“Cəmiyyətin kənardan bizə olan baxışını öyrənməliyik” - MÜSAHİBƏ

Cəsarət Valehov: “Biz informasiyanın daha geniş mübadiləsini təşkil etmək və insanları təhsil mühitinə cəlb etməyin ənənəsini yaratmaq istəyirik”

Əvvəli ötən sayımızda

Bu günlərdə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ("Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Fəaliyyətə başladığı ilk gündən vətəndaşlar tərəfindən müsbət qarşılanan bu xidmətlərdən istifadə edənlərin sayının gündən-günə artması da deyilənləri təsdiqləyir. Sözügedən xidmət növlərinin yenilikləri, bu xidmət növünə olan maraq, eləcə də digər məsələlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Cəsarət Valehov tədris ili müddətinin uzadılması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirdi.

-Cəsarət müəllim, kütləvi informasiya vasitələrində təhsil sistemi ilə bağlı daha çox tənqidi, yoxsa normal yanaşmalar öz əksini tapır?
-Bizim sektorda medianın gündəlik olaraq monitorinqi aparılır. Eyni zamanda aylıq monitorinq aparırıq. Burada həm Təhsil Nazirliyindən yazılan, həm də bizim təşkil etdiyimiz tədbirlərlə bağlı bütün materiallar öz əksini tapır. Biz həmin materialları pozitiv, neytral və neqativ olaraq qruplaşdırmışıq. Çox yaxşı haldır ki, bizimlə bağlı verilən xəbərlərin 50 faizdən çoxu pozitivdir. Bu çox yaxşıdır. Düşünürəm ki, bu həm də bizim cəmiyyətin təhsilə olan münasibətindən irəli gəlir. Təhsil kifayət qədər konservativ bir sahədir və təhsilin bu və ya digər problemlərini bir, iki və ya beş aya düzəltmək mümkün deyil. Cəmiyyət də öz növbəsində Təhsil Nazirliyi tərəfindən görülən işləri dəyərləndirərək həmin xəbərlərin pozitiv yönünü tuta bilir. Bundan başqa xəbərlərin təxminən 20-26 faizi neytral, 20 faizdən bir qədər çoxu isə neqativ xarakterlidir. Biz informasiyanın daha geniş mübadiləsini təşkil etmək və insanları təhsil mühitinə cəlb etməyin ənənəsini yaratmaq, eyni zamanda yeni təşəbbüsləri dövriyyəyə gətirməklə bu işləri daha da genişləndirmək istəyirik.

-Bəs qeyd etdiyiniz neqativ materialların araşdırılması aparılırmı ki, həmin məlumatlar haradan qaynaqlanır və nəyə xidmət edir?
-Həmin materialların araşdırılması hökmən aparılır.

-Ümumiyyətlə, bu cür məlumatlar daha çox hansı mətbuatda öz əksini tapır?
- Günün reallığıdır ki, Azərbaycan mediasında informasiya saytlarının geniş meydanı var. Müxtəlif saytlar var ki, onların müxtəlif istəkləri də olur. Mən demək istəmirəm ki, bizdə hər şey yaxşıdır, nümunəvidir. Təbii ki, problemlərimiz, neqativ tərəfdən işıqlandırılmalı olan məsələlər də var. Ancaq bu məsələlərin neqativ işıqlandırılması zamanı biz müəyyən meylləri də görürük. Yəni hansısa media orqanı nə üçün neqativ halı işıqlandırmağa meyllidir. Bəlkə də onun başqa bir yanaşması olmasaydı neqativ işıqlandırma daha normal qəbul edilərdi. Onu da etiraf etmək lazımdır ki, bəzən problemi aradan qaldıra biləcək araşdırma yazılar da olur və onlar bizim üçün də bir köməkdir. Digər tərəfdən bizim üçün əks əlaqə çox vacibdir. Biz cəmiyyətin kənardan bizə olan baxışını öyrənməliyik. Bu bizim öz işimizi qurmağımıza çox lazımdır. Kənardan baxış və qiymətləndirmə çox vacibdir.

-Bu günlərdə neqativ hala bənzər daha bir xəbər yayıldı ki, növbəti tədris ilindən dərslər sentyabrın 1-dən başlayacaq. Belə bir məsələ hazırda gündəlikdədirmi?
-Əslində mən onu neqativ xəbər saymazdım. Bu neqativ xəbər deyil. Məlum olduğu kimi, 2013-cü il oktyabrın 24-də cənab Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edildi. Həmin sənəddə təhsilin bütün pillələri ilə bağlı islahat təşəbbüsləri öz əksini tapdı. Təhsil Nazirliyi də həmin strategiya çərçivəsində təhsilin müxtəlif pillələri ilə bağlı prioritetlərini açıqlayır. Keçən həftənin əvvəlində strategiya üzrə ali təhsil sahəsində, dekabr ayının sonlarında isə ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların yeni prioritetləri açıqlandı. Ümumtəhsil məktəbləri üzrə müəyyyən edilmiş prioritetlərdə Azərbaycanda tədris ilinin 2-3 həftə uzadılması ilə bağlı müddəa vardı. Təhsil Nazirliyi də şagirdlərin ümumtəhsil müəssisələrində kurikulumlara daha dərindən yiyələnməsi, tədris ilinin daha səmərəli qurulması, eləcə də dünya təcrübəsini nəzərə alaraq belə bir addım atmaq istəyir. Məlumat üçün qeyd edim ki, dünyada tədris ili 35-37 həftədir. Ancaq Azərbaycanda tədris ili 32 həftədən ibarətdir. Biz təxminən dünyadan 5 həftə geri qalırıq. Qeyd edim ki, bu İqtisadi və Əməkdaşlıq Təşkilatına üzv ölkələrin statistikasına uyğun olan bir xəbərdir. Ona görə də dünya təcrübəsini öyrənərək, eyni zamanda tədris ilinin qısalığını nəzərə alaraq, belə bir təşəbbüs irəli sürülüb. Bir daha qeyd etmək istəyirəm ki, bu yeni bir məsələ deyil. Doğrudur, bunun növbəti tədris ilindən tətbiq olunacağı artıq təsbit edilib. Ancaq ilin hansı vaxtından başlayacağı hələlik dəqiq deyil. Yəqin ki, növbəti aylar ərzində biz bunu dəqiq biləcəyik - tədris ilinin uzadılması may ayından sonrakı vaxta düşəcək, yoxsa tədris ili sentyabr ayının 1-dən başlayacaq.
 

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31