Əgər Müsavatın qurultayı baş tutacaqsa, bu, sonuncu qurultay olacaq

Musa Quliyev: “Azərbaycan siyasətində radikalizmə yer və radikalizmə əsaslanaraq fəaliyyət göstərən partiyaların sonu yoxdur”

 Müsahibimiz Yeni Azərbaycan Partiyasından olan millət vəkili, parlamentin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevdir

 - Musa müəllim, Müsavat Partiyasının növbəti qurultayında rəhbərliyin dəyişməsi barədə fikirlər səslənməkdədir. Sizcə, bu zaman partiyanın siyasi və ideoloji xəttində yeniliyin baş verməsi mümkündürmü?

- Hesab edirəm ki, Müsavat Partiyasının neçə ildən bəri baş tutmayan, müxtəlif bəhanələrlə təxirə salınan və nəhayət, artıq bu il keçirilməsi nəzərdə tutulan növbəti qurultayı əgər baş tutacaqsa, bu, Müsavatın sonuncu qurultayı olacaq. Çünki Müsavat Partiyası 1992-1993-cü illərdə yaranarkən və ya müsavatçıların iddia etdiyi kimi, yenidən bərpa olunarkən guya ki, ADR ənənələrinin, 20-ci əsrin əvvəllərində yaranmış Müsavatın ideologiyasının daşıyıcısı, varisi qismində özünü ortaya qoydu və bu iddialarla siyasi arenaya gəldi. Zaman keçdikcə isə proseslər göstərdi ki, Müsavat Partiyası yalnız İsa Qəmbərin, eləcə də, həmin şəxsin yaxın ətrafının maraqlarını ifadə edən bir qurumdur və orada da əsas məsələ İsa Qəmbərin şəxsiyyəti, onun maraqları ətrafında müxalifətyönlü insanları birləşdirməkdir. Eyni zamanda, Müsavatın mövcud Nizamnaməsinə görə isə İsa Qəmbərin artıq başqan olmaq müddəti başa çatıb. Əgər onlar indi Nizamnaməyə doğrudan da hörmət, əməl edəcəklərsə, Nizamnaməni dəyişməyəcək, yaxud da, pozmayacaqlarsa, onda İsa Qəmbər yəqin ki, Müsavatın başqanı seçilməyəcək. İsa Qəmbərin yenidən başqan seçilmədiyi halda da Müsavatda daha böhranlı vəziyyət yaranacaq. Əgər belə olarsa, Müsavat Partiyasının indi olan az-çox qalmış özəyi də İsa Qəmbərə bağlı insanlar olduğuna görə yəqin ki, partiyadan aralanacaqlar. Hər halda partiyada indiki fəaliyyətlərini, aktivliklərini saxlamayacaqlar. İsa Qəmbərin yerinə Müsavata kimin başqan gəlməsindən asılı olmayaraq bu partiya artıq özünün əvvəlki partiya yolunu davam etdirməyəcək və növbəti qurultay bu partiyanın tamamilə iflasına gətirib çıxaracaq. Onu da deyim ki, Müsavat Partiyası son iki onillikdə, demək olar, özü-özünü xilas etmiş bir partiyadır və eyni zamanda, bu iyirmi il ərzində bütün seçkiləri- istər bələdiyyə, istər prezident, istərsə də parlament seçkilərini uduzub. Sadəcə, bir neçə dəfə cəmi bir neçə deputatla parlamentdə təmsil oluna bilib və bu, artıq həmin partiyanın özü-özünün iflasının, ümumiyyətlə, Azərbaycanda müxalifətin radikal qanadının iflasının bir ifadəsidir, bir nümunəsidir. Çünki zaman da göstərir ki, artıq ölkəmizdə, siyasi meydanda radikalizmə yer yoxdur. Əgər Müsavat Partiyası gələcəkdə özünün, belə deyərdim ki, yaşamasını istəyirsə, bütün radikal bəyanatlarından əl çəkməlidir. O, bütün radikal hərəkətlərindən əl çəkməlidir və konstruktiv müxalifət rolunu öz üzərinə götürməlidir. Yalnız belə olan halda hər hansı şəkildə bu partiya qalıb yaşayacaq. Yox, indiki radikal çıxışları ilə öz yoluna davam edəcəksə, hesab edirəm ki, bu partiyanın gələcəkdə yaşaması şansı yoxdur. Bununla yanaşı, bir daha əvvəlki fikrimə qayıdaraq demək istəyirəm ki, İsa Qəmbər əgər, doğrudan da, Nizamnaməyə əməl edəcəksə, o, partiyanın başqanlığından gedəcək. Amma hər hansı şəkildə ola bilsin ki, fəxri başqan və ya hər hansı bir şəkildə ümumi rəhbər kimi saxlaya bilərlər, onu isə gələcək göstərəcək. Amma hər halda bu partiyanın daxilindəki ziddiyyətlərin də mətbuata çıxması, partiyanın aparıcı funksionerlərinin bir-birini fizioloji olaraq qəbul etməməsi onu göstərir ki, bu partiya daxilindəki intriqalar ciddidir və artıq Müsavat Partiyasının sonu çatıb.

 - Yeri gəlmişkən, son günlər Müsavatın Gənclər Təşkilatında da ciddi gərginlik yaşanmaqdadır. "Narazılar" onların tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, Müsavatda alternativ Gənclər Təşkilatını yaradacaqlarını bildirirlər. Yayılan məlumata görə, Müsavatda həm başqanlıq uğrunda mübarizənin kəskinləşməsində, həm də Gənclər Təşkilatında yaşanan gərginlikdə AXCP və onun lideri Əli Kərimli daha çox maraqlıdır...

- Əslində Müsavat da, AXCP də bir hərəkatın bətnindən doğulmuş və sonra bir-birinə qənim kəsilmiş övladlarıdır. Yəni, xalq hərəkatının bir-birinə qənim kəsilmiş övladlarıdır. Buna görə də onlar zaman-zaman bir-biri ilə "ana müxalifət" olmaq uğrunda mübarizə aparır, zaman-zaman da bir-birinə siyasi əxlaqa sığmayan münasibətdə olur və bir-birinin işinə əngəllər törətməyə çalışırlar. Bu baxımdan, Müsavatda gərginliyin yaşanmasında Xalq Cəbhəsi və Əli Kərimli ilə bağlı qrup da maraqlı ola bilər. Ola bilsin ki, elə Müsavatın daxilindəki bir-biri ilə yola getməyən funksionerlərin qrupları da ola bilər. Hər halda bu partiya daxilində çox ciddi ziddiyyətlər var. Bu ziddiyyətlərin də artıq gənclər arasında yaşanması, sirayət etməsi onu göstərir ki, partiyanın daxili nizam-intizamında bir boşluq var. Hər halda uzun illərdir bu partiya heç bir uğur qazanmır. Baxmayaraq ki, müəyyən vədlərlə, beynəlxalq səviyyədə xarici qurumların dəstəyi ilə gənc insanları öz ətraflarına cəlb etməyə çalışdılar, amma faktiki olaraq Azərbaycanın siyasi arenasında bir uğur qazanmadığına görə bu ziddiyyətlər ortaya çıxır. Və bəzən də ziddiyyətləri özləri bilərəkdən yaradırlar və gündəmdə saxlayırlar ki, məsələn, gənclər başqa məsələlərə meyllənməsin. Tutaq ki, kim başqan seçiləcək, yaxud, başqan niyə öz fəaliyyətini kifayət qədər uğurlu qurmur? Niyə bütün seçkiləri partiya uduzur və sair. Hər halda bütün bunlar hamısı Müsavat Partiyasının çox ciddi böhran içərisində olduğunu göstərir. Yəqin ki, bundan sonra böhran daha da dərinləşəcək.

 - Müsavatdaxili gərginlikdə hakimiyyətin özünün maraqlı görünməsi, yəni, mövcud iqtidarın özünə loyal olan bir şəxsin Müsavatda başqan seçilməsində maraqlı olması bağlı məlumatlar da mətbuatda yer almaqdadır. Sizcə, belədirmi?

- Bunlar mənasız iddialardır. Yəni, hakimiyyətin nəinki Müsavat, bütövlükdə müxalifət problemi yoxdur. Ötən sonuncu-2013-cü ildə keçirilən prezident seçkiləri göstərdi ki, Azərbaycan prezidentinin reytinqi xalq arasında nə qədər yüksəkdir və Yeni Azərbaycan Partiyasının reytinqi nə qədər yüksəkdir. Belə olan halda, iqtidarın heç bir marağı yoxdur ki, hər hansı bir partiyanın daxilində pozuculuq işləri görsün, yaxud da, kimisə önə çıxarsın. Əslində, əksinə iqtidarın marağı ondan ibarətdir ki, Azərbaycandakı müxalifət düşərgəsində olan bütün partiyalarla konstruktiv əməkdaşlıq etsin, bütün partiyalarla sivil münasibət qurulsun və ölkədaxili sabitliyə xidmət edəcək bir siyasi müstəvidə müzakirələr aparılsın, dialoqlar getsin, münasibətlər sivil normalar çərçivəsində olsun.

 -Müxalifət, xüsusilə, radikal adlandırılan qanad isə bunun əksini-yəni, hakimiyyətin özünün sivil münasibətlərin yaranmasında maraqlı olmamasını iddia edir...

-Yenə də boş, əsassız iddialardır. Əksinə, biz özümüz sivil münasibətlərin qurulmasının tərəfdarıyıq və bu yolda da addımlar atırıq. Eyni zamanda, bizə heç də maraqlı deyil ki, hər hansı bir partiyanın daxilində müəyyən ziddiyyətlər , konfliktlər olsun. Çünki bizə də maraqlıdır ki, o partiyada sabit siyasi xətt olsun, onlarla da biz Yeni Azərbaycan Partiyası olaraq danışa , görüşə , müəyyən məsələləri müzakirə edə bilək. Təəssüf ki, Azərbaycanın 90-cı illərin əvvəllərində yaranmış, radikallıq üstündə qurulmuş Müsavat Partiyası və Xalq Cəbhəsinin Əli Kərimli qanadı öz radikal, dağıdıcı fikirlərindən əl çəkmirlər. Yəni, bizim istədiyimiz odur ki, bütün münasibətlər konstruktiv müstəvi üzərində qurulsun. Məsələn, sivil dünya ölkələrində iqtidar-müxalifət münasibətləri qurulur, müəyyən məsələlər müzakirə olunur, müəyyən razılıqlara gəlinir, amma təəssüf ki, bizdə adını çəkdiyimiz həmin partiyalarla bu, mümkün olmur. Təəssüf ki, Müsavatla AXCP Azərbaycanın milli maraqlarını qorumaq yolunda heç bir addım atmırlar. Məsələn, Azərbaycana xaricdən müəyyən məqamlarda müəyyən təsirlər edilir, ermənilərin dəstəklədiyi qurumlar tərəfindən, bəzən görürsən ki, azad Azərbaycana qarşı qərarlar qəbul olunur, ədalətsiz bəyanatlar verilir. Ancaq biz indiyə qədər onların bu məsələyə etiraz etdiyini görməmişik. Bir dəfə etiraz etdiklərini görməmişik ki, məsələn, Xocalı ilə , Qarabağla, yaxud, Ermənistanın təcavüzkar olması ilə bağlı onlar bir bəyanat versinlər, bir aksiya keçirsinlər və ya hansısa səfirliyin qarşısında piket etsinlər, yəni, bu məsələlər yoxdur. Onları ancaq maraqlandıran odur ki, daxili siyasətdə özlərini "ana müxalifət" kimi tanıtsınlar. Bu da onların istəyinə bağlı bir məsələ deyil. "Ana müxalifət" kimi tanınmaq üçün seçkidə iştirak etmək, seçkidə parlamentdə daha çox yer qazanmaq və o cür də qəbul olunmaq lazımdır. Onlar özləri-özlərini elan etməklə "ana müxalifət" yaranmır. Hər halda zaman özü onu göstərir ki, bu gün Azərbaycan siyasətində radikalizmə yer və radikalizmə əsaslanaraq fəaliyyət göstərən partiyaların sonu yoxdur.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31