Krımın de-fakto Ukraynanın idarəçiliyindən çıxması reallaşır - ŞƏRH

Elşən Mustafayev: “Qərbin əsasən də, ABŞ-ın ciddi təzyiqləri 16 mart referendumundan sonra başlayacaq”

Ukrayna olayları Rusiya və Qərbi yenidən üz-üzə qoyub. Kremlin güc nümayişi Qərbin və Birləşmiş Ştatların adekvat addımlar atmasını zəruri edib ki, yeni dünya savaşı təhlükəsi yaradıb. Bəs görəsən bundan sonrakı proseslər hansı məcrada davam edəcək. Ukraynada baş verən hadisələr, Rusiyanın bu ölkə ərazisinə hərbi müdaxiləsi və onun doğuracağı mənfi fəsadlarla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "OLAYLAR"-ın suallarını cavablandırıb.

-Elşən bəy, Rusiyanın Ukraynaya açıq-aşkar hərbi müdaxiləsi göz önündədir. Sizcə, bundan sonrakı proseslər necə cərəyan edəcək?

-Əvvəldən də ehtimal edilirdi ki, Rusiya Ukraynada baş verən proseslərə seyrci qalmayacaq. Çünki Putin hesab edir ki, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşması  iqtisadi, siyasi, hərbi sahələrdə Rusiya, əslində isə öz hakimiyyəti üçün təhdiddir. Rusiyada çoxlu sayda federal subyektlərin olması, bu subyektlərin əhalisinin əksəriyyətinin qeyri-rus olması və onların gələcəkdə Rusiya mərkəzi hakimiyyətinə qarşı çıxması ehtimalı da Putini narahat edir. Bütün bunlara rəğmən Ukraynaya hərbi mudaxilə qaçılmaz idi. Ukraynadakı hadisələrin əsas pik nöqtəsinin Soçi Olimpiadasının keçirildiyi vaxta düşməsi Rusiyanın əl-qolunu bağlamışdı. Bu müddət ərzində Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini iflic edib özünü isə qaçmağa məcbur etmişdi. Olimpiadanın bağlanışından dərhal sonra isə müdaxilə baş verdi.  Bu müdaxilə o qədər kobud, beynəlxalq hüquqa hörmətsizlik səviyyəsində, heç bir diplomatik çətirlə sığortalanmadan edildi ki, Rusiya açıq aşkar dünya dövlətlərinin ciddi təpkisi ilə qarşılaşdı. Hazırda vəziyyət o həddədir ki, Qərblə qarşılaşmalarda hər zaman bu və ya digər şəkildə Rusiyanı mudafiə edən Belarus və Çin də demək olar ki, susurlar.  Rusiya açıq şəkildə Kırımı anneksia etməkdədir. 16 mart referendumu dunya dövlətlərinin onun nəticələrini tanımayacaqlarını bəyan etmələrinə baxmayaraq rus əsgərlərinin nəzarəti altında baş tutacaq. Paralel olaraq Rusiya şərqi Ukraynada- əsasən Xarkov, Odessa, Luqanskda da qarşıdurmalar yaratmağa cəhdlər edəcək. Amma böyük ehtimalla bu ərazilərdə heç nəyə nail ola bilməyəcək. Yalnız Krımda silah gücünə referendum keçirərək onu Rusiya ərazisi elan edəcək. Bu isə Rusiya üçün böyük məğlubiyyətdir. Bu Rusiyanın Krım daxil olmaqla ərazi bütovlüyünün dünya dövlətləri tərəfindən tanınmayacağına gətirib çıxaracaq. İkincisi isə xalq arasında bitişməsi çətin olan və vaxt aparan çat yaradacaq. Krım rəsmi Kiyevin nəzarətindən çıxarılsa belə Ukrayna Avropa Birliyi ilə əmakdaşlığı daha da intensivləşdirəcək. Ədalətli tərəf hesab olunan Ukraynanın isə Krımın  itkisi ilə barışmayacağı da aydındır. Ukrayna keşmiş SSRİ-nin həm ərazi, həm də əhalisinin sayına görə ikinci dövlətidir.

-İndiki məqamda ABŞ və Qərbin Rusiyaya qarşı sərt addımlar atmaması nədən irəli gəlir?

-İlk baxışda görünə bilər ki, Qərb və ABŞ yaranmış situasiyada Rusiyaya qarşı hər hansı addımlar atmır. Amma əslində elə deyil. Unutmaq lazım deyil ki, bir neçə ay bundan öncə Rusiyapərəst  Yanukoviç hakimiyyətinə qarşı etirazlar məhz həmin Qərb və ABŞ tərəfindən açıq şəkildə mudafiə edilmişdi. Yüksək rütbəli Avropa məmurları dəfələrlə "Maydan"da etirazçıların arasında olmuşdular. Proseslərə Qərbin marağının  səviyyəsini nəzərə alsaq deyə bilərik ki, baş verəcək hadisələr və Krımda yaranmış problem ümumiyyətlə Rusiyanın proseslərə bu şəkildə müdaxilə edəcəyi əvvəldən də həm Qərbə, həm də müxalifətçilərə məlum idi. Buna baxmayaraq proses davam etdirilib. Bu gün Qərb sözsüz ki, Ukrayna hakimiyyətinə hər hansı hərbi koməklik göstərməyəcək. Bu kömək olarsa Rusiya açıq şəkildə məsələlərə hərbi müdaxilə edəcək. Putin Krımda və digər şəhərlərdə Rus ordusunun olmasını inkar edir. Oradakı silahlıların xalq müqavimətindən olduğunu bildirir. Baxmayaraq ki, Federasiya Şurasından hərbi müdaxilə ilə bağlı razılıq alıb. Demək nədənsə çəkinir ki, Krımda rus hərbçilərinin hadisələrə müdaxiləsini inkar edir. Bu gün Qərbin bu problemlə bağlı Rusiyaya etdiyi təzyiqlərin, Ukraynaya edilən yardımların görünən və görünməyən tərəfləri var. Görünən odur  ki,  Avropa Birliyi,  ABŞ iqtisadi  maliyyə və viza sanksiyaları həyata keçirəcəkləri ilə bağlı xəbərdarlıqlar edir.  Rusiya səfirlikləri qarşısında etiraz piketləri təşkil edir, Ukrayna hökumətinə iqtisadiyyatı gücləndirmək üçün böyük məbləğdə maliyyə yardımı ayrılması ilə bağlı danışıqlar aparır.  Soçidə keçiriləcəyi nəzərdə tutulan G8 toplantısını ləğv edəcəyi ilə bağlı xəbərdarlıqlar edir. Digər təzyiq formalarını isə biz bu gün görmürük. Amma bir məsələ də var. Son vaxtlar Putinin Obama, Angela Merkel ilə çoxsaylı telefon danışıqlarının detallarını biz bilmirik və yaxud proseslər başlayan gündən xarici işlər naziri Lavrovun Con Kerri  və qərbli həmkarları ilə çoxsaylı görüşlərdə nədən danışdıqlarından da xəbər yoxdur. Amma aydındır ki, bu görüşlərdəki danışıqların ictimaiyyətə qapalı hissəsi daha çoxdur. Onu demək olar ki, Qərb sərt addımlar atacağı halda bu addımların nədən ibarət olacağı və yaxud bunu nə vaxt və necə edəcəyi ilə bağlı anons verməyəcək. Bəlkə də bu başlayıb nəticəsi daha sonra görünəcək. Tabii ki, bütün olacaq təzyiqlərə qarşı Rusiya da müqavimət göstərməyə çalışacaq. Həmçinin  Ukraynanın ərazi bütövlüyünün təhlükə altında olması Rusiyanın Ukrayna ilə bağlı imzaladağı və beynəlxalq öhdəlik götürdüyü 1994 və 1997-ci illər müqavilələrini pozduğunu nəzərə alsaq göstərəcəyi müqavimətin nə dərəcədə olacağı da sual altındadır. Düşünürəm ki, Qərbin əsasən də, ABŞ-ın ciddi təzyiqləri 16 mart referendumundan sonra başlayacaq. Bu referendum Rusiyanın mövqelərini ciddi zəiflədəcək.  Amma görünən odur ki, Krım tam Rusiyanın nəzarətindədir və Kreml digər şərqi Ukrayna şəhərlərində də vəziyyətə nəzarət etməyə cəhd edir

-Sizcə Ukraynanın parçalanması realdırmı?

-Krımda bu gün baş verən proseslər onu göstərir ki, yarımadanın  de-fakto Ukraynanın idarəçiliyindən çıxması realdır. Şərqi Ukraynanın bir çox  şəhərlərində vəziyyət isə prosesin gedişatından asılı olacaq. Ukrayna ərazisinin sahəsindən asılı olmayaraq parçalanma ehtimalı var. Amma hələ ki, Krım istisna olmaqla digər şəhərlər bəzi qarşıdurmaları nəzərə almasaq Kiyevin nəzarətindədir. Hətta ola bilər ki, 16 martda Krımdakı referendumdan sonra Rusiya Duması və Federasiya Şurası Krımın Rusiyaya birləşməsi ilə bağlı qərarının təsdiqini  uzatsın. Çünki bu birləşməni dünya dövlətləri tanımayacaqsa bu o deməkdir ki, həmin dövlətlər Rusiyanın ərazini tanımayacaqlar. Bu gün Rusiyanın problemi Krımın özünə  birləşdirilməsi və ya oradakı rus millətindən olan əhalinin qorunması deyil. Onun problemi Ukraynanın üzünü Avropaya çevirəcəyi ilə bağlıdır. Bu anneksiyadan sonra da Ukrayna yolunu davam edəcəksə o zaman sual yaranacaq ki, bütün bunlar nəyə lazım idi.  Tərəzinin bir gözündə  birləşməsi tanınmayan Rusiyaya əlavə ciddi problemlər açan Krım, digər tərəfdə Avropa İttifaqına yaxınlaşan dil və din yaxınlığı olan qonşu dövlətin nifrəti. Burada ikinci daha ağır gələcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31