“Xəzər dənizi iri çayların tullantı poliqonuna çevrilib” - MÜSAHİBƏ
Rövşən Abbasov: “Son 20-30 ildə Xəzərdə yaşayan suitilərin kütləvi ölüm hallarına rast gəlinir”
22 Yanvar 2014 15:32 MüsahibəXəzər dənizinin ekoloji vəziyyəti çox ciddi problemlərdən birinə çevrilib. Neft məhsullarının dənizə axıdılması, dənizin suyunun çirklənməsi Xəzərdə yaşayan canlıların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Xəzərdə yaşayan canlıların bir çoxu nəsli kəsilmək təhlükəsi qarşısında qalıb.
Paytaxtda da ekoloji tarazlığın pozulması insanları ciddi şəkildə narajat edir. Havanın çirklənməsi insanların səhhətinə mənfi təsir göstərir. Paytaxtda təmiz hava qəbul etmək üçün demək olar ki, hansısa yeri tapmaq çətindir.
Sözü gedən məsələlərlə bağlı Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Rövşən Abbasov "OLAYLAR"a müsahibə verib.
- Rövşən müəllim, hazırda Xəzər dənizində hansı təhlükələr möcuddur?
-Mənim yazdığım məqalələrdən biri belə adlanırdı: Xəzər: neft yoxsa nərə dənizi? Biz burada davamlı inkişafdan danışırıq. Davamlı inkişaf nədir? Davamlı inkişaf odur ki, biz bu gün əlimizdə olan resurslardan istifadə edirik və eyni zamanda həmin resurların gələcək nəsillərin istifadəsi üçün də mövcud olmasını təmin edirik. Buna davamlı inkişaf deyilir. Xəzərin qiymətli resurlardan davamlı səmərəli şəkildə istifadə etməklə daha çox gəlir əldə etmək olar.
Neftdən nə qədər çox gəlir əldə etsək də bilirik ki, neft tükənən sərvətdir. Balıq sərvətləri isə tükənən və yenidən bərpa olunan sərvətdir. Ona görə də hal-hazırda Xəzər dənizinin ekologiyasına çox ciddi şəkildə fikir verilməlidir. Xüsusilə neft çirklənməsinin qarşısı alınmalıdır. Biz eyni zamanda bütün Xəzəryanı ölkələr üçün belə bir məsələ qaldırmalıyıq ki, Xəzərə tökülən çayların ekologiyasına ciddi fikir verilsin. Çünki Volqa, Ural, Kür kifayət qədər çirkli çaylardır. Xəzər dənizi bu kimi iri çayların tullantı poliqonuna çevrilib. Bununla bağlı Xəzəryanı ölkələr arasında çox ciddi əməkdaşlıq olmalıdır. Xəzər dənizi dünyadakı nərə balıqlarının çox böyük bir hissəsini təşkil edir. Bir zamanlar bu rəqəm 90% idi. Dünya üzrə istehsal olunan qara kürünün 80%-ni verirdi. Xəzərin ekologiyasını qorumaqla onun sərvətlərindən davamlı olaraq istifadə edə bilərik.
Xəzərdə ikinci bir problem qanunsuz balıq ovudur. Xəzərdə yaşayan balıqların əksəriyyəti miqrasiya edən balıqlardır. Onlar Xəzər dənizində yaşasalar da çoxalmaq üçün çaylara xüsusi ilə də dağ çaylarına çıxırlar. Məsələn, çox qiymətli nərə balığı növləri var ki, dağ çaylarına üzüb gedirlər, orada kürü qoyub yenidən Xəzər dənizinə qayıdırlar. Amma bəzi insanların ekoloji mədəniyyətinin olmaması buna imkan vermir. İnsanlar əsasən balıqlar kürü tökməyə gedən zaman ovlayır. Hətta dənizlə çayın qovuşduğu elə yerlər var ki, balıqlar oradan üzüb çaya keçə bilmirlər. Qanunsuz balıq ovuna ciddi nəzarət edilməlidir.
Başqa bir məsələ isə Xəzəri turizm obyektinə çevirməkdir. Xəzər dənizində turizmin inkişafına nail olmaq olar. Xəzəri qabaqcıl turizm obyektinə çevirmək olar. Bu iqtisadi cəhətdən də gəlir gətirə bilər.
- Xəzər dənizində hansı canlıların nəsli kəsilmək üzrədir?
- Dünyada olan nərə balıqlarının əksəriyyəti Xəzər dənizində yaşayır. Bunların da əksəriyyətinin sayında ciddi şəkildə azalma hiss olunur. Xəzər ekosistemində yaşayan qızıl balığın nəsli kəsilmək üzrədir. Son 20-30 ildə Xəzərdə yaşayan suitilərin kütləvi ölüm hallarına rast gəlinir. Bunun əsas səbəbi isə çirklənmədir. Xəzər suitisi dünyanın heç bir yerində yoxdur, bir qədər şirin suya uyğunlaşmış olaraq ancaq Xəzər dənizində yaşayır. Bu növlər "Qırmızı kitab"a da daxil edilib.
- Bakı şəhərinin ekoloji tarazlığının pozulmasına təsir edən amillər hansılardır?
- Bakı şəhərinin ekoloji tarazlığının pozulmasına çoxsaylı amillər təsir göstərir. Bunun birinci səbəbi havanın çirklənməsidir. Hava həddindən artq çox çirklənir. Çoxlu sayda yanma məhsulları atmosferə atılır. Havanın çirklənməsinin əsas səbəbi nəqliyyatın sıxlığıdır. Əgər 2000-ci ildə Bakı şəhərində olan avtomobillərin sayı 100 000 idisə, indi bu rəqəm 650 000-dir. Bunların da hər biri xırda çirklənmə mənbələridir.
İkinci bir problem bərk tullantıların idarə olunmasıdır. Bilirik ki, bərk tullantıların idarə olunması üzrə "Təmizşəhər" ASC yaranıb ki, onlar da bərk tullantıların emalını həyata keçirirlər. Ancaq bərk tullantıların yığılması, daşınması halı çox pis vəziyyətdədir.
Üçüncü əsas problemlərdən biri neftlə çirklənmiş torpaqlardır. Bunların təmizlənməsi kifayət qədər böyük vəsait tələb edir. Bu sahədə ciddi işlərin görülməsinə ehtiyac var. Məsələn, bu cür işlərdən biri Bakı Yod zavodunun ərazisinin təmizlənməsidir. Bu, çox uğurla həyata keçirilib. Bilirik ki, həmin ərazidə ciddi şəkildə radioaktiv çirklənmə vardı.
Sevda Qurbanqızı