Uzunmüddətli müttəfiqlik ənənəsinin yaranmasına çox ehtiyac var - MÜSAHİBƏ
Elşən Mustafayev: “Vaxtilə bir-birinə qarşı düşmən mövqedə duran insanlar çox asanlıqla sonradan bir blokda fəaliyyət gostərirlər”
14 May 2014 16:58 Müsahibə"Elə məsələlər var ki, onları yaxın buraxmaq olmaz"
Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasından sonra beynəlxalq əlaqələri yüksək səviyyədə quran siyasi qüvvələrdən biri də Milli İstiqlal Partiyasıdır. Sözügedən partiya növbəti hədəf kimi Avropa Xalq Partiyasının tamhüquqlu üzvü olmağı qarşıya qoyub. AMİP-in Avropa Xalq Partiyasına üzvlüyü mümkünlüyü, beynəlxalq əlaqələri, eləcə də daxili siyasi proseslərdəki fəaliyyəti ilə bağlı partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevlə söhbətləşdik.
-Elşən bəy, AMİP-in beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür və partiyanın uzun müddətdir ki, Avropa Xalq Partiyasına üzv olma prosesinin yubanması nə ilə əlaqədardı?
-AMIP beynəlxalq əlaqələri özünün müəyyənləşdirdiyi xətt üzrə inkişaf etdirir və bu sahəyə beynəlxalq katiblik cavabdehlik daşıyır. Partiya artıq uzun müddətdir ki, bu əlaqələrin qurulub inkişaf etdirilməsi ilə ciddi məşğul olur. Bunun nəticəsidir ki, dünyada, əsasən də Avropada baş tutan böyük siyasi tədbirlərdə AMİP-in iştirakı və hətta bu tədbirlərin bəzilərinin təşkilatçılarından biri olması partiyanı beynəlxalq partnyorları arasında söz sahibinə çevirib. Ilk baxışda adi görünsə belə əslində bu münasibətlər istər partiya, istərsə də Azərbaycan üçün çox əhəmiyyətlidir. Beynəlxalq sahədəki əsas hədəflərimizdən biri də Avropa Xalq Partiyasına (AXP) üzv olmaq istəyimizdir. Bu istiqamətdə işlərimiz uzun müddətdir ki, davam edir. Son bir neçə ildə isə bu sahədə daha ciddi və ardıcıl işləyirik. AXP-yə daxil olan partiyaların əksəriyyəti ilə biz həm də Beynəlxalq Demokrat İttifaqı çərçivəsində əməkdaşlıq edirik. İl ərzində müxtəlif tədbirlərdə görüşürük . Eyni zamanda AXP-nin keçirdiyi bütün tədbirlərdə biz iştirak edirik.Yəni hazırda bizim AXP-yə üzv olmağımızın yalnız rəsmiləşdirilməsindən söhbət gedə bilər. Hətta AXP rəhbərliyi ilə söhbətlərimizdə onlar deyirlər ki, əməkdaşlığımız kifayətqədər genişdir və bəzən elə bilirik ki, siz artıq çoxdan AXP-nin üzvüsünüz. Yəni fəaliyyətimiz, münasibətlərimiz o səviyyəyə çatıb ki, artıq onlar belə düşünürlər. Bu günə qədər üzvlüyümüzün rəsmiləşdirilməməsi isə düşünürəm ki, bəzi texniki məsələlərlə bağlı olub. Yəqin ki, növbəti toplantıların birində bu məsələ həllini tapacaq.
-Bu il ərzində üzvlüyün reallaşması gözləniləndirmi və bu üzvlük AMİP üçün hansı yeni imkanlar açacaq?
-Ola bilsin ki, bu ilin sonuna yaxın bu baş versin. Bildiyiniz kimi bu ayın 25-də Avropa Parlamentinə və Avropa Komissiyasının prezidentliyinə seçkilər keçiriləcək .AXP bu gün Avropa Parlamentində ən böyük fraksiyadır və bütün məsələlərə çox ciddi təsir imkanları var. Eyni zamanda hazirda Avropa Komissiyasının prezidenti də AXP nümayəndəsidir. Yəni indiki durumda onların bütün diqqətləri bu seçkiyə yönəlib. Eyni zamanda paralel olaraq Ukrayna böhranı ilə ciddi məşğul olurlar. AXP böyük ehtimalla Avropa Parlamentində əvvəlki mövqelərini saxlayacaq. O ki qaldı AXP-yə üzvlüyümüzün AMİP-ə nə verəcəyinə, bunun yalnız xeyri olacaq. Hansı şəkildə, necə olacaq, bunu zaman göstərəcək. İstəsək də, istəməsək də ölkəmizin gələcəyi, istər siyasi, istər iqtisadi inkişafı Avropa ilə bağlıdır. Mən həmişə demişəm ki, Avropa dəyərlərinə sahib olmaq bizim üçün vacibdir. Amma bu o demək deyil ki, dəyərləri ucdantutma özümüzə transfer etmək lazımdır. Elə məsələlər var ki, onları yaxın buraxmaq olmaz. Hansı ki, Avropa cəmiyyətinin mühafizəkar kəsimi də bu cür dəyərlərə qarşı mübarizə aparır. Məsələn elə götürək Fransanı .Orada sağ mərkəzçilər seçkini uduzandan sonra hakimiyyətə sosialist Fransua Olland gəldi. Gələn kimi onun ilk qərarlarından biri ailə qurmuş cinsi azlıqlara övladlığa uşaq götürməyə icazə verməsi oldu. Klassik ailə modelini dəstəkləyən milyonlarla mühafizəkar fransalı etirazlara qalxdılar. Hətta onlara əsl ailə təbliğatı aparmağa gorə cərimələr də tətbiq olundu. Amma xalqın müqavimətindən də çox qorxdular. O vaxta qədər hakimiyyətdə olmuş sag mərkəz partiyası bunu etmədi və etməyəcəkdi də. Amma sollar hakimiyyətə gələn kimi belə addım atdılar. Bununla demək istəyirəm ki, kimsə bizə zorla nəyisə qəbul etdirə bilməz. Biz Avropaya inteqrasiya deyəndə belə məsələləri çıxmaq şərtilə inkişafa, rifaha, demokratik yüksəlişə xidmət edən dəyərlərə yiyələnməyi nəzərdə tuturuq.
-Hazırkı vəziyyətdə daxili aləmdə AMİP-in əsas diqqət yetirdiyi məsələ hansıdır və partiyanın qarşısında duran vəzifələr nələrdir?
-Hazırda AMİP bir neçə məsələni ciddi diqqətdə saxlayır və onlara xüsüsi önəm verir. Bu Ukraynada baş verən proseslərin Qarabağ probleminə ola biləcək təsiri, eyni zamanda ərazi bütövlüyümüzə ola biləcək hər hansı təhdidlərdir. Hansı ki, son vaxtlar Minsk qrupu həmsədrlərinin verdiyi təkliflər, Sərkisyanın Krımdakı referendumla bağlı Moskvada soylədiyi fikirləri və onun bu presidentin Qarabağa da şamil edilməsi arzusu nəinki AMİP-i, bütün ölkəni narahat edən məsələlərdir. Sözsüz ki, kiminsə arzusundan asılı olmayaraq biz öz mövqelərimizdən çəkilən deyilik. Amma belə bulanıq zamanlarda ehtiyatlı və hər şeyə hazır olmağımız lazımdır. Digər tərəfdən partiya payızda keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi nəzərdə tutur. Bunun üçün hazırlıq işlərinə start verilib. Amma partiyanın bələdiyyələrin səlahiyyətləri və onların statusları ilə bağlı ciddi narazılığı var. Bu gün bələdiyyələr yerli icra hakimiyyətlərinin bir şöbəsi kimi fəaliyyət göstərir. Onlara verilən çox az səlahiyyətdən belə istifadə edə bilmirlər. Daha doğrusu buna imkan yaratmırlar. Əvəzində xalq arasında bələdiyyələrə qarşı mənfi fikir formalaşır və onları yalnız torpaq satan qurum kimi tanıyırlar. Umumiyyətlə biz təkif edirik ki, geniş səlahiyyətlərlə Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Eyni zamanda digər bələdiyyələrə də səlahiyyətlər verilməlidir ki, gələcəkdə yerli idarəetmə tamamilə bələdiyyələrə verilsin. 15 ildir yaradılan bələdiyyələr inkişaf etmək əvəzinə elə bil ki, bilərəkdən çökdürülür. Bu sahə üzrə AMİP-in geniş təklifləri hazırlanır və yaxın zamanda içtimai müzakirəyə çıxarılacaq.
-AMİP müxalifətin aktivliyinin artırılması məqsədilə hansısa təşəbbüslərlə çıxış edə bilərmi?
-Mən müşahidə etmişəm ki, nəinki müxalifətin, ümümiyyətlə bütün siyasi partiyaların aktivliyi yalnız seçkilər zamanı, əsasən də parlament və prezident seçkiləri öncəsi baş verir. Əslində isə bu aktivlik seçkilər arası dövrdə olmalıdır ki, insanlar partiyaların hansı işlə məşğul olduğunu görsünlər və bilsinlər. Belə olan halda seçki vaxtı artıq siyasi partiyanın təbliğatına ehtiyac qalmayacaq, yalnız partiyaların namizədlərinin təbliğatı ilə məşgul olmaq lazım gələcək. Bu gün müxtəlif təkliflər vermək olar, amma obyektiv və subyektiv səbəblərdən verilən təkliflərə çox vaxt şübhə ilə yanaşılır. Bunun da əsas səbəblərindən biri çox vaxt təklif verənlərin nəinki özlərinin hətta partiyalarının belə qeyri ciddi olmasındadır. Düşünürəm ki, istənilən ciddi partiya aktivliyin yüksəlməsənə xidmət edə biləcək ağıllı təkliflərə müsbət yanaşar. Amma dediyim kimi birincisi bu təklifi verənlər siyasi həyatı şübhəli olmayan insanlar olmalıdırlar, ikincisi də verilən təkliflərin həyata keçmə şansları bir az yüksək olmalıdır. Durğun siyasi həyatda belə təkliflər vermək bir az çətindir. AMİP hazırda 7 partiyanı özündə birləşdirən Demokratik Qüvvələr Birliyində təmsil olunur. Birlik hazırda sizin dediyiniz aktivliyin artirilması ilə bağlı təkliflər hazırlayıb yol xəritəsi müəyyənləşdirmək istəyir. Bu proses artıq başlanılıb.
-Mövcud vəziyyətdə görünən odur ki, müxalifətdə birləşmək meyillərindən daha çox mərkəzdənqaçma meyilləri var. Sizcə bunun başlıca səbəbi nədir?
-Bunların səbəbini seçkiöncəsi birliklərin fərqli baxışlı insanlardan, təşkilatlardan ibarət olmasında görürəm. Normal halda birliklər bir-birini qəbul edən, fikir yaxınlığı olan, hədəflərini görən təşkilat və ya fərdlərdən ibarət olaraq yaradılmalıdır. Bu halda strateji müttəfiqlik uzun müdətli olur. Ciddi fikir ayrılığı olmadığı təqdirdə belə birliklərlə nəinki bir seçkidə, hətta bütün seçkilərdə iştirak etmək mümkündür. Bizdə isə bu məsələ bir az fərqlidir. Belə ki, vaxtilə bir-birinə qarşı düşmən mövqedə duran insanlar çox asanlıqla sonradan bir blokda fəaliyyət gostərirlər. Bu birləşmə subyektlərinin bir çoxunun korporativ maraqlarına xidmət etdiyindən nəticə əldə olmayandan sonra məhz mərkəzdən qaçma meylləri baş verir. Əslində isə uzunmüddətli müttəfiqlik ənənəsinin yaranmasına çox ehtiyac var. Bundan həm siyasi partiyalar xeyir görər, həm də ölkənin siyasi mədəniyyəti inkişaf edər.
Süleyman İsmayılbəyli