, bir aparıcını yaraşığına, hansısa simpatik görünüşünə görə televiziyalara qəbul edirlər, amma nitqi çox qüsurludur. Nitq başdan-ayağa nöqsanlıdır. Əgər kimsə görünüşü ilə fərqlənirsə, qəbul olunursa, ancaq nitqində problem varsa, bu, düzəldilməlidir. Belə bir fikir də var ki, Dilçilik İnstitutunda bir şura yaradılsın və orada seçilən aparıcılara  sertifikat verilsin. Yaxud aparıcı hazırlayan hər hansı müəssisəmiz varsa, orada dil məsələsinə xüsisi fikir verilsin. Yəni təcrübədən istifadə olunsun, öyrənilsin. Hərəkətləri, artistlikləri, bədən plastikaları  öz yerində, ancaq sözü düzgün tələffüz eləmək lazımdır. Fikir vermişəm, bizim aparıcıların müəyyən hissəsi "Azərbaycan" sözünü tələffüz edəndə "Azerbeycan" deyir. Yəni belə olmaz. Bu, böyük qüsur hesab olunur. Xalqının, dövlətinin adını düzgün tələffüz edə bilməyən nəyi düzgün tələffüz edə bilər?
- Televiziya və Radio Şurasının apardığı monitorinqlərdə belə bir nəticə də var ki, ədəbi dilin qaydaları  ara-sıra bəzi proqramlara dəvət olunan mütəxəsislər tərəfindən də pozulur. Yəni onlar qarışıq dillərdə danışırlar.
- Hamımız bilirik ki, belə problemlər var və aradan qaldırılmalıdır. Bəzən mətbuatda müzakirə edirər ki, yenidən nəyisə bərpa edirlər, sovet dövrünə qayıdırlar. Burada xüsusi hüquq-mühafizə orqanından söhbət gedə bilməz. Deyək ki, demokratik inkişafın qarşısını alacaq səviyyəyə çatan tədbir görülə bilməz, amma peşəkarlıq baxımından çalışılmalıdır. Çalışanda da bunun bir istinad nöqtəsi, mənbəyi olmalı və həmin qurum da belə məsələrlə bağlı məsuliyyət daşımalıdır.
- Belə məlumatlar var ki, redaksiyalarda rəhbər heyət humanitar ixtisaslı olmalıdır. Ümumiyyətlə, belə bir təklif varmı? Varsa bunu tələb kimi qiymətləndirmək olar?
- Dövlət Proqramında belə bir təklif yoxdur, amma vaxtilə bu məsələ qalxmışdı ki, mətbuat orqanlarının baş redaktoru peşəkar jurnalist olsun. Bunun heç nəyi pis deyil, amma bununla yanaşı, dünyanın mətbuat tarixindən bilirik ki, jurnalistlərin, bu və ya başqa mətbuat orqanlarının baş redaktorlarının ixtisasları başqa olub. Belə ola bilər, ancaq söhbət ondan gedir ki, jurnalistikanı, mətbuatı idarə eləmək mədəniyyəti olsun. Bunun da mühüm tərkib hissəsi dil mədəniyyətidir. İstəyir fizik və başqa ixtisaslı ol, əgər gözəl yaza, danışa, fikrini dəqiq və aydın ifadə edə bilirsənsə, onsuz da peşəkarsan. Burada diploma baxmırlar. Amma elə adamlar var ki, mətbuata rəhbərlik edir, nə özününün yazdığı bir şey deyil, nə də dil, ifadə baxımından rəhbərlik etdiyi jurnalist kollektivinin... Odur ki, əsas qurum, təşkilat deyil, bunlar bir vasitədir. Əsas məqsəd dilimizin, xüsusən də mətbuatın dilinin inkişafı üçün potensialı, istinadı tapmaqdır ki, hərəkətə gəlsin və bu sahədə irəliləyiş olsun.
- Nizami müəllim, layihədə dilçi alimlərin özlərinin də müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəsinin vacibliyi önə çəkilir. Belə bir zərurəti necə xarakterizə edirsiniz?
- Bizim dilçi alimlərimizin böyük hissəsi İKT-dən istifadə edir, amma istifadə edə bilməyənlər də var. Gərək müasir dövrün tələbinə uyğunlaşasan, İKT-dən istifadə etməyi bacarasan. Əlbəttə, bu, müəyyən yaşlı nəsil üçün çətin olacaq. İndi internet sistemindən işləməyəndə lazımi elmi informasiyanı ala bilmirsən. Ona görə də intellektdə zəiflik əmələ gəlir. Elə dilçi ola bilərsən ki, internetdən peşəkar səviyyədə istifadə edə bilərsən, ancaq dilçilik, elmi təfəkkürün lazımi səviyyədə ola bilməz. Bu layihə ilə dilçilik elminin qarşısına elə məqsədlər qoyulur ki, Azərbaycan dilçiliyi bugünkü dünya dilçiliyi səviyyəsinə qalxsın. Yəni dünyada hansı məsələlər müzakirə olunur, dil necə tədqiq olunur. Bir sözlə, təklif edilir ki, dilçilik elmi təfəkkürümüz beynəlxalq standartlara uyğun olsun.
- Layihənin son müzakirəsi olub. Bundan sonra hansı mərhələ olmalıdır?
- Son müzakirələrdə müəyyən qeydlər olub. Həmin qeydlər də əlavə ediləcək. Sonra bizim dilçi mütəxəssislərə göndəriləcək ki, onlar da baxsınlar. Bundan sonra isə cənab prezidentin imzasına təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31