“Milli-mənəvi dəyərlərin nə olduğunu bilməyənlərlə necə söhbət aparaq?” - MTRŞ sədri
Nuşirəvan Məhərrəmli: “Telekanal MTRŞ-dan nəyin milli mənəvi dəyər olması ilə bağlı siyahı istəyirsə, bu artıq düşünüləsi bir faktdır”.
19 Mart 2014 15:01 MüsahibəMüsahibimiz Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidir.
-Nuşirəvan müəllim, yeni telekanalın açılması ilə bağlı bir müddət öncə élan olunmuş müsabiqənin qalibi artıq məlumdur. Yeni kanal nə zaman fəaliyyətə başlayacaq?
-Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin qalibi "Region TV" oldu. İddiaçının bizə verdiyi məlumata əsasən, onlar qısa vaxtda-may ayı ərəfəsində efirə çıxmağa hazırlaşırlar. Çox gözəl iddiadır. Biz sənədləri araşdırarkən onların bu iddiaya uyğun olduğunu hiss etdik. "Region TV"nin əsas təmsilçiləri bölgələrdə fəaliyyət göstərən televiziya kanallarıdır. Onların həm maddi texniki bazası, kadr potensialı, həm də yaradıcılıq imkanları onlara qısa müddət ərzində efirə çıxmağa imkan verir. Bu həm də Azərbaycan teleməkanında bir yenilik, rəngarənglikdir. Ona görə də biz onların qısa müddətdə efirə çıxmasını arzu edirik.
Qeyd edim ki, bu televiziya kanalının əsas istiqamətini regionlarda baş verən proseslər, hadisələr təşkil edəcək.
-Yeni telekanala ehtiyac mövcud TV-lərin bölgələrə kifayət qədər diqqət ayırmamasından irəli gəldi?
-Azərbaycanda son zamanlar sahə xarakterli televiziya kanalları açıldı. Mədəniyyət, idman kanalı. Bunlar da müəyyən bir sahə ilə bağlı olan boşluqları aradan qaldırmaq üçün edildi. Azərbaycan dövlətinin qarşıya qoyduğu məsələlərdən biri də regionların sürətli iqtisadi inkişafı ilə bağlıdır. Mövcud televiziya kanallarında regionlarla bağlı məlumatlar, informasiyalar verilir. Amma bizim əsas məqsədimiz regionların inkişafına xüsusi diqqətin artmasıdır. Ölkəmizdə çoxsaylı dövlət proqramları imzalanır. Bunların arasında regionların inkişafı ilə bağlı olanlar xüsusi yer tutur.
Teleradio yayımı ilə bağlı olan sahə hazırki dövürdə çox ciddi bir sahədir. Bu sahənin imkanlarını regionların inkişafi ilə bağlı olan proqrama bir dəstək aktı kimi də qəbul etmək olar.
-Hazırda regionlarda fəaliyyət göstərən telekanalların fəaliyyətini necə dəyərləndirmək olar?
-Region telekanallarının əsas fəaliyyəti sırf lisenziya verilən regionların fəaliyyəti ilə məhdudlaşır. Yəni onların əsas istiqamətləri o regionlarla bağlıdır. Yeni telekanal vasitəsilə onların fəaliyyətini koordinasiya edərək daha da gücləndirmək fikrindəyik. Təbii ki, region televiziyalarının təsisçiləri həmin kanallar olduğu üçün onlar öz imkanlarını birləşdirmək fikrinə gəliblər. Qeyd etdiyim kimi bu bir yenilk, rəngarənglikdir ki, biz də bu imkandan istifadə etmək istəyirik. Regionlarda problemlərimiz çoxdur. O problemləri region kanalları təkbaşına idarə etmək gücündə deyillər. Regionlarda reklam bazarının paytaxta nisbətən çox zəif olması, kadr potensialının olmaması məsələsi ciddi faktlar kimi qarşımızda durub. Həmin faktorlar məsələsini xüsusi müzakirə edəndən sonra biz qərara gəldik ki, ölkə miqyasında yayımlanan bir televiziya kanalı olsun. Onun həm reklam bazası böyük olacaq, həm də kadr potensialı bütün ölkəni əhatə edəcək. Bu onların da fəaliyyətinə müsbət təsir göstərəcək.
-Region kanallarından fəaliyyəti dayandırılanı da oldu...
-Bilirsiniz ki, ötən il region televiziyaları içərisində "Aygün" televiziyasının lisenziyasının uzadılmaması ilə bağlı qərar verildi. Çox təəssüf ki, həmin kanalın rəhbərliyi öz fəaliyyətlərinə həddən artıq qeyri-ciddi münasibət bəslədi. Təsəvvür edin ki, kanalın rəhbərliyinin lisenziyasının nə zaman bitməsi haqqında məlumatı yoxdur. Altı ay əvvəl verilməli olan sənədləri, onlar iclas günündə Şuraya təqdim edirdilər. Biz tələsik qərar vermədik. Regionlarda kanallar olmalıdır. Amma bunun üçün telekanal adına layiq fəaliyyət göstərməlidir. 1990-cı illərin əvvəlindən yaranmış videosalon kimi yox, bir televiziya kanalı kimi fəaliyyət göstərməlidir. Çox təəssüf ki, "Aygün" televiziya kanalı bir videosalan kimi fəaliyyət göstərirdi. Biz qərara aldıq ki, həmin bölgəyə komissiya göndərək və onların tərtib etdiyi rəy əsasında hərəkət edək. Komissiyanın rəyinə görə orada işlər bərbad vəziyyətdə olub. Sənədlərin, verilişlərin qeydiyyatı, fonoqramı olmayıb, hətta loqosu belə efirdə yox idi. Əgər 12 il ərzində bu kanal bu cür fəaliyyət göstəribsə və bundan sonra da davam etmək istəyirsə, biz buna yol verəbilməzdik. Bu sahənin ciddi bir sahə olmasını onun diqqətinə çatdırdıq və lisenziyanın uzadılmaması haqqında qərar qəbul olundu.
-Nuşirəvan müəllim, ölkə yayımçılarının mövcud durumu haqqında nə deyə bilərsiniz?
-Telekanallarda ümumi vəziyyət bütün dünyada olan ümumi vəziyyətlə həmahənglik təşkil edir. Xüsusi bir fərqlilik yoxdur. Sadəcə fərq ondadır ki, Azərbaycan əhalisinin sayına görə böyük dövlətlərlə müqayisə oluna bilməz. Ən azından reklam bazarına görə. Rusiyada, Türkiyədə, Avropa ölkələrində reklamın bir dəqiqəsi çox böyük rəqəmlərlə ehtiva olunur. Tək Rusiya və Türkiyədə reklamın bir dəqiqəsi 40-50 min dollar həcmindədirsə, Azərbaycanda bu rəqəm 1000-3000 min arasında olur. Təbii ki, reklam bazarının qiyməti verilişlərin özünə də təsir göstərir. Özəl telekanallar yalnız reklam və sponsorlar vasitəsilə qazanılan vəsait hesabına fəaliyyət göstərirlər. Onlar gəliri hansı verilişlər verirsə, o verilişlərə daha çox üstünlük verirlər. Amma televiziya digər fəaliyyət sahələrindən fərqlənir. Cəmiyyət qarşısında məsuliyyəti olan sahədir. Adi sahə deyil ki, biz ona başqa bir ticarət obyekti kimi baxaq. Televiziyanın maarifləndirmə, əyləndirmə funksiyaları ilə bərabər cəmiyyəti istiqamətləndirmə, tərbiyə etmə, səfərbərliyə alma kimi funksiyaları var ki, bunlar da o birilərindən az rol oynamır. Ona görə də televiziyalar ancaq maddi durum ardınca qaçmamalıdırlar.
-Şuranın bəzi proqramlarla bağlı müzakirəsi, iradları telekanallar tərəfindən birmənalı qarşılanmır. Bu məsələyə münasibətiniz necədir?
-Bizim telekanallarla heç bir problemimiz yoxdur. Təəssüf ki, telekanallar özləri özləri üçün problem yaradırlar. Əsas problem reklam və sponsorlarla bağlı qanunvericiliyin tələblərinin pozulması və bir də milli-mənəvi dəyərlər məsələsi ilə bağlı yaranır.
Milli-mənəvi dəyərlər məsələsi bizim ən ağrılı yerlərimizdən biridir. Çox təəssüf ki, telekanallar milli mənəvi dəyərlərin nə olması ilə bağlı bizə sual verirlər. Xüsusilə də, ANS telekanalında açıq şəkildə deyildi ki, milli-mənəvi dəyər nədir? Bəzən də deyirlər ki, dəyərin millisi, ya qeyrisi olmur. Millilik faktorunun özü bir fərqlilik əlamətidir. Yəni milli dövlətlər, milli xarakter. Milli məsələ həmişə ortada durur. Əgər bunlar milli-mənəvi dəyərlərin nə olduğunu bilmirlərsə, onlarla nə söhbət aparaq?
Milli-mənəvi dəyərlər insanlar anadan olduğu, həyata başladığı gündən, sonrakı dövrdə onunla addım-addım fəaliyyət göstərir. Yəni bir azərbaycanlı ilə niderlandlının milli-mənəvi dəyərlərini eyniləşdirmək absurd bir şeydir. Şəxsən mən milli-mənəvi dəyərləri hər hansı bir sənədlər toplusu kimi hazırlamağın da tərəfdarı deyiləm. Mənim o telekanalla bağlı fikrimi bilmək istəyirsinizə, deyim ki, efirdə sosial problemli, fiziki qüsurlu, hüquqi baxımından öz hüquqlarını bilməyən insanlar üzərində şou yaratmaq, reytinq qazanmaq, onlara qarşı həm aparıcılar, həm "ekspertlər" tərəfindən aşağılayıcı ifadələr işlətmək, bölgələrlə bağlı açıqlanan fikirlər milli-mənəvi dəyər sayıla bilməz. Mənim fikrimcə, efirində Azərbaycan xalqına uyğun olmayan cinsi orientasiya ilə bağlı mövzuları geninə-boluna, yeri gəldi-gəlmədi uzun müzakirələrə gətirib çıxarmaq özü mənəvi dəyər sayıla bilməz. Mənim fikrimcə, əgər atanın öz qızına cinsi təcavüz etməsi qardaş-bacı münasibətləri, müəllim-şagird adı hallanan cinsi təcavüzlə bağlı mövzuları Azərbaycan kimi bir ölkədə geniş şəkildə müzakirə etməyə dəyməz. Azərbaycanda alfonsluq və yaxud digər qeyri-cinsi arientasiya ilə bağlı müzakirələri qəbul etmirəm. Bunlar tək-tək, fərdi şəkildə baş verən hadisələrdir. Bəzən həmin televiziya kanalı sanki böyük bir sensasiya yaratmaq üçün efirə çıxarıb müzakirə edir. Barmaqla sayılacaq qədər hadisələri efirə, ictimai müzakirəyə çıxarmaq olmaz. Mənim fikrimcə, tutaq ki, fahişəliklə bağlı mövzuları efirə gətirmək, ümumiyyətlə, o tip mövzular əsasında canlı bağlantılar zamanı efirdə Azərbaycan xalqına qarşı ədəbsiz ifadələrin işlədilməsi mənəvi dəyər sayıla biməz. Bu kimi faktları çox sadalaya bilərəm. Bölgələr üzrə insanların heysiyyatına toxunmaq da mənəvi dəyər sayıla bilməz.
-ANS kanalının fikrincə dünya məkanında şirin sudan ibarət muxtar göl yaratmaq mümkün deyil. Narazılıq yaradan verilişləri tamamilə qadağan etmək mümkündürmü?
-Təbii ki, biz tamamilə senzura rolunu oynamaq fikrində deyilik. Senzuranın olmaması bütün ölçülərin itirilməsi də demək deyil. Bəzən özlərinin məqsədlərinə uyğun səpkidə istənilən məsələni şərh edə bilirlər. Çox təəssüf ki, bizim jurnalistikada sözün oynadılması, fırladılması halları geniş yayılıb. Bu qəbul olunan deyil. Efirdə intellektual savadı ilə yox, daha çox həyasızlıq etmək faktoru ilə öyünənlər çoxdur. Çox təəssüf ki, onlar söz oynadılması metodundan yaxşılıq tərəfdən yox, pislik tərəfindən istifadə edirlər. Bu da onların qəbul etdiyi qaydalardır, mən bu qaydaları qəbul etmirəm.
MTRŞ heç vaxt senzura rolunda çıxış etmək istəmir. Əgər telekanallar öz proqramlarını normal şəkildə yerinə yetirərlərsə, bizim varlığımızı, ümumiyyətlə düşünməzlər. Amma MTRŞ-nın əsas funksiyalarından biri də ictimaiyyətin maraqlarını qorumaqdır. Ona görə biz ictimaiyyətdən gələn hər hansı bir reaksiyaya ciddi yanaşırıq. İndiyə qədər telekanallarla bağlı verdiyimiz qərarların hamısı ictimaiyyətin reaksiyası asasında qaldırılmış məsələlərdir. Azərbaycan üçün xarakterik olan verilişlər Avropa üçün xarakterik olmaya bilər. Bizm telekanallar orijinallıq yaratmaq üçün Qərb ölkələrindən Türkiyəyə oradan da Azərbaycana gəlmiş verilişlərin üzünü çıxarınb efirə vermək istəyirlər. Evliliklə bağlı olan verilişlər idi, eləcə də bu günkü bəzi verilişlər. Təəssüf ki, bu cür proqramlar Azərbaycanda əhalinin böyük əksəriyyəti tərəfindən qəbul olunmur. Avropadakı ailə və məişətdə olan dəyərlər Azərbaycan ailəsindəki dəyərlərlə üst-üstə düşmür. Televiziyalar bu spesifikliyi nəzərə almalıdırlar. Biz telekanalların sosial xarakterli verilişlərə diqqət ayırmasını qəbul edirk. Bunlar lazımdır. Amma burada ölçü itirilirsə, mənəvu dəyər anlayışı bilinmirsə, o zaman dövlətin teleradio siyasətini tənzimləyən bir qurum o işlərə baxmalıdır. Əgər telekanal rəhbərliyi bu cür səhv yol tutursa, o kanala qarşı çox sərt tədbirlər görülə bilər.
-Amma bu cür proqramların yayımçıları özlərinin sosial problemləri gündəmə gətirmək, cəmiyyətə göstərmək funkiyası daşıdıqlarını açıqlayırlar.
-Bu çox çirkin metodlardan biridir. İnsanları çaşdırmaq yolu ilə olan metodlardan biridr. Bəzən deyirlər ki, televiziya cəmiyyətin güzgüsüdür. Eybəcərliklr fərqlidir. Əgər insan başqa birinin intim həyatını efirdə göstərirsə, bu cəmiyyətin eybəcərliyini göstərmək deyil. Cəmiyyətin eybəcəlikləri cəmiyyətdə qəbul olunmuş formada verilərsə, qəbul olunar. Telekanalın rəhbərliyi öz ailəsi ilə bağlı bu cür eybəcərliyi heç vaxt efirdə verməz. Orada çalışan insanlar-rejissorlar, operator və digərləri də öz ailələri ilə bağlı o cür müzakirələrin olmasına razı olmaz. Amma psixoloji, fiziki, sosial problemləri olan insanların üzərində aşağılayıcı verilişlər hazırlamaq özü mənəvi dəyərin olmamasıdır.
Biz özümüz də o tip verilişlərin, ümumiyyətlə bağlanmasını istəmirik. Əgər qaldırılan məsələlər normal müzakirə olunarsa, orada əsas məqsəd insanları aşağılamaq olmazsa. Bəzən öz hüququnu bilməyən insanlar oraya gəlir və çox pis formada müzakirə obyektinə çevirilirlər. Bəzən ekspertlər elə bir formada onların üzərinə qışqırır, aşağılayıcı ifadələr işlədirlər ki, insan onun özü orada olarsa, bu davranışa necə münasibət bəsləyər-deyə fikirləşir. Yenə deyirəm, söhbət sosial problemləri əhatə edən verilişlərdən yox, orada gözlənilməyən milli-mənəvi dəyər məsələsindən gedir. Bir telekanal MTRŞ-dan nəyin milli mənəvi dəyər olması ilə bağlı siyahı istəyirsə, bu artıq düşünüləsi bir faktdır.