İşğal dövründə qanunsuz tikililərlə bağlı şəhərsalma planına uyğun olaraq müəyyən addımlar atılır - Hikmət Hacıyev

Ermənistan-Azərbaycan münaqişəsi belə başa çatsa da, ancaq münaqişənin doğurduğu, yaratdığı bu humanitar fəsadlar hələ də gündəlikdə qalmaqda davam edir. Yəni bu Azərbaycan Respublikasını, vətəndaşlarımızı gündəlik həyatını narahat edir və bilavasitə təhlükə mənbəyi olaraq qalmaqdadır.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2020-ci ildən bu vaxta qədər olan dövr ərzində 420-dən artıq vətəndaşımız mina partlamaları nəticəsində həlak olub və yaxud da ağır bədən xəsarətləri alıb. Bir milyondan artıq mina Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal dövründə ərazilərimizdə, Azərbaycan ərazisində basdırılıb:

"Ona görə də bu humanitar gündəliyin tərkib hissəsi olaraq bu məsələlər bizim gündəliyimizdə qalmaqda davam edir. Azərbaycan Respublikası ərazilərimizin öz daxili imkanlarımız hesabına təmizlənməsi istiqamətində addımlar atır, amma bu böyük miqyaslı bir işdir. Bu eyni zamanda ərazilərin bərpa və quruculuq prosesinə də mənfi təsir göstərir.

Amma burada haşiyəyə çıxaraq bir məqamı qeyd etməliyik ki, bu gün mən mətbuatda gördüm ki, Ermənistan bəzi qeyri-hökumət təşkilatları nümayəndələri guya Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə əlaqədar Ermənistanda keçirilən Avropa Siyasi Birliyi tədbiri öncəsi müraciətlər ediblər.

Birincisi, o şəxslərlə əlaqədar məsələni də siyasiləşdirirlər. Belə ki, burada hüquq var, Azərbaycan Respublikasının məhkəmə strukturları tərəfindən həmin şəxslər barəsində hüquqi əsasda, qanuni qərarlar qəbul edilib. Cinayət varsa, cəza da var. Və bu Azərbaycan Respublikasının qanunları, həmçinin də beynəlxalq humanitar hüququn əsasları ilə müharibə cinayətkarlarına münasibətdə lazımi hüquqi addımlar atılıb".

H.Hacıyev vurğulayıb ki, Ermənistan vətəndaş cəmiyyəti təsisatları hələ də Azərbaycan Respublikasının vətəndaşları mina problemindən əziyyət çəkməkdə davam edirlər.

"Bu ərazilərdə ölkəmiz tərəfindən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır və bu bərpa-quruculuq işləri prosesi çərçivəsində də işğal dövründə qanunsuz tikilmiş bəzi tikililərlə əlaqədar müvafiq addımlar atılır həmin ərazilərin şəhərsalma planlaşdırılmasına uyğun olaraq. Beynəlxalq humanitar hüquqa görə və Cenevrə konvensiyalarına görə, işğal dövründə işğalçı tərəf mülkiyyət hüquqlarını pozaraq həmin ölkənin suverenliyini pozaraq orada həyata keçirdiyi müxtəlif tikinti tədbirləri qanunsuz hesab olunur. Qanunsuz hesab olunan bu və ya digər tikili obyektlərin də aradan qaldırılması ümumi şəhərsaldırma və urbanistika planlarına uyğunlaşdırılması da zəruri şərtlərdən biridir və ölkəmizdə bu istiqamətdə addımlar atılır", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31