“Azərbaycan müxalifəti 20 ildir ki mənasız və imitasiya xarakterli məsələlər ətrafında “mübarizə” aparır” - MÜSAHİBƏ

Mayis Güləliyev: "Populist ifadələrlə dolu, qaraqüruhçulara istiqamətlənmiş fəaliyyət Cəmil Həsənlini nüfuzdan salır"

Milli Şura daxilində baş verən son proseslər və Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyası arasında yaşanan gərginlik son günlər gündəmin əsas mövzularından birinə çevrilib. Vəziyyət o həddə çatıb ki, təkcə cəbhəçilər və müsavatçılar deyil, eləcə də digər siyasilər iki tərəf arasında baş verən qarşıdurmanın əsl səbəbini aydınlaşdırmağa çalışırlar. Elə Azərbaycan Yaşıllar Partiyasının keçmiş həmsədri, "Vətən" siyasi blokunun icraçı katibi Mayis Güləliyev də "OLAYLAR"-a verdiyi müsahibədə müxalifət daxilində, xüsusilə AXCP ilə Müsavat arasında yaşanan gərginliyə münasibət bildirib. Mayis Güləliyev təmsil etdiyi "Vətən" siyasi blokunun gələcək fəaliyyət istiqamətləri, qarşısına qoyduğu hədəflər barədə də danışıb.

-Mayis bəy, hazırda "Vətən" blokunun fəaliyyətinin, eləcə də blokun sıralarının genişləndirilməsi istiqamətində hansı addımlar atılır?

-Keçən il formalaşan "Vətən" siyasi blokuna üç partiya, Ədalət Partiyası, İslam Partiyası və Yaşıllar Partiyası daxildir. Blokun formalaşdığı son 4 ayda biz əsas diqqəti blokun məqsəd və vəzifələrinin müəyyən edilməsinə, qurumun beş illik strategiyasının və taktiki fəaliyyətinin dəqiqləşdirilməsinə həsr etdik. Artıq "Vətən" blokunun 5 illik fəaliyyət planı hazırdır. Həmçinin blokun məqsədi və strategiyası aydındır. Əsasnaməsi və idarəetmə strukrurları tam şəkildə formalaşıb. Hər üç partiyanın blokun ardıcıl və dayanıqlı fəaliyyəti üçün məsuliyyətləri də müəyyən edilib. Lakin indiki mərhələdə blokun genişləndirilməsi məsələsi gündəmdə deyil. Ona görə ki, blokun nəzərdə tutduğu məqsəd və vəzifələr daha çox bu partiyaların ideoloji xəttinə uyğunlaşdırılıb və yeni partiyaların cəlb edilməsi bizim üçün aktual deyil.

-Mövcud vəziyyətdə bir sıra müxalifət partiyaları arasında gərginlik yaşanmaqdadır. Bu prosesləri necə dəyərləndirirsiniz?

-Təkcə müxalifət düşərgəsində deyil, istənilən qurumlarda birləşmək prosesinin ən əsas cəhəti bu qurumların birliklərinin məqsəd və vəzifələrinin, idarəetmə strukturlarının və resurslarının ciddi araşdırılmamasından irəli gəlir. Yəni hər hansı qurumda, o cümlədən müxalifət düşərgəsində birliyin alınmaması bu qurumların daxili mahiyyətindən doğmur. Bu problemin kökü idarəetmə məsələləri ilə bağlıdır. Yəni birliyin yaranmasından əvvəl birliyin qarşısında duran problemlər, onun həll yollarının elmi araşdırılması, bu problemlərin həllinə yönələn məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, həmin məsələləri həll etmək üçün tələb olunun resursların, xüsusilə insan və maddi resursların əldə edilməsi vacibdir. Son 20 ildə müxalifət düşərgəsində birliklərin uğursuzluğunun əsas səbəbi burdadı. Ayrı-ayrılıqda normal görünən və birliyə can atan qurumlar birləşə bilmirsə bu onların sadaladığım məsələləri dərindən bilməmələri ilə bağlıdır.

-Milli Şura yaranan zaman siz də bir çoxları kimi onun perspektivsiz bir qurum olacağını, Rusiyanın proyekti olduğunu demişdiniz və deyilənlər də təsdiqini tapdı. Maraqlıdır ki, bu gün Milli Şuranı tərk edən müsavatçılar və digərləri də eyni şeyləri deyirlər. Sizcə, sizin dediklərinizin bu gün təkrarlanması həmin şəxslərin siyasi dünyagörüşlərinin bir qədər məhdud olduğundan xəbər vermirmi?

-Birincisi mən heç vaxt deməmişəm ki, Milli Şura Rusiyanın layihəsidir. Əksinə bunu deyənləri tənqid etmişəm ki, Rusiyanın Azərbaycana təzyiq vasitəsi kifayət qədər  çox olduğu üçün Milli Şuraya qətiyyən ehtiyac yoxdur. Milli Şuranı Rusiya layihəsi adlandırmaq ən azı siyasi savadsızlıqdır. Milli Şura, xüsusilə Rüstəm İbrahimbəyovun siyasətə başlaması ilə bağlı ilk fikri 7 yanvar 2013-cü ildə mən bildirmişəm və onun bu fəaliyyətini "xalqı siyasi qış yuxusuna vermək" kimi qiymətləndirmişəm. Sonrakı dönəmdə də dəfələrlə qeyd etmişəm ki, Milli Şurada müxalifət bir yerə toplanaraq fəaliyyətsizliyə sürüklənəcək. Amma Milli Şura ona görə formalaşa bildi ki, onun həmin vaxt yaranması həm iqtidara, həm də "köhnə" müxalifətə sərf edirdi. Hökumətə ona görə sərf edirdi ki, müxalifəti bir araya toplayaraq onları Rüstəm İbrahimbəyov vasitəsilə idarə etmək imkanı qazanırdı. Müxalifətə də ona görə sərf edirdi ki, 2013-cü ildə siyasi uğursuzluğu Milli Şura ilə pərdələyə bilirdi. Odur ki, Müsavat Partiyasının indi Milli Şuranı Rusiya layihəsi adlandırması gülünc məsələdi. Milli Şura heç zaman Rusiya layihəsi olmayıb və indi də deyil.  Milli Şura "köhnə" müxalifəti bir yerə toplamaq və idarə etmək üçün istedadlı rejissor Rüstəm İbrahimbəyovun layihəsidir. 

-Milli Şura layihəsinin artıq Rusiya üçün lazımsız bir proyekt olduğunu söyləmək mümkündürmü?

Qeyd etdiyim kimi, Rusiyanın Azərbaycana təzyiq vasitəsi yüzlərlədir. Onun Milli Şuraya qətiyyən ehtiyacı olmayıb və yoxdur.

-Bu arada Milli Şuranın sədri Cəmil Həsənli beynəlxalq təşkilatların iştirakı ilə müxalifətin forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Sizcə, bu nə dərəcədə normal və reallaşması mümkün olan təşəbbüsdür?

-Azərbaycan müxalifəti 20 ildir "pişik quyruğu ilə oynadığı kimi" boş,  mənasız və imitasiya xarakterli məsələlər ətrafında "mübarizə" aparır. Mən artıq yuxarıda qeyd etdim ki, bütün müxalifətin ən əsas məsələsi Azərbaycan cəmiyyətinin problemlərini müəyyən etməkdir. Bu problemlər, yəni ən geniş mənada "siyasi və iqtisadi" xəstəliklərin dioqnozu qoyulmasa bu xəstəlikləri müalicə etmək olmaz. Bu metodologiyadan başlamaq lazımdır. Belə olmazsa bir yox, min dəfə forum keçirilsə də nəticə olmaz. 100 deyil, bir milyon insanı da Milli Şuraya toplasan, nəticə olmaz. Cəmil Həsənli elm adamıdır. Ancaq nədənsə bütün fəaliyyətində nəzəri və  metodoloji aparatdan istifadə etmir. Əksinə "köhnə müxalifətin" metodlarına, yəni qaragürühçulara istiqamətlənmiş və populist ifadələrlə dolu olan vədverici fəaliyyətə üstünlük verir. Bu onu nəinki uğursuzluğa aparır, hətta bir alim və ziyalı kimi onu nüfuzdan salır.  Lakin bütün bunlara baxmayaraq, biz "Vətən" bloku olaraq, onlara da müvəffəqiyyət arzulayırıq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31