“Müxalifət taktiki və strateji addımlarını müəyyənləşdirə bilməyib” - ŞƏRH

Əli Oruclu: “Hakimiyyət uğrunda mübarizə aparan partiyalar daha çox öz mövcudluqlarının qayğısına qalıblar”

2013-cü ilin prezident seçkilərindən sonra müxalifət düşərgəsində bir passivlik müşahidə edilməkdədir. Hətta bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirak qərarı verməyən əksər partiyalar sanki hansısa qeyri-adi prosesin baş verəcəyini gözləyirlər. Azərbaycan Milli İstiqlal Partiyasın Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a verdiyi müsahibədə müxalifət daxilində mövcud olan passivliyin səbəbləri barədə danışıb.

-Əli bəy, prezident seçkilərindən sonrakı dövrdə müxalifət daxilində mövcud olan passivliyi nə ilə əlaqələndirərdiniz və bundan çıxış yolunu nədə görürsünüz?

-Seçkilərdən bir müddət sonra siyasi təzyiqin aşağı düşməsi və müəyyən süstlüyün yaranması normal haldı. Çünki hər seçki prosesindən sonra cəmiyyət də, siyasi mübarizə aparan qüvvələr də yeni dövr hazırlıqlarına daha çox diqqət ayırırlar. Digər tərəfdən cəmiyyəti hərəkətə gətirəcək və stimul verəcək əsas da yoxdur. Doğrudur bütün sahələrdə, xüsusən də sosial-iqtisadi sahədə kütləvi narazılıqlar mövcudddur. Lakin həmin narazılıqlar siyasiləşmədiyindən və fərdiyyəçilikdən kənara çıxmadığından siyasi proseslərə təsiri yoxdur. Müxalifətin özünü də cəmiyyətdən kənar götürməsək o zaman istər-istəməz yaranmış vəziyyət bu düşərgəyə də sirayət edir. Lakin bunun digər səbəbləri də var. Zənnimcə, hələ müxalifət taktiki və strateji addımlarını müəyyənləşdirə bilməyib və sanki nəyisə gözləməkdədir. Eyni zamanda hərənin başı öz problemlərinə qarışıb. Bir qədər də obrazlı desək, hakimiyyət uğrunda mübarizə aparan partiyalar daha çox öz mövcudluqlarının qayğısına qalıblar və hansısa fövqəladə prosesə ümid bağlayırlar. Beynəlxalq aləmdə cərəyan edən hadisələr də, xüsusən, Ukraynada yaşananlar, Rusiyanın region uğrunda aktiv siyasəti tərəddüdlər yaradıb. Belə ki, nə baş verdiyini və nələrin baş verəcəyini hələ heç kim dərinliyi ilə anlaya bilmir. Siyasi partiyalara beynəlxalq qüvvələrin də marağı azalıb. Cünki indiki dönəmdə Azərbaycanda hər hansı siyasi aktivliyin və gərginliyin olması arzuolunan deyil. Müxalifət daxilindəki qarşılıqlı inamsızlıq və pərakəndəlik qalmaqdadır. Müxalifətin durumu və ondan çıxış yolları mürəkkəbdir desək yanılmarıq. İqtidarda olduğu kimi müxalifət daxilində də fundamental islahatlara ehtiyac var. Müxalifətçilik və rəğbət baxışlarına müasirlik gətirilməlidir. Yeni siyasi mübarizə texnologiyaların tətbiqi qaçılmazdır. Partiyalar və onun liderləri firqə və özəl maraqların fövqündə dayanmağı bacarmalıdır. Yeni düşüncə və dünyagörüşünə malik enerjili və praqmatik düşünən gənclərə idarəetmədə və qərarvermədə imkanlar yaradılmalıdır. Eyni zamanda cəmiyyətə verilən mesajlar aydın olmalı və cəmiyyətin geniş maraqlarına cavab verməlidir.  Bu sadaladıqlarımı həyata keçirmək o qədər də asan olmasa da, lakin gec-tez bu baş verəcək.

-Müxalifətin qeyri-aktivliyi cəmiyyətin ona olan inamını azaltmırmı?

-Müxalifətin aktiv, yaxud da qeyri-aktiv olması heç nəyi dəyişmir. Son prezident seçkilərində müxalifət aktiv fəaliyyət göstərsə də, cəmiyyəti sükut nöqtəsindən tərpətmək mümkün olmadı. Ölkə əhalisi seçki prosesinə demək olar ki, qatılmadı. Cəmiyyət 20 ildən çoxdur ki, nəyinsə dəyişməsi uğrunda hər dəfə ümidlənir və  hər dəfə də bu ümidləri puça çıxır. İnsanlar da daha 15-20 il əvvəlki insanlar deyil. Daha praqmatik, daha real düşünürlər. Əvvəlki kimi boş vədlərə, pafoslu çıxışlara, həmçinin, "qayğıkeş" "əzabkeş" "vətənpərvər" və sair kimi ritorikalara inanmırlar. Onlar siyasi mübarizə aparan qüvvələrə də alət olmaq istəmirlər. Çünki zaman-zaman bu mübarizələrdə fəal iştirak etsələr, mərhumiyyətlərə düçür olsalar da qazancları olmayıb. Onların həyatlarında yaxşılığa doğru heç nə dəyişməyib. Digər tərəfdən əksər müxalifət partiyalarının özü də hakimiyyətə gəlmək, yaxud da demokratik dəyişikliklər uğrunda mübarizə aparmır. Bəzən siyasəti al-ver və sövdələşmə kimi görənlər də var. Bunların hamısı cəmiyyətin diqqətindən yayınmır. Üstəlik də müxalif qüvvələr arasında, xüsusilə də dünənki müttəfiqlərin bu gün didişməsi, bir-birilərini aşağılaması və yarı yolda buraxması, yaxud da ağır ittihamlarla suçlaması cəmiyyətdə nəinki müxalifət düşərgəsinə inamı azaldır, ümumilikdə siyasətə və siyasi proseslərə qarşı ikrah hissi yaradır. Nəticədə isə xalq ölkəsinin idarəçiliyində iştirakdan, konstitusiyada deyildiyi kimi hakimiyyətin mənbəyi olmaqdan könüllü surətdə imtina edir. Bu isə dövlətçiliyimiz üçün çox təhlükəli tendensiyalara yol açır.

-Bu il keçiriləcək bələdiyyə seçkilərində AMİP-in iştirakını məqbul hesab edirsinizmi və partiyanız seçkidə iştirak edəcəkmi?

-AMİP ölkədə ilk yaranandan indiyə kimi hakimiyyətə gəlməyin yeganə yolunun seçkilərdən keçdiyini bəyan edib və bu prinsipinə də sadiq olaraq qalır. Eyni zamanda ölkədəki demokratik dəyişikliklərin və köklü islahatların da məhz seçkilərdən keçdiyinin fərqindəyik. Odur ki, partiya bütün səviyyəli seçkilərdə mütəşəkkil qaydada iştirak edərək saxtalaşdırmalara baxmayaraq uğurlara imza atıb. Mən tam əminliklə deyərdim ki, ölkədə AMİP qədər seçki təcrübəsi olan ikinci bir siyasi qüvvə yoxdur. Bildiyiniz kimi qarşıdan bələdiyyə seçkiləri gəlir. Partiyanın ötən ay keçirilən Mərkəzi Şurasının iclasında da əsas müzakirə predmeti olan məsələlərdən biri də məhz bələdiyyə seçkiləri ilə bağlı olub. Etiraf edim ki, bələdiyyə seçkilərində AMİP-in iştirakına partiya daxilində yanaşma birmənalı deyil. İştirakla yanaşı bunun əksini düşünənlər də var. Gətirilən arqumentlər də tutarlı arqumentlərdir. Doğrudur, dünya praktikasında yerli özünüidarə orqanlarına keçirilən seçkilər deyərdim hətta parlament seçkilərindən də əhəmiyyətli olur. Elə götürək qonşu Türkiyədə baş tutan son bələdiyyə seçkilərini. Sizin də izlədiyiniz kimi hər bələdiyyə uğrunda siyasi qüvvələr arasında ölüm-qalım mübarizəsi getdi. Lakin ölkəmizdə situasiya tam fərqlidir. Bu da ondan ibarətdir ki, əvvəla seçkilərə inam qalmayıb. Ona görə də potensial iddiaçıların prosesə cəlb edilməsi heç də asan olmayacaq.

-Bir sıra siyasilər Rusiyanın işğalçılıq siyasətini susqunluqla qarşılamaqda qınanır. Sizcə, həmin siyasilərin Rusiyanın işğalçılıq siyasətinin əleyhinə açıq şəkildə ifadələr işlətməməsi nə ilə bağlıdır?

-Rusiya faktoru təkcə region üçün deyil, ümumiyyətlə beynəlxalq aləm üçün çox ciddi problemə çevrilməkdədir. Moskvanın dünyanı yenidən siyasi qütblərə bölmək istəyi və imperiya niyyətləri beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid yaratmaqdadır. Məsələnin təhlükəli xarakter alması ondan ibarətdir ki, Kreml heç bir ümumbəşəri dəyərlərə və hüquq normalarına məhəl qoymayaraq silah, şantaj, hədələyici və zorakı dildə danışır. Məncə, Azərbaycanda da təhlükənin reallığını və ciddiliyini çoxları anlayır. Rusiya Azərbaycanda bütün proseslərə təsir etmə imkanlarına malikdir. Hətta, bu imkanlar hakimiyyət dəyişikliyinə apara biləcək güc səviyyəsindədir. Ona görə də Rusiya məsələsinə təkcə müxalifət deyil, hakimiyyətin özü də çox ehtiyatlı və korrekt şəkildə yanaşır. Bu yanaşma başa düşüləndir.

-Doğurdanmı Rusiyanın imperiya yaratmaq niyyəti Azərbaycan üçün də təhlükəli məqamlardan xəbər verir?

-Bayaq da vurğuladığımız kimi Rusiya əldən verdiklərinin geri qaytarılması savaşına başlayıb. Ukraynada baş verən hadisələr qlobal siyasətə yeni çalarlar gətirdi. Dünyanın düzəni artıq dəyişmək üzrədir. Bu proseslərin hara aparacağını və hansı sonuclar verəcəyini təxmin etmək çətindir. Ancaq aydın olan odur ki, Moskva iddialıdır və onun bu iddiasının qarşısını almaq asan deyil. Rusiya qonşu dövlətdir və regiona maraq dairəsində olduğunu net şəkildə bildirir. Belə olan halda Rusiya ilə qarşıdurmaya getməyə dəyərmi? Əlbəttə, yox. Doğrudur, bəzən təbliğatda Rusiya xortdan kimi cəmiyyətə təqdim edilir. Fikrimcə, bu cür təbliğat yanlışdır. Əksinə, Rusiya ilə əlaqələri daha da genişləndirmək, münasibətləri normal məcrada davam etdirmək lazımdır. Azərbaycan ABŞ və onun Qərb müttəfiqləri ilə gedən mübarizədə tərəf kimi iştirak etməməlidir. Ədalət naminə demək istərdim ki, Azərbaycan iqtidarı hələ ki, bununla bağlı yürütdüyü xarici siyasət təqdirəlayiqdir. Təbii ki, mən də istərdim ki, Azərbaycan Avroatlantikaya inteqrasiya yolunu seçsin, Avropanın mütərəqqi dəyərlərinə sahiblənsin. Ancaq indiki məqamda bunu etmək xeyrindən çox zərər verər. Onsuz da, ABŞ və Qərbin Rusiyanı iqtisadi cəhətdən zəiflətmək planlarını Azərbaycansız həyata keçirmək mümkün deyil. Odur ki, indi Azərbaycan həmişəkindən də  artıq dərəcədə tərəflərə lazımdır. Azərbaycanın hansı tərəfdə durması həmin tərəfin şəksiz üstünlüyü deməkdir. Ona görə də hansı tərəf Azərbaycanın taleyüklü problemlərinin həllinə, xüsusən də ərazi bütövlüyümüzün bərpasına və bir milyondan çox qaçqınıımızın öz torpaqlarına qayıdışının təmininə kömək edəcək, bizimlə həqiqi dostluq və müttəfiqlik münasibəti sərgiləyəcək, suverenliyimizə və təhlükəsiziliyimizə təminat verəcəksə o tərəfin də yanında olmaq lazımdır. Daha doğrusu, onlar Azərbaycanın yanında olmalıdır.

Süleyman İsmayilbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31