Milli Şura artıq yox kimidir - FİKİR
Əli Oruclu: “Qurum qarşısına qoyduğu hədəflərə çata bilmədən iflasa uğradı”
31 Yanvar 2014 14:44 Müsahibə"Milli Şuraya süni nəfəs verməklə onu həyata qaytarmaq, yaxud da saxlamaq mümkün deyil"
Son vaxtlar müxalifət daxilində bir-birindən maraqlı proseslər baş verir. Milli Şurada cərəyan edən olaylar, qurumda təmsil olunan bəzi partiyaların bir-birinə hətta düşmən münasibəti sərgiləməsi cəmiyyətdə ümumilikdə bu düşərgə barədə mənfi rəy formalaşdırıb. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu hazırda müxalifət daxilində baş verənlərə aydınlıq gətirib.
-Əli bəy, hazirda Azərbaycan müxalifətinin vəziyyətini necə dəyərləndirirsiniz?
-Təəssüflər olsun ki, bütün səylərə və cəhdlərə baxmayaraq Azərbaycan müxalifəti pərakəndə və dağınıq olaraq fəaliyyətdədir. Doğrudur, zaman-zaman müxtəlif birliklər, ittifaqlar və bloklar yaradaraq, inteqrasiya meyllərini real surətdə həyata keçirməyə calışıb. Lakin hər dəfə bu və ya digər səbəblərdən baş verən uğursuzluq müxalifətdaxili ziddiyyətləri, qarşıdurmaları daha da dərinləşdirib. Hətta, münasibətlərin aydınlaşdırılması, qarşılıqlı ittihamlar "soyuq müharibə", təhqir, söyüş həddinə gedib çıxıb. Birinin digərinin elektoratına göz dikməsi, inamsızlıq, qeyri-səmimilik, firqə və korporotiv maraqlar müxalifət düşərgəsini daim gərginlikdə saxlamaqdadır. Bəzən bu gərginlik üz-üzə duran antoqonist qüvvələrin "cəbhə xətti"ni xatırladır. Onu da deyim ki, Azərbaycan müxalifəti çoxspektirli və spesifik xüsusiyyətlərə malikdir. Bu düşərgədə kimin hansı təsnifatı daşımasını müəyyənləşdirmək olduqca çətindir. Bilmək olmur sağçılar, sağ-mərkəzçilər , mərkəzçilər, solçular, ifrat solçular kimlərdir. Liberal qanada kimlər, mühafizəkarlara kimlər daxildir. Yəni aydın ideologiya və təsnifat demək olar ki, qarmaqarışıqdır. Amma bütün bu problem və çatışmamazlıqlarla yanaşı, Azərbaycan müxalifəti siyasi proseslərə təsir etmək gücünü saxlayır. Ölkənin demokratikləşməsi istiqamətində xeyli işlər görür. Ümid edirəm ki, cəmiyyətdəki prossesləri və ölkədəki durumu nəzərə alaraq müxalifət düşərgəsi üzərinə götürdüyü missiyanın məsuliyyətini daha dərindən dərk edərək, təmərküzləşməyə, birləşməyə və əməkdaşlığa doğru addımlarını artıracaq.
-AMİP bu il keçiriləcək bələdiyyə seçkilərində iştiraka maraqlıdırmı?
-AMİP ölkədəki siyasi dəyişikliyi, demokratik dəyərlərin bərpa və inkişafının yolunu seçkilərdə görür. Odur ki, partiya bütün seçkilərdə aktiv iştirak edərək yüksək nəticələr göstərib. Bu iştirak AMİP-ə həm stabil elektorat, həm də böyük təcrübə qazandırıb. Bu baxımdan da patiyanın bələdiyyə seçkilərindən kənarda qalacağını düşünmürəm. Lakin seçkilərdə əngəl olacaq problemlərin ilk növbədə aradan qaldırılması zəruridir. Ən böyük problem seçkili orqanlara olan münasibətdir ki, bu dəyişdirilməlidir. Açıq deyək, bu gün bələdiyyənin səlahiyyəti, hörməti heç "JEK" adlandırılan Mənzil Kommunal Təsərrüfat Birlikləri qədər də yoxdur. Heç bələdiyyələrdə ərazilərin təmizliyi, abadlaşdırılması səlahiyyəti də yoxdur. Belə olan təqdirdə insanları yerli idarə orqanlarına seçkilərdə iştiraka təşviq etmək müşküldür. Biz dəfələrlə yazılı şəkildə həm rəsmi orqanlara, həm də mətbuat vasitəsilə təklif irəli sürmüşük ki, Bakı və Gəncədə böyük bələdiyyələr yaradılsın.
-AMİP-in KXCP və ACP-yə Milli Şura ilə bağlı mövqeyini tam müəyyənləşdirmək barədə dirənişi nədən irəli gəlir? Əgər sizin çağırışına məhəl qoyulmasa hər iki partiya Demokratik Qüvvələr Birliyindən çıxarıla bilərmi?
-Bu dirəniş deyil. Bəzən mətbuatda AMİP-in mövqeyini şərt mövqe kimi də təqdim edirlər. Nə AMİP heç kimlə, nə də kimlərsə AMİP-lə şərt dilində danışmayıb. Partiya həmişə siyasi etik və davranış qaydalarını gözləyib. Sizin dirəniş adlandırdığınız bu məsələ isə məntiqə söykənir. Bir müddət əvvələdək Azərbaycan müxalifəti əsas iki güc mərkəzində formalaşmışdı-Demokratik Qüvvələrin Birliyi və Milli Şura. Milli Şura artıq yox kimidir. Qarşısına qoyduğu hədəflərə çata bilmədən iflasa uğradı. Siyasi meydanda indi müxalifətin nisbətən geniş birlik formatı olan təkcə DQB qalır. Partiyanın sədri Yusif Bağırzadə də dəfələrlə bəyan edib ki, bu formatı siyasi bloka, yaxud da seçki blokuna çevirmək seçkilər öncəsi uğur qazanmağın yolu olar. Həmçinin bu qurum pərakəndə və ağır duruma salınmış müxalifət düşərgəsinin daha mükəmməl, daha mütəşəkkil modeldə birləşməsi üçün nüvə rolunu oynaya bilər. Digər tərəfdən qarşıda bələdiyyə və ardınca isə parlament seçkiləri gəlir. Üstəlik də dünyada və regionda sürətli proseslər gedir. Ölkəmizə xarici güclərin davamlı təzyiqləri daha sərt xarakter almaqdadır. Belə olan halda bir yerdə olmağımız daha praqmatik, daha təsirli addımlar atmağı şərtləndirərdi. Təzədən Milli Şuraya süni nəfəs verməklə onu həyata qaytarmaq, yaxud da saxlamaq mümkün deyil. Odur ki, DQB-ni ölkənin müxalif aparıcı siyasi güc mərkəzi kimi formalaşdırmağa ehtiyac var. Bunu üçün də potensial, imkanlar və lazım olan digər resurslar mövcuddur. İstək həm də ondan ibarətdir ki, hansı qüvvələrlə addımlamağın, hansıları ilə məsafə saxlamağın, kimlərə dost, müttəfiq, kimlərə rəqib, opponent kimi baxmaq lazım olacağını müəyyənləşdirmək mümkünləşsin. Yoxsa, qeyri-müəyyənliklə uzaq məsafə qət etmək olmaz. Təbii ki, biz də müxalifətin ideal birliyini istərdik. Lakin təcrübə göstərib ki, Azərbaycanda hamını səfərbər edərək bir yerə yığan və hamının ürəyincə olan formatlar qurmaq heç vaxt alınmayıb. Lakin əsas aparıcı partiyaların ittifaqını yaratmağın imkanları da tükənməyib. Ona görə də mövqelərin aydınlaşdırılması həm adlarını çəkdiyiniz partiyalar, həm də AMİP üçün faydalı olardı. Biz hər keçən anın qədir-qiymətini bilməliyik. Ona görə də AMİP-in mövqeyi haqlıdır və başa düşüləndir.
-Ümumiyyətlə, Milli Şurada baş verən son prosesləri necə dəyərləndirirsiniz?
-Milli Şurada daxili gərginlik bu qurumun hələ ideya şəklində müzakirəyə çıxarılan gündən yaranmışdı. Formatın özü də, fəlsəfəsi də, təşkilatlanması da yanlış düşüncəyə söykənmişdi. Hələ indiyədək də qurumun ideyasının hardan gəlməsi dartışma mövzusudur. Bir də bu qurumda bir-birinə ideoloji-fəlsəfi baxışlarına, dünyagörüşlərinə görə tam ziddiyyət təşkil edən insanlar və siyasi qüvvələr yığılmışdı. Bəzilər də həmişəki kimi "harda aş, orda baş" prinsipləri ilə ora gəlmişdi. Məqsədlər məramlar və niyyətlər fərqli olduğundan birlik modeli də alınmadı. Belə halda hər hansı uğurdan da söz gedə bilməzdi. Sonrakı proseslərdən siz də şahidi oldunuz ki, əslində Milli Şura amorf bir qurum olub. Heç də orada olanlar könüllü və həvəslə olmayıblar. Heç bu qurumun hakimiyyətə gəlmək, ölkədə demokratik dəyişiklıklər həyata keçirmək niyyətləri də olmayıb. Hətta bəziləri buna alver predmeti kimi yanaşıb. Bu qurumda təmsil olanların istək və arzuları, əsl hədəfləri çox keçmədən elə özləri tərəfdən cəmiyyətə faş edildi. Mən, burda baş verənlərə, əks müttəfiqlərə və "mehriban düşmənlərin" bir-biriləri ilə xoşagəlməz münasibətlərinə, sərgilədikləri davranışlara qarışmaq, yaxud da hər hansı şərh vermək istəməzdm. Çünki bu onların yaratdıqları problemlərdir, özləri bilərlər. Lakin ətraflı düşünəndə bu didişmələr, ixtilaflar ümumi müxalifət adına, müxalif düşərgənin fəaliyyətinə mənfi təsir göstərdiyindən, siyasi institutları zədələdiyindən seyrçi mövqedən yanaşmaq olmur. Azərbaycan müxalifətini zəiflədən, onu xalqdan və seçicisindən uzaq salan təkcə hakimiyyətin fəaliyyəti deyil, bu kimi neqativ hallardır. Müxalifət düşərgəsindəki mövcud status-kvonun saxlanılması, yəni indiki müxalif liderlərinin siyasi səhnədə qalması iqtidarın da işinə yarayır. Amma gec-tez qeyri-iqtidar düşərgəsində inhisarçılığını sürdürən, yeni simaların və siyasi qüvvələrin üzə çıxmasına əngəl törədən uzunömürlü liderlər postlarını və görəvlərini tərk etmək məcburiyyətində qalacaqlar. Cəmiyyətə yenilik, yeni ruh gəlməlidir.
Süleyman İsmayılbəyli