“Çeçenistanın müstəqilliyinə dair razılaşma əldə edilib” - MÜSAHİBƏ
Vəfa Quluzadə: “Ya Rusiya ağıllı siyasət yürüdüb sağ qalacaq, ya da ki çökəcək”
30 Aprel 2014 17:20 MüsahibəAzərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə geosiyasi maraqlarına qarşı Qərbin Rusiyaya qarşı mövqeyini "Olaylar"a şərh edib.
- Vəfa müəllim, ABŞ-ın tanınmış "The Daily Beast" portalı iddia edir ki, Almaniya Rusiya hərbi qüvvələrini təlimatlandırır. Bu iddiada məntiq varmı?
- Ukrayna hadisələrindən çox əvvəl Almaniyanın müdafiə təchizatçısı "Rheinmetall" Rusiya ilə müqavilə imzalayıb. Həmin müqavilə əsasında təşkilat Rusiyanın 30 min əsgərinə təlimlərin verilməsi üçün baza tikib. Ukrayna böhranına qədər bu təlim bazası işlək vəziyyətdə olub. Lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra federal kansler Angela Merkel bunun qarşısını aldı. Artıq həmin bazaya almanların heç bir yardımı yoxdur, geri çəkiliblər. Avropa Rusiyanın yavaş-yavaş sivilizasiyaya doğru gedəcəyini zənn edirdi, federasiyanın da onlar kimi avropalı olacağını düşünürdü. Həmin məqsədlər üçün Avropa Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlıq edir. Məsələn, İtaliya Rusiyaya döyüş, ingilislər isə helikopter daşıyan gəmilər satmaq istəyirdilər. Almaniya isə rus hərbçilərinə təlim verirdi. Tarixən də məlumdur ki, ərazilərinin böyük, təbii sərvətlərinin çox olduğuna görə, ruslar asanlıqla istədiklərini əldə edə bilirdilər. Məsələn, Sankt-Peterburqu kim salıb? Rastrelli - italiyalılar inşa ediblər. I Pyotr Avropanın inkişaf etdiyini görüb Rusiyanı da avropalaşdırmağa çalışırdı. Rusiya sərvətlərini italyanların qarşısını tökmüşdü, onlar da bunun qarşılığında Sankt-Peterburqu tikdilər. Həmin tendensiya bu gün də davam edir. Rusiya həmişə əsgəri dövlət olub, lakin onun silahlarının hamısı Qərbdən gəlib. Rusların icad etdikləri silahların sayı azadır. Bütün mütərəqqi texnologiyaların hamısı həmişə Qərbdən gəlib. Sovet İttifaqı çökəndən sonra Rusiya Avropa ilə səmimi şəkildə əməkdaşlıq etməyə başlayıb. Lakin Rusiya XXI əsrdə anneskiyaya əl atıb. Başqa müstəqil dövlətin ərazisini işğal edib. Almaniya isə bunun qarşısını almaq istəyir. Almaniya heç vaxt bilərəkdən Rusiyanın Ukraynada işğal planı həyata keçirməyə icazə verməzdi. Berlin və Moskva arasında Ukraynaya dair gizli ittifaqın olmasını iddia etmək cəfəngiyyatdır. Məsələn, ABŞ Rusiyanın "Abaron Servis" adlı müdafiə xidmətilə gizli şəkildə əməkdaşlıq edib. İndi həmin əlaqələr, digər sahələrdəki əməkdaşlıqları dayandıracaq. Amerika həmişə Rusiyanı NATO-nun təlim proqramlarına cəlb edirdi. Alyans daxilində ABŞ və Rusiya arasında hərbi əməkdaşlıq vardı. Amma Ukraynadan sonra həmin əməkdaşlıq 100% 180 dərəcə fırlanacaq. Qərbin əsas məqsədi Rusiyanı çökdürməkdir. Çünki Kreml Ukraynaya müdaxilə etməklə "qırmızı xətt"i keçdi. ABŞ növbəti dəfə Rusiyaya xəbərdarlıq edərək, Ukraynadan geri çəkilməyə çağırdı və yeni sanksiyalarla təhdid etdi. Həmin sanksiyalar vəziyyəti tamamilə çıxılmaz dalana dirəyəcək, Rusiyaya isə oradan geriyə qayıdış yoxdur. Sonunadək müharibə başlayacaq. Mərhələ "soyuq müharibə"dən isti mərhələsinə keçə bilir. İndi bunun heç bir əhəmiyyəti yoxdur, çünki Qərb Rusiya ilə müharibə etməyə hazırdır.
- Ukraynada proseslər başlayandan bu günədək Almaniya bu ölkədəki situasiya ilə yaxından maraqlanan dövlətlərdən biridir. Merkelin Putinlə tez-tez məsələ ilə əlaqədar telefon əlaqəsinə çıxması da sirr deyil. Almaniyanın Ukraynaya bu qədər əhəmiyyət verməsinin səbəbi nədir?
- Təkcə, Almaniya yox, bütün Qərb dövlətləri üçün Ukrayna böyük əhəmiyyət kəsb edir. Ən azından Qərb Ukrayna məsələsini gündəmində saxlayaraq, Rusiyanın imperialist gedişlərinin qarşısına əngəl çıxarıb dayandırmaq istəyirlər. Ukraynada başlayan proseslər Yanukoviçin devirməsilə nəticələndi və bu ölkəni tamamilə Qərbə çevirdi. Rusiya Ukraynanı Viktor Yanukoviç hakimiyyətdən gedənə qədər işğal etmişdi. Yanukoviç hakimiyyət üçün deyildi. Hətta Yanukoviçi Putinlə tanış edəndə ruslar dəhşətə gəldilər ki, bu adam cinayət üstündə iki dəfə mühakimə olunub. Bundan lider ola bilər? Amma başqası olmadığı üçün ona "stavka" edib hakimiyyətə gətirdilər? Viktor Yanukoviç iqtidarı ələ keçirəndən sonra isə Ukrayna Rusiyanın əyalətinə çevrildi. Həmin dönəmdə Ukraynanın Gömrük İttifaqına daxil olmaq perspektivi vardı. Kreml hesab edirdi ki, Ukrayna, Qazaxıstan və Belorusiyanı Gömrük İttifaqına daxil etdikdən sonra bütün keçmiş SSRİ respublikalarını quruma üzv edəcək və Sovet İttifaqını yenidən yaradacaq. Rusiya yeni imperiya qurmaqla ABŞ-la birlikdə dünyanı bərabər bölmək niyyətindədir. Putinin bu məqsədi reallıqdan tamamilə uzaq idi. Kreml məqsədinə yalnız bir yolla nail ola bilərdi. İqisadi və hərbi sahələrdə inkişaf edib ABŞ-la eyni olmalıydı. Yalnız bundan sonra Putin məqsədinə çatacaqdı. Əgər Vladimir Putin bunu etməyi bacarsaydı, ABŞ dünyanı Rusiya ilə bərabər bölməyə razı olacaqdı. İkinci Dünya Müharibəsindən sonra SSRİ yalnız hərbi baxımdan Amerikadan üstün idi, lakin digər sahələrdə ondan geridə qalırdı. Xüsusilə Sovet İttifaqında iqtisadi vəziyyət olduqca pis idi. Lakin buna baxmayaraq, Amerika Sovet Rusiyasının əsgəri gücü ilə hesablaşdı və belə bir qərar qəbul olundu ki, İkinci Dünya müharibəsinin nəticələri dəyişməzdi. Yəni ki, Rusiyanın Şərqi Avropadakı imperiya maraqları tanındı. Müharibədən sonra Moskva imperiyanı bir qədər də Avropanın Qərbinə sürüşdürmüşdü. Amma indi nəyə görə, Rusiya öz işğalçılıq siyasətini Amerikaya tanıtdırmalıdır? Lakin Avropaya Rusiya ilə əməkdaşlıq etmək sərf edir. Çünki Rusiya Avropa üçün tarixən yüksək keyfiyyətli xammal mənbəyi olub. Avropa Rusiyadan aldığı xammalın əvəzinə külli miqdarda valyuta verib. Həmin valyutalar hesabına Rusiya özünü bir balaca güclü hesab edəndən sonra (mən özüm bir balaca deyirəm, Rusiya iqtisadi və hərbi baxımdan özünü az qala NATO-ya bərabər hesab edir) aqressiv davranışlar edir. Qərbi şantaj edərək, onu işğalçılıq, nüvə müharibəsilə hədələyir. Şantajın qarşısından isə heç vaxt çəkilmirlər. Geri çəkilən həmişə uduzub. Amerika və NATO axıradək Rusiyanın qarşısında dayanacaqlar. Ya Rusiya ağıllı siyasət yürüdüb sağ qalacaq, ya da ki çökəcək.
- ABŞ "soyuq müharibə" dövründə NATO kimi layihəni ortaya ataraq, SSRİ-ni parçalaya bildi. Növbəti dəfə ABŞ Rusiyanı dayandırmaq üçün hansı addımlar ata bilər?
- Rusiyanı dayandırmaq üçün hansısa adımmları atmaq lazım deyil. Çünki bunun üçün mexanizmlər artıq hazırdır. NATO və ABŞ-ın əsgəri gücü Rusiyanın aşa bilməyəcəyi səddir. ABŞ dünyanın ən güclü ordusuna malik ölkədir. SSRİ parçalanandan sonra Rusiya nüvə texnikasından başqa heç nə əldə edə bilməyib. Nüvə silahlarından başqa heç nəyi yoxdur. ABŞ-la Rusiya arasında bu dəfə iqtisadiyyat müharibəsini uduzdu və çökdü. SSRİ-dən fərqli olaraq Rusiyanın Qərbdən iqtisadi asılılığı var. Putinin hazırda bir arzusu var: ABŞ Rusiyanın Ukraynaya sahib olması məqsədini tanısın. Həmçinin Rusiya Ukraynanı istədiyi kimi istifadə etsin, öz adamlarını hakimiyyətə təyin etsin, bu ölkə Gömrük İttifaqına daxil olsun. Qərb isə bunu tanımayacaq. Rusiya xalqı sadəlövhdür, Kremlə inanır. Mən özüm Sovet vətəndaşı olmuşam. SSRİ dövründə Sovet təbliğatı bizi əmin etmişdi ki, biz dünyanın ən yaxşı, ən ədalətli dövlətiyik, ən gözəl demokratik siyasi sistemimiz var və bütün bəşəriyyət bizi sevir. Yaxşı yadımdadır. Gənclərin nümayəndə heyətilə xarici ölkələrə səfər edəndə mən əcnəbilərin bizə nifrət etməsinə təəccüb edirdim. 1964-cü ildə qatarla Polşadan keçirdik. Birdən pəncərədən platformalar göründü, üstündə sovet tankları vardı. Bizim qrupdakı uşaqlar qışqırdılar: "Oyyy, bizimkilər!". Vaqonda olan polyaklar az qala bizi öldürürdülər. Qrup rəhbəri qışqıranın üstünə çəmkirdi: "Ağzını bağla, axmağın biri axmaq! Nə danışırsan?". Həmin dövrdə xarici ölkələrdə SSRİ-yə qarşı münasibət bu cür idi. Dünya Sovet İttifaqına nifrət edirdi. İndi də ruslar güclü təbliğatın təsiri altındadır. Çünki rusların əksəriyyəti interneti izləmirlər. Yalnız birinci kanala baxırlar. Rusiyanın birinci kanalında hər şey yalançı faktlarla verilir. Ruslar kənardan özlərinə qarşı haqsızlığın edildiyinə inandırılırlar. Federasiyada zənn edirlər ki, Rusiya hələ də böyük imperiyadır. Soçi olimpiyadasında ruslar uduzduqlarına görə dəhşətə gəldilər ki: "Niyə uduzmuşuq? Biz Amerikadan böyük xalqıq!". Ruslarda bu cür şovinist psixologiyası yaradılıb. Putin də hələlik bundan istifadə edə bilir. Amma rusların çörəyi qurtaranda, Putinin vəziyyəti də dəyişəcək.
- Polşa mətbuatı iddia etdi ki, Rusiyada etnik qarşıdurmalar başlaya bilər. Hətta İnquşetiyanın Rusiyadan ayrılaraq müstəqil olması tezisini ortaya qoydu. Vəfa bəy, Qərb məqsədinə çatmaq üçün Kremlin əleyhinə "etnik kart"dan istifadə etməsi mümkündürmü?
- Rusiyada etnik gərginliyin yaradılacağını Qərbin üzərinə atmaq lazım deyil. Şeyx Şamilin dövründən Şimali Qafqazda yaşayan millətlər müstəqillikləri uğrunda mübarizə aparırlar. Hazırda da bu mübarizə davam edir. Rusiya mətbuatı hər gün Çeçenistan, İnquşetiya, Dağıstan və digər bölgələrdə etnik gərginlik barədə çoxlu sayda məlumatlar yayır. Hər gün Şimali Qafqazda rus əsgərləri tərəfindən onlarla mücahid zərərsizləşdirilir. Çünki regionda yaşayan millətlər müstəqil olmaq istəyirlər. Rusiyanın ayağı büdrəyən kimi Şimali Qafqaz istədiyini əldə edəcək. Bu gün faktiki olaraq Çeçenistan müstəqildir. Sadəcə razılaşma əldə olunub ki, Çeçenistan Rusiya daxilində müstəqil olaraq qalacaq. Bunun müqabilində isə Çeçenistan Rusiyanın atdığı addımları dəstəkləməlidir. Ramzan Kadırov ona görə də qondarma "erməni soyqırım"ını tanıdı. Kadırov tez-tez Putinin siyasi gedişlərini dəstəklədiyi bəyanatını səsləndirir. Kremlin fəaliyyətinə alqışlamaqla Ramzan Kadırova heç nə olmur. Amma nəticə etibarilə Kadırov Rusiyanın pullarından çeçenlər üçün pay alır və Çeçenistanın müstəqilliyinə nail olub. Çeçenistan Kremllə hesablaşmadan daxilində istədiyi fəaliyyəti edir, İslam ölkəsinə çevrilir. Rusiya da susur. Milli, dini, etnik azlıqlar məsələləri Rusiyanın altına qoyulmuş minalardır. Hər gün biri partlayır. Bir gün isə hamısı partlayacaq.
Mənsur Rəğbətoğlu