İqtidar partiyasının mənsubları niyə narahatdırlar?

Musa Quliyev: “Bir narahatlıq keçiririk ki, müxalifət niyə yox dərəcəsindədir”

Müsahibimiz millət vəkili, Yeni Azərbaycan Pariyasının üzvü Musa Quliyevdir

-Musa müəllim, prezident seçkilərindən sonra ölkənin daxili siyasi mühitində siyasi passsivlik müşahidə olunur. Müxalifətin fəaliyyəti isə demək olar ki, hiss olunmur. Sizcə, bu passivliyin obyektiv səbəbləri hansılardır?
- "Ölkənin daxili siyasi mühitində boşluq var" fikri ilə razı deyiləm. Eyni zamanda, bizdə siyasi düşərgə iki blokdadır-biri iqtidar düşərgəsidir, biri də müxalifət düşərgəsi. Bəzi partiyalar var ki, iqtidarın siyasətini dəstəkləyir, onun mövqeyini ifadə edir, bəziləri isə müxalifətin siyasətini dəstəkləyir. Müxalifət düşərgəsindəki boşluq isə lap çoxdandır. Təxminən 1993-95-ci illərdən bu yana onlar yalnız seçkilər dövründə, seçkidən öncə bir balaca fəallıq göstərirlər və seçkidən sonrakı dövrdə də bir neçə bəyanatdan sonra onların varlığı ilə yoxluğu bilinmir. Və məhz biz bunlara görə əsaslanıb, hesablayıb deyirdik ki, istər "EL" Hərəkatı, istər Ziyalılar Forumu, istər Milli Şura ancaq bildirçinin bəyliyi darı sovrulana qədər olduğu kimi, bunlarınkı da seçkiyə qədərdir. Seçkidən sonra bunlar müəyyən hesabatlarını verəcəklər cavabdeh olduqları xarici təşkilatlar qarşısında və bununla da iş bitəcək. Elə biz dediymiz kimi də oldu. İndi bu saat heç "El" Hərəkatından da, Milli Şuradan da, Ziyalılar Forumundan da bir xəbər yoxdur. Hətta, İctimai Palata da özünü buraxmaq barədə qərarını elan etdi. Ona görə bizdə bu boşluqlar var ki, əslində müxalifətin siyasi mübarizəsinin beynəlxalq aləmdə qəbul olunmuş tarixi təcrübədən, sınaqdan çıxmış etik təcrübələri yoxdur. Yəni, istənilən, özünə hörmət edən, siyasi mübarizəyə qoşulan və iqtidara, hakimiyyətə gəlmək istəyən partiya uğursuzluqlarının səbəbini sonra ciddi analiz etməlidir və ona uyğun da öz nəticəsini göstərməlidir.
-Bizdə də belə bir ənənə varmı və yaxud nə vaxtsa olacağı gözlənilir?
- Adətən bir seçkidə partiyaya uğur qazandıra bilməyən rəhbərlər istefa verirlər, onun yerinə gənclər, yeni qüvvələr gəlir və onlar o siyasəti davam etdirirlər. Dünya təcrübəsində belədir. Gələk Azərbaycanın təcrübəsinə baxaq. Müxalifətçilər, radikallar 1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkiləri, demək olar ki, uduzublar. Uduzduqları halda, bir Etibar Məmmədovdan başqa, heç bir müxalifət partiyasında olan lider istefa verməyib, yerini dəyişməyib, hətta, özünün, öz tərəfdaşlarının hər hansı bir şəkildə uğursuzluqlarda günahkar olduqlarını etiraf edən bəyanatlar vermirlər, fikirlər söyləmirlər. Belə halda, əlbəttə, seçkidən sonrakı dövrdə onların nə fəallığı ola bilər? İkincisi isə bu il Azərbaycanda çox ciddi bir dövrdür. Bələdiyyə seçkiləri dövrüdür. Artıq Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı öz ilkin tədbirlərini keçirir, öz hazırlıq işlərini görür. Bu mənada biz öz işimizi görürük və bu işləri də çox ciddi reklam etməyə də ehtiyac görmürük. Çünki hələlik bunun zamanı çatmayıb. Hələlik reklama da ehtiyac yoxdur. Sadəcə təşkilatlanma məsələsini həyata keçiririk bələdiyyə seçkilərində. Amma müxalifət cəbhəsində heç nə hiss olunmur. Yeri gəlmişkən, prezident seçkisi qurtarandan sonra ümumiyyətlə, bu düşərgədə nə baş verir? Bildiyiniz kimi, seçkilər zamanı İsa Qəmbərlə Əli Kərim bir yerdəydilər, ikisi də bir yerdə Cəmil Həsənliyə dəstək verirdilər. Amma seçkilərdən sonra onlar mətbuat səhifələrində düşüblər bir-birilərinin üstünə. Nədir söhbət? Söhbət də yalançı siyasi müxalifətin liderliyindən gedir ki, bizim hansımız müxalifətin lideriyik və sair. Ancaq əslində onların hər ikisi çoxdan getməliydilər, yerlərini partiyadakı digər yoldaşlara buraxmalıydılar ki, onlar partiya yoldaşlarını bəlkə irəliyə aparsınlar, hətta, hansısa bir müvəffəqiyyət qazansınlar. Bu baxımdan, boşluq məsələsi artıq Azərbaycan müxalifətinin radikal qanadının xroniki bir xəstəliyidir. Yəni, seçkidən-seçkiyə bir balaca fəallarşırlar, məsələn, malyariya xəstəliyində üç gün qızdırmalar olur. Qızdırmalar müəyyən müddətdən sonra keçir və sonra periodik olaraq davam edir. Bunlarda da həmin o şeydir. Seçkiqabağı bir neçə vaxt fəallıqları olur, temperaturları qalxır, müəyyən adamlarla görüşürlər, ola bilsin müəyyən qrantlar alırlar, bəzi ölkələri gedib turist kimi gəzib gəlirlər, bununla da fəaliyyət bitir. Ondan sonra fəaliyyətləri harada qalır, sadəcə, 2-3 qəzetin səhifələrində bir-birinin əleyhinə bəyanatlar vermək, iqtidarı suçlayan, heç bir əsası olmayan böhtan xarakterli yazılar yazmaq və sair ilə işlərini bitmiş sayırlar. Buna görə biz iqtidar partiyasının mənsubları da hərdən, səmimi deyirəm, bir narahatlıq keçiririk ki, müxalifət niyə yox dərəcəsindədir. Ümumilikdə götürəndə demokratik proseslərin ölkədə getməsi üçün həm iqtidar tərəf, həm müxalifət tərəf öz töhfəsini verməlidir. Siyasət də bir futbol meydançasıdırsa, hər zaman bir qapıya oynamaq, bir qapıya qol vurmaq da olmur. Bu mənada müxalifətin də müəyyən qədər güclənməsi, müəyyən qədər təmizlənməsi, müəyyən qədər silkələnməsi və toparlanması iqtidar partiyası olaraq bizə də maraqlıdır. Çünki zəif rəqiblə daima mübarizə aparmaq da hər bir idmançını formadan salır. Amma təəssüf olsun ki, uzun illərdir müxalifət düşərgəsini "özəlləşdirmiş" bir neçə siyasi lider, müxalifətin liderləri bunu ya dərk etmirlər, ya da dərk edirlər, sadəcə, özlərinə bundan sonra fəaliyyət çərçivəsi görmədiklərinə görə qapılıb qalıblar və bir növ konservatçı olublar. Onların nə vaxtsa konservatsiyadan çıxması da gözlənilmir. Yadınızdadırsa hələ 1993-cü ildə ciddi hakimiyyət böhranı yarananda "biz vəzifəmizi dondururuq" şüarı atdılar ortaya, özü də çox gülməli bir şüar idi. İndi görünür hələ də onların o donu açılmayıb və bu baxımdan da, həmin liderlər müxalifət cərgəsində bütləşib qalıblar. Amma o bütlərin çoxdan qırılması vaxtıdır.
- Sizcə, həmin liderlər postlarını təhvil verərək siyasətdən getsələr müxalifət düşərgəsi uğur qazana bilərmi?
- Hər halda yeni nəfəs, yeni yanaşma gələ bilər. İndi ona da çox ümid etmirik. Çünki nəsil dəyişməlidir. Mən hesab edirəm ki, nəsil dəyişməlidir. Amma bu, hər halda irəliyə doğru bir addım olar. Axı, iddialı partiyalar nə qədər eyni liderlərin simasında uğursuzluğa düçar ola bilərlər? Ona görə bunların özləri də hiss edirlər ki, ətrafları getdikcə seyrəlir, yeni qüvvələr gəlmir. Bəzən onu üstümüzə atırlar ki, guya yeni qüvvələrin hamısını iqtidar öz ətrafına toplayıb. Bizim elə bir ciddi marağımız da yoxdur. Bizim partiyanın 650 minə yaxın üzvü var və bundan sonra partiyanın da yenidən genişlənməsinə o qədər də maraqlı deyilik. Yalnız seçib götürürük. Hətta, müəyyən rayon təşkilatlarında üzvlüyə qəbulla bağlı çox ciddi senzuralar qoyulub, yəni, çox ciddi təlimlərdən sonra müraciətlərə baxılır və qəbul olunur. Amma əslində bu insanlar gedib müxalifət partiyalarına da müraciət edə bilərlər. Niyə etmirlər? Bunun səbəbini yalnız onlar özlərində axtarmalıdırlar. Təbii ki, Azərbaycan iqtidarının uğurlu siyasətini görən hər bir insan da öz seçimini şüurlu şəkildə edir. Onlar görürlər ki, hansı tərəfin işi daha ədalətlidir, hansı tərəfin işi daha realdır, hansı tərəfin fəaliyyəti daha uğurludur, buna uyğun olaraq da, öz seçimlərini edirlər. Amma bütün demokratik cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də, şübhəsiz, normal bir məsələdir ki, müxalif fikirli, iqtidarın siyasi xəttini bəyənməyən insanlar var. Onlar da gərək öz siyasi fikirlərini ortaya qoysunlar. Amma onlar o yeri tapa bilmirlər. Axı, 20 ildir uğursuzluq qazanan bir partiyanın, liderin yanına kim gedə bilər? Normal düşünən adam heç zaman belə bir addım atmaz.
- Müxalifət isə iddia edir ki, onların normal, yaxşı fəaliyyət göstərməsi üçün imkanlar yaradılmır, bunun üçün şərait, mühit yox dərəcəsindədir...
- Hamısı əsassız fikirlərdir, bəhanədir. Onlar taktikanı dəyişməlidir. Düzdür, aradabir görürsən yumşalma addımları olur. Məsələn, lap iqtidara münasibətdə, əməkdaşlıq məsələlərində, ümumi məsələlərdə yumşalmalar olur, amma o yumşalmalar da dediyim kimi, o konservləşmiş liderlərə sərf etmədiyinə görə onlar da onun qarşısını alırlar... Sanki bunlara lazımdır ki, Azərbaycanda hər şey nə qədər pis olsa, bunlar üçün yaxşıdır. Bu da təbii ki, həm cəmiyyət tərəfindən qəbul olunmur, həm də iqtidar partiyası olaraq bizlərdə onlara qarşı bir etimadsızlıq yaradır və deyirsən ki, belə insanlara etibar edib, onlarla həmfikir olmaq mümkün deyil. Bütün bunlara rəğmən bizim partiyanın rəhbərliyi dəfələrlə bəyanat verib ki, biz istənilən konstruktiv müzakirələrə hazırıq, ancaq təəssüf ki, o tərəfdən adekvat cavablar olmayıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31