“20 ilin mübarizəsindən sonra Qələbə kinoteatrından Yasamal stadionuna gedib çıxıblar” - MÜSAHİBƏ

Niyaməddin Orduxanlı: “Yurdla Müsavat davası heç zaman bitməyib”

Bir müddət əvvəl AXCP və Müsavat arasında Milli Şura ilə bağlı yaranmış gərginlik bir qədər səngimək üzrədir. Son günlərin müşahidələri onu deməyə əsas verir ki, tərəflər nisbi barışıq əldə ediblər. Bəs görəsən hər iki partiyanın bu addımı atması nə ilə bağlıdır və bundan sonra Milli Şuranın taleyi necə olacaq. Baş verən hadisələrə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı aydınlıq gətirib.

-Niyaməddin bəy, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında yaranan sakitlik sizcə nisbi xarakter daşıyır, yoxsa hər iki tərəf nöqsanlarının üzə çıxdığından ehtiyatlanıb savaşı dayandırdı? 

-Yurdla Müsavat davası heç zaman bitməyib. 20 ildən artıqdır ki, bu savaş gedir. İlk dəfə deyil ki, bu savaş təhqir müstəvisinə çıxır. Sadəcə, indi bu qəzet müstəvisindən internet və sosial şəbəkə müstəvisinə keçib. Əli Kərimli İsa Qəmbərə patoloji nifrət edir. Həmçinin də İsa Qəmbər Əli Kərimliyə.  Son 20 ildə keçirilən bütün seçkilərə diqqət edin. Seçkidən dərhal sonra Yurd_Müsavat savaşı başlayır. Bir neçə il davam edir və seçki yaxınlaşdıqda beynəlxalq təşkilatların təzyiqi ilə İsa Qəmbərlə-Əli Kərimli arasında "birlik" baş tutur. Siyasətlə məşğul olmayan adam da yaxşı bilir ki, Əbülfəz Elçibəyə güzəşt etməyən İsa Qəmbər Əli Kərimliyə heç vaxt güzəşt etməz. Bu cür savaşdan sonra seçkiqabağı xalqdan ciddi dəstək istəyirlər və deyirlər ki, "biz hakimiyyətə gəlirik". 20 ilin mübarizəsindən sonra Qələbə kinoteatrından Yasamal stadionuna gedib çıxıblar.

-KXCP-nin Milli Şuranın adını dəyişib başqa ad altında fəaliyyət göstərməsi təklifinə münasibətiniz necədir?  Sizcə, ad dəyişikliyi mahiyyəti də dəyişirmi? 

-Əvvəlcə, onu qeyd etmək istəyirəm ki, mən şəxsən inana bilmirəm ki, Mirmahmud ağa Əli Kərimli ilə bir arada ola bilsin. Bu, qeyri-mümkündür. Ən azından hamı da bilir ki, hər iki şəxs Əbülfəz bəy sağ olanda belə bir-birilərini qəbul etməyiblər. Yəqin ki, bu vəziyyət uzun müddət davam etməyəcək.  Görünür bu baxımdan Mirmahmud bəy adın dəyişdirilməsinin tərəfdarıdır. İş orasındadır ki, bu qurumu təmsil edən adamlar artıq çoxdan istefa verib gediblər. Milli Şuranın adına gəldikdə isə, bu yaxınlarda Rusiya mətbuatına geniş müsahibə verən, Milli Şuranın yaradıcısı  Rüstəm İbrahimbəyov deyib ki, 2013-cü il prezident seçkilərinə qatılmağım Don Kixotluq imiş. Acıq şəkildə bildirir ki, bu siyasi partiya sədrlərini və buna inanan adamları ələ salırmış. Bu qurumu Rüstəm İbrahimbəyov Rusiyanın tapşırığı ilə yaratmişdı və tapşırığa əsasən də addım atdı. Gedib, kinosunu montaj etməklə məşğuldur.

-Sizə elə gəlmirmi ki, Milli Şura artıq Cəmil Həsənli və AXCP-dən ibarətdir. Çünki Eldar Namaov da bu qurumdan bir növ uzaqlaşdırıldı? 

-Eldar Namazov uzaqlaşdırılmadı, əksinə onun özü Əli Kərimlidən uzaqlaşdı. Bunun qarşılığında da Əli Kərimli Eldar Namazovu sosial şəbəkələrdə təhqir etdirdi. Uzun müddət idi ki, Əli Kərimli ilə Eldar Namazov arasında isti münasibətlər var idi. Bir vaxtlar Eldar Namazov hakmiyyətlə Əli Kərimli arasında körpü idi. Söhbət Eldar Namazovun hakmiyyətdə işlədiyi vaxtlardan gedir. Hamı da bilir ki, hakmiyyət Eldar Namazov vasitəsi ilə Əli Kərimliyə tapşırıqlarını verirdi. İndi isə, iş o yerə gəlib çatıb ki, Eldar Namazov da Əli Kərimlidən uzaqlaşmağa üstünlük verir. Cəmil Həsənliyə gəldikdə isə, bu, adam birmənalı şəkildə Əli Kərimli tərəfindən idarə olunur. Rauf Arifoğlu ilə Əli Kərimli savaşında da Cəmil Həsənli bunu sübut etmiş oldu. Bu adam heç müstəqil söz sahibi deyil. Bunu ham bilir. Prezident seçkilərindəki çıxışlarını da Əli Kərimli hazırlayırdı. Əli Kərimli Xədicə İsmayılın yazdıqları yazıları Cəmil Həsənliyə verib efirdən oxutdururdu. Milli Şura yarananda onun üzvləri 130 nəfərdən artıq idi, indi isə, 60 nəfərlə iclas keçirirlər. Artıq 40 nəfərdən artıq adam istefa verib. Bu yaxınlarda Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli də qurumu tərk etdi. Yəqin ki bu istefa sonuncu deyil. Araşdırmaq lazımdır ki, orda qalan adamların neçə nəfəri siyasət adamıdır və kimlərdi. Məncə, 5-6 adam qalıb ki, bu adamlar siyasətlə məşğul olur, yerdə qalanlar cəmiyyət tərəfindən bir o qədər də tanınmayan şəxslərdir.

-Rəsul Quliyev tərəfdarlarının yeni bir partiya yaratmaq istəyi nəyə hesablanıb. Partiyaların çoxluq təşkil etdiyi bir ərəfədə yeni partiya yaradılması nəyi dəyişəcək? 

-1996-ci ildən indiyə kimi Rəsul Quliyev bir neçə partiyada sədr olub. Həmsədrlik də yaradıblar. Bu illər ərzində Rəsul Quliyevin yaratdığı partiya hakimiyyətə gələ bilibmi? Deməli, əsas partiya yaratmaq deyil. Yaratdığın partıyanın geniş xalq dəstəyi olmalıdır. Mən inanmıram ki, bundan sonra Rəsul Quliyevin yaratdığı partıya geniş sosial dəstək qazansın. Heç bir il deyil ki, təzə partıya yaratmışdı.

-Ümumiyyətlə, sizə elə gəlmirmi ki, artıq cəmiyyətin də dəstək vermədiyi radikal müxalifətin yerini doldura biləcək yeni siyasi qüvvələrin meydana çıxması zərurəti yaranıb? 

-Bu gün radikal müxalifət bütövlükdə müxalifət düşərgəsini təmsil etmir. Artıq radikal müxalifətin özü iki hissəyə parçalanıb. İsa Qəmbər yeni bir birlik yaratmaq iddiasında olduğunu bildirib. Digər tərəfdə isə Əli Kərimlidir. Bunlardan əlavə parlamentdə kifayət qədər müxalif partiyalar var ki, konstruktiv müxalifəti təmsil edir. Konstruktiv müxalifət radikal müxalifətdən daha güclüdür. Konstruktiv müxalifət həm parlamentdə təmsil olunur, həm də dövlətdən maliyyə yardımı alır. Onların minlərlə üzvü məntəqə seçki komissiyalarında,  DSK-larda və yüzlərlə üzvü bələdiyyə orqanlarında təmsil olunur. Və bütün seçkilərdə öz platforması ilə iştirak edir. Ölkənin inkişafını radikal dəyişikliklə deyil, sivil, təkamül yolu ilə aparılmasının tərəfdarı olduğunu bildirir. Daim Azərbaycanın milli maraqlarını qoruyur. Məncə, növbəti illərdə konstruktiv müxalifət daha da genişlənəcək və növbəti seçkilərdə yeni uğurlara imza atacaq. Bu məsələdə ən çox hakimiyyətin məsuliyyəti var. İqtidar konstruktiv müxalifətlə əməkdaşlıq etsə, inanıram ki, bir -iki nəfərdən başqa radikal müxalifətin yanında adam qalmaz. Demokratik ölkənin sürətlə inkişaf etməsinin şərtlərindən biri həm də sağlam müxalifətin olmasıdır.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31