Ukrayna Rusiya üçün “ölüm-dirim” məsələsidir - MÜSAHİBƏ

Mayis Güləliyev:”Avropaya bütov Ukrayna lazım deyil”

"Onlar Ukraynanı parçalanmış vəziyyətdə Avropa İttifaqına  daxil etmək istəyirlər ki, Ukrayna Almaniyadan və Fransadan güclü olmasın"

Son vaxtlar regionda və beynəlxalq aləmdə, xüsusilə Ukraynada baş verən proseslər, Avropa və Rusiyanın Kiyev uğrunda apardığı mübarizə yeni dünya düzəni formalaşdırmaq cəhdinin olduğunu göstərir. Təəssüflər olsun ki, beynəlxalq güclərin bu oyunundan daha çox zərər görən isə sadə insanlar olur. Elə "Vətən" Blokunun icraçı katibi Mayis Güləliyev də bu fikirdədir. O, "OLAYLAR"-a verdiyi müsahibədə Ukraynada baş verən proseslərə də aydınlıq gətirib.

-Mayis bəy, son vaxtlar Ukraynada baş verən hadisələri necə dəyərləndirirsiniz?

-Avropa İttifaqı  20 ildən artıq bir müddətdir Türkiyənin Avropa İttifaqına daxil olmasına razı olmur. Hər dəfə müxtəlif bəhanələrlə Türkiyənin Aİ-na daxil olması əngəllənir. Ona görə ki, Avropa İttifaqı daha çox xristian klubudur və müsəlman ölkəsinin ora daxil olması, gələcəkdə orada möhkəmlənməsi Qərb ölkələrinə qətiyyən sərf etmir. Onlara daha çox zəif Türkiyə lazımdır. Amma Türkiyənin tamam da zəif olması onları qane etmir. Çünki Türkiyənin tamam zəifləməsi İranın regionda güclənməsinə səbəb ola bilər. Odur ki, onlar Türkiyəni zəif, amma İranın əksinə dura bilən qədər güclü olmasını istəyirlər. Beləliklə Türkiyəni mənəvi cəhətdən məhv etsələr,. iqtisadi və hərbi cəhətdən özlərindən asılı vəziyyətə salsalar da onun quruma daxil olmasına razı olmurlar və olmayacaqlar da. Qaldı Ukrayna ilə bağlı məsələyə, onlar Ukraynanı heç də sevmirlər. Amma onlar Rusiyaya nifrət edirlər. Rusiyaya olan kəskin nifrət onları hələlik Ukraynaya yaxınlaşdırır. Lakin onlara bütov Ukrayna lazım deyil. Onlar Ukraynanı parçalanmış vəziyyətdə Avropa ittifaqına  daxil etmək istəyirlər ki, Ukrayna Almaniyadan və Fransadan güclü olmasın. Odur ki, Ukraynanın parcalanmasında Aİ maraqlıdır. Ukraynanın Rusiyadan uzaqlaşaraq həmin quruma daxil olması Rusiyanın da gələcəkdə parçalanmasına şərait yarada bilər. Ukraynasız Rusiya və Avrasiya İttifaqı çox zəif ola bilər. Digər tərəfdən Ukraynasız Rusiya Qara dənizə çıxışı zəif olan ölkə ola bilər. Odur ki, Aİ Rusiyadan Ukraynanı qoparmaqla Rusiyanı ciddi şəkildə zəiflədə bilər. Digər tərəfdən Ukrayna Aİ üçün ciddi və çox böyük bazardır. Bu ölkənin ələ alınması  Rusiyanın bu ölkədəki bazarının ələ alınması deməkdir. Ukrayna hərbi və kənd təsərrüfatı cəhətdən güclü ölkədir. Çox geniş yeraltı sərvəti var. Bu ölkənin xammal bazası kimi əsarətə alınması Aİ üçün vacibdir. Odur ki, Aİ Ukraynanı assosiativ üzv etmək və gələcəkdə NATO-ya və Aİ-yə tam üzv etmək niyyətindədir.  Bəs Ukrayna niyə daxil olmadı Avropa İttifaqına? Ona görə ki, indiki halda Ukraynanın quruma daxil olması praktiki olaraq bu ölkənin parcalanmasına səbəb olacaqdı. Üç hissəyə bölünən Ukraynanın Qərb hissəsi Avropa İttifaqına daxil ediləcəkdi, orta hissə Gömrük və Avrasiya İttifaqına, Şərq hissə isə quberniya kimi Rusiyaya daxil olacaqdı. Beləliklə Ukrayna kiçik bir hissəyə bölünəcəkdi. Aİ bunu istəyirdi. Amma Ukrayna elitası bunu etmədi. Amma Aİ və Amerika müxalifəti maliyyələşdirməklə və əhalini hakimiyyətin üzərinə qaldırmaqla buna hələ də ümid edir. Beləliklə artıq neçə vaxtdır ki, 10 minlərlə müxalifət nümayəndəsi "Avromeydan" deyilən yerdə gecələyir və Ukraynanın Avropa İttifaqına daxil olmasını tələb edir. Ukraynanın hakimiyyəti və elitası gözəl anlayır ki, Ukraynanın bu quruma daxil olması ilə BVF və Dünya Bankı enerji daşıyıcılarının qiymətinin kəskin artmasını tələb edəcəklər və insanların sosial vəziyyəti kəskinləşəcək. İşsizlik artacaq, vətəndaş müharibəsi başlanacaq və ölkə parçalanacaq.  Mən bir həftə Avromeydanda insanlarla söhbət etdim. Orda olanların əksəriyyəti Aİ haqqında heç bir təsəvvürə malik deyillər və sadəcə onlara verilən pulun, pulsuz yeməyin hesabına orda gecələyirlər və Aİ-na daxil olmağı tələb edirlər. Beləliklə, ABŞ və Aİ Ukraynanı daxildən parçalamaq məqsədilə xeyli vəsait xərcləyirlər.

-Sizcə hadisələr necə inkişaf edəcək?

-Ukraynaya Rusiya tərəfindən  15 milyard dollar maliyyə köməyinin  göstərilməsi və qazın qiymətinin 400 dollardan 268 dollara qədər endirilməsi Ukraynanın parçalanmasının qarşısını aldı. Getdikcə hadisələrin yavaşıması və  Aİ-nın öz planından geri çəkilməsi hiss ediləcək. Amma bu proses müvəqqətidir. Müəyyən müddətdən sonra Aİ yenidən Ukraynanı Rusiyadan qoparmağa çalışacaq. Çünki Aİ-nın bir ittifaq dövləti kimi yaşaması Ukraynanın quruma qoşulmasından və Rusiyanın dağılmasından asılıdır. Əks halda Aİ özü dağıla bilər. Qazın və neftin getdikşə tükənəcəyi faktı onu sübut edir ki, ya neft və qazla zəngin ölkələr ələ keçirilməlidir, ya da onlara tabe olmaq lazım gələcək. Odur ki, həm Rusiyaya, həm də digər neft və qazla zəngin ölkələrə qarşı ABŞ və Aİ-nın təcavükar siyasəti dayanan deyil.

-Sızcə Ukraynadan Rusiya, yoxsa Qərb qalib ayrılır?

-Ukraynada baş verən hadisələr əvvəllər  gözlənildiyi kimi davam edir. Yəni Avropa İttifaqı Ukraynada siyasi vəziyyəti qarışdırmaqda maraqlıdır və bu məqsədlə müxalifətə maliyyə və informasiya dəstəyi göstərilir. Gözlənildiyi kimi bir qədər ara sakitləşdikdən sonra yenidən müxalifət aktivləşib. Lakin  Ukrayna Rusiya üçün "ölüm-dirim" məsələsidir. Ukraynanın Avropa İttifaqına verilməsi Rusiyanın həm iqtisadi, həm də hərbi cəhətdən ciddi zəifləməsinə səbəb ola bilər. Odur ki, Rusiya nə qədər bacarırsa, bir o qədər Ukraynanı müdafiə etməyə çalışacaq. Hətta indiki hakimiyyəti  qurban verərək yenidən özünə yaxın hakimiyyətin formalaşmasına da gedə bilər. Hər halda yaxın vaxtlarda ən mümkün variant Ukraynanın parçalanmasının qarşısının alınması üçün hakimiyyətlə müxalifətin razılaşması variantı ola bilər. Bu halda həm Ukraynanın bütövlüyü qorunar, həm də Rusiya və Avropa öz məqsədlərini həyata keçirmək üçün vaxt qazanmış olarlar.

-Oxşar proseslərın digər postsovet olkələrinə yayılma ehtimalı varmı?

-Ukraynanın Avropa İttifaqına daxil olması və ya daxil olmamasının Azərbaycanda baş verən hadisələrə heç bir dəxli yoxdur. Baxmayaraq ki, müxalifət düşərgəsi Ukrayna hadisələrinə ümidlə baxırdı və indi də baxır, bu yanlış ümiddir. Azərbaycan transmilli şirkətlər və beynəlxalq maliyyə institutları vasitəsilə artıq Aİ-nın və ABŞ-ın nəzarətindədir. Ukraynaya tətbiq edilən müstəmləkəçilik metodu Azərbaycana tətbiq edilən metioddan fərqlənir. Məqsəd isə eynidir: ölkəni əsarətə almaq. Azərbaycanda bunu birbaşa investisiyalarin qoyulması vasitəsilə artıq reallaşdırıblar. Ukraynada isə bunu birbaşa investisiyalar qoymaqla etmək mümkün olmayıb. Ukrayna hökuməti öz yeraltı və yerüstü sərvətini nə qədər mümkünsə öz nəzarətində saxlayıb. Yeganə yol Aİ-na daxil etməklə onun əl qolunu bağlamaq ideyası işə düşüb. Azərbaycanda isə buna ehtiyac yoxdur. Odur ki, Ukraynanın Aİ-na daxil olması və ya olmamasının Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan müxalifət partiyalarından Müsavat Partiyası hətta Avromeydana gedərək orda çıxış etdi və orda gecələyən müxalifət nümayəndələrinə  bir az kabab payladı. Beləliklə Aİ-na və ABŞ-a mesaj verdi ki, biz sizin ideyaları dəstəkləyirik. Amma bütün bunlar Azərbaycan müxalifətinin inkişaf etməsi üçün heç bir nəticə verməyəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31