“İnternet media üçün bizim sadə bildiyimiz prosedur da yoxdur” - MÜSAHİBƏ

Əflatun Amaşov: “Çalışırıq ki, qəzet yayımı problemi tez bir zamanda həllini tapsın”

Müsahibimiz Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.

- Əflatun müəllim, qəzet yayımı ilə bağlı yaranan problemlərin çözümü istiqamətində hansı addımlar atılır və nəticə varmı?

- Mətbuat Şurası qəzet yayımı sahəsindəki vəziyyəti daim diqqətdə saxlayır. Mövcud istiqamətdə müvafiq dövlət qurumları ilə məsləhətləşmələr aparırıq. Ümumən bununla əlaqədar məsələlər Şuranın ölkə rəhbərliyinə ötən ilin sonunda ünvanladığı təkliflər paketində də yer alıb. Sənəd hazırda araşdırılmaqdadır. Orada yer alan ayrı-ayrı işlərin gerçəkləşdirilməsinə dair mümkün variantlar nəzərdən keçirilməkdədir. Ümumən təkliflər kifayət qədər əhatəli və müəyyən mənada bir-birinə bağlı mətləblər barədədir. Onlara kompleks yanaşmaq lazımdır. Belə yanaşmadan irəli gələn tədbirlərin gerçəkləşməsi isə müəyyən vaxt apara bilər. Əlbəttə, çalışırıq ki, məsələlər tez bir zamanda həllini tapsın.

- Bakı Metropolitenində qəzetlərin satışı bərpa olunacaqmı?

- Mətbuat Şurasının haqqında söz açdığım təkliflərində bu məsələ də yer almışdı. Bildirilmişdi ki, Bakı Metropoliteni daxilində qəzetlərin sabit satış mexanizminin bərpası baş tutmasa belə, heç olmasa stansiyaların giriş-çıxışında bu iş təşkil olunmalı, satış stendləri yerləşdirilməlidir. Müvafiq qurumlarla gündəlik təmaslarımızda da bu məsələ barədə ətraflı söz açırıq. Təkliflərimizdə qəzet satışı işində səmərəliliyi təmin etmək üçün xüsusən də paytaxtda press-avtomat qurğuların sayının artırılmasına, onların əhalinin sıx olduğu məkanlarda yerləşdirilməsinə diqqət yetirilməli olduğu vurğulanmışdı. Ümumən yeni, qəzet satışında müasir standartlara cavab verən qurğuların sayının çoxaldılması üçün müvafiq addımların atılmasının zəruriliyi üzərində dayanılmışdı. Hesab edirəm ki, nəzərdə tutulan işlər gerçəkləşsə, sözügedən qurğuların əhalinin sıx olduğu məkan kimi Bakı Metropoliteninin stansiyalarında da yerləşdirilməsi mümkünləşə, bu yolla qəzetlərin metroda yayımının dayandırılmasından itirdikləri mənfəət bərpa oluna bilər. Əlbəttə, başqa variantlar da nəzərdən keçirilməkdədir.

- Bəzi qəzet köşklərində ictimai marağa xidmət göstərən qəzetlərin əvəzinə, bəzən MŞ-nın "qara siyahısı"na düşən qəzetlərə rast gəlinir. Bunu nə ilə əlaqələndirirsiniz?

- Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının yerlərdə apardığı monitorinqlərdə qeyd etdiyiniz cəhət də diqqətimizdən yayınmadı. Komissiyanın gəldiyi qənaət bundan ibarət oldu ki, mövcud istiqamətdə qəzet satışı ilə məşğul olan şəxslər arasında maarifləndirmə işləri aparılmalıdır. Əlbəttə, onlara hansısa qəzetin stendlərdə yer alıb-almaması ilə əlaqədar göstəriş vermək olmaz. Sadəcə bütün nəşrlərə bərabər şərait yaradılmalıdır. Seçim isə alıcının ixtiyarına buraxılmalıdır. Şuranın tövsiyələrindən sonra köşklərdə bununla əlaqədar məsələlərə diqqət verilir. Digər tərəfdən, düşünmürəm ki, "qara siyahı"da yer alan kütləvi informasiya vasitələri geniş oxucusu auditoriyasına malikdir.

Məsələnin ikinci tərəfi bundadır ki, Mətbuat Şurası "qara siyahı" ilə bağlı müvafiq işlər aparır. Sənəd ayrı-ayrı yerlərə, o cümlədən yayım firmalarına da göndərilir və adı siyahıda yer alan KİV-lərlə əməkdaşlığın düzgün olmadığına dair tövsiyələr verilir. Onların ictimai maraqlara məhəl qoymadıqları, insanların şərəf və ləyaqətini ləkələyən materiallar dərc etdiyi diqqətə çatdırılır. Hesab edirəm ki, zamanla bu kimi hallar da yoluna qoyulacaq.

- Qəzetlərdə reklam probleminin həlli istiqamətində ötən il hansı addımlar atıldı?

- Təkliflərimizdə bu məsələyə də yer verildi. Sənəddə dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirilməsi ilə bağlı xarici təcrübənin, konkret olaraq Türkiyənin Basın Elan Kurumunun təcrübəsinin tətbiqinin vacibliyi vurğulandı. Düşünürəm ki, ötən il noyabrın 24-də prezident İlham Əliyevin media nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər mövcud sahədə əsaslı irəliləyişlərin baş verəcəyinə əminlik yaradır. Ümumən məsələyə KİV-lərin maddi-texniki bazasını yüksəltmək istiqamətində görülən işlərin tərkib hissəsi kimi yanaşılmaqdadır.

-Diffamasiya haqqında qanunun qəbulu məsələsi keçən il də açıq qaldı. Bu barədə fikirləriniz?

- Bir daha təkrarlamaq istərdim ki, diffamasiya Azərbaycan üçün keçilməsi vacib olan yoldur. Gec-tez diffamasiyanın dekriminallaşdırılacağına, yəni cinayət müstəvisindən çıxarılacağına inanıram. Ötən il bu barədə kifayət qədər geniş diskussiyalar getdi. Xüsusən də Mətbuat Şurasının məsələ ilə bağlı hazırladığı qanun layihəsinə diqqət yetirildi. Avropa Şurasının Venesiya Komissiyası layihəyə dair qeydlərini də bildirdi. 2014-cü ildə də mövcud istiqamətdəki fəaliyyət davam etdiriləcək.

- Son dövrlərdə qəzetlərdən şikayət edənlər daha çox hansı hüquq pozuntularının adını çəkir?

- Əslində bu sualınıza diffamasiya ilə bağlı sualınıza cavabın davamı kimi də aydınlıq gətirmək mümkündür. Prinsipcə, diffamasiya vacibdir. Bu məsələnin birinci tərəfi. Ancaq tez-tez diffamasiya mühitinin mövcud olmadığından söz açanlar olur və onlar fikirlərində haqlıdırlar. Mətbuat Şurasının illik hesabatında açıqlanan rəqəmlər də onu deməyə əsas verir ki, KİV materiallarında daha çox narazılıq doğuran motiv insanların şərəf və ləyaqətinə etinasız yanaşılması, təhqir və böhtanlara yol verilməsidir. Bu da öz növbəsində hüquqi məsuliyyət yaradır. Ümumən Mətbuat Şurasına şikayətlərdəki bir çox cəhətlər KİV-lərin fəaliyyətlərində bu və ya digər hüquqi pozuntuya yol verdiklərini söyləmək üçün əsaslar verir.

Məsələnin ikinci tərəfinə diqqət yetirmək istərdim. "Reket nəşr", "reket qəzet" və sair bu kimi adlar Şuranın peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan və etik dəyərlərə zidd hallara yol verən kütləvi informasiya vasitələrinə qarşı tətbiq edilən ictimai məzəmmət və ictimai qınaqdır. 

Mətbuat Şurası Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşaiyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən belə hallarla mübarizədə "reket" adından istifadəni zəruri sayır. Bu zaman peşə fəaliyyəti şikayətə səbəb qəzet, jurnal, informasiya agentliyinin və ya internet xəbər portalının müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür. Təəssüf ki, bu metodların bir çoxu da hüquqi nöqteyi-nəzərdən dəyərləndirilə bilər. Əlbəttə, Şura çalışır ki, münasibətlər media müstəvisində həllini tapsın.

-Əflatun müəllim, bəzi kitab müəllifləri iddia edir ki, jurnalistlər arasında onların kitablarınıdakı materillardan öz adlarına istifadə etmək halları var. Ümmiyytlə, jurnalistlərin müəllif hüquqlarına  əməl etməsi ilə bağlı monitorinqlər aparmaq mümkündürmü?

- Mətbuat Şurasına da plagiatla əlaqədar şikayətlər daxil olmaqdadır. İş burasındadır ki, müraciət müəlliflərinin əksəriyyəti problemlə mübarizə aparmaq üçün ilkin addımı atmırlar. Məsələn, deyək ki, kimsə kitab yazırsa, gərək ilk növbədə nəşri Müəllifi Hüquqları üzrə Dövlət Agentliyində qeydiyyata aldırsın, müəlliflik hüququnu təsdiqlətsin.

Media müstəvisindəki plagiat halları əksər hallarda göz önündə olur. Bəzən jurnalistlərin əməyini də mənimsənilməsi baş verir. Bu sayaq meyllər istər sahəyə aidiyyatı olmayan adamlar, bir çox hallarda isə onların həmkarları tərəfindən baş verir. Əlbəttə, mövcud istiqamətdə də maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulmaqdadır. Ancaq müdaxilə etmək üçün yeganə yol şikayət edilməsidir. Qələmə aldığı materialda plagiata yol verildiyini düşünənlər məsələni əsaslandıraraq Mətbuat Şurasına müraciət ünvanlayırlar və onların iddiası araşdırılır, müvafiq qərar və rəylər çıxarılır.

- 2014-cü ilin "İnternet media ili" elan olunması nə ilə bağlıdır?

- İnternet media resurslarının sayı sürətlə artır. Bu, ümumən internetin həyatımıza daha çox daxil olması ilə əlaqədardır. Mövcud durumda bu məkanda baş verən proseslərə operativ reaksiya vermək zərurəti yaranır. İlk növbədə internet təhlükəsizliyini qeyd etmək istərdim. Təbii ki, bu, birbaşa Mətbuat Şurasına aid olan məsələ deyil. Dövlətin müvafiq qurumları var. Sadəcə məsələyə diqqəti artırmaq zəruridir. Çünki internetin verdiyi imkanlar daha çox media müstəvisində özünü göstərir. Bu baxımdan internet media resurslarının da fəaliyyətinə obyektiv maneələrin aradan qaldırılması məsələlərinə, deyək ki, haker hücumlarının qarşısının alınmasına həssas yanaşılmalıdır. 2014-cü ilin "İnternet media ili" elan olunmasının səbəblərindən biri məhz budur.

Digər tərəfdən, artıq internet virtual yox, elə real məkan kimi qiymətləndirilir. Real olan nələrdən ehtiyatlanırıqsa, nəzərə alaq ki, onun internetə ayaq açması da mümkündür. Baxın, dəfələrlə məsələ qaldırmışıq ki, qəzetlərin qeydiyyat qaydaları çox sadədədir və bu, qeyri-peşəkarların sahəyə axınını şərtləndirir. Hər halda ortada "reket jurnalistika" adlı bəla var. Təsəvvür edin ki, internet media üçün bizim sadə bildiyimiz prosedur da yoxdur. O zaman nə olsun? Hər şey başlı-başınamı buraxılsın? Deməli, mövcud sahədə ictimai tənzimləməyə ehtiyac var. Şuraya həmin media resurslarının fəaliyyətilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrinndən narazılıq məktubları daxil olmaqdadır. Eyni zamanda MŞ-nin sıralarında təmsil olunmaq üçün müraciət edən xəbər portalları var və onlara media məkanında təmsilçilik üçün dəstək göstərilməlidir ki, Mətbuat Şurası "İnternet media ili" çərçivəsində bu işi də sürətləndirməyi nəzərdə tutur.

- Əflatun müəllim, uşaq mətbuatının, jurnallarının inkişafı istiqamətində MŞ tərəfindən hansısa işlər həyata keçirilməsi mümkündürmü?

- Mətbuat Şurası medianın bir çox sahələrdəki fəaliyyətinin vacibliyini nəzərdə tutan maarifləndirici tədbirlər reallaşdırdığı kimi, mövcud sahədə də müvafiq işlər görə bilər. Müxtəlif vaxtlarda uşaq mətbuatının bu və ya digər aspektlərini müzakirəyə çıxarmışıq. İndi də məsələ ilə əlaqədar davamlı şəkildə çalışırıq. Ancaq hesab edirəm ki, başlıca təşəbbüs ayrı-ayrı şəxslərdən, konkret olaraq jurnalistlərdən gəlməlidir. Yəni, kimsə uşaqlara yönəlik media orqanı təsis etmək istəyəcəksə, Şura ona səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.

 Aygün İbrahimova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31