Rusyanı acı sürprizlər gözləyə bilər - ŞƏRH

Elşən Mustafayev: “Qərb maraqları baxımından Ukraynanı güzəştə gedə bilməz”

Rusiyanın hər gün Ukraynanın içərilərinə doğru bir qədər də irəliləməsi onu deməyə əsas verir ki, Moskva bu ölkəni tamamilə işğal etməyi qarşıya məqsəd qoyub. Rusiyanın işğalçılıq siyasətinə qarşı hələlik Qərbin ciddi addımlar atmaması isə bir qədər şübhəli görünür. Bəs görəsən Qərb və ABŞ Ukraynanın işğalını kənardan müşahidə etməklə kifayətlənəcəkmi? AMİP-in beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev "OLAYLAR"-a verdiyi müsahibədə indiki mərhələdə Qərbin susqunluq nümayiş etdirməsinin səbəblərindən danışıb.

-Elşən bəy, Rusiya açıqca Ukraynanı işğal etməkdə israrlı görünür. Sizcə, Qərb bu işğalı yalnız müşahidə etməklə işini bitmiş hesab edəcək?

-Ukraynadakı hadisələr yeni başlayan zaman  bildirmişdim ki, Rusiya mümkün olan bütün variantlardan istifadə edərək Ukraynanın Avropa Birliyi ilə əməkdaşlığnı əngəlləməyə çalışacaq. Bu proses hətta Ukraynanı parçalamaq cəhdlərinə qədər gətirib çıxaracaq. Bu gün mənzərə belədir ki, Krım artiq işğal olunaraq Rusiyaya birləşdirilib, cənub-şərqi Ukraynada separatçı qüvvələr vasitəsi ilə fedarallaşma meylləri qızışdırılır. İlk baxışda belə görünə bilər ki, Qərb və ABŞ bu məsələlərdə seyrici mövqe tutur və  yalnız iqtisadi sanksiyalar tətbiq etməklə kifayətlənir. Əslində isə bu Rusiyaya təzyiqin görünən tərəfidir. Əsas təsir imkanına malik olan təzyiqlər isə görünmür, daha doğrusu onu gostərmirlər. Çünki təzyiq vasitəsi elan olunarsa onun təsir imkanları da zəifləyər. Bəyanatlar, danışıqlar, elan olunan sanksiyalar, viza məhdudiyyətləri,  informasiya savaşı bunlar hamısı ictimai rəy üçün nəzərdə tutulmuş addımlardır. Amma o dəqiqdir ki, Rusyanı çox yaxın zamanda acı sürprizlər gözləyə bilər. Bundan başqa məsələnin uzanmasından keçən hər gün Ukraynanı Rusiyadan azı bir o qədər uzaqlaşdırır və hər keçən gün bu iki dövlətin normal münasibətlər qurmaq şanslarını azaldır. Bunun özü Rusiya üçün məğlubiyyət deməkdir. Qaldı ki, cənub-şərqi Ukraynaya ola biləcək hər hansı hərbi müdaxiləyə, bu Rusyanın özü üçün qazdığı quyu ola bilər. Nəzərə  almaq lazımdır ki, bu halda hərbi üstünlük olmasa belə güclü mənəvi üstünlük Ukraynada olacaq. Müqavimət o qədər güclü ola bilər ki, işğala məruz qalan ölkə kimi bu mənəvi üstünlük qarşı tərəfə çox baha başa gələ bilər. Rusiya özü bu barədə ciddi düşünməlidir. Bəlkə də bir çox qüvvələr Rusiyanın zəifləməsi  üçün bu münaqişəyə açıq şəkildə cəlb olunmasının marağındadılar.

-Ola bilərmi ki, ABŞ və Qərb müəyyən maraqlar baxımından Ukraynanı Rusiyaya güzəştə gedir?

-Birincisi, Ukrayna xalqı imkan verməz ki, əraziləri işğal olsun. Ən azı bu uzun illər Rusiya ilə həm dövlət səviyyəsində həm də xalq müqaviməti səviyyəsində lokal muharibəyə gətirib çıxara bilər ki, bunun da nəticələri çox acı olar. Kiçik Çeçenistanla olan lokal müharibədə nələrin olduğunu hamı bilir. O ki qaldı Böyük Ukraynaya burada  nəticələr daha ağır ola bilər.

İkincisi isə Qərb maraqları baxımından Ukraynanı güzəştə gedə bilməz. Çox sadə səbəbə görə. Əvvəla Ukrayna Afrikada və ya Asiyanın hansısa ucqarlarında yerləşən bir ölkə deyil ki, orada baş verən proseslərə göz yumasan. Bu Avropanın göbəyində Qara dənizə çıxışı olan strateji dövlətdir. Bundan böyük maraq ola bilməz. Bütün bu hadisələr Ukraynanı Avropa İttifaqına yaxınlaşdırmaq istəyindən sonra başlayıb. Digər tərəfdən Qərb artıq bu proseslərə qarışmağa məhkumdur. Əks halda burada iki təhlükə görünür. Ya Avropa içində lokal müharibələr gedən qeyri stabil dövlətlə qonşu ola bilər, ya da Rusiya Ukraynanın  bir hissəsini işğaldan sonra beynəlxalq müqavimət görməsə daha da güclənib yeni iddalara düşər ki, bu iddaların içində Avropa da ola bilər. Bu iki təhlükənin hər biri eyni sviyyədə Qərb üçün qəbuledilməzdir.

-Bu arada Azərbaycan və Türkiyənin də daxil olduğu TURAN ordusunun yaradılması gündəmə gəlib. Bu ideyaya münasibətiniz necədir və nə dərəcədə ciddi görünür?

-Hazırda dünyada hərbi güclərin qütbəşməsi prosesi gedir. Bu prosesin gedişatında səslənən dediyiniz  ideya Azərbaycan üçün çox əlverişlidir. Çünki biz regionda təklənmiş, ərazisi itiririlmiş hər zaman müəyyən təhdidlər altında olan bir ölkəyik. Əgər fikir verdinizsə mən plan yox, məhz ideya dedim. Bu gün reallıqda yalnız Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq edib gələcəkdə bunu inkişaf etdirə bilər. Amma bu gün üçün bu mümkündürmü? Gəlin baxaq : Ukraynadakı hadisılər onların Avrointeqrasiya istəklərindən sonra başladı.  Rusiya hesab etdi ki, gələcəkdə qonşusunun Avropa İttifaqı ilə bütün sahələrdə əməkdaşlığı eyni sahələrdə özü üçün təhdiddir. Buna görə də açıq şəkildə beynəlxalq hüquqa məhəl qoymayaraq qonşu dövlətin daxili işlərinə hərbi müdaxilə etməyə başladı. Türkiyənin Azərbaycanla hərbi ittifaqının yaranması ehtimalı gercəkləşəcəyi halda bunu da Rusiya özünə qarşı təhdid kimi qəbul edə bilər. Ona görə ki, Türkiyə NATO üzvüdür bir az da irəli getsək regionda NATO nun söz sahibidir. Yani bu bir növ Azərbaycanın NATO ilə əməkdaşlığı hesab oluna bilər. İndiki halda mən nə qədər bunu istəsəm belə  bu hələ real görünmür. Amma belə bir hərbi birliyin nə vaxtsa yaranacağı halda Azərbaycan öz təhlükəsizliyini daha rahat qoruya bilər. Hesab edirəm bu gün bütün məsələlər Ukraynda həll olunur. Azərbaycan indidən öz strateji müttəfiqlərini bəlli etməli,  X gününə hazır olmalıdır.

-Hazırda Azərbaycanı hansısa xarici təhdid gözləyirmi? Çünki dini və siyasi təhlükələrlə bağlı ehtimallar irəli sürülür?

-Dediyim kimi Azərbaycana həmişə təhdidlər olub. Bu həm açıq, həm də qapalı şəkildə olur. Bunun da müxtəlif səbəbləri var. Kimisi ərazi iddiasında olur, kimisi strateji baxımdan ölkəni təsiri altında saxlamağa çalışır, kimisi isə enerji resurslarına nəzarət etmək üçün bunu edir. Bu təhdidlər regionun digər bölgələrində baş verən kataklizmlərlə eyni vaxtda hiss olunur. Bu da onu deməyə əsas verir ki, bayaq dediyim qütbləşmələrin getdiyi bir vaxtda  nə vaxtsa bizdən də mövqe istəniləcək. Çünki elə zaman gəlib çatır ki, proseslərdə neytral qalmaq heç kimi qane etmir və sən seçim etməyə məcbur olursan. Bu zaman seçim elə olmalıdır ki, dövlətin, millətin qazancı itirəcəyindən çox olsun. Ümumiyyətlə qayda belədir ki, adətən olunan təhdidləri daxildə olan müxtəlif qrupların  hesabına həyata keçirmək istəyirlər. Bu qruplar dini, siyasi və etnik qruplar ola bilər. Azərbaycana ola biləcək təhdidləri də həyata keçirmək üçün belə qruplardan istifadə oluna bilər. Amma o qrupların gücündən asılı olaraq nəticə əmələ gəlir. Mən inanmıram ki, Azərbaycanda siyasilər arasında bu proseslərdə alət ola biləcək qüvvələr böyük olsun. Eyni zamanda dini qruplara da bunu  aid də bilərəm. Onların arasında müxtəlif dövlətlərə, müxtəlif təşkilatlara işləyənlər olsa da, əslində onlar da çox deyillər. Sadəcə dini qruplarla bağlı məsələlər bir az  şişirdilmiş halda təqdim olunur. Burada həmin qrupları provakasiya edən qüvvələrin də izi görünür. Düşünürəm ki, bir dini qrupun digər dini qrupa olan neqativ münasibəti də rol oynayır. Yani rəqibini sıradan çıxarmaq üçün onları müxtəlif istiqamətlərlə bağlayırlar. Etnik qruplara gəlincə isə bu hər zaman incə məqam olub. Dünyanın hər yerində bu amildən istifadə olunmaqla münaqişələr yaradılır. Ümumiyyətlə çalışmaq lazımdır ki, gələcəkdə dini, siyasi, etnik güclərdən dövlət əleyhinə istifadə olunması üçün maraqlı qüvvələrin əlinə əsas verilməsin. Nəticə olaraq deyə bilərəm ki, Azərbaycana ola biləcək təhdidlər, eləcə də onların qarşısını almaq mümkündür.Sadəcə olaraq buna hazır olmaq lazımdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31