Yusif Bağırzadə: “Rusiyaya tətbiq ediləcək sanksiyalardan sonra Avrasiya İttifaqı və Gömrük İttifaqı çökəcək” - MÜSAHİBƏ
“Azərbaycanın Gömrük İttifaqında yeri yoxdur”
4 Aprel 2014 16:55 Müsahibə-cü ilin president seçkilərindən sonra bir sıra müxalif birlik və blokları kimi Demokratik Qüvvələr Birtliyi də passiv fəaliyyətə keçib. Yalnız bir neçə dəfə Sədrlər Şurası səviyyəsində toplanan DQB-nin hansı səbəbdən passiv fəaliyyət göstərdiyi, qurumun bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak edib etməyəcəyinə aydınlıq gətirmək üçün adıçəkilən birliyin təsisçilərindən sayılan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə AMİP sədri rəhbərlik etdiyi partiyanın bələdiyyə seçkiləri ilə bağlı planlarından da danışıb.
-Yusif bəy, Azərbaycan Milli İstiqlal Partiyası bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi düşünürmü?
-Təbii ki, bu il keçiriləcək bələdiyyə seçkiləri və gələn ilki parlament seçkilərində iştirak etmək Azərbaycan Milli İstiqlal Partiyasının əsas fəaliyyət istiqamətlərini təşkil edir. AMİP bir qayda olaraq ölkədə keçirilən əksər seçkilərdə iştirak edərək öz gücünü, qüvvəsini ortaya qoyub. Hətta elə olub ki, AMİP seçkiyə tək gedərək hakim partiyadan sonra bələdiyyələrdə ən yaxşı nəticəni göstərib. Bu baxımdan biz partiya olaraq bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi düşünürük. Məlumat üçün deyim ki, bu yaxınlarda partiyanın Mərkəzi Şurasının iclası oldu və həmin iclasda da bu istiqamətdə fikir mübadiləsi aparıldı. Xatırladım ki, AMİP-də seçkilərlə bağlı daimi olaraq fəaliyyət göstərən qərargah mövcuddur. Partiya olaraq məqsədimiz isə ondan ibarətdir ki, bu seçkilərə qadınlar və gəncləri daha çox cəlb edək. Bir sözlə partiyada gəncləşmə aparmaq istəyirik.
-Bu günlərdə AMİP-in dəvəti ilə İsveçin Moderant Partiyasının üzvləri Azərbaycanda səfərdə oldu. Səfərin və keçirilən görüşlərin başlıca məqsədi nə idi?
-Qeyd etdiyiniz kimi bu günlərdə Avropa Parlamentinin deputatları Azərbaycanda səfərdə idilər. Səfər çərçivəsində onların iştirakı ilə konfrans keçirildi. Konfransın da məqsədi ondan ibarət idi ki, bu il keçiriləcək bələdiyyə seçkilərində bizim qadınlar və gənclər daha aktiv iştirak etsinlər. Etiraf etmək lazımdır ki, qadınlar və gənclər bələdiyyələrdə çox az sayda təmsil olunur. Ona görə də Azərbaycan Milli İstiqlal Partiyası bu il keçiriləcək bələdiyyə seçkilərində daha çox gənclərlə qadınlara üstünlük verəcək.
-Yəqin ki, seçkilərdə əməkdaşlıq etdiyiniz beynəlxalq təşkilat və qurumların, siyasi təşkilatların təcrübəsindən istifadə edəcəksiniz?
-Bəli. Məlumat üçün deyim ki, AMİP Beynəlxalq Demokratlar İttifaqında da təmsil olunur. Azərbaycan üzrə həmin təşkilatda təmsil olunan yalnız bizim partiyadır. Paralel olaraq bir sıra siyasi təşkilatlar və fondlarla da əıməkdaşlığımız mövcuddur. Bundan başqa Avropanın sağ mərkəzçilərinin birləşdiyi Avropa Xalq Partiyası ilə əməkdaşlıq edirik və 2014-cü ildə Avropa Xalq Partiyasının iclasında müşahidəçi kimi iştirak etməyi düşünürük. Onlar da maraqlıdırlar ki, AMİP bu ilki bələdiyyə seçkilərində nə yenilik nümayiş etdirəcək. Təbii ki, beynəlxalq praktika və əməkdaşlığın bu seçkilərə təsiri var. Biz partiya olaraq maraqlıyıq ki, Azərbayvanda keçirilən seçkilər daha şəffaf, qanuni və demokratik olsun. Nəticə etibarilə addım-addım Avropaya yaxınlaşaq. Bizim başlıca məqsədimiz budur.
-AMİP müntəzəm olaraq səfər etdiyi xarici ölkələr və iştirak etdiyi beynəlxalq təşkilatlarda bir qayda olaraq hansı məsələlərə xüsusi diqqət yetirir?
-Təbii ki, xarici səfərlər və beynəlxalq təşkilatar səviyyəsində keçirilən görüşlərdə demokratiya, insan hüquqları kimi məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminə də toxunuruq. Bir müddət əvvəl İrlandiyanın Dublin şəhərinə səfərim zamanı da sözügedən məsələyə toxundum. Avropa İttifaqının komissarları, prezidentlər və baş nazirlərin iştirak etdiyi tədbirdə bir saatlıq məruzə etdim və Dağlıq Qarabağ problemini gündəmə gətirdim. Məruzəm çərçivəsində Azərbaycan torpaqlarının azad edilməsi üçün beynəlxalq birliyə çağırış etdim. Bildirdim ki, Azərbaycan torpaqlarını Rusiya və Ermənistan qoşunları işğal edib. Çıxışım da onu da vurğuladım ki, Dağlıq Qarabağ problemi zamanında həll olunsaydı Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya, Osetiya, bu gün isə Krım problemi yaranmazdı. Bundan əvvəl isə AMİP-in Brüsselə iki rəsmi səfəri olub. Həmin səfərlər zamanı da yuxarıda qeyd etdiyim məsələləri gündəmə gətirmişik. Avropa İttifaqı parlamentinin Dağlıq Qarabağla bağlı iki sənəd qəbul etməsində bizim də müəyyən mənada əməyimiz olub. Çünki biz həmin komitələr, komissiyalar və deputatlarla işləmişik. Fəaliyyətimiz bundan ibarətdir. Ona görə də biz hesab edirik ki, Avropaya inteqrasiya istiqamətini götürməliyik. Düşünürük ki, Azərbaycanın Gömrük İttifaqında yeri yoxdur. Çünki artıq orada Ermənistan da var. Digər tərəfdən Rusiyaya tətbiq ediləcək iqtisadi sanksiyalardan sonra Avrasiya İtiifaqı və Gömrük İttifaqı çökmüş bir quruma çevriləcək. Belə olan halda isə biz Şərq Tərəfdaşlığı çərçivəsində Avropaya getməliyik. Çünki həmin platformada problemli dövlətlər, Ukrayna, Moldova, Gürcüstan təmsil olunur. Biz də həmin platformada aktiv olmalıyıq. Həmin problemlər dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən birlikdə həll ediləcək. Əgər biz həmin pllatformada olmasaq regional münaqişələr həll edilən zaman kənarda qala bilərtik və Dağlıq Qarabağ problemi də həll edilməmiş qalar.
-Prezident seçkilərindən sonra AMİP-in də təmsil olunduğu Demokratik Qüvvələr Birliyinin fəaliyyətində sanki bir passivlik yaranıb. Bunu nə ilə izah edərdiniz?
-Demokratik Qüvvələr Birliyi fəaliyyətini davam etdirir. Prezident seçkilərindən sonra həmin birliyin bir neçə toplantısı keçirilib. Həmin iclaslarda bələdiyyə seçkilərinə hansı formada getmək barədə müxtəlif fikirlər səslənib. Demokratik Qüvvələr Birliyinin təsisçilərindən biri AMİP olduğu üçün bizim məqsədimiz ondan ibarətdir ki, seçkiyə birlikdə gedək. Hər halda bu partiya olaraq bizim arzumuzdur. Ancaq təbii ki, bu partiyanın daxilində müzakirə edilməlidir. Bundan başqa partiya olaraq müxtəlif sahələr üzrə islahatların keçirilməsi təşəbbüsünü irəli sürürürk Belə təşəbbüslərdən biri gənclərlə bağlıdır. Azərbaycan gənc bir dövlətdir. Eyni zamanda ölkəmizdə gənclər də çoxluq təşkil edir. Düşünürəm ki, gənclərin təhsilinə xüsusi diqqət yetirilməli və tələbə ombudsmanı yaradılmalıdır. Tələbə Ombudsmanı tələbələrin həm təhsil, həm məişət, yaşayış problemlərini gündəmə çıxarmalı, onların yaşayış səviyyəainin yaxşılaşdırılması üçün təkliflərlə çıxış etməlidir. Bu həm Axərbaycanın daxilində, həm də xaricdə təhsil alan tələbələrə şamil edilməlidir. Eyni zamanda daxildə və xaricdə təhsil almanın prioritet istiqamətlərini müəyyənləşdirməliyik.
Süleyman İsmayılbəyli