Hacı Sədi Axundzadə: “Vəhabilik İslamdan kənar əqidədir- əsl İslam deyil! - MÜSAHİBƏ
10 Fevral 2014 14:59 MüsahibəMüsahibimiz QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar "Hüseyniyyə" məsçidinin və Lənkəranın baş axundu,tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadədir.
- Hörmətli Hacı, biz Sizi harada dini mövzu varsa orada görməyə adət etmişik. Sizin fəaliyyətiniz çoxdandır ki, Cənub bölgəsindən bütövlükdə ölkə səviyyəsinə qalxıb. Amma son vaxtlar sanki səsiniz, adınız bir qədər az eşidilir.
- Bismillahir-rəhmanir-rəhim! Yox, bu nə səhətimlə bağlıdır, nə də yorulmağımla. Sadəcə, son vaxtlar Cənub bölgəsinin dini təsərrüfatında inzibati işlərin qaydasına qoyulmasına başım çox qarışıb.Din xadimləri, mollalar azad insanlardır. Onlara həmişə hörmət, etiram göstərilib. Bu azad, sərbəst və müdrik insanların fəaliyyətini ölkə qanunları ilə uzlaşdırmaq, normativlərə salmaq heç də asan məsələ deyil. Din İlahi nemət olsa da, əsas ictimai ibadət yerləri məsçidlərdir. Məsçidlər isə ölkənin ərazisidir və ölkə ərazisində hər cür idarəçilik dövlət qanunları ilə tənzimlənir. Dünyanın hər yerində belədir; İranda da, Turanda da. Təəssüf ki, bizdə bir çox din xadimləri və dindarlar bu sadə həqiqəti qəbul etməkdə çətinlik çəkirlər. Xüsusən də xaricdə təhsil almış bəzi şəxslər elə fikirləşir ki, məsçidlərin işinə heç kəs qarışa bilməz. Əslində isə yalnız Allahın işlərinə heç kəs qarışa bilməz. Digər hər cür dünya işləri qanunlarla tənzimlənir. Məsçidlər qanunlar çərçivəsində qəbul və təsdiq edilmiş nizamnamə çərçivəsində fəaliyyət göstərirlər. Bax, bu kimi əslində sadə həqiqətlərin nümayəndəliyin ərazisində qüvvəyə minməsi, problemsiz ötüşməsi, üstəlik də dövlət qayğısının artırılması sahəsində işlərə başım çox qarışıb.
- Ölkə səviyyəsində hazırda bir mövzu daha çox aktualdır - vəhabilik!
- Biz bu barədə həyəcan təbiillərini hələ 1996-cı ildə vurduqda bu barədə kimsə danışmırdı. Siyasilər bu cür mövzuların üzərinə gedilməsinin məzhəblərarası ədavətə yol aça biləcəyindən çəkinirdilər. Amma indi bu barədə hamı danışır. Çünki vəhabilər daha tamam ağını çıxardıblar, daha yırtılmayan maskaları qalmayıb.
- Hacı, sələfilik, xəvariclik,təqfirçilik, barədə məlumat verəydiniz.
- Əslində bunların üçü də eyni şeydir - vəhabilikdir. Sadəcə, sələfilik bunun nisbətən mülayim, xəvaricilik isə tam radikal qanadıdır. Sələfilər özlərini peyğəmbərin sələfi hesab edirlər. Guya digər müsəlmanlar peyğəmbərin sələfləri- ardıcılları deyilmişlər. Qurani-Kərimin "Ənbiya" surəsinin 107-ci ayəsində "Səni bütün aləmlərə (insanlara və cinlərə) bir rəhmət olaraq göndərdik" deyilir. Bunlar bir yandan guya ki, peyğəmbəriin sələfləridir, amma əslində peyğəmbərin şəxsinə ehtiram göstərilməsinin, şəxsiyyətinin və Əhli beytinin müqəddəs, məzarının şərafətli hesab olunmasının əleyhinədirlər. Bunun harası sələfçilik oldu? Amma özünü sələfi adlandıranlar və xəvaricilər özlərini əsl müsəlman, digərlərini isə kafir hesab edirlər. Eynən Həzrət Əlinin (ə) xilafəti dövründə olduğu kimi. Azərbaycanda sələfilər çox zaman uzun saqqallı, gödək balağlı olmasalar da, şəriət dövləti qurulması iddiasındadırlar. Ancaq şəriət dövləti qurulmuş İranda və Pakistanda terror aksiyaları törədir, həmin dövlətlərə qarşı düşmənçilik edirlər. Azərbaycanda məsçidlərə toplaşmağa çox da meyilli deyillər. Guya ki, məsçiddə imam həm də ölkə başçısı olmalıdır. Onlar daha çox hüzr məclislərində və internet vasitəsilə əlaqədə olmağa üstünlük verirlər. Xəvaricilər isə bizdə hökmən məsçidləri ələ keçirtməyə, radikal addımlar atmağa çalışırlar. Terror əməllərində aktivlik göstərənlər də əsasən xəvariclərdir. Qərb daha çox onların əli ilə İslama qarşı ədavət aparır. Xəvaricilər bizdə özlərini guya ki, sünni məzhəbinin hənbəli, sələfilər isə özlərini hənəfi təriqətinə aid edirlər. Özlərindən başqa hamını kafir saydıqları üçün xəvaricilər həm də təqfirçilər adlanırlar. İndi dünyada iki cür İslam var: əsl İslam, bir də Qərbin yaratmaq və görmək istədiyi modern İslam. Əsl İslamın ilk və əsas şüarı sülhdür! "Salam" elə sülh deməkdir. Ancaq vəhabilər İslamı davakar, terrorçu kimi tanıdırlar. Hətta peyğəmbərimizdən hədis var ki, sizinlə salamsız danışmağa çalışanla danışmayın, çünki o sizə "sülh" deməməklə təhlükəsizliyiniz təmin etməmiş olur. Əsl İslamla vəhabiliyin ciddi fərqlərini görürsünüzmü? Bütün bu kimi yüzlərlə fərqli və məntiqsiz, gülünc cəhətlərinə görə əsl müsəlmanlar vəhabiliyi qəbul edə bilməzlər. Vəhabilik İslamdan kənar şeylərdir, əsl İslam deyil!
- Hacı, Sizə elə gəlmirmi ki, bütün bunlar heç də təsadüf və ya hansısa kafir filosofların ideyaları deyil.
- Tamamilə haqlısınız. Bütün bunlar din yox, siyasətdir. Bunları düşünüb davam etdirən qüvvələr var. Həmin qüvvələrin zərrəcən imanı olmadığı üçün bu cür cərəyanlar bədii özfəaliyyət dərnəyinə oxşayır. Dini Allah yaradar, onun elçiləri olan peyğəmbərlər vasitəsilə insanlığa çatdırar. İbn Teymiyyəni kim peyğəmbər və ya imam seçib? Bəlkə o yeni bir din gətirib? Əksinə, o, İslam dinini öz savadsızlığı və imansızlığı səviyyəsində anlayıb və o cür də yanlış anlatmaq istəyib. Fikirlərindən hiss olunur ki, adamı şeytan azdırıb. İbn Teymiyyə Hənbəlin bəzi nəzəri fikirlərindən istifadə edib, Muhəmməd ibn Əbdül-vəhhab isə Teymiyyədən qidalanaraq yeni bir təriqət yaratmağa çalışıb. Bu lap dövşan ətinin suyunun suyunu xatırladır. Həm İbn Teymiyyə, həm də Əbdül Vəhhab öz zamanlarında kafir kimi lənətləniblər. Avropaya doğru uğurla irəliləyən İslam dininin qarşısını almaqdan ötrü XIX əsrdə ingilis xəfiyyələri İslamı öz içindən parçalamaq və dağıtmaq istədilər. Bundan ötrü Mister Hemfer adlı bir cəsus Şərqə göndərildi. Mister Hemfer uzun müddət bir bacarıqlı sarsaq axtardı və Muhəmməd ibn Əbdülvəhhabın şəxsində onu tapdı. Əbdülvəhhaba məhz ingilislər kömək edərək, Allahdan başqa heç nəyi və heç kəsi qəbul etməyən ideyalarını geniş yaydılar. Hətta atası Vəhhab da Muhəmmədin ideyalarını qəbul etmədi, onu övladlıqdan çıxartdı. Zamanında Əbdülvəhhabın əleyhdarlarına,onun rəqiblərinə qarşı terror və sui-qəsdlər törədərək aradan götürdülər. Vəhabilərin indiki terrorçuluğu da elə oradan qaynaqlanır. Heç bir məzhəb və təriqət İslama onlar qədər ciddi zərbə vurmayıb. Məhz onların sayəsində dünyada İslamın terrorçu obrazını yaratmağa çalışırlar. Vəhhabiliyi yaradan və güclü dəstək verən də məhz elə bu qüvvələrdir. Onlar isə Qərbdə oturublar.
- Hacı, etmək olmazdımı ki, bu inanc yaranmazdan əvvəl və ya ilk çağlarında qarşısı alınsın? Məsələn, Özbəkistanda onları həbs etməklə mövzunu tamam qapadıblar.
- Azərbaycan nə Özbəkistandır, nə İrandır, nə Türkiyə, nə də hansısa ərəb ölkəsi. Azərbaycan xalqı öz humanizmi və tolerantlığı ilə bütün xalqlardan fərqlənir. Ona görə də burada müxtəlif xalqlar və dinlər yanaşı, mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır. QMİ insanların şəxsi əqidə işinə qarışmır. Allah insanı faili-muxtar yaratdı. Amma QMİ məzhəbindən asılı olmayaraq bütün radikal meyillərə qarşıdır.Ölkənin hakim dini İslam və hakim məzhəbi şiyəlik olsa da, burada digər İslam məzhəb və təriqətlərinə qarşı heç vaxt ögeylik olmayıb. Ötən əsrin sonlarında xalqımız azadlıq əldə edərkən bu azadlıq dinə də şamil olundu və hər kəs öz məzhəbini, təriqətini azad təbliğ etməyə başladı. Təəssüf ki, bəzi məzhəblər özünü təsdiq etmək və yayılmaq üşün ənənəvi şiyə məzhəbini, cəfəri təriqətini təftiş və tənqid yolunu seçdi. Şiyələr məsələyə böyüklük meyarı ilə yanaşıb, səbrli olmağa üstünlük verdilər. Qoy fikirləşməsinlər ki, Azərbaycanda sünni qardaşlarımıza qarşı təzyiq var.Xüsusən hənəfi və hənbəli təriqətli qardaşlarımız bundan çox sui istifadə etdilər. Bu işdə nurçuların rolu daha çox oldu. Onların vasitəsilə hətta şiyə təbliğatçıları İran cəsusları hesab olundu. Savadlı insanlar İrana qarşı olan pis münasibətlərini eyni zamanda şiyəliyin üzərinə köçürtdülər. Şiyəliyin təməl prinsiplərinə, az qala bütünlüklə mollaların və bir sıra dini ayinlərin əleyhinə açıq-aşkar təbliğat getdi. Bu kafirlər əvvəlcə cavanlarla mollaların arasına sədd çəkməyə çalışdılar. Mollaların barəsində olmazın şayiə və böhtanlar yaydılar, din xadimlərini bir-birinə qarşı mübarizəyə qaldırmağa, aralarında ədavət salmağa çalışdılar. Fikir verirsinizsə, əsasən gəncləri yoldan çıxartmağa çalışırlar. Yaşlı, təcrübəli, imanı kamil adamlara gücləri çatmır. Həm də onlara döyüşçü lazımdır axı. Sonradan məlum oldu ki, onların çoxu hənəfi və hənbəli təriqətlərinin adı altında gizlənmiş nurçular və vəhabilərdir. Bu boşluqdan istifadə edən bir sıra qeyri-ənənəvi katolik və provoslav təriqətləri də ölkəyə doluşdu. Xalqımız belələrinə qarşı öz kəskin mövqeyini həmişə göstərib və göstərməkdədir.
- Hacı, Azərbaycanda vəhabilik mövzusu Suriyada gedən vətəndaş müharibəsi ilə bağlı olaraq aktuallaşdı.
- Onsuz da əvvəl-axır iç üzləri açılacaqdı. Suriya hadisələri bunu tezləşdirdi. 20% torpaqları düşmən tapdağı altında olan bir ölkədə sakitcə və firavan yaşayaraq, birdən-birə Suriyada ələvi iqtidarına qarşı vuruşmaq üçün yollandılar. Niyə? Guya ki, orada müsəlman torpaqları uğrunda döyüşüb, həlak olarlarsa şəhid sayılacaq və cənnətə düşəcəklər. Suriyada müsəlman torpaqları işğal olunmur axı. Əslində orada məzhəb davası gedir. Kifayət qədər qüdrətlənmiş vəhabilər ələvi iqtidarını devirmək üçün silahlı qiyam edirlər. Silahlı müxalifət sayılan vəhabiləri maliyyələndirən, müdafiə edən, döyüşçü ilə təchiz edən isə vəhabi dövlətləridir. Azərbaycanlıların o müharibədə iştirakının harası dini xarakter daşıyır ki? Bu sırf siyasi və terrorçu mübarizədir. Belə mübarizədə müxalifət tərəfində həlak olanlara qarşı həm suriyalılar, həm də bizim tərəfimizdən münasibət birmənalıdır: qiyam və terror. Müsəlman torpaqlarına qalınca, işğal altında olan Azərbaycan torpaqları müsəlman torpaqları deyilmi? Buyurub Qarabağ uğrunda da beləcə döyüşə qalxsınlar da. Onlar Suriyada Əhli-beyt nümayəndələrinin məzari-şərifini dağıdırlar. Sosial şəbəkələrin birində açıq-aşkar bəyan etmişdilər ki, Əli qızı Zeynəbin məzarı-şərifini dağıdıb, yerində Yezid ibn Müaviyyənin məzarını ucaldacaqlar. Məzarı müqəddəs saymayan vəhabilər nədən Yezid üçün məzar ucaltsınlar? Suriya olayları ilə hamıya məlum oldu ki, onların işi heç də iman məsələsi deyilmiş, onları Azərbaycanda şiyəliyə qarşı daxili qüvvə olaraq hazırlayırmışlar. Suriya isə bundan ötrü yaxşı sınaq meydanı seçilib. Artıq Suriyadan süjetlər göndərərək onlara qoşulmayanlara barmaq silkələməyə başlamışlar. Vəhabilər hakim olduqları bütün ölkələrdə hakimiyyəti eyni üsullarla əllərinə keçirdib, sonra o ölkədəki şiyələrə qarşı əsil genosid aparmağa başlayıblar. Hər zaman onları Qərb dövlətləri dəstəkləyib, indi də Qərbi Avropa dəstəkləyir. Bunun özü də onların əslində müsəlman olmadıqlarını göstərir. Dünyada 3 siyasi bəla var: faşizm, sionizm, bir də vəhabilik. Bəşəriyyət bunlardan ikisini neytrallaşdıra bilib, vəhabilik adlı üçüncünü də inşaallah neytrallaşdıracaq.
- Hacı, sadə insanları məsələnin bu qədər dərin və incə tərəflərindən daha çox prosesin sadə gələcəyi düşündürür. Siz problemin həlli yollarını necə görürsünüz?
- İslam gələcəkdən xəbər verməyi Allahın işlərinə qarışmaq hesab edir. Hər şey Onun əlindədir və hər şeyin daha doğrusunu bilən Odur. Biz yalnız müəyyən ehtimallar irəli sürə bilərik. Məsələn, mən deyə bilərəm ki, bu minvalla davam edərsə, hadisələr xalqımıza yaxşı heç nə vəd etmir. Amma hər şey Allahın əlindədir. Allah öz övladlarını qoruyan, onları vaxtında, düzgün yola istiqamətləndirən, ailəsini halal zəhmətilə dolandırmağa çalışan və hansısa emissarın yağlı kökəsi naminə ata-baba dinini-əqidəsini satmayan soydaşlarımızı heç zaman darda qoymaz. Yalnız bizdən hərəkət olarsa, Allahdan bərəkət nazil olar. Din xadimləri olaraq biz vəhabilik adlı yanlış və küfr yolunda olan soydaşlarımızın haqqa hidayət olunmasını arzu edirik. Yolundan azmış cavanlarımızın hər bir sualına cavab verməyə, əsl həqiqəti onlara izah etməyə hazırıq. Dini maarıfçilik işi bizdə həmişə öndə durub. Amma nə yazıqlar ki, şirnikləndirilib vəhabi edilən şəxslər sonradan öz səhvlərini başa düşsələr də, geriyə qayıda bilmirlər. Çünki vəhabilikdən çıxış yoxdur. Eşitdiyimə görə bu fikirdə olanları qorxudur, təhdid edir və çox ağır cəzalandırırlar. Buna görə də onların fəaliyyətilə hüquq-mühafizə orqanlarının məşğul olması lazımdır. El arasında "Sınıq qol boyunundur" deyərlər. Biz öz övladlarımızı zərərin yarısından da olsa qaytarmağa,..hansı yolla olursa-olsun qaytarmağa borcluyuq və məcburuq.
Söhbətləşdi: Hafiz Mirzə