“Sanksiyalarla Rusiyanı dayandırmaq mümkün deyil” - MÜSAHİBƏ

Mütəllim Rəhimli: “Çünki bu sanksiyalar ərazisinə və inkişaf səviyyəsinə görə Rusiyadan dəfələrlə geridə qalan İrana da təsir edə bilmədi”

Krımı işğal etməsinə qarşı Birləşmiş Ştatlar və Qərbin ortaya qoyduğu mövqe və Moskvaya qarşı tətbiq edilən sanksiyalar dünyanın güc mərkəzlərini yenidən üz-üzə qoyub. Çoxları bundan sonra cərəyan edəcək proseslərin Kremlin ziyanına işləyəcəyini desələr də, lakin əksini düşününlər də var. Belə ki, bir sıra ekspertlər Birləşmiş Ştatlar və Qərbin sanksiyalarla Rusiyanı geri addım atmağa məcbur edə bilməyəcəklərini vurğulayırlar. Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli də eyni qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Mütəllim Rəhimli Rusiya ilə  ABŞ və Qərb arasında bundan sonra cərəyan edəcək mümkün hadisələr barədə danışıb.

-Mütəllim bəy, Rusiya açıqca beynəlxalq hüquqa zidd addım ataraq Krımda referendum keçirdi və onu özünə birləşdirməyə çalışır. Sizcə, Rusiyanın bu hərəkətinə qarşı Birləşmiş Ştatlar və Qərb yalnız bəyanatlar verməklə kifayətlənəcək, yoxsa Kremlə qarşı təsirli addımlar atılacaq? 

-Çox təəssüf ki, iri dövlətlər beynəlxalq hüquq normalarını özlərinin mənafelərinə uyğun gəldikdə yerinə yetirirlər. Əks halda isə müxtəlif vasitələrlə onun tələblərini qulaq ardına vururlar. İlk belə presedenti Birləşmiş Ştatlar yaradıb. Bu ölkə BMT-nin Təhlükəsizlik Şurasının razılığı olmadan İraqın qanuni hakimiyyətini devirdi və ölkəni zəbt etdi. Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da BMT-nin qərarlarının icrası yerinə yetirilmir. Beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi həll edilmir, işğalçı Ermənistan öz yerində oturdulmur. Bu cür faktların mövcudluğu şəraitində Rusiyanın Krımı "işğal" etməsi gözlənilməz sayılmamalıdır. Fakt bundan ibarətdir ki, Rusiya Krım üzərində nəzarəti həyata keçirir. Həm də bunu çox ustalıqla yerinə yetirib. Belə ki, Krımda referendum keçirilib və xalq müstəqilliyə səs verib. Bundan sonra ABŞ və Avropanın hansı addımlar atacağı, həqiqətən də, maraq doğurur. Rusiyaya qarşı açıq müharibəyə başlaya bilməzlər. Çünki  bu onların maraqlarına cavab vermir. Eyni zamanda həm ABŞ-da, həm də Avropanın iri ölkələrində hakimiyyət başında olanlar xarizmasına görə Putinə uduzurlar. Bir sözlə onlar xaraktercə zəif təsir bağışlayırlar, klassik dövlət xadimi anlayışına çox vaxt uyğun gəlmirlər. Sanksiyalarla isə Rusiyanı dayandırmaq mümkün deyil. Çünki bu sanksiyalar ərazisinə və inkişaf səviyyəsinə görə Rusiyadan dəfələrlə geridə qalan İrana da təsir edə bilmədi.

-Krımda referendumun keçirilməsi Qarabağda eyni addımın atılması üçün nə dərəcədə president ola bilər. Yəni ermənilər Rusiyanın yardımı ilə analoji addıma əl ata bilərlərmi?

-Zənnimcə, Krimda təşkil edilən referendumun Dağlıq Qarabağ probleminə ciddi təsir edəcəyi inandırıcı görünmür. Çünki Dağlıq Qarabağ problemi o qədər mürəkkəbləşib ki, onu daha da çətinə salmaq mümkün deyil. Biz Qarabağı faktiki itirmişik, bunu etiraf etməliyik. Onun hüquqi baxımdan Ermənistana birləşdirilməsi üçün Rusiyanın maraqlı olduğuna inanmıram. Mövcud status-kvo ondan ötrü daha məqbuldur. 

-Krımı özünə birləşdirməklə Rusiya bir növ özünə Ukrayna kimi düşmən qazanmadımı? 

-Siyasətdə daimi düşmənlər və daimi dostlar yoxdur. Bu müvəqqəti də ola bilər. Həm də Ukraynada indiki hakimiyyətin ömrünün nə qədər olacağını demək də çətindir. Hər halda onun o qədər də uzun ömürlü olmayacağını iddia etmək olar. Çünki ölkə kifayət qədər  problem içərisindədir və mövcud iqtisadi, siyasi, sosial böhranı həll etmək elə də asan deyil. Düşünürəm ki, Ukrayna ilə dostluqdansa Krım Rusiya üçün daha vacibdir. Çünki bura strateji bir ərazidir.

-Krımda referendumun keçirilməsi Rusiyanın özü üçün nə dərəcədə problemlər yarada bilər. Yəni gələcəkdə Rusiya daxilində yaşayan xalqlar da eyni tələblə çıxış edə bilərlərmi? 

-Krımda referendumun keçirilməsi Rusiyanın zəifliyini deyil, gücünü göstərdi. Bu hadisələr hətta Rusiya daxilində yaranmış və yetişməkdə olan böhranlı vəziyyətləri ya təxirə saldı, ya da həll etdi. Artıq ictimai rəyi məşğul edən və milli maraqlar səviyyəsinə qədər qaldırılmış bir məsələ - Krım gündəmdədir. Düşünürəm ki, artıq ölkə daxilində indiyə qədər müşahidə olunmayan bir həmrəylik formalaşıb. Bu da xaricdən yönələn təhdidlərə bir cavab reaksiyasıdır. Ona görə də yaxın vaxtlarda Rusiya daxilində azsaylı xalqların mərkəzdənqaçma meylinə düşməsi ehtimalı yoxdur. Yəqin ki, bu hal Putinin hakimiyyəti dönəmində də davam edəcək.

-Sizcə, Rusiya bundan sonra digər regionlarla bağlı daha hansı addımlar atmağa maraqlı olacaq? 

-Krım hadisələrində Rusiyanın qalib gələcəyi halda ona qarşı həm keçmiş SSRİ ölkələrinin, həm də ABŞ və Qərbin yalançı demokratiya oyunlarının qurbanı olan dövlətlərin rəğbəti artacaq. Bu isə dünya siyasətində çox ciddi yeni balanslaşma demək olardı. 

-Bəs Türkiyədə seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz və sizcə bələdiyyə seçkilərində AKP yenidən qələbəsəini təmin edə biləcəkmi? 

-Türkiyədə çox ciddi və qarşılıqlı ittihamlara söykənən seçki kampaniyası gedir. Müşahidələr göstərir ki, tərəflər bir-birinə qarşı kartlarını hələ ki, sonadək açmayıblar. Bu isə çox şeyi həll edə bilər. KİV-də yayılan rəy sorğularının da həqiqəti əks etdirmədiyi qənaətindəyəm. Bu yalnız təbliğat kampaniyasının bir elementidir. Bəzilər hakimiyyətə qarşı mövcud ittihamları Ərdoğan hakimiyyətinə xalqın dəstəyinin təmin edilməsi, bəziləri isə onun nüfuzdan salınması kimi baxır. Bununla belə qardaş ölkədə həssas siyasi mühitin yarandığı düşüncəsindəyəm. 

Süleyman
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31