“2015-ci il müxalifət düşərgəsinin ciddi sınaq ili olacaq” - MÜSAHİBƏ
Əli Əliyev: “Fikirlərdə dualizm hiss olunmaqdadır”
28 Aprel 2014 15:12 MüsahibəBu günlərdə Azərbaycan Demokrat Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının rəhbərliyi bir araya gələrək gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Sözügedən görüş başa çatdıqdan dərhal sonra hər iki partiyanın birləşəcəyi və Əli Əliyevin birləşmiş partiyaya sədr gətiriləcəyi xəbəri yayılıb. Yayılan xəbərlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün VİP sədri Əli Əliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə VİP sədri müxalifət düşərgəsində mövcud olan passivliyin səbəblərinə də aydınlıq gətirib.
-Əli bəy, prezident seçkilərindən sonrakı dövrdə müxalifət daxilində mövcud olan passivliyi nə ilə əlaqələndirərdiniz və bu passivlikdən çıxmağın yolu nədir?
-Prezident seçkiləri Azərbaycandakı ümumi siyasi ovqatın davamı oldu. Müxalifət geniş və rəngarəng anlayışdır. Seçkilərə də hərə öz siyasi hədəfləri ilə qatılmışdı. Kimsə xarici və hakimiyyətdaxili qruplarla ittifaqda hakimiyyətə gəlişi, kimlərsə tapşırıqla, kimlərsə özünü sınamaq üçün prosesə qoşulmağı hədəfləmişdi. Bizim də seçki qərarı ilə bağlı öz məqsədlərimiz var idi. Bunların üzərinə çox gəlmədən deyə bilərəm ki, hesablarımıza görə hakimiyyət daxilində namizəd dəyişikliyi ilə yeni dövrə məxməri keçid olacaqdı. Lakin bu baş vermədi. Fikrimizcə, bir sıra daxili və kənar amillər Yeni Azərbaycan Partiyasının qurultayının vaxtının dəyişməsinə və beləliklə köhnə düzənin qalmasına səbəb oldu. Müxalifət daxilində passivlik isə iqtidarın beynəlxalq güclərlə ittifaqda Azərbaycan siyasi mühitinə qəbul etdirdikləri şərtlərlə əlaqədardır. Mövcud passivlikdən çıxmağın yolu bir neçə məsələdən asılıdır. İlk növbədə dəyişikliyi həyata keçirəcək siyasi gücü formalaşdırmaq lazımdır. Mənəm mənəmlik mərəzindən qurtularaq müxalifət təşkilatlanmağı bacarmalıdır. Bu istiqamətdə Azadlıq Partiyasının sədri yaxşı təklif irəli sürüb. Digər məsələ Azərbaycanın geopolitik seçim mərhələsində qabaracaq. Belə ki, gec və ya tez bu seçim tərəfimizdən edilməlidir. Həmin dövr siyasi iqlimin dəyişikliyi dövrü olacaq. Hesab edirəm o dövrdə bu iki amil düzgün dəyərləndirilsə, nəticə ola bilər. Üçüncü amil iqtidarın davranışıdır. Onların da qəbul edəcəyi qərarlardan çox məsələlər asılıdır. Hakim komanda nə qədər monolit görünsə də, son seçkilər göstərdi ki, onun da daxilində müxtəlif maraqlara qulluq edən qruplar mövcuddur. Növbəti keçid dövründə maraqların qorunması baxımından ciddi toqquşmaların baş verməsi ehtimalı yüksəkdir.
-Bu günlərdə Azərbaycan Demokrat Partiyası ilə görüşünüz olub və həmin görüş barədə müxtəlif fikirlər səslənir. Bildirilir ki, VİP ADP ilə birləşir və siz də birləşmiş partiyanın sədri seçilirsiniz. Ümumiyyətlə, həmin görüş barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?
-Həqiqətən də ADP və VİP təmsilçiləri bir neçə gün əvvəl görüşüblər. Məqsəd əməkdaşlıq imkanlarını araşdırmaq olub. Fikrimiz müxalifətin konsolidasiyası yolunda nümunə yaratmaqdır. Hər iki partiya hakimiyyətin dəyişmə yolunu hakimiyyətə alternativin formalaşmasında görür. Partiyaların vahid qurumda birləşməsi perspektivini hələlik görmürəm. Siyasi şuarmız da məsələni müzakirə zamanı buna bənzər mövqe ifadə edib. Lakin birgə fəaliyyət imkanlarının araşdırılması üçün komissiya da yaradılıb. Birləşmiş qurumun sədri məsələsinə gəldikdə isə belə fikir olmayıb. Sərdar bəy müxalifət daxilində ən çox mütaliəli və ən yüksək İQ əmsalına malik liderlərdəndir. Hesab edirəm ki, o hələ siyasətdə əsas sözünü deməyib. Bu səbəbdən də vaxtından əvvəl onun təqaüdə gedəcəyini düşünənlər yanılırlar.
-Bir sıra siyasilər iddia edirlər ki, bəzi qüvvələr Rusiya təhlükəsi məsələsini şişirdir və gündəmdə qalmağa çalışırlar. Siz necə fikirləşirsiniz, doğrudanmı Rusiya təhlükəsi realdır?
-Bunu ötən il Rusiya layihəsində yer almış təşkilatların nümayəndələri daha çox deyir. Rusiyanın real təhlükə olduğunu bu gün də görməmək yalnız şəxsi maraqlardan irəli gəlir. Rusiya Federasiyası daha hansı addımlar atmalıdır ki, SSRİ-nin bərpa cəhdlərini bizim siyasilərimiz görsün? Görürlər. Sadəcə olaraq bizim haqlı mövqeyimiz qarşısında kompleksləri var. Ümumiyyətlə, bizim müxalif düşərgədə olan bəzilərinin bir xəstə təfəkkürü var. Onlar müstəsnalıqlarına özlərini də ətraflarını da inandırıblar. Fikirləşirlər ki, düzgün təhlil, ideya yalnız onlara məxsus ola bilər, digərləri mütləq səhv edirlər. VİP-in Rusiya təhlükəsi ilə bağlı mövqeyinin haqlı olduğunu ötən ildən hamı görüb. İndi isə o layihənin mərkəzi fiqurları böhran masası yaradıb Rusiya təhlükəsindən danışırlar. Biz qısqanc deyilik. Yetər ki, dövlətimizə olan təhlükəyə qarşı hamı mübarizə aparsın. Hamı səhv edə bilər, əsas tövbə etməyə özündə güc tapasan. Təhlükənin reallığına gəldikdə isə Ukraynanın bir hissəsinin işğalı, digərində vətəndaş müharibəsi, sərhədlərdə təlimlər və qoşun toplanması Rusiyanın təxribatı deyil nədir? Mən də bildirirəm ki, bu qədər real təhlükəni gözardı etməyə cəhd edənlər Rusiyanın təxribat qrupudur.
-Prezidentin Praqada Türkiyənin mövqeyini müdafiə edən çıxışını necə dəyərləndirirsiniz?
-Yüksək qiymətləndirirəm. Kobud da çıxsa deyəcəyəm. Ölkə başçısı kişilik nümayiş etdirdi. Düşünürəm ki, belə addım alqışlanmalıdı.
-Bu ilki bələdiyyə və 2015-ci ilin parlament seçkiləri ilə bağlı VİP-in planları nədən ibarətdir?
-Bələdiyyə seçkilərini müzakirə edirik. Bələdiyyələrin qeyri-müəyyən statusu və seçki təcrübəsi düşünmək üçün səbəb yaradıb. Son Siyasi Şura toplantısı yerli qurumlara düşünməyə iki ay vaxt verib. Parlament seçkiləri isə mühüm seçkilər olmalıdır. Buna dair planlarımız genişdir. İdeyalar sistemləşdirilir. Ciddi hazırlaşmaq və mübarizə əzmi nümayiş etdirmək niyyətindəyik.
-Bu arada 2015-ci ilin parlament seçkilərinə qədər müxalifətin toparlanması, birlik nümayiş etdirməsi mümkün görünürmü?
-2015-ci il müxalifət düşərgəsinin ciddi sınaq ili olacaq. Fikirlərdə dualizm hiss olunmaqdadır. Hakimiyyətin ayıracağı mandat payı ilə dəyişikliyə təşəbbüs cəhdinin mümkünlüyü arasında mövqelər mövcuddur. Əgər müxalifət haqqı uğrunda mübarizəyə köklənməsə iqtidar bildiyini edəcək. Ona görə də hesab edirəm ki, təşkilatlanmaq, proporsional seçki sisteminin bərpası və qanunvericiliyin dəyişdirilməsi uğrunda mübarizəyə baş vurmaq zəruridir.
Süleyman