““Qurani-Kərim” ölülər üçün deyil” - MÜSAHİBƏ
Elşad Miri: “İnsanlar bu gün özlərini məzhəblərə aid etməklə, onları din olaraq qəbul edirlər ki, bu da yalnış nəticələrə gətirib çıxarır”
5 Fevral 2014 16:12 Müsahibəİlahiyyatçı Elşad Miri gündəmdən olan bəzi dini məsələlərlə bağlı sualları cavablandırdı.
- Atatürkün dönəmində Türkiyədə belə bir ənənə vardı, məscidlərdə azan türkcə verilirdi. Lakin bu cəmisi 20 il çəkdi. Naxçıvanın bəzi yerlərində də "Qurani-Kərim" Azərbaycan dilində oxunur. Az əvvəl isə spiker Oqtay Əsədov "Quranın" Azərbaycan dilində oxunması məsələsinə gündəmə gətirdi. Bu təklifi məqbul hesab etmək olarmı?
- "Qurani-Kərim"in ölü üçün oxunması səhvdir. Çünki İslam dinində "Quran" ölülər üçün gəlməyib. "Yasin" surəsinin 70-ci ayəsində bildirilir ki, kitab dirilər üçündür. Başqa ayələrdə də Allah peyğəmbərinə buyurur ki: "Sən onu ölülərə eşitdirə bilməzsən". Amma biz bu gün kiməsə 5-10 manat verəndən sonra elə bilirik ki, onu ölülərə eşitdirə bilirik. Biz də bundan özümüz üçün təsəlli tapırıq. Oqtay Əsədov sadəcə bu gün "Qurani-Kərim"in insanlara ərəbcə, mənasını başa düşmədən çatdırmanın əhəmiyyətli olmadığını bildirmək istəyir. Spiker namazın Azərbaycan dilində qılnmasını, azanın da bu dildə verilməsini istəmir. O.Əsədovun dediklərində həqiqətlər var. Bəli, bu gün "Quran" Azərbaycan dilində öyrənilməlidir. Öyrənməyə çalışan insanlar görəcəklər ki, həqiqətən də "Qurani-Kərim" bizim üçün imiş. İnsanlar bundan sonra kitabda ər-arvad münasibətlərindən danışılmasının, gündəlik həyat tərzimizin tənzimlənməsinin şahidi olacaqlar. Necə yaşamalı olduqlarını biləcəklər. Bunları dərk edəndən sonra "Qurani-Kərim"ə yanaşmalar dəyişəcək. Biz isə bunların müqabilində "Qurani-Kərimi" ölülər kitabına çevirmişik. "Quran" bizim oxuyub, öyrənib, dərk edib, yaşayıb, yaşatmağımız üçün göndərilib. Ümid edirəm ki, Oqtay Əsədovun dedikləri söz olaraq qalmayacaq. Bunun ardından "Quran"ın izahlı açıqlamaları, video materialları, kitabları, televiziya verilişləri hazırlanacaq. Bütün bunların həyata keçirilməsi Azərbaycan üçün nailiyyət olacaq.
- Yaxın, Orta Şərqda davam edən müharibələrdə ölkələr, ümumiyyətlə bəzi İslam və müsəlman dövlətləri arasında məzhəb və təriqətlər arasında çəkişmələr hiss olunur. Biri digərinin üzərində üstünlüyünü göstərməyə çalışır. Elşad bəy, fikrinizcə, hansı məzhəb, yaxud təriqət daha düzgündür?
- Heç bir təriqət, məzhəb düzgün deyil. Çünki təriqət və məzhəb İslam dinində olmayan məsələdir. Allah "Qurani-Kərim"də buyurur ki: "Yaradanın ipindən hamılıqla birlikdə yapışın". Bizim üçün əsas olan "Quran" və peyğəmbərimizin səhih hədisləridir. Peyğəmbərdən sonra ortaya çıxan təriqət və məzhəblər şəxsi məsələlərlə əlaqədardır. Onları doğru qəbul etmirəm. Təriqət və məzhəblər insanların ayrılmasına, firqələşməsinə gətirib çıxarır. Halbuki, Allah buyurur ki, firqələrə ayrılmayın. Hər hansı məsələlərə görə ayrılmaq, Allahın əmrlərinə zidd getməkdir. Çünki bir firqə digərinə nifrətlə yanaşır. Allah bizə deyir ki, ona inananların hamısı qardaşdır. İnsanlar isə birlik və qardaşlığın əvəzinə, harda problemli, ziddiyyətli məsələlər var, onlara meyillənirlər. Əslində firqə və məzhəb məsələsi İslamın mahiyyətinə ziddir. Həmin bölünmələr İslam dininin meydana gəlməsindən əsrlər sonra ortaya çıxıblar. İnsanlar bu gün özlərini məzhəblərə aid etməklə, onları din olaraq qəbul edirlər ki, bu da yalnış nəticələrə gətirib çıxarır. Məzhəb imamlarını da məsum çəxslər kimi qəbul edib, onların dedikləri ilə hərəkət edirlər. Belə hallarda "Qurani-Kərim" və peyğəmbər ikinci plana atılmış olur.
- Azərbaycandan Suriyaya gedənlər barədə soruşmaq istəyirəm. Onlar həqiqətənmi, iddia etdikləri kimi cihada gedirlər?
- Bu da məzhəb məsələsinin nəticəsidir. Çünki inandıqları məzhəbin nümayəndələri, alimləri Suriyada cihad olduqlarını deyirlərsə, insanlar da həyatlarını təhlükə altına ataraq, ailələrini tək buraxaraq Suriyaya "cihad" üçün gedirlər. Əslində onlar bunu belə iddia edirlər. Əgər onlara düzgün aşılansa ki, Suriyada baş verənlər cihad yox, siyasi oyunlar, müxtəlif imperiyaların güddükləri mənfəətlərin nəticəsidir, getməzlər. Bunun müqabilində öz ölkələrində dinin düzgün öyrənilməsinə səy göstərərdilər. Çünki bu gün həmin siyasətin bariz nəticədir ki, Suriyada müsəlmanlar biri-birlərini öldürürlər. İnsanların oraya üz tutmalarının qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır, tədbirlər planı həyata keçirilməlidir. Bu da sistemli şəkildə həyata keçirilsə, yaxşı nəticələr əldə etmək olar. Suriyaya gedənlərin dini daha düzgün öyrənmələri üçün müəyyən qurumların, şəxslərin olmadığı üçün həmin problemlər yaranır. Onları düzgün istiqamətləndirmək lazımdır.
- Yaxın Şərqdə həyata keçirilən müharibələrdə vəhhabilər tərəfindən şiələrin kütləvi şəkildə öldürülməsi xəbərlərinin sayı artır. Elşad bəy, maraqlıdır, niyə məhz şiələr?
- Məlumatlar birmənalı şəkildə yayılır. Amma faktiki olaraq, bizim əldə etdiyimiz məlumatlara görə, orada hər iki tərəfdən döyüşən məzhəb nümayəndələri var. Suriyada müxalifət tərəfindən Bəşər Əsədə, rejim tərəfindən isə əks cinaha qarşı döyüşən müxtəlif məzhəbin nümayəndələri var. Suriyada yalnız sələfilər və şiələr arasında döyüşlərin getməsini demək düzgün deyil. Məsələn, müxalifət tərəfindən çıxış edən azərbaycanlı Bəşər Əsədi ordusunda olan digər soydaşına qarşı vuruşur. İnsanların cihad üçün oraya axışması mənfi davranışdır.
Mənsur Rəğbətoğlu