Beynəlxalq hüquq dünya gücləri tərəfindən ayaq altına salınıb tapdanır - MÜSAHİBƏ

Mütəllim Rəhimli: “Əgər belə olmasaydı, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün qəti addımlar atılardı”

Rusiyanın Krımdan sonra digər regionlar, xüsusilə Cənubi Qafqaz regionu ilə bağlı ciddi addımlar atacağı bildirilir. İddia olunur ki, Kreml növbəti mərhələdə Azərbaycanla haqq-hesab çəkməyə cəhd edəcək. Hətta son günlər cəbhənin Tovuz istiqamətində atəşkəsin pozulmasının da arxasında Rusiyanın dayandığı vurğulanır. Bəs görəsən reallıq nədən ibarətdir və Kreml növbəti mərhələdə digər regionlara da müdaxilə etməyi düşünürmü? Bu və ya digər məsələlərlə bağlı Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-ın suallarını cavablandırıb.

-Mütəllim bəy, Rusiyanın Krımdan sonra yeni işğalçılıq siyasətinə başlayacağı bildirilir. Hətta Tovuzla sərhəddə atəşkəsin pozulmasını da bu cür dəyərləndirənlər var. Konkret Rusiya tərəfindən Azərbaycana qarşı hansısa addım atıla bilərmi?

-Krımın Rusiyaya birləşdirilməsi məsələsinə hansı aspektdən baxılmasından asılı olmayaraq bu, Putin hakimiyyətinin uğuru kimi dəyərləndirilə bilər. Birləşmiş Ştatlar və Qərb ölkələri baş verən hadisələri qiymətləndirərkən Rusiya qəti addımlar atdı.  Lakin bu hadisə onun digər bölgələri işğal etmək anlamına gəlməz. Düşünmürəm ki, Rusiya belə bir addımlar planlaşdırsın. Bu fikirlər dünya miqyasında Rusiya Federasiyasına qarşı informasiya müharibəsi aparıldığını göstərir. Ona görə də onun barəsində işğalçı obrazı yaradılmağa çalışılır. Necə olur ki, İraqı, Liviyanı işğal edən ABŞ və Avropa ölkələrinin hərəkətləri demokratiya, Rusiyanınkı isə aqressiya olur. Əslində hər ikisi eyni mahiyyətlidir. Bu isə onu göstərir ki, artıq beynəlxalq hüquq dünya gücləri tərəfindən ayaq altına salınıb tapdanır. Əgər belə olmasaydı Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün qəti addımlar atılardı. Ən azı BMT-nin 4 qətnaməsinin icrası təmin olunardı. Tovuzda Ermənistanla sərhəddə atəşkəsin pozulmasını isə hazırda Rusiyanın Azərbaycan ərazilərini işğal emək niyyəti kimi qiymətləndirmək olmaz. Əvvəla, Azərbaycan-Rusiya arasında münasibətlər düzəlməyəcək dərəcədə gərgin deyil. Bəlkə də ortada daha çox anlaşma var. Bununla belə Rusiyanın bölgədə və dünyada təsir gücünün artacağını demək olar.

-Bu arada müxalifət partiyalarının Rusiya təhlükəsinə qarşı birlik nümayiş etdirmək çağırışlarını necə dəyərləndirirsiniz və Azərbaycan müxalifəti bu kimi məsələlərdə birlik nümayiş etmirməyə qdirdirmi?

-Azərbaycanda özünü illərdir əsas müxalifət hesab edən bəzi qurumlar var ki, onların siyasi mübarizələrinin heç bir uğuru müşahidə edilməyib. Dedikləri 20 ildən artıqdır ki, vəd olaraq qalmaqdadır. Onların Ukraynada baş verənlərə dəstək nümayiş etdirən bəyanatları və ora getmək cəhdləri gülünc doğurur. Bu özünə umac ova bilməyənlərin başqasına əriştə kəsmək istəmələrinə bənzəyir. Ukraynada baş verənlərin həddən artıq şişirdilərək Azərbaycana proyeksiya edilməsi və Rusiyanın yeni torpaqları işğal etmək cəhdlərinin olduğunu yeri gəldi-gəlmədi vurğulamaq heç də xoş niyyətlərdən irəli gəlmir. Hazırda bununla bağlı birlik nümayiş etdirməyə də ehtiyac yoxdur. Bunun nəyə xidmət etdiyi mənim üçün qaranlıqdır. Əgər Rusiyanın Azərbaycan ərazilərini işğal etmək niyyəti olsa müxalifət bunun qarşısını ala bilərmi? Yaxud onun birləşməsi nəyi dəyişər? Bu birlik effektli olardısa elə Dağlıq Qarabağ probleminin həllinə kömək edərdi, yəni Ermənistanın işğalının qarşısını alardı.

-Konkret Ədalət Partiyasının bu məsələdə mövqeyi nədən ibarətdir?

-Biz məsələnin şişirdilərək ondan problem yaradılmasının və sonradan onun həllinə imitasiya edilməsinin əleyhinəyik.

-BMT-də keçirilən səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün lehinə səs verməsi Rusiyanın maraqları ilə nə dərəcədə ziddiyət təşkil edəcək?

-Azərbaycan dünya siyasətinə ciddi təsir etmək gücündə olan dövlət deyil. Onun bütün hərəkətləri, qərarları beynəlxalq hüquqa söykənməli, milli mənafelərə və milli maraqlara xidmət etməlidir.

-Hazırda olduqca sərin olan Rusiya-Birləşmiş Ştatlar, eləcə də Qərb münasinətlərinin bundan sonrakı taleyi necə olacaq və tərəflər arasındakı münasibətlər müharibə vəziyyətinə belə gəlib çata bilərmi?

-ABŞ və Avropa ölkələrinin Rusiyanı təkləmək siyasəti başa düşüləndir. Çünki Putin hakimiyyətinin revanşı digər cəbhəni nüfuzdan salır, təsir dairəsini daraldır. Bununla belə Rusiyaya qarşı tətbiq edilən və planlaşdırılan sanksiyaların effekt verəcəyi inandırıcı deyil. Çünki ABŞ və Qərbin uzun illər İrana qarşı tətbiq etdiyi təcrid siyasəti gözlənilən nəticəni vermədi. Rusiya isə ərazicə daha böyük dövlətdir və onun bu yolla zəiflədilməsi mümkün deyil. Krım elə geosiyasi məkanda yerləşir ki, onun üzərində nəzarətin dəyişilməsi istənilən halda dünya dövlətləri arasında gərginliyin yaranmasına gətirib çıxaracaq. Rusiya öz qoşunlarını Krıma yeritməsəydi, ABŞ və müttəfiqləri öz ordusunu ora yeridəcəkdi. Yəni bütün hallarda gərginlik yaranacaqdı. Amma bunun Rusiya ilə ABŞ və Qərb arasında silahların işlədiyi müharibəyə keçəcəyi inandırıcı deyil. Bununla belə informasiya müharibəsi bundan sonra daha da şiddətlənəcək. Nəzərə almaq lazımdır ki, indiyədək bu cür situasiyalarda iri dövlətlər arasında sonda həmişə razılaşma əldə olunub. Çünki onlar bir-biri ilə deyil, kiçik dövlətlərin əraziləri uğrunda mübarizə aparırlar. Belə ölkələr isə indi kifayət qədərdir ki, yenidən bölüşdürülsün.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31